AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Folklorşünas alimin 70 illik yubileyi qeyd olunub
Noy 06, 2019 | 10:45 / Yubileylər
Oxunub 26 dəfə

AMEA Folklor İnstitutunun Elmi Şurasında Oruc Əliyevin 70 yaşı qeyd edilib

Noyabrın 5-də AMEA Folklor İnstitutu Elmi Şurasının iclasında institutun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d. Oruc Əliyevin 70 illik yubileyi ilə bağlı iştirakçıların ürək sözləri dinlənilib. Elmi Şuranın sədri, akademik Muxtar Kazımoğlu-İmanov Oruc Əliyev haqqında ürək sözlərini bölüşüb: “Oruc Əliyev folklorşünas alimlərimizdən biri, yaxın dostumuz, hamımızın əziz saydığı insandır. Onun insan, alim, gözəl iş yoldaşı kimi həyat yoluna yaxşı bələdəm”. 1972-ci ildən bəri O.Əliyevi tanıdığını deyən M.İmanov tələbəlik dövrünün xatirələrini bölüşüb. O, Oruc Əliyevin folkor toplayıcılığı zamanı da işinə məsuliyyətli yanaşmasından söz açıb: “Toplama materiallarına baxdıqda Oruc müəlimi bir insan kimi yenidən tanıdım və gördüm. Şəxsiyyətində, xarakterində gördüyümüz təmizlik nağıl toplayıcılığında da özünü aydınca göstərib. Yəni bu mətnlərdə uydurmaçılıq, saxta mətnlər yoxdur, dili də xalq ruhunu tam təsdiq edir, toplayıclılq, tərtibçilik prinsipinə uyğundur. Xarakteri, şəxsiyyəti ilə toplayıcılıq, tədqiqatçılıq əxlaqı tamamilə üst-üstə düşür. O, nağılşünas alimdir. K.Əliyev deyir ki, nağılla bağlı problem məsələ ilə rastlaşdıqda Oruc Əliyevin “Azərbaycan nağıllarının poetikası” kitabına baxıram. Bu mənada Oruc Əliyev oxuduqları ilə yanaşı müşahidələrini də tədqiqatlarına hopdurub”.
“Aşıq yaradıcılığı” şöbəsinin müdiri, fil.ü.f.d. Eıxan Məmmədli onillərdir Oruc Əliyevi insani keyfiyyətlərinə görə tanıdığını, alimliyində cəfakeş, prinsipial, yol yoldaşlığında güvənli olduğunu bildirib.
“Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Ramazan Qafarlı O.Əliyevin ardıcıl nağıl tədqiqatçısı oduğunu, Azərbaycan folklorşünaslığını bu istiqamətdə yaradıcılığı ilə zənginləşdirdiyini bildirib, vurğulayıb ki, onun qədər Azərbaycan nağıllarını dərindən tədqiq edən folklorşünasımız yoxdur.
“Mifologiya” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Seyfəddin Rzasoy O.Əliyevin təbiətcə sakit, həlim xarakterini yüksək dəyərləndirib, yaradıcılığında “Azərbaycan nağılı nədir” sualına tam cavab tapıldığını bildirib.
“Klassik folkor” şöbəsinin müdiri, fil.ü.f.d., dos. Rza Xəlilov, “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat da yubilyarın gözəl insani cəhətlərindən danışıb, yaradıcılğındakı özü nəməxsus cəhətlərə toxunub, ömrünün bundan sonrakı mərhələsində də uğurlar və xoşbəxtlik diləyiblər.
Sonda akademik M.İmanov O.Əliyevə diləyini yetirib: “Qoy Oruc Əliyev bundan sonra da təmiz ruhunu qoruyub saxlasın”. O, yubilyara ürək sözlərinin ifadə olunduğu hədiyyəsini təqdim edib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015