AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyatşünaslıqdan sənətşünaslığa körpü salan alim
Okt 14, 2019 | 10:25 / Müsahibələr, çıxışlar
Oxunub 14 dəfə

Ədəbiyyat tarixi və nəzəriyyəsi sahəsində öz tədqiqatları ilə Azərbaycan və dünya elmində yaxşı tanınan görkəmli ədəbiyyatşünas, Milli Məclisin deputatı, akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin anadan olmasının 70 illiyini bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti geniş qeyd edir. Akademikin elmi, təşkilati və ictimai-siyasi fəaliyyəti ona Azərbaycanda layiqli nüfuz və böyük hörmət qazandırmışdır. Alim-pedaqoq uzun illər Naxçıvan Dövlət Universitetinə rəhbərlik etmişdir. İsa Həbibbəyli 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir, humanitar və ictimai elmlər bölmələrinin işinə ümumi rəhbərliyi həyata keçirir. O, eyni zamanda AMEA Ədəbiyyat İnstitutunun direktorudur.

Yubilyar üçün xoş bayram ovqatı yaşanan bu günlərdə həmkarları İsa Həbibbəylinin ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən yazır, onun ensiklopedik zəka sahibi olmasından, Azərbaycan alimlərini daim yeni nailiyyətlərə ruhlandıran təşəbbbüskarlığından və çevik təşkilatçılıq bacarığından söhbət açırlar. Mən isə akademikin ədəbiyyatşünaslıqdan sənətşünaslığa körpü salan alim olmasından, estetik baxışlarından, milli sənətşünaslıq elminin inkişafına verdiyi töhfələrdən söz açmaq istəyirəm. Məsələ burasındadır ki, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bu qurumda rəhbər fəaliyyəti və elmi yaradıcılığı ilə Memarlıq və İncəsənət İnstitutunun da işinə fəal yön verir.

Artıq neçə ildir ki, institutumuzun kollektivinin həyata keçirdiyi bir sıra tədbir və layihənin təşəbbüsçüsü və bilavasitə rəhbəri İsa müəllimdir. Müxtəlif xarakterli bu yeniliklər çoxsaylı beynəlxalq və respublika konfranslarını, elmi sessiyaları, təsviri sənət sərgilərini, sənətşünaslıq elminin müxtəlif problemlərinə həsr edilmiş fundamental nəşrləri əhatə edir. Bəstəkar Arif Məlikovun 80, rəssam Tahir Salahovun 90, heykəltəraş Ömər Eldarovun 90, dramaturq Cəfər Cabbarlının 120, şair və mütəfəkkir Nəsiminin 650 illik yubileylərinə və başqa əlamətdar hadisələrə həsr olunmuş elmi sessiyalarda akademik İsa Həbibbəylinin çıxışları elmi dərinliyi və ifadə gözəlliyi ilə auditoriyanı valeh etmişdir.

Yaradıcılığın hansı sahəsi-- teatr, rəngkarlıq, heykəltəraşlıq, musiqi və ya memarlıq olursa olsun, İsa müəllim mövzunu ən xırda təfərrüatına qədər, əhatəli bildiyini nümayiş etdirir, incəsənətin həmin sahəsinin aktual problemlərini məharətlə açıqlayır və ümumiləşdirir, sənətkar şəxsiyyətini isə tarixi-bədii inkişafın geniş müstəvisində nəzərdən keçirir. Yəqin ki, bu önəmli qabiliyyəti təkcə görkəmli alimə təbiətin bəxş etdiyi vergi payı ilə deyil, həm də onun bir peşəkar kimi püxtələşməsi ilə izah etmək olar. 

Akademik İsa Həbibbəylinin doktorluq dissertasiyası “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” (1996) mövzusuna həsr edilmişdir. Ədəbiyyatşünas alimin ədəbi şəxsiyyətin miqyasını tarix fonunda görmək, sənətkar yaradıcılığını bədii mühitlə, dövrün estetik idealları ilə qırılmaz vəhdətdə qiymətləndirmək qabiliyyəti, yəqin ki, buradan qaynaqlanır. Məhz buna görə sənətşünaslar deyirlər ki, İsa Həbibbəyli incəsənətin ümumi və xüsusi problematikasına da ədəbiyyatın inkişaf problemlərini bildiyi qədər dəqiq, sərbəst bələddir.

AMEA vitse-prezidentinin sənətşünaslıq tədqiqatlarının seçilən nümunəsi kimi onun “Xalq rəssamı Tahir Salahov: sərt realizmdən romantizmə” başlıqlı, dahi sənətkarın 90 illik yubileyi münasibəti ilə çap olunmuş məqaləsini göstərmək olar. Sənətşünaslıq sahəsində ən yaxşı əsəri kimi qəbul edilən bu yazısında müəllif rəssamın yaradıcılığını təkcə Azərbaycanın deyil, həm də XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərində dünya təsviri sənətinin ümumi kontekstinə çıxarır. Tahir Salahovun sərt üslubun əsasını qoyduğunu qeyd edən akademik bu terminin mənasını əhatəli izah edir, onu “sərt realizm” anlayışı ilə tutuşdurur, həmçinin sənətkarın sərt üslubun formalaşmasına verdiyi payı həmin istiqamətdə işləmiş digər rəssamların əsərlərinin dəyəri ilə müqayisə edir.

Akademikin dəqiq tərif verdiyi kimi, Tahir Salahov mütəfəkkir rəssamdır. Dövrün ən mühüm sosial və mədəni ritmlərinin fəlsəfi tərