AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Yeni elmi nəslin böyük müəllimi - Yubiley
Okt 19, 2019 | 04:00 / Müsahibələr, çıxışlar
Oxunub 16 dəfə

On il bundan əvvəl akademik İsa Həbbibəylinin 60 illik yubileyi ərəfəsində belə bir yazı yazmışdım: "Naxçıvanda İsa Həbibbəyli elmi məktəbi, yaxud ənənə davam edir".  10 il keçəndən sonra isə bu başlığın özlüyündə dəyişiklik tələb etdiyini müşahidə elədim. Təkcə mənim düşüncəmdə yox, Azərbaycan elmi-ədəbi mühitində belə bir ifadəni artıq tez-tez eşidirik: "Azərbaycanda İsa Həbibbəyli elmi məktəbi".

Bu mənada ötən il nəşr olunmuş Akademik İsa Həbibbəyli-biblioqrafiyasına "Böyük ömrün illəri və əsərləri" adlı ön söz yazmış Kamran Əliyev və Məmməd Əliyev İsa Həbibbəylinin özündən əvvəlki ədəbiyyatşünaslara hörməti və sevgisindən bəhs edərək və bu böyük insanı haqlı olaraq "Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alim" kimi səciyyələndirmələri heç də təsadüfi deyil.

İsa Həbibbəylinin 1970-ci ildə Naxçıvanda keçirilən "Elm günləri" çərçivəsində sonralar elmi rəhbəri olacaq akademik Məmməd Cəfər Cəfərovla yaxından tanışlığı, gənc tələbənin həyatında bugünkü terminlə ifadə etsək, U dönüşü effektinə səbəb olur və tələbəlik illərindən ədəbiyyatşünaslıq elmini hədəf olaraq seçir. Və sonralar İsa müəllimin özünün akademik Məmməd Cəfər Cəfərov haqqında dediyi bu sözləri biz bu gün hamılıqla xor şəklində akademik İsa Həbibbəylinin özü haqqında söyləyə bilərik: "Sadəliyin nə qədər böyük mənəvi sərvət olduğunu akademik Məmməd Cəfər Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarı ilə kamil olan insanlar bu qədər sadə ola bilərlər".

700-dən çox elmi məqalənin, 20-yə yaxın monoqrafik əsərin, onlarla tərtib kitabının, bir dərsliyin müəllifi olan İsa müəllim xarakter etibarı ilə elm aşiqi olduğu kimi, həm də bir Azərbaycan vurğunudur, Naxçıvan sevdalısıdır. Onun Naxçıvan və naxçıvanlılara olan hədsiz sevgisinin miqyasını öyrənmək üçün bu diyarla, bu məmələkətin insanlarıyla bağlı yazdıqlarına baxmaq kifayətdir.

Elmi-ədəbi mühitdə, türk dünyasında İsa Həbbibəyli deyiləndə Azərbaycan və Naxçıvan sözləri elmi lokomotivi daşıyan dəmir yolunun paralel relsləri kimi assosasiya olunur.  Naxçıvanlı olub, elmin hüdudsuz ənginliklərində qeyb olmaqdan həzz alan, yaradıcı bir insan haqqında söz açırıqsa, qeyd elədiyim Naxçıvan, elm və bədii yaradıcılıq üçbucağında İsa Həbibbəylini bir daha ətraflı analiz etmə ehtiyacı ortaya çıxır. Nəticədə akademik İsa Həbibbəylinin naxçıvanlı ədəbiyyatşünasların elmi-ədəbi irsinin tədqiqi və nəşri sahəsindəki rolu gözlər önündə canlanır.

Bu baxımdan düşünürəm ki, İsa müəllimin "Qori Seminariyası və naxçıvanlı ziyalılar" məqaləsi ilkin hazırlıq məşqi idi. Həmin məqalədə və daha sonra bu qəbildən olan yazılarında akademikin Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Məhəmməd ağa Şahtaxtılı, Əliməmməd Xəlilov, Mirzə Əbülqasım Sultanov, Mirzə Ələkbər Süleymanov, Paşa ağa Sultanov, Mirzə Cəlil Şürbi, Sadıq Xəlilov, Tağı bəy Səfiyev, Məmmədqulu bəy Kəngərli və başqa naxçıvanlılar haqqında yeni elmi axtarışlarını böyük həvəslə oxumuşuq. Bu silsiləni yaradıcılığı boyu davam etdirən akademik sonralar "Xalq şairi Məmməd Araz albom-monoqrafiyası"nı, "Ədəbi yüksəliş" kitabını və sair kitab və məqalələrini qələmə aldı.  

"Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" doktorluq dissertasiyasının müdafiəsində elmi rəhbəri, idealı, akademik Məmməd Cəfər Cəfərov çıxış edərək bu sözləri rahatlıqla İsa Həbbibəyli haqqında deyir: "Onun XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühiti barədəki axtarışları və tapıntıları məni heyrətləndirdi. Mən heç inanmazdım ki, Naxçıvanın ədəbi-mədəni mühiti bu qədər zəngin olmuşdur".  

İsa müəllim naxçıvanlı ədəbiyyatşünasların, demək olar ki, hər biri haqqında ürəkaçıqlığı ilə, həmin şəxsiyyətlərin ən incə xarakterlərini belə ətraflı şərh edərək qələmə alıb. Qədim dövrlərdən Naxçıvan elmi-ədəbi mühitinə böyük töhfələr vermiş Xacə Məhəmməd Nəsrəddin Tusi, Əhməd ibn Məhəmməd Naxçıvani, Həsən ibn Ömər Naxçıvani, Səncər ibn Abdulla, Fəxrəddin Hinduşah Naxçıvani, Məhəmməd ibn Hinduşah Naxçıvani, Əhməd ət-Tusi ən-Naxçıvani, Məhəmməd Səid ibn Məhəmməd, Baba Nemətullah Naxçıvani, Xacə Ətiq Ordubadi, Məhəmməd İbrahim Nəsiri, Zeynəddin Naxçıvani və digərləri haqqında elmi və bədii yaradıcılıqlarını təfsilatı ilə təhlil edərək qələmə almışdır.

İsa müəllimin Naxçıvan elmi və elmi-ədəbi mühitinə münasibətini bir çox məqalələrdə görə bilərik. Belə ki, "Professor Məhəmmədağa Şahtaxtılı və Şərq", "Azərbaycan elmində Məmməd Cəfər məktəbi", "Yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı", "Elmi idrakla poetik qavrayışın qovşağında", "Abbas Zamanov dünyası", 1996-cı ildə Türkiyədə "Kardaş edebiyyatlar" jurnalında nəşr olunan "Professor Abbas Zamanov və Türkiyə"  məqalələrində "Məmməd Cəfər Cəfərov adı ilə bağlı olan elmi məktəb "Ədəbiyyat nəzəriyyəsi və ədəbi-tənqid məktəbidir" fikrini oxuyur, "Məmməd Cəfər Cəfərovun Azərbaycan romantizmşünaslıq nəzəriyyəsinin banisi kimi dəyərləndirildiyini" görür, "Abbas Zamanovu XX əsrin böyük vətəndaş alimi kimi səciyyələndirdiyinə" şahidlik edirik. Həmçinin, professor Əziz Şərifi "böyük ədəbiyyatşünaslıq missiyası"nı həyata keçirmiş elm xadimi kimi tanıyır, "Əziz Şərif zirvəsi"nə boylanır, bizim tərtib edib nəşrə hazırladığımız "İzzət Maqsudov: Eynəli bəy Sultanovun həyat və yaradıcılığı" monoqrafiyasına yazdığı ön sözdə müəllimi İzzət Maqsudovu "Eynəli bəy Sultanov kimdir?" sualının ilk böyük elmi cavabı"nı müəyyənləşdirən alim kimi yada salır, "Kamal Abdullanın Azərbaycan postmodernizm ədəbi cərəyanının yaradıcısı olduğunu əsaslı şəkildə təqdim etməsini" müşahidə edir, Məhəmmədhüseyn Təhmasibi "Folklor nəzəriyyəsinin görkəmli yaradıcısı" kimi görürük. Bütün bunlar naxçıvanlı alimlər biblioqrafiyasının elmi yeniliyini də ifadə edən sadəcə giriş fəslidir. 

Naxçıvanı Dədə Qorqud yurdu kimi sevən İsa müəllim bu mövzuya da yer ayıraraq yazır ki, "Dədə Qorqud" kiçik insanları da qüdrətli olan böyük xalqın mükəmməl dastanıdır. "Dədə Qorqud" dastanları oğuz türklərinin, Azərbaycan xalqının yurd və torpaq andının manifestidir". Bununla da Dədə Qorqud yurdu Naxçıvandan olan alimlərin hansı dəyərdə olduğuna mətnaltı işarə vurduğunu anlayırıq.

