AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Azərbaycan dilçilik elminin tarixində akademik Məmmədağa Şirəliyevin böyük xidmətləri olub
Okt 25, 2019 | 01:00 / Konfranslar, iclaslar
Oxunub 25 dəfə

Bu gün AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçirilib.

Tədbir ölkə başçısının “Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 19 iyul tarixli Sərəncamına əsasən təşkil edilib.

Elmi sessiyada Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək görkəmli dilçi və türkoloq alimin çoxşaxəli elmi yaradıcılığından danışıb. Bildirib ki, M.Şirəliyev Azərbaycanda dilçilik üzrə ilk akademik olub. O, dilçilik arenasında daha çox dialektoloq kimi tanınıb və bu sahə alimə dünya şöhrəti qazandırıb.

“Akademik M.Şirəliyevin Azərbaycanda dialektologiya elminin, türkologiyanın inkişafında, Azərbaycan dilçilik elminin formalaşmasında, türk dünyasında Azərbaycan elmi-mədəni təfəkkürünün tanıdılmasında xüsusi xidmətləri olub” – deyən alim onun yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə də böyük əmək sərf etdiyini vurğulayıb. O, M.Şirəliyevin dilçilik elmi sahəsində elmi məktəb yaratdığını, hazırda alimin yetirmələrinin Azərbaycan elminin aparıcı simaları kimi uğurla fəaliyyət göstərdiyini söyləyib. Qeyd edib ki, M.Şirəliyev həm də Azərbaycan filoloji elmində dilçilik coğrafiyasının banisidir. Onun rəhbərliyi ilə 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası”ı tərtib edilib.

Diqqətə çatdırılıb ki, akademik M.Şirəliyev elmi fəaliyyəti ilə yanaşı, təhsil sahəsində də əvəzsiz işlər görüb. Görkəmli alim müxtəlif illərdə ali məktəblərdə yüksək vəzifələr tutsa da, ömrünün 50 ildən çoxunu dilçiliyin nəzəri və tətbiqi problemlərinin araşdırılmasına həsr edib. Onun fundamental “Azərbaycan dialektologiyanın əsasları” əsəri Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

M.Nağısoylu çıxışının sonunda M.Şirəliyevin elmi irsinin dilçiliyimiz üçün örnək olduğunu vurğulayıb, alimin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Daha sonra professor İsmayıl Məmmədlinin “Azərbaycan dilçiliyində Məmmədağa Şirəliyev mərhələsi”, professor Məhərrəm Məmmədovun “Məmmədağa Şirəliyev və Azərbaycan dialektologiyasının aktual problemləri” və filologiya üzə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyevanın “Məmmədağa Şirəliyevin məktəbi coğrafi dilçilikdə” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə professorlar Qəzənfər PaşayevSevil Mehdiyeva və digərləri çıxış edərək alimin dil tarixi ilə bağlı tədqiqatlarının Azərbaycan elminin ən qiymətli nümunələri olduğunu bildiriblər.

Sonda alimin ailəsi adından Sevda Əlizadə çıxış edərək konfransın iştirakçılarına minnətdarlığını bildirib.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015