AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Cavid ocağının istedadla nurlanmış övladı
Okt 28, 2019 | 05:41 / Müsahibələr, çıxışlar
Oxunub 82 dəfə

 

 

Azərbaycan xalqı arasında geniş yayılmış "Ot kökü üstə bitər" məsəli dahilərin dahi övladı olanda işlənir. Təbii ki, Azərbaycanda belə hadisələr çox tez-tez təkrar olunduğu üçün bu deyim də yaranıb.

Bu il 100 yaşı tamam olan Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də dünyaya gəlib. Hüseyn Cavidlə ömür-gün yoldaşı Mişkinaz xanım Cavidin üç övladının (Tumrus - 1921-ci il 23 avqust, Turan - 1923-cü il 2 oktyabr) böyüyü Ərtoğrol Cavid olub. Gənc ailənin ilk övlad nubarı kimi Ərtoğrol Cavid ilk gündən ata-ana qayğısı, nəvazişi, məhəbbəti ilə əhatə edilib. Amma tale ona həm də Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyini vermişdi. Bəlkə də tay-tuşlarının çoxu bu baxımdan Ərtoğrola həsəd aparırdı. Amma Ərtoğrol Cavidin özü də, ona həsəd aparanlar da hələ bilmirdilər ki, Cavid övladı olmaq xoşbəxtliyi tezliklə bir nəslin, bir ocağın, xüsusən də Ərtoğrol Cavidin faciəsinə çevriləcəkdir. Məhz bu cəhət - Hüseyn Cavidin oğlu olmaq xoşbəxtliyi və faciəsi Ərtoğrol Cavidin qısa, mənalı ömrünün tam mənzərəsini əks etdirirdi.

Ərtoğrol Cavidin 1939-cu ildə öz əli ilə yazdığı qısa tərcümeyi-halda oxuyuruq: 

"AVTOBİOQRAFİYA 

Mən, Cavid Ərtoğrol 1919-cu il 22 oktyabrda Bakı şəhərində doğulmuşam.

Bu günə kimi daimi yaşayış yerim Bakı şəhəridir.

1926-27-ci il Azərbaycan Darülmüəllimatı yanındakı nümunə məktəbinə daxil olub, 1927/28-ci il (2-ci sinifdə oxurkən) 8-ci şura məktəbinə (indiki 1 nömrəli tam orta məktəbə) dəyişilmişəm. 1935-36-cı illərdə tədris zərbəçisi kimi oranı bitirmişəm. 1936-37 tədris ilində Az.P.İ-ya daxil olub, indi dil və ədəbiyyat fakültəsində oxumaqdayam.

Valideynlərimə gəlincə, atam Hüseyn Cavid 1882-ci ildə doğulub. Revolyusiyaya qədər müəllimliklə məşğul olub (revolyusiyadan sonra da davam etdirmiş). Müəllimlik stajını nəzərə alaraq ona personal pensiya verəcəkdilər. Lakin onun əsas sənəti yazıçılıq, dramaturqluq idi. 1937-ci il iyunun 3-də ailəsinə, o cümlədən, mənə hələ də məlum olmayan səbəblərlə Az.XDİK tərəfindən həbs edilmiş. 1939-cu ildə 8 il hüquqdan məhrumluqla məhkum edilmiş. Anam isə ibtidai savad almış bir qadındır, daima ev təsərrüfat işlərini aparmış. Son il tikiş artelində işlədi (IV 1938-dən 1939/VII qədər), lakin əlləri ağrıdığından və gözləri zəif gördüyündən işi tərk etdi.

Ailəmiz 3 üzvdən ibarətdir: Anam, bacım və mən.

Heç birimiz seçki hüququndan məhrum edilməmişik.

Maddi vəsait mənim stependiyam və iş maaşımdır.

Dərs oxumaqla bərabər, ailə şəraitinin ağırlığı ilə mən Az.Döv.Konservatoriyası yanındakı Musiqi Elmi Tədqiqat Kabinetində elmi işçi kimi işləməkdəyəm".

Orta məktəbi uğurla başa vurduqdan sonra Ərtoğrol Cavid 1936-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə qəbul olunur. Bununla da onun həyatında və taleyində yeni mərhələ başlayır. O, burada ədəbiyyatı artıq sistemli və kompleks şəkildə öyrənməyə imkan tapır. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxuyarkən Azərbaycan Dövlət Konservatoriyasının nəzdində qüdrətli sənətkar Bülbülün rəhbərlik etdiyi musiqi Elmi Tədqiqat Kabinetində (METK) işə düzəlir. 1932-ci il iyul ayının 29-da yaradılmış kabinetin işində Bülbül, Ü.Hacıbəyov, S.Rüstəmov, C.Qaryağdı, S.Şuşinski, Q.Primov, M.Mansurov, L.M.Rudolf kimi yaşlı sənətkarlarla yanaşı, Q.Qarayev, C.Hacıyev, T.Quliyev, Z.Bağırov və başqa gənclər də fəal iştirak ediblər. Azərbaycanın xalq musiqisinin toplanmasında, nota alınmasında, musiqi folklorşünaslığının inkişafında mühüm rol oynayan kabinetdə Ə.Cavid də səmərəli fəaliyyət göstərməyə başlayır. 

Ərtoğrol Cavid 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Ali musiqi məktəbinə daxil olana qədər Ə.Cavid öz üzərində ciddi şəkildə çalışır, anketdə yazdığı kimi, iki il işləyir, musiqi təhsilini daha da artırır. Musiqi təhsilini o dövrdə Bakıda tanınmış musiqiçi pedaqoqlardan biri sayılan Rudolfdan alması onun bir musiqişünas kimi formalaşmasında böyük rol oynayır. Şagird-müəllim arasında elə isti və səmimi münasibət yaranmışdı ki, Ə.Cavid kimi diqqətcil bir gənc onun xeyirxahlığını unuda bilməzdi. 1941-ci ildə Ə.Cavid "Skripka üçün poema"sının əlyazmasında müəlliminə minnətdarlıq əlaməti olaraq yazmışdı: "M.R-fa ithaf".

Ərtoğrol Cavid Konservatoriyada oxuyarkən "Məhsəti", "Marş", "Eşq olsun", "Leylanın vəsfi", "9 variasiya", "Səninlə olaydım" və başqa musiqi əsərlərini yazmışdır.

Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən Ərtoğrol Cavid çoxyönlü istedadı ilə diqqəti çəkməkdədir. O, həm atası dahi  Hüseyn Cavid kimi şair, həm müəllimləri dahi Bülbül və Üzeyir bəy Hacıbəyli kimi istedadlı musiqişünas və bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən musiqi və folklor tədqiqatçısı olmuşdur. Etnoqrafiya sahəsində də Ərtoğrolun xüsusi bilik və qabiliyyətinin olduğunu söyləmək üçün hazırda Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində saxlanılan, həm özünün, həm də başqa yoldaşlarının topladığı çoxsaylı folklor materialları haqda tədqiqat işləri əsas verir. Atası Hüseyn Cavid kimi, fəlsəfi dünyagörüşünün daşıyıcısı olan Ərtoğrol Cavid, yaşının və təcrübəsinin az olmasına baxmayaraq, məşğul olduğu elm və sənət sahələrində heyrətamiz bir erudisiya göstərmiş və toplama materiallarına yazdığı lakonik qeydlərində peşəkar, böyük ümidlər bəxş edən tədqiqatçı alim olduğunu sübuta yetirmişdir.

Əlbəttə, hər şeydən öncə, Ərtoğrol Cavid peşəkar bir musiqiçidir və musiqi nəzəriyyəsi, musiqi əsərlərinin yaradıcılığı, eləcə də musiqi folkloru sahəsində onun irəli sürdüyü fikirlər və ərsəyə gətirdiyi əsərlər bu gün də öz aktuallığını və əhəmiyyətini qoruyub saxlamaqdadır. Örnək üçün onun klassik musiqi sahəsindəki əsərlərini göstərmək kifayətdir. Bu əsərlər Hüseyn Cavidin Ev Muzeyi tərəfindən nəşr edilmiş və kompakt disklərdə dinləyicilərə, eləcə də cavidsevərlərə çatdırılmışıdır. Bu disklər Ərtoğrol Cavidin peşəkar bir bəstəkar kimi necə böyük ümidlər verdiyini və həyatı yarımçıq kəsilmədiyi halda, öz müəllimi Üzeyir Hacıbəyli səviyyəsinə yüksələ biləcəyini, hətta onun çiyinləri üzərində ucala biləcəyini söyləməyə əsas verir.

Hər bir istedadlı adam kimi, Ərtoğrol Cavidin qabiliyyəti də çoxyönlü olmuşdur. Onun qələmindən və fırçasından çıxan bir sıra portretlər, yazdığı şeirlər belə deməyə əsas verir ki, ömür vəfa etsəydi, bu sahələrdə də müəyyən uğurlar qazana bilərdi. Ancaq Ərtoğrolun əlimizdə olan qısa tədqiqatları, onda elmi təfəkkürün və analitik düşüncənin də kifayət dərəcədə güclü olduğunu göstərməkdədir. Hər şeydən öncə, Ərtoğrolu bu baxımdan tədqiq etdiyi materiala sağlam və ayıq bir araşdırıcı münasibəti gös-tərməsi, predmetə məntiqi yanaşma qabiliyyəti nümayiş etdirməsi fərqləndirir. Yüzlərlə səhifə materialı nəzərdən keçirən gənc tədqiqatçı, bunlara aludəçilik göstərmir, həqiqi estetik və ideoloji dəyəri yalançı, saxta dəyərlərdən, xalqın etik-estetik tərbiyəsinə xidmət edə biləcək örnəkləri ziyanlı nümunələrdən ayırd edə bilir.

Ərtoğrol Cavid həm də klassik mətni duyan, orijinala sədaqət göstərən, onu bərpa etməyin yollarını bilən bir mətnşünas kimi diqqəti cəlb edir. Xüsusən, el aşıqlarının yaradıcılığına yaxşı bələd olan gənc tədqiqatçı, ona qədər çap olunmuş mətnləri də gözəlcə bilməsi ilə seçilir.

Hüseyn Cavidin 1956-cı ildə - ölümündən, daha doğrusu, şəhidliyindən 15 il keçərkən bəraət almasından sonra bütün Cavidlər də bəraət aldılar; Hüseyn Cavid haqqında qədirşünaslıq əsərləri meydana çıxdıqca onun istedadlı oğlu da bu qədirşünaslıq prosesindən kənarda qalmadı. Ancaq Hüseyn Cavidin həqiqi bəraəti xalqımızın dahi oğlu Heydər Əliyevin 1981-ci ildə onun 100 illik yubileyinin keçirilməsi haqqında verdiyi tarixi qərardan sonra baş tutduğu kimi, Ərtoğrol Cavidin də həqiqi bəraəti və onun haqqında layiq olduğu və haketdiyi sözlərin deyilməsi və yazılması məhz keçən yüzilliyin 80-ci illərindən sonra gerçəkləşdi. Beləliklə, Ərtoğrolşünaslığın tarixi o qədər də qədim olmayıb, 40 ilə yaxın bir dövrü əhatə edir. Bu müddət ərzində Ərtoğrol Cavidin həyat və yaradıcılığı görkəmli ziyalılarımızın və tədqiqatçılarımızın araşdırma və dəyərləndirmə obyektinə çevrilmişdir.

Buna görə də biz Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin bütün yönlərinə, onun təkraredilməz şəxsiyyətinə bir daha toxunmayaraq, yalnız Hüseyn Cavidin Ev Muzeyində saxlanan materiallar əsasında onun folklorşünaslıq irsinin bəzi cəhətlərinə işıq tutmaqla kifayətlənəcəyik.

Ərtoğrol Cavidin folklor materiallarına yazdığı rəylər bir tərəfdən şərh, digər tərəfdən elmi tədqiqat xarakteri daşıyır. Bir qayda olaraq, gənc tədqiqatçı axırda öz tövsiyələrini də verir. Hələ Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olduğu 1936-cı ildən özünü istər tələbə yoldaşları, istərsə də müəllimləri arasında peşəkar filoloq, mütəfəkkir bir gənc kimi göstərən Ərtoğrol Cavid 1938-ci ildə ilk elmi əsəri sayıla biləcək "Məktəb və ailə" referatını yazmışdı. Öz üzərində durmadan çalışan, xüsusən, atasının həbsindən sonra məsuliyyətini ikiqat artıran Ərtoğrol, III-IV kurslarda oxuyarkən, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Konservatoriyasının nəzdində SSRİ Xalq artisti Bülbülün 1932-ci ildə yaratdığı və rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində, məhz professor Bülbülün himayəsi altında işə başlayır. Burada işləyərkən Ə.Cavid daha çox musiqi nəzəriyyəçisi kimi fəaliyyət göstərərək müxtəlif musiqi əsərlərinə, eləcə də folklor musiqisi örnəklərinə rəy yazır və bu lakonik rəylərdə hər bir əsərin layiqli qiymətini verməyə nail olurdu. Eyni səriştəni və peşəkarlığı biz Ə.Cavidin folklor materiallarına yazdığı yığcam rəylərdə görürük.

Bu zəngin xəzinə gənc tədqiqatçı tərəfindən rəyləşdirilərək öz qiymətini almışdır. Bunların arasında xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimlərinin təsviri və s. folklor-etnoqrafiya materialları vardır. Bütün bu rəngarəng materiallara eyni səviyyədə, eyni səriştədə rəy yazmaq üçün insan doğrudan da dərin erudisiyaya, yüksək savada malik olmalı idi ki, bütün bunlar 20 yaşlı gənc Ərtoğrolda kifayət qədər var idi. Məsələn, bir yazısında toplanmış materiala əsaslanaraq toy adətlərindən danışan Ərtoğrol Cavid, özünü həm də Azərbaycanın ərazisini, inzibati-ərazi bölgüsünü yaxşı tanıyan, müxtəlif rayonların analoji adətlərinə, bu adətlərin kənd və şəhər fərqlərinə dərindən bələd olan bir el ağsaqqalı kimi göstərir.

Bu materialların içərisində otuz dörd xalq mahnısı nota salınmışdır ki, bu da mədəni sərvətlərimizi gələcək nəsillərə çatdırmaq yönümündə Ərtoğrol Cavid tərəfindən atılmış ilk addım və böyük xidmətdir.

Materialların böyük bir qismini xalqımız arasından toplanmış nağıl və dastanlar, aşıq poeziyası örnəkləri təşkil edir ki, Ərtoğrol Cavid bu sahədə də öz erudisiya və biliklərini həmin folklor materiallarına yazdığı rəylərdə və onlar haqqında söylədiyi elmi-tənqidi fikirlərdə yüksək səviyyədə ifadə etməyə nail olmuşdur. Ən çox razılıq doğuran odur ki, gənc alim, həmin materialları yalnız dar bir xronoloji çərçivədə deyil, tarixi-di-daktik perspektivdə nəzərdən keçirməyə və qiymətləndirməyə üstünlük verir ki, bu da Ərtoğrol Cavidin Azərbaycanın zəngin folklor irsinə mücərrəd bir anlayış kimi deyil, tarix boyu hərəkətdə və zənginləşməkdə olan və gənc nəsillərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, milli mentaliteti dərindən qavramaq yönündə necə böyük əhəmiyyət daşıya biləcəyini sayıq bir vətəndaş kimi anlayaraq təbliğ etməyə çalışır.

Hüseyn Cavidin Ev Muzeyində saxlanan folklor materiallarının bir qismi orijinaldır, bir qisminin variantları çap olunub; ancaq onlar əsas etibarilə bir də ona görə qiymətlidir ki, onları böyük Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrol Cavid bu gün də əhəmiyyətini itirməyən elmi aparatura ilə təmin edib. Bütün bu materiallara yazılmış Ərtoğrol Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, zənnimizcə, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri və Cavidlər irsinə verilən qədirşünaslıq örnəyi olacaqdır. Xüsusən, müstəqil dövlətçiliyimizin etibarlı əllərdə gündən-günə möhkəmləndiyi indiki tarixi-siyasi şəraitdə xalqımızın qeyri-maddi mənəvi irsinin dünya ictimaiyyəti tərəfindən daha böyük qədirbilənliklə qəbul edildiyi vaxt bu işlərin həyata keçirilməsinin aktuallığının birə-beş artdığını bir daha söyləməyə ehtiyac yoxdur.

Dahi Hüseyn Cavidin və onun istedadlı oğlu Ərtoğrol Cavidin unudulmaz xatirələrinə və xalqımız qarşısındakı xidmətlərinə göstərilən hörmət və ehtiram, ədəbi və elmi irslərinə verilən qiymət və dəyər, yaradıcılıqlarının yüksək səviyyədə nəşri və təbliği üçün Ümummilli Lider Heydər Əliyevin müqəddəs ruhuna rəhmət oxuyur, Ulu Öndərin mədəniyyət siyasətinin layiqli da-vamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Cavidlər ocağının çıraqsuzu kimi, dərin təşəkkürümüzü bildiririk.

Respublika rəhbərliyinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sevgi və diqqətlə həyata keçirdikləri qayğı nəticəsində artıq Azərbaycan muğamı və Azərbaycan aşıq yaradıcılığı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mənəvi sərvətləri siyahısına daxil edilmişdir. Bunu da söyləmək xoşdur ki, Ərtoğrol Cavidin topladığı və şərhlər verdiyi materialların əksəriyyəti məhz mədəni irsimizin bu iki qoluna aiddir və onların nəşri bu baxımdan təkcə ölkəmiz üçün deyil, bütün mütərəqqi bəşəriyyət üçün, başqalarının mədəniyyətinə hörməti öz mədəniyyətinə hörmətin təsdiqi kimi qəbul edən xalqlar və insanlar üçün əhəmiyyət daşıyır.

AMEA Hüseyn Cavidin Ev Muzeyində son zamanlar cavidlər irsinin nəşri və təbliği sahəsində bir sıra mühüm əhəmiyyət kəsb edən işlər görülmüşdür. Bu mənada, mütəfəkkir-şair Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin tədqiq və tərtib edərək rəy verdiyi materiallar əsasında hazırlanmış "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adlı sanballı nəşrin 2011-ci ildə on cilddə, nəfis tərtibatla işıq üzü görməsi, xüsusilə vurğulanmalıdır.

Ötən dövr ərzində muzeyin əməkdaşları bu istiqamətdə araşdırma və tədqiqatlarını davam etdirmiş, "Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" xəzinəsini zənginləşdirmək üçün əmək sərf etmişlər. Nəticədə, "Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid", "Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları" və "Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri" adlı yeni cildlər ərsəyə gəlmişdir.

Bu əsərlər əsasən musiqi sənəti ilə bağlı olduğundan və notları əks etdirdiyindən oncildliyə nisbətən daha böyük formatda çap olunmuşdur. Buna baxmayaraq, əvəllki nəşrlərin bədii tərtibat və nəşr prinsipləri bu cildlərə də uğurla tətbiq olunmuş, çoxcildliyin bədii-estetik tamlığına xələl gəlməmişdir.

"Balaman məktəbi" dərsliyi və Ərtoğrol Cavid" adlı bir cild, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan və üzərində Ərtoğrol Cavidin də böyük əməyi olan "Balaman məktəbi" adlı dərsliyin ilk nəşridir.

Azərbaycan musiqi sənətinin bilicisi, musiqişünas Saleh Əbdüləlimovun yazdığı musiqi məktəbləri üçün nəzərdə tutulan "Balaman məktəbi" adlı dərslik 1937-ci ildə tərtib olunsa da, həmin dövrdə onun kitab şəklində çapı mümkün olmamışdır. Daha doğrusu, o dövrdə bu kimi dəyərli əsərlərin işıq üzü görə bilməməsində "erməni barmağı" öz işini "layiqincə" görmüşdür.

Aydın məsələdir ki, Azərbaycan xalqının qədim musiqi aləti olan balaban və balabanda ifanın tədrisi ilə bağlı dərsliyin nəşri 30-40-cı illərin repressiya siyasəti və siyasi-ideoloji konyunkturası ilə uzlaşmırdı. Və o da gün kimi aydındır ki, bütün bunların arxasında erməni snobizmi, paxıllığı, gözügötürməzliyi dayanırdı.

Əfsuslar olsun ki, ermənilərin digər xalqların əraziləri ilə yanaşı, maddi mədəniyət nümunələrini də mənimsəmə xəstəliyi xroniki şəkildə davam edir. Ermənilər çox ciddi cəhdlə dünyaya sübut etmək istəyirlər ki, balaban alətinin adı "duduk"dur və onlara məxsusdur. Əslində isə, tarixi faktlar sübut edir ki, ermənilərə məxsus 18-ə yaxın qədim lüğətdə "duduk" sözü yoxdur. Əlbəttə, bu, ermənilərin tarixi saxtalaşdırmaq üçün atdığı növbəti çirkin addımdan başqa bir şey deyil.

"Balaman məktəbi" dərsliyinin orijinalının qorunaraq günümüzə qədər gəlib çıxması Ərtoğrol Cavidin xidmətidir. O, uzun illər, çətinliklə də olsa bu əsəri mühafizə edə bilmişdir. Ərtoğrol Cavidin əməyi təkcə bununla bitmir. Belə ki, o, dərsliyə ön söz yazmış, dərslikdəki bir sıra materialların, o cümlədən, iclas protokollarının toplanaraq hazırlanmasında yaxından iştirak etmişdir.

Dərslikdən bir daha görünür ki, özünəməxsus gözəl və yumşaq səs tembrinə malik balabanın nəfəsli musiqi aləti kimi ifa imkanları çox genişdir. Kitabda balabanın ifasında nota köçürülmüş bir sıra xalq mahnılarımız da yer alır. Bu alətdə muğam, xalq mahnıları, aşıq havaları ilə bərabər, instrumental pyesləri də çalmaq mümkündür.

"Balaman məktəbi" dərsliyi üzərində Ərtoğrol Cavidin apardığı işlər onun musiqi nəzəriyyəçisi kimi hərtərəfli istedada malik olduğunu bir daha nümayiş etidirir. Bu nəşr Ərtoğrol Cavidin fenomenal fikir və yaradıcılıq sistemini qiymətləndirməyə kömək edir.

Dediklərimizdən aydın olur ki, çox qısa bir ömür sürmüş Ərtoğrol Cavid dahi atası Hüseyn Cavidin layiqli övladı olmuş, doğma xalqına xidmət yolunda onun işini davam etdirməkdən bir an belə usanmamışdır.

Heç şübhə yoxdur ki, Ərtoğrol Cavidin 100 illik yubileyini ona layiq səviyyədə keçirmək üçün respublika ziyalıları əllərindən gələni əsirgəməyəcəklər. Bu işdə biz də üzərimizə düşən vəzifəni sevə-sevə yerinə yetirəcəyik.

 

Gülbəniz Babaxanlı, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015