AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA Hüseyn Cavidin Ev Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dek 12, 2019 | 09:49 / Konfranslar, iclaslar
Oxunub 104 dəfə

Dekabrın 11-də AMEA Hüseyn Cavidin Ev Muzeyində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 16-cı il dönümü ilə əlaqədar olaraq anım günü keçirilib.

Anım günü münasibətilə keçirilən tədbirdə çıxış edən muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirib ki, ümummilli liderimiz, görkəmli dövlət xadimi H.Əliyev möhtəşəm siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, ev muzeylərinin açılması, əsərlərinin nəşri tədqiqi, təbliği üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüşdür. Heç şübhə yoxdur ki, H.Əliyevin sevə-sevə qayğı göstərdiyi klassik Azərbaycan sənətkarları içərisində dahi şair və dramaturqumuz Hüseyn Cavidin özünə məxsus müstəsna yeri vardır. 1995-ci ilin iyununda H.Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə H.Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi ətraflı  təhlil edən H.Əliyev, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulamışdır.

Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, Heydər Əliyev tarixdə öz izini qoymuş, hər kəlməsi bir aforizmə çevrilmiş şəxsiyyətlərdəndir. Onun düşüncələrini, siyasi strategiyasını özünə örnək götürən Prezident İlham Əliyev onun yolunu uğurla davam etdirir.

Tədbir münasibətilə muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi təşkil edilib. Sonda tədbir iştirakçıları sərgi ətrafında xatirə şəkli çəkdiriblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015