Naxçıvanlı elm adamları ilə bağlı görkəmli akademikin nəşr xidmətləri hələ ötən əsrin sonlarında Naxçıvan Dövlət Universitetində işlədiyi zamanlardan başlamışdır. 1992-ci ildə nəşr olunmuş "Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının elmi əsərləri" və "Naxçıvan Dövlət Universitetinin yetirmələri" məlumat kitabları bu baxımdan xüsusilə seçilir. Sonrakı illərdə bu kitabların təkmilləşdirilmiş yeni nəşrlərinin çap olunduğunu da qeyd etməliyik.

"Daim axtarışda olmaq İsa Həbibbəylinin özünəməxsus xarakteridir" fikri tamamilə özünü doğruldan yerində söylənilmiş ifadədir. Bunun bir səbəbi də tanınmış şair Rüstəm Behrudinin də ifadə etdiyi kimi, "İsa müəllimin düşüncəsində, varlığında gəzdirdiyi işıqdır". Rüstəm Behrudi hələ illər əvvəl yazmışdı ki: 

Naxçıvanda bir adam var -
Könlümüzü görən adam.
Bu işığı hardan aldın,
Ay işıq gəzdirən adam.  

Bu gün "işıq gəzdirən adam"ın əlində tutduğu Azərbaycançı ideyaları ilə şölələnən elm işığı təkcə Naxçıvanda yox, Azərbaycan, hətta türk dünyasında da bu sahə insanlarının könlünü nurlandırmaqdadır.

Onun naxçıvanlı alimlərin elmi-ədəbi irsi haqqındakı yazıları təkcə ədəbiyyatşünaslarla məhdudlaşmamışdır. Belə ki, İsa müəllim ayrı-ayrı elm sahələrini də ədəbiyyatla əlaqələndirməsi, bununla da Naxçıvanla bağlı nəşrlərə özünəməxsus yanaşması həmişə oxucuları heyrətə gətirmişdir.

Görkəmli coğrafiyaşünas alim Səfərli Babayevin 1999-cu ildə nəşr olunmuş "Naxçıvanda Kitabi Dədə Qorqud toponimləri" kitabına yazdığı "Kitabi Dədə Qorqud" haqqında yeni tədqiqat" ön sözü, həmçinin, 2001-ci ildə çapdan çıxmış "Əfsanələr diyarı" kitabına yazdığı "Ədəbiyyatda coğrafiya, coğrafiyada ədəbiyyat" ön sözləri, tarixçi Əli Əliyevin 1992-ci ildə nəşr olunmuş "Əlincə yaddaşı" kitabına yazdığı  "Əli Əliyev məktəbi" ön sözləri xüsusi vurğulanmalıdır. Bundan başqa, İsa Həbibbəylinin yazılarında akademik İsmayıl Hacıyev "Tarixçi borcu və vətəndaşlıq mövqeyi", AMEA-nın müxbir üzvləri Hacı Qadir Qədirzadə "Dərinliklərə doğru", Hacı Fəxrəddin Səfərli "Bütövlüyün təsdiqi", Zəhmət Şahverdiyev "Mənbəşünas tarixçi və Azərbaycançı pedaqoq", məqalələri ilə xarakterizə olunur. Bu qəbildən olan "Akademik Yusif Məmmədəliyevin həyatı və ictimai-elmi fəaliyyətinin əsas tarixləri", Zərifə xanım Əliyeva haqqında "İşığın elmi, elmin işığı", Akif İmanov haqqında "Akif İmanov: elmdə və ədəbiyyatda" Qənirə Əsgərova haqqında "Qardaş ədəbiyyatlar"ın işığında", Vaqif Məmmədov haqqında "Maarif tariximizin elmi səlnaməsi", Qadir Əliyev haqqında "Əcəmi sənətinə yeni elmi yanaşma", Abbas Seyidovun "Kültəpədə neolit mədəniyyət" kitabına yazdığı ön söz, mərhum professor Sevindik Vəliyev haqqında "Yeri görünən dilçi alim" və "Ədəbi mühitin işıqları", dilçi şərqşünas alim Əliyar Səfərli haqqında "Ver sözə ehya ki..., yaxud ön söz əvəzi", Yavuz Axundlu haqqında "Müəllimimiz, dostumuz", "Ziyalı mühitinin ağsaqqalı", "Həyat eşqi və məsuliyyət" məqaləsi və Yavuz Axundlunun elmi irsinin çoxcildliyi haqqında "Naxçıvanda birinci üçcildlik" təhlil xarakterli məqaləsi, Cavad Cavadlı haqqında qələmə aldığı "Ədəbiyyat və mətbuat cəbhəsində" məqaləsi, Yusif Seyidov haqqında "Böyük elmə bəxş edilmiş ömür", Məhərrəm Cəfərov haqqında "Xalqla bağlı sənətkar" yazısı, Möhsün Nağısoylu haqqında "Dilçilik ağırlıqlı mətnşünas-əlyazmaçı", Muxtar İmanov haqqında "Folklorda bədii gülüşün nəzəri konsepsiyası" məqalələri, Əbülfəz Muxtaroğlu haqqında "Əbülfəz Muxtaroğlunun müəllimliyi və şairliyi", "Çağdaş türkologiyanın Cəfəroğlusu" adlandırdığı Əbülfəz Quliyev haqqında "Türkologiya ağırlıqlı Azərbaycanşünas alim" və "Filologiya elmləri doktoru, professor Kamran Əliyev haqqında söz", eyni zamanda, Həmid Arzulu, Əsgər Qədimov, Fərman Xəlilov, Yusif Səfərov, Elbəyi Maqsudov, Allahverdi Məmmədli haqqındakı müxtəlif səpkili məqalələri İsa müəllimin sələflərə və xələflərə münasibətinin nümunəsi kimi dəyərləndirə biləcəyimiz yazılarının bir qismidir. 

