AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
Noy 05, 2019 | 04:00 / Konfranslar, iclaslar
Oxunub 82 dəfə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə, o cümlədən AMEA-da görkəmli ədibə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib.

İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib. O, Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. Görkəmli ədib Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi şöhrət qazanıb. 

Akademik İ.Həbibbəyli ictimaiyyətə təqdim olunan kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib edildiyini söyləyib. Diqqətə çatdırıb ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında dərc edilmiş məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb.  Bu kitab Cəlil Məmmədquluzadəyə həsr olunan məqalələrdən və yazıçının müasirlərinin xatirələrindən ibarət olan, 1967-ci ildə professor Abbas Zamanovun elmi redaktorluğu ilə çap edilmiş “Məqalələr və xatirələr” kitabının davamı olaraq onu tamamlayan əhəmiyyətli bir mənbədir. Həmçinin Cəlil Məmmədquluzadəşünaslığın son yarım əsrdəki mənzərəsini geniş təsəvvür etməyə imkan yaradan qiymətli kitabdır.

Sonra Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov məruzə ilə çıxış edərək yeni nəşrdə Cəlil Məmmədquluzadə haqqında böyük ədibin 100 illik yubileyindən sonra meydana çıxan məqalələrin, esselər və şeirlərin toplandığını bildirib. Onun sözlərinə görə, kitabda 52 müəllifin 78 məqaləsi yer alıb. Nəşrin baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.

Tədbirdə Xalq yazıçısı Anar, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Tehran Mustafayev, professor Cahangir Məmmədli və digər çıxış edənlər “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bu nəşr Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə mühüm elmi-ədəbi töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015