AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA HÜSEYN CAVİDİN EV MUZEYİNİN İLLİK HESABATI DİNLƏNİLMİŞDİR
Noy 05, 2019 | 05:07 / Konfranslar, iclaslar
Oxunub 70 dəfə

5 noyabr tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində 2019-cu ilin elmi-tədqiqat işlərinin hesabatı dinlənmişdir. İclası Elmi şuranın sədri fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq il ərzində görülən işlərdən danışmış, 2019-cu il ərzində görülən elmi-tədqiqat işlərinin ən mühüm nəticəsi sayılan “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun XI-XX cildlərinin yenicə çapdan çıxması barədə və 2019-cu ildə Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi münasibətilə çap edilən “Ərtoğrol Cavidin ömür salnaməsi” seriyasından “Musiqi əsərləri” albom-kitabı, “Ərtoğrol Cavid. Məqalələr toplusu” və “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” adlı monoqrafiya haqqında geniş məlumat vermişdir.

Muzeyin elmi katibi İlahə Novruzova məruzəsində bildirmişdir ki, hesabat ilində muzeydə 2018-ci ilin elmi tədqiqat işlərinin planına əsasən, 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 45 iş mərhələlər üzrə yerinə yetirilmişdir. Hesabat ilində muzeyin zənginləşdirilməsinə xüsusi diqqət göstərildiyi, müəssisənin fondunda 11 min 766 eksponat mühafizə olunduğu və bu il muzeyə və onun elektron bazasına 127 yeni eksponat daxil edildiyi, veb-saytının xarici dil (ingilis dili) versiyası yeni materiallar ilə zənginləşdirildiyi, Cavid irsinin təbliği məqsədilə muzey əməkdaşlarının Türkiyədə, Ukraynada, Özbəkistanda, Macarıstanda, Niderland Krallığında ezamiyyətdə olduğu bildirilmiş, həmçinin müəssisənin Beynəlxalq Muzeylər Komitəsi (ICOM) ilə sıx əməkdaşlıq etdiyi, muzeyin yerli və xarici ziyarətçilərinin sayının isə ötən illərə nisbətən daha da artdığı diqqətə çatdırılmışdır.

Hesabat məruzəsində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası ilə bağlı görülən işlərdən geniş bəhs edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən mart ayının 18-də “Cəfər Cabbarlı və Hüseyn Cavid” adlı yubiley tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 Aprel 2019-cu il tarixli sərəncamı əsasında AMEA Rəyasət Heyətinin 31 May 2019-cu il 10/18 nömrəli qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyası (azərbaycan dilində), Мамед Джафар “Гусейн Джавид” (монография), rus dilində nəşr edilmişdir.

Bütövlükdə hesabat qənaətbəxş hesab edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015