AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji məzmunda araşdırılmasına həsr olunmuş konfrans keçirilib
Noy 27, 2019 | 05:26 / Konfranslar, iclaslar
Oxunub 111 dəfə

Noyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Molla Nəsrəddin lətifələri: müasir elmi yanaşmalar və milli folklorşünaslıq təcrübəsi” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə “Dünyanı gəzən Molla Nəsrəddin” kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Molla Nəsrəddin lətifələrinin folklor nümunələri içərisində lakonikliyi, fəlsəfi dərinliyi ilə xüsusi seçilən nümunələrdən biri olduğunu qeyd edib.

Bildirilib ki, lətifələrdə xalq müdrikliyi özünün bütün dolğunluğu ilə əks olunub. Bu mənada Molla Nəsrəddin lətifələrinin, eləcə də digər xalqların folklorundan lətifələrin tərcüməsi və nəşri, geniş ictimaiyyətə çatdırılması böyük əhəmiyyətə malikdir.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov konfransın elmi-praktik əhəmiyyətindən bəhs edib. O, son illər Molla Nəsrəddin lətifələrinin nəşri ilə bağlı rəhbərlik etdiyi elmi müəssisə ilə SOCAR AQŞ arasında əməkdaşlıqdan danışıb, bu istiqamətdə həyata keçirilən işləri diqqətə çatdırıb.

Digər çıxış edənlər Molla Nəsrəddin lətifələrinin nəzəri-metodoloji aspektlərindən söz açıblar.

Tədbirdə mövzu üzrə məruzələr dinlənilib, geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015