AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Dilçilik İnstitutunun illik hesabatı dinlənilib
Noy 06, 2019 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 22 dəfə

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının illik hesabatı dinlənilib.

İclasda çıxış edən elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu tədqiqat işlərinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı olduğunu deyib.

Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2019-cu ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, institutda 6 kitab, 20 monoqrafiya (5 monoqrafiya, 1 kitab xaricdə nəşr edilib), 258 məqalə (205-i ölkə daxilində, 53-ü xaricdə, o cümlədən 2-si impakt faktorlu jurnalda) dərc olunub.

Aynel Məşədiyeva qeyd edib ki, hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət, 12 problem, 16 mövzu üzrə 103 iş yerinə yetirilib. İl ərzində 6 mövzu və 54 iş tamamlanıb.

2019-cu il üçün ən mühüm elmi nəticələr sırasında isə professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi”, “Azərbaycan dilinin qrammatikası”nın I cildi və “Orfoqrafiya lüğət”i (2019, VII nəşr) əsas götürülüb.

İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar diqqətə çatdırılıb. Vurğulanıb ki, institutun əməkdaşları Nəsiminin 650 illik yubileyi münasibətilə respublikada keçirilən konfranslarda fəal iştirak edirlər.

Daha sonra professorlar İsmayıl Məmmədli, Qara Məşədiyev, Sayalı Sadıqova, İlhami Cəfərsoy, Roza Eyvazova və Sevinc Əliyeva, dosentlər Qətibə Quliyeva, Elçin İbrahimov və Qadınlar Şurasının sədr müavini Sevil Zülfüqarova hesabatla bağlı fikirlərini bildiriblər.

İclasda çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov institutun illik hesabatını çox yüksək qiymətləndirib. Vurğulayıb ki, Dilçilik İnstitutunun 5 jurnalının nəşri, dilçilik.az veb-saytının fəaliyyəti, Azərbaycan dilinin digər türk dilləri ilə müqayisəli şəkildə öyrənilməsi, dil tarixi ilə bağlı məsələlərin araşdırılması təqdirəlayiq işlərdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015