İsa Həbibəyli öz müəllimləri, ustadları olan alimlərlə yanaşı, öz yetirmələri olan gənc ədəbiyyatşünaslar haqqında da ürək açıqlığı ilə əhatəli məqalələr qələmə almış, bir çoxunun elmi monoqrafiyalarını diqqətlə oxuyaraq analiz edərək təhlili ön sözlər yazmışdır. Bu baxımdan İman Cəfərli, Hikmət Mehdiyev, Fərqanə Kazımova, Kamal Camalov, Məhsəti İsmayıl, Surə Seyid, Mehriban Sultanova, Ramiz Qasımov, Elxan Məmmədov, Bəxtiyar Əsgərov, Aygün Orucova, Əli Həşimov və adlarını sadalamadığımız bir çox gənc ədəbiyyatşünaslar haqqında əhatəli yazılarla çıxış etməsi Naxçıvan diyarından olan hər bir elm adamına qarşı xüsusi diqqətin ifadəsidir.

İsa müəllimin əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin bir çox monoqrafiyaları haqqında yüksək elmi dəyərə malik akademik təhlillərini də yaddan çıxarmaq olmaz. Xüsusilə "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı" monoqrafiyası haqqındakı təhlil xarakterli ön söz bir çox məziyyətləri baxımından Hüseyn Həşimlini xarakterizə edən həmkar yazısı kimi dəyərləndirilməlidir.

Bir haşiyə çıxaraq vurğulayım ki, mənim haqqımda qələmə aldığı "Yeni mərhələdə uğurlu addımlar", "Qədrşünas tədqiqatçının qiymətli əsəri" yazıları da böyük xarakterin geniş ürəkaçıqlığı ilə öz yetirməsinə müəllim dəstəyinin bariz nümunəsidir.

2015-ci ildə İsa müəllimin 850 səhifəlik "Nuhçıxandan Naxçıvana" fundamental mahiyyətli əsəri çapdan çıxdı. Bu nəşr Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın qədim tarixinə, ədəbi-mədəni inkişaf yoluna, elmi mühitinə, görkəmli yetirmələrinə və müasir dövrdəki yüksəlişinə həsr edilmiş ən dəyərli elmi Naxçıvannamə kimi qiymətlidir.

