AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır
Okt 16, 2019 | 02:00 / Maraqlı məlumatlar
Oxunub 19 dəfə

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan qəbristanlığı”nda epiqrafik tədqiqatlara başlayıb.

İnstitutun Numizmatika və epiqrafika şöbəsinin müdiri, arxeoloq, t.ü.f.d. Akif Quliyev və institutun aparıcı elmi işçisi, t.ü.f.d, dosent Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılıb və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıb.

Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb. Ehtimal edilir ki, bu kitabə müəyyən bir dövrdə götürülüb.

Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, baş daşları isə 1,78x0,43x0,18 m ölçüsündə olub, üzərilərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın “Bəqərə” surəsinin 255-256-cı ayələri olan “Ayətül-kürsi” həkk olunub. Digər sənduqədə isə, yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq.

Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) qardaşı Seyid İmadəddin Nəsimi ilə birlikdə Şamaxıda “Məclis-əş-Şüəra” adlanan poeziya və musiqi həvəskarları məclisini qurub. “Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib.

Tədqiqatçıların fikrincə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir.

Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam etdirilir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015