AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib
Noy 29, 2019 | 04:52 / Konfranslar, iclaslar
Oxunub 22 dəfə

Noyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, şairin yubileyi münasibətilə respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Dahi mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyi barədə məlumat verən direktor bildirib ki, lirik şair olan Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Vurğulayıb ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə dahi mütəfəkkirinin 600 illiyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Həmin dövrdən etibarən Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli mütəfəkkir şairin yaradıcılığındakı ideyalardan danışıb, ədibin irsinin geniş şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan böyük cəsarət sahibi idi. Dahi şairin yaradıcılığında mədəni müxtəliflik, humanist ideyalar geniş şəkildə təşviq olunub.

Konfransda “Azərbaycan yazılı ədəbi dilinin başlanğıc mərhələsində İmadəddin Nəsimi fenomeni”, “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, “Nəsimi yaradıcılığında söz konsepti”, “Nəsimi dilinin bəzi poetik-üslubi xüsusiyyətləri” və “İmadəddin Nəsiminin söz həqiqəti” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015