Həmin nəşrdə yer alan "Naxçıvan elmi mühiti: ənənə və müasir dövr", "Azərbaycan elminin Naxçıvan məktəbi", "Elmilik və bədiilik: paralelliklərin vəhdəti" məqalələrində kimlərə diqqət ayrılmayıb ki. Bir çoxlarını yazımın əvvəlində qeyd etdim. Sadaladıqlarımdan əlavə, bu məqalələrdə sələflərdən Əli Sultanlı, Lətif Hüseynzadə, Mustafa Hüseynov, Məmməd Bektaşi, Cəlal Əliyev, İbrahim Mollayev, Yunis Qasımov, İbrahim Hüseynov, İbrahim Bağırov, Nəriman Orucəliyev kimi tanınmış alimləri və müəllimlərini sədaqətlə yad etmiş, xələflərdən Əjdər İsmayılov, Cəlal Qasımov, Tahir Məmməd, Kamil Allahyarov, Teymur Kərimli, Kamran Əliyev, Himalay Qasımov, Gülşən Əliyeva, Lütviyyə Əsgərzadə, Əbülfəz Əzimli, Seyfəddin Eyvazov, Şirməmməd Qüdrətoğlu, Əli Allahverdiyev, Qalibə Hacıyeva, Aypara Behbudova, Xumar Məmmədova, Şəhla Şirəliyeva, Nigar Sadıqzadə, Süsənbər Ağamalıyeva, Abbas Hacıyev, Nadir Hüseynbəyli, Kəmalə Məmmədova, Əminə Zalova, Əkrəm Hüseynzadə, Sədaqət Nemətova, Ceyran Quliyeva, İlhamə Məmmədova, Şəhla Qurbanova, Ələkbər Qasımov, Əli Qəhrəmanov, Ruhəngiz Əliyeva kimi alimlərin elmi fəaliyyətinə diqqət ayırmışdır.

Qeyd olunan məqalələrinin yekun nəticəsində isə İsa Həbbibbəyli bu qənaətdədir: Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbinin formalaşmaqda olduğunu göstərməkdədir. Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbi ölkəmizdə ədəbiyyat haqqında elmin inkişafına xidmət edən yeni elmi mərkəzə çevrilməkdədir.

Naxçıvanlı ədəbiyyatşünasların elmi irsi ilə yanaşı, ədəbi irsi də akademik İsa Həbibbəylinin nəzər diqqətindən yayınmır. Həmkarları haqqında həmkar sözü, eyni zamanda, ədəbi-tənqidi fikirləri mühitin ədəbi prosesinə də istiqamət verir, onu yönləndirir, həmçinin, qiymətini verərək çəkisini müəyyən edir. "Naxçıvanda ədəbiyyat, ədəbiyyatda Naxçıvan", "Naxçıvan ədəbi mühiti: tarixi ənənələr və inkişafın yeni mərhələsi", məqalələri, hələ 2006-cı ildə beynəlxalq konfransda "Naxçıvanda ədəbi-mədəni mühit: tarixi proses və müasir inkişaf istiqamətləri" məruzəsi bu baxımdan xüsusilə diqqəti cəlb edir, 2007-ci ildə nəşr olunmuş 696 səhifəlik "Ədəbi-tarixi yaddaş və müasirlik", 2017-ci ildə nəşr olunmuş 1068 səhifəlik "Ədəbi şəxsiyyət və zaman" elmi-ədəbi kitabı, həmçinin, yuxarıda qeyd etdiyimiz "Nuhçıxandan Naxçıvana" fundamental kitablarında bu diyarın yaradıcı şəxsiyyətlərinə münasibəti də görə bilirik.

Professor Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" pyesi haqqında "Tarixiliklə müasirliyin vəhdəti", Akif İmanlının bədii əsərləri haqqında təhlil xarakterli "Kal qarpızın hekayəti", şair-alim "Xanəli Kərimli sənətinin üfüqləri", "Xanəli Kərimli şeirinin imkanları", "Xanəli Kərimli şeirinin özəllikləri" məqalələri, Kamal Abdullanın "Düma ilə Coys arasında" kitabı haqqında "Bir dünyalıq ədəbiyyat söhbəti, yaxud esselərdən ibarət roman" tənqidi yazıları ölkə ədəbi mühitinə ədəbiyyatşünas baxışı kimi qəbul edilir.

"Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" məqaləsində isə alim-yazarlardan Həmid Arzulunun, Əbülfəz Muxtaroğlunun, Elbəyi Maqsudovun, Akif İmanlının, Vaqif Məmmədovun, Xanəli Kərimlinin, Rafiq Babayevin, Həsənalı Eyvazlının, Şirməmməd Qüdrətoğlunun, Elxan Yurdoğlunun, Ruhəngiz Əliyevanın elmi-ədəbi yaradıcılığına akademik münasibətlə qarşılaşırıq.

İsa müəllim qeyd etdiyimiz görkəmli ədəbiyyatşünasların elmi-ədəbi irsi haqqında müxtəlif səpkili onlarla məqalə qələmə almaqla kifayətlənməyib. Bir çoxlarının irsinin nəşrini də özü üçün mənəvi borc bilərək həyata keçirib. Bu baxımdan tərtib edərək nəşrə hazırladığı "Abbas Zamanov: Seçilmiş əsərləri", "Müasirləri Abbas Zamanov haqqında", "Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" kitablarını nəşrinə nail olmuş, Məmməd Cəfər Cəfərovun "İnsanlar və talelər" pyesini, "Xatiratım" memuarını, "Get dolangilən xainsən hələ" əsərini və bir poemasını tapıb üzə çıxarmış və çap etdirmişdir. Ötən il çap etdirdiyi müəllimi və müəllim yoldaşı Əbülfəz Muxtaroğlunun "Ömürdən qalan izlər" şeirlər kitabı da xatırladıqlarımızın sadəcə bir qismidir.

1999-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülən, 2007-ci il "Şöhrət" və 2009-cu ildə "Şərəf" ordenləri ilə təltif olunan İsa müəllimin özü də bu diyarın, bu torpağın yetirməsi kimi onun haqqında çox qiymətli monoqrafiyalar, məqalələr qələmə alınmışdır. Bu baxımdan akademik Teymur Kərimlinin "Şərqin qapısından dünyaya", Yusif Seyidovun "Akademik İsa Həbibbəyli" monoqrafiyaları, həmçinin, 2 cildlik "Ömrün illəri və əsərləri" və "Yaddaşın işıqları" məqalələr topluları İsa Həbibəyli obrazının bütün ştrixləri ilə ifadə olunmasında əhəmiyyəti nəşrlər kimi mühüm əhəmiyyətə malikdir.

Sonda bir məqamı da qeyd etmək istəyirəm. 2008-2012-ci illərdə fələsəfə doktoru hazırlığı üzrə "Eynəli bəy Sultanovun folklorşünaslıq irsi" mövzusunda axtarışlar apararkən Azərbaycan Dövlət Arxivində ədəbiyyatşünasların şəxsi fondlarında işləyirdim. O zaman istər akademik Məmməd Cəfər Cəfərovun, istərsə də professorlar Əziz Şərifin, Abbas Zamanovun şəxsi arxivlərində akademik İsa Həbibbəylinin həmin alimlərə ünvanladığı onlarla məktubla da qarşılaşır, bir çoxunu səbrlə və maraqla oxuyurdum. Həmin məktublardan da bu nəticəyə gəlmək olardı ki, böyük ədəbiyyatşünas alimlər ədəbiyyat, elm, Naxçıvan, hətta bəzi hallarda ölkə xaricindəki görkəmli ziyalılarla bağlı məsələlərdə İsa müəllimlə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır, hətta mübaliğəsiz deyim ki, İsa müəllimin köməyinə də gərək duyurdular. Bütün bunların hamısı isə İsa Həbibbəyli aysberqinin alt qatını da görə bilməkdə mühüm rol oynayırdı.

Bu günlərdə isə 50 ilə yaxındır Naxçıvanda və Azərbaycanın ayrı-ayrı elm ocaqlarında ədəbiyyatşünaslıq elmi ilə iç-içə olan, 40 ildən çoxdur yeni ədəbiyyatşünas alimlərin yetişməsində misilsiz rolu olan akademik İsa Həbibəylinin - sadə və səmimi İsa müəllimi(mizi)n 70 yaşı tamam olur. İsa müəllim, Sizə bundan sonra da dövlətçiliyimizin, Azərbaycançılığımızın, elmimizin, ədəbiyyatşünaslığımızın və ədəbiyyatımızın, həmçinin, insanşünaslığımızın inkişafındakı xidmətlərində uğurlar, gənclik şövqü və həvəsi ilə yeni nailiyyətlər əldə etməsi üçün can sağlığı, tükənməz enerji, yorulmaz yuxusuz gecələr arzulayıram.

Sonsuz sevgi və ehtiramla tələbəniz

Elxan YURDOĞLU-MƏMMƏDOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015