AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AKADEMİK TEYMUR KƏRİMLİ NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KİTABLARIN TƏQDİMATINDA İŞTİRAK EDİB
Dek 25, 2019 | 02:53 / Konfranslar, iclaslar
Oxunub 139 dəfə

Dekabrın 24-də Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitabların təqdimatını keçirib.
Ölkənin tanınmış ziyalılarının iştirak etdiyi tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də qatılıb.
Tədbirdə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povesti, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabı və “İmadəddin Nəsimi–650” elektron məlumat bazası oxuculara təqdim olunub.
Tədbirdə giriş nitqi söyləyən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq il ərzində məhsuldar iş aparıldığını, şairin yaradıcılığına yenidən nəzər salındığını qeyd edib.
Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək qiymətləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev 2019-ci ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib.
Akademik Teymur Kərimli çıxışında yeni nəşrləri yüksək qiymətləndirib. Bildirib ki, Nəsimi öz əsərlərində daim insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib, anadilli poeziyamızın humanist ideyalarla, yeni deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətlər göstərib.
Tədbirdə çıxış edənlərin hər biri Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya”sını fundamental nəşr adlandırıb.
Sonra iştirakçılara Milli Kitabxana tərəfindən hazırlanmış “İmadəddin Nəsimi–650” elektron məlumat bazası təqdim edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015