AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Muzey əməkdaşlarının yuvarlaq ildönümü qeyd olunub
Okt 21, 2019 | 02:02 / Yubileylər
Oxunub 15 dəfə

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun maddi və mədəni cəhətdən zənginləşməsində xüsusi rolu olan əməkdaşları – Əməkdar mədəniyyət işçisi, bərpaçı-rəssam İradə Mahmudovanın 60, elmi işçi, Həmkarlar Təşkilatının sədri Ceyran Qəmbərlinin isə 50 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq hər iki əməkdaşa səmimi arzularını ifadə edib, onların muzeyin uğurlu fəaliyyəti üçün illərdir ki, gərgin əmək sərf etdiklərini vurğulayıb.

Alim İradə Mahmudovanın hələ gənclik illərindən xalça rəssamlığına böyük maraq göstərdiyini deyib. Bildirib ki, 1996-cı ildə İranda keçirilən müsabiqədə İradə xanımın “Bakı və Bakının xəritəsi” adlı xalçasının mükafata layiq görülməsini onun xalça rəssamlığında ən əhəmiyyətli uğuru hesab etmək olar.

R.Hüseynovun sözlərinə görə, İradə xanım həm bərpaçı rəssam, həm də sərgilərin bədii tərtibatının fəal iştirakçısı kimi mühüm işlər görüb. Onun muzeyin 70 yaşının tamamında Azərbaycanın Əməkdar mədəniyyət işçisi kimi yüksək fəxri ada layiq görülməsi yubliyarın əməyinin bəhrəsidir.

Sonra akademik R.Hüseynov Ceyran Qəmbərlinin Ədəbiyyat Muzeyindəki fəaliyyətinə toxunaraq, onun Azərbaycanın sənədli nəsrinin öyrənilməsində, ədəbi Qarabağ mövzusunda rəngarəng sərgilərin hazırlanmasında xüsusi rolu olduğunu vurğulayıb. Bildirib ki, Ceyran xanım elmi konfranslardakı məzmunlu çıxışları, həmkarlar təşkilatının rəhbəri kimi yorulmaz fəaliyyəti ilə kollektivin dərin hörmət və sevgisini qazanıb.

Akademik çıxışının sonunda hər iki əməkdaşa sağlam və xoşbəxt həyat, yaradıcılıq uğurları arzu edib.

Yubiley tədbirində, həmçinin AMEA Azad Həmkarlar İttifaqının (AHİ) aparat rəhbəri Şəhla Əmirovanın da təbrik çıxışı səsləndirilib.

Ceyran Qənbərli səmərəli elmi fəaliyyəti, həmçinin həmkarların işindəki xidmətlərinə görə AHİ-nin Fəxri fərmanı ilə təltif olunub.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015