AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
Dek 11, 2019 | 10:09 / Mühüm hadisələr
Oxunub 244 dəfə

Moldovanın paytaxtı Kişinyovda və Qaqauz Yeri Komrat şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçirilib.

Tədbirlər Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Moldova Milli Kitabxanasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Moldova Milli Kitabxanasında keçirilən ilk tədbirdə Nəsimi yaradıcılığı ilə bağlı çıxışlar dinlənilib. Azərbaycanın Moldovadakı səfirliyinin müşaviri Leyla Orucova, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, AMEA-nın  Humanitar Elmlər Bölməsinin akademik -katibi, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Səlim Babullaoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova nümayəndəliyinin rəhbəri Aureliya Qriqoriu, Moldova Yazıçılar Birliyinin nümayəndəsi Nicolae Spataru Nəsimin həyat və yaradıcılığı ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Daha sonra Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı təmsil etdiyi təşkilat tərəfindən Nəsiminin 15 dilə tərcümə olunun seçilmiş şeirlərindən ibarət "İmadəddin Nəsimi dünya dillərində" kitabını təqdim edib.

Nəsiminin şeirlərini rumın dilinə tərcümə edən İlie T. Zeqrea çıxış edib.

Təqdimatdan sonra kitablar iştirakçılara təqdim olunub. Bu kitabla əlaqədar söz alan Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov çıxışında Nəsimi şeirlərinin hələ 1973-cü ildə rus dilinə tərcümə olunduğunu qeyd edib.

Tədbir çərçivəsində milli kitabxana foyesində moldovalı rəssam Mariya Sklyarenkonun Nəsimiyə həsr etdiyi “Məhəbbətlə yaranmış dünya” adlı əsərləri sərgilənib.

Nəsimi anım toplantısı və adıçəkilən kitabın təqdimatı növbəti gün Moldovanın Qaqauz Yerindəki Komrat Dövlət Universitetində keçirilib.

TÜRKSOY heyəti səfər çərçivəsində Moldovanın rəsmi şəxsləri ilə mühüm görüşlər keçiriblər. Qaqauz Yerinin rəhbəri İrina Vlah və Moldovanın Təhsil, Mədəniyyət və Elm nazirinin müavini Andrei Chistol TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı və Azərbaycanın təşkilatdakı nümayəndəsi Elçin Qafarlı ilə keçirdikləri görüşdə keçirilən tədbirin mahiyyətini yüksək dəyərləndiriblər.

Qeyd olunub ki, Moldova tərəfi TÜRKSOY-la əməkdaşlığın istiqamətlərindən və nəticələrindən məmnundur. Vurğulanıb ki, Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb.

Sonra TÜRKSOY adından Nəsimiyə aid suvenirlər və “İmadəddin Nəsimi dünya dillərində” şeirlər kitabı Moldovalı rəsmilərə təqdim olunub.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015