AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
20 nömrəli məktəb-liseydə Nəsiminin 650 illik yubileyi qeyd edilib
Dek 11, 2019 | 04:30 / Konfranslar, iclaslar
Oxunub 124 dəfə

Dekabrın 10-da 20 nömrəli məktəb-liseydə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda keçirilən II beynəlxalq elmi konfrans çərçivəsində reallaşıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, BŞTİ-nin nümayəndələri, ziyalılar, müəllimlər, şagirdlər, valideynlər, KİV nümayəndələri, Özbəkistan, Tacikistan və Türkiyədən alimlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə ölkəmizdə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. O qeyd edib ki, öz düşüncəsinə, əqidəsinə sadiq olan mütəfəkkir şair gənclərimiz üçün örnəkdir.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dövlətimizin başçısının Sərəncamının icrası istiqamətində akademiyada Nəsimi ilə bağlı müxtəlif konfransların, elmi sessiyaların təşkil edildiyini, şairin əsərlərinin 11 dildə nəşr olunduğunu diqqətə çatdırıb. Akademik bu tədbirlərdə xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.

Akademik İsa Həbibbəyli cari ildə AMEA-da Nəsimi yaradıcılığına həsr olunan 19 kitabın çap edildiyini, daha bir neçə əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək və onun əzəmətli obrazını yenidən canlandırmaq mümkündür.

Böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O, ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsi olduğunu deyib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülmüş tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.

Tədbirdə məktəb-liseyin şagirdləri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan bədii kompozisiya təqdim ediblər.

Azərtac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015