AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İlham Əliyev və Hüseyn Cavid
Dek 25, 2019 | 09:41 / Konfranslar, iclaslar
Oxunub 285 dəfə

Azərbaycan ədəbiyyatının inkişafında, ədəbi-bədii fikir tariximizin zənginləşməsində müstəsna xidmətləri olan Hüseyn Cavid əsərlərində dərin, ümumbəşəri problemlərə, mövzulara toxunmuş, özünəməxsus bədii-fəlsəfi lirikası ilə milli söz sənətimizə, dramaturgiyamıza yeni nəfəs gətirmişdir. Totalitarizmin qurbanına çevrilmiş, ölümündən çox sonra, 1956-cı ildə bəraət almış və buna baxmayaraq, uzun illər qəsdən unutdurulmuş Hüseyn Cavidi yenidən Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına qaytarmaq ümummilli lider Heydər Əliyevə nəsib olmuşdur.

Ümummilli lider müxtəlif strukturlarda, vəzifələrdə çalışdığı zaman, xüsusən də 1982-ci ildə Cavidin nəşinin qalıqlarını Sibirdən Bakıya qaytardıqdan sonra bu böyük ədibə mənəvi hamiliyini bir an olsa belə əsirgəməmiş, şairə ikinci bəraətini qazandırmışdır. Daha sonra Naxçıvanda və Bakıda H.Cavidin ev muzeylərinin yaradılması, onun məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubileylərinin qeyd olunması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev kimi, onun uzaqgörən, müdrik ardıcılı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının geniş təbliğ olunması istiqamətində bir sıra işlər görmüş, müvafiq sənədlər imzalamışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyi də son 15 ildə öz fəaliyyətini ölkə başçısının siyasətinə uyğun qurmuş və aşağıdakı nəticələri əldə etmişdir:

- “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunmuşdur;

- Prezident İlham Əliyev Cavidlər ailəsinin sonuncu nümayəndəsi Turan Cavidin vəfatı ilə əlaqədar komissiyanın yaradılması, dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsi və mərhumun Naxçıvanda – Cavid məqbərəsində torpağa tapşırılması haqqında göstəriş vermişdir. AMEA Hüseyn Cavidin Ev Muzeyi sözügedən tədbirlərə qoşulmuş, muzeydə Turan Cavidə həsr olunmuş anım mərasimi, ədəbiyyat sərgiləri təşkil olunmuş, Turan Cavidin iştirakı ilə ərsəyə gətirilmiş audiovizual materialların – radio və televiziya verilişlərinin lent yazılarının, kinofilmlərin ictimai nümayişi həyata keçirilmişdir;

- “Hüseyn Cavid. Əsərləri” adlı 5 cildlik nəşr işıq üzü görmüşdür. Bu nəşrdə ilk dəfə Hüseyn Cavidin öz əsərlərinin sonunda etdiyi “İmlasına toxunmamalı!” qeydinə əməl olunmuş, mətnlərin dil və üslubu qorunub saxlanmışdır;

- Prezident İlham Əliyevin “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” 17 aprel 2007-ci il tarixli Sərəncamına əsasən, ədibin yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfrans təşkil olunmuş, Azərbaycan, Türkiyə, İran cavidşünaslarının, ədəbiyyatşünas alimlərinin məruzələri dinlənilmiş, konfrans materialları nəşr olunaraq dünya kitabxanalarına göndərilmişdir. Respublikanın 30-dan çox elm və təhsil müəssisəsində şairin xatirə gecələri keşirilmişdir;

- Hüseyn Cavidin əsərləri imlasına toxunulmadan, qələmə alındığı ilkin dəstxətlə, bəzi redaktə və düzəlişlər edilməklə yenidən 5 cilddə nəşr olunaraq oxucuların ixtiyarına verilmişdir;

- Hüseyn Cavidin şeirlərindən seçmələr ilk dəfə fransız dilində “La Plus Grande Religion Est L'amour” (“Məhəbbətdir ən böyük din”) adlı kitab şəklində işıq üzü görmüşdür. Dünyanın müxtəlif ölkələrində – Fransada Paris Milli Kitabxanasında, İtaliyanın La Skala Muzeyində, Türkiyə və Almaniyanın beynəlxalq mədəniyyət sərgilərində nəşrin təqdimatı keçirilmişdir;

- Hüseyn Cavidin Ev Muzeyinin yaxından iştirakı ilə “Cavid ömrü” adlı tammetrajlı bədii film çəkilərək tamaşaçılara təqdim olunmuşdur;

- Hüseyn Cavidin 125 illik yubileyi çərçivəsində mütəfəkkir şairin insanlıq, haqq-ədalət, vətən, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edən “Cavid hikməti (seçmə aforizmlər)” adlı kitab və Hüseyn Cavidin “Azər” poemasının bədii qaynaqlarını araşdıran “Poetik sözün arsenalı” adlı monoqrafiya işıq üzü görmüşdür;

- Prezident İlham Əliyev 17 sentyabr 2008-ci ildə paytaxtdakı Hüseyn Cavid parkında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olmuş, görkəmli ədib haqqında fikirlərini bölüşmüşdür. Şairin adını daşıyan park abadlaşdırıldıqdan sonra hər il oktyabr ayında H.Cavidin xatirəsini yad etmək məqsədilə AMEA Hüseyn Cavidin Ev Muzeyi əlaqədar dövlət strukturları ilə birgə burada mədəni-kütləvi tədbirlər təşkil etmişdir;

- Muzey tərəfindən “Topal Teymur”, “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid”, “Hüseyn Cavid və Abdulla Şaiqin “Ədəbiyyat dərsləri” adlı kitablar nəşr olunmuşdur. Ərtoğrol Cavidin musiqi əsərləri bir yerə toplanaraq ilk dəfə multimedia diskləri formatında işıq üzü görmüşdür;

- Prezident İlham Əliyev tərəfindən 16 fevral 2012-ci il tarixində “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn Tədbirlər Planına uyğun olaraq, yubiley münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq elmi konfrans təşkil olunmuş, yerli və xarici alimlərin Hüseyn Cavid yaradıcılığı ilə bağlı məruzələri dinlənilmiş, Azərbaycan və ingilis dillərində konfrans materialları nəşr olunaraq elmi ictimaiyyətə təqdim olunmuşdur. Respublikanın 40-a yaxın elm, təhsil, mədəniyyət müəssisəsində şairin anım mərasimləri, yaradıcılıq gecələri keçirilmişdir. “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” adlı 13 cildlik kitab nəfis tərtibatda nəşr olunmuş və “Humay” milli mükafatına layiq görülmüşdür. “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun ilk 10 cildi, həmçinin “Şeyda” əsəri 10 dildə çap olunmuşdur;

- Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərinin tarixi Kral parkında Hüseyn Cavidin büstünün açılışı olmuş, Azərbaycan ziyalılarından ibarət nümayəndə heyəti, o cümlədən Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları bu tədbirdə iştirak etmişdir;

- Yubiley tədbirləri çərçivəsində muzey tərəfindən “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomunun I buraxılışı, “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy və Hüseyn Cavid”, “Hüseyn Cavid: ideal həqiqət axtarışı”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Turan Cavid. Ömür salnaməsi”, “Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”, “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri” adlı kitablar nəşr olunmuşdur;

- Yubiley tədbirləri çərçivəsində AMEA Hüseyn Cavidin Ev Muzeyi əsaslı şəkildə təmir və bərpa olunmuş, bütün otaqların interyeri müasirləşdirilmiş, ekspozisiyalar yenidən qurulmuş, eksponatların qorunmasında və bərpasında beynəlxalq muzey standartlarından istifadə edilmişdir. Ədibin 130 illik yubileyi münasibətilə muzeyin portalı yenilənmiş, yeni proqram təminatı və bədii-tərtibatda fəaliyyətə başlamış, yüksək texnologiyalar üzrə milli “Netty” mükafatına layiq görülmüşdür;

- Prezident İlham Əliyev 24 oktyabr 2017-ci il tarixində “Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn Tədbirlər Planına uyğun olaraq, yubiley münasibətilə Hüseyn Cavidin Ev Muzeyi və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Türkiyə, Misir, İran, Özbəkistan və digər ölkələrin alimləri və tədqiqatçıları ilə birgə Cavid yaradıcılığı araşdırılmış, cavidşünaslığın müasir vəziyyəti ilə bağlı elmi fikir mübadiləsi aparılmışdır;

- Azərbaycanın Bolqarıstandakı səfirliyi, AMEA Hüseyn Cavidin Ev Muzeyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir;

- AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbirdə akademiklər Akif Əlizadə, İsa Həbibbəyli, Teymur Kərimli, Rafael Hüseynov, Möhsün Nağısoylu, muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı və başqaları geniş məruzələrlə çıxış etmişlər;

- “Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomunun II buraxılışı, “Cavidlər” adlı təqvimli foto-albom nəfis tərtibatda çap olunmuşdur. Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri bolqar dilinə tərcümə olunaraq nəşr edilmişdir;

- Hüseyn Cavidin Ev Muzeyinin eksponatlarından bəhrələnməklə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Hüseyn Cavid-135” adlı ədəbiyyat sərgisi təşkil olunmuş, xatirə gecəsi keçirilmiş və Cavidin əsərləri əsasında hazırlanmış tamaşa nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 16 ildə bütün sahələrə olduğu kimi, elm və mədəniyyət sahəsinə də diqqət və qayğısı nəticəsində xalqımızın bir çox görkəmli nümayəndələrinin, o cümlədən Hüseyn Cavidin xatirəsi ən yüksək səviyyədə anılmış, ədibin yubiley tədbirləri keçirilmiş, əsərlərinin yenidən nəşri, yaradıcılığının mütəmadi təbliği istiqamətində mühüm işlər görülmüşdür. Dövlət başçısının Hüseyn Cavidin şəxsiyyətinə və yaradıcılığına verdiyi qiymətin məntiqi nəticəsi kimi meydana gəlmiş bu vəzifələri yerinə yetirən AMEA Hüseyn Cavidin Ev Muzeyi də son 16 ildə ümumilikdə 50 adda 70 cilddən çox kitab nəşr etdirmiş, şairin yaradıcılığına həsr olunan ölkə daxilində və xaricində 20 beynəlxalq elmi konfrans və simpozium keçirmiş, 60-dan artıq respublika səviyyəli konfrans, seminar, mədəni-kütləvi tədbirin təşkilatçısı olmuşdur.

Gülbəniz BABAXANLI, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015