AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB
Noy 25, 2019 | 05:21 / Mühüm hadisələr
Oxunub 79 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surətini əldə edib. İndiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanan divanlarının nüsxələri əldə edilmişdi. Nəstəliq xətti ilə, müəllif tərəfindən köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Bura Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir. Divanın əvvəldən natamam dibaçəsində müəllif göstərir ki, indiyədək çoxlu şeirlər yazıb, lakin onların çoxu diqqətsizlikdən ucbatından itib. Şair dostlarının xahişi ilə şeirlərini toplayıb divan tərtibi ənənəsinə uyğun olaraq ərəb əlifbası ardıcıllığı ilə düzüb. Dibaçədə osmanlı imperatoru Sultan Süleymanı (hakimiyyət illəri 1520-1526) mədh edən şeir verilib. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi I Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonralar vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.
XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından bu divan böyük maraq kəsb edir.

www.manuscript.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015