AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü qeyd edilib
Okt 24, 2019 | 05:40 / Konfranslar, iclaslar
Oxunub 15 dəfə

Oktyabrın 24-də Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü münasibətilə ədibin adını daşıyan parkda Yasamal Rayon İcra Hakimiyyəti, AMEA Hüseyn Cavidin Ev MuzeyiNizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Hüseyn Cavidin şərəfinə ucaldılmış abidənin önünə tər çiçəklər düzüb, xatirəsini hörmətlə yad ediblər.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Akademik, həmçinin AMEA Hüseyn Cavidin Ev Muzeyinin yeni nəşri olan “Cavidşünaslıq” elmi məqalələr toplusunun XI-XX cildlərini tədbir iştirakçılarına təqdim edərək nəşrin məziyyətlərindən danışıb.

Daha sonra çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli və Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsində iştirak edən Həmid Cəfərov böyük ədibin xatirəsinin həmişə xalqımız tərəfindən əziz tutulduğunu, onun yaradıcılıq irsinin hələ uzun illər boyu araşdırılacağını söyləyiblər.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı isə çıxışında bildirib ki, Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət edir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dramaturqun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb.

Sonra respublikanın tanınmış ifaçıları Nuriyyə Hüseynova və Almaxanım Əhmədli Hüseyn Cavidin sözlərinə yazılmış mahnıları səsləndiriblər. Bundan əlavə, magistrant Qəndab Əhmədova Hüseyn Cavidin “Knyaz” dramından bir parça ifa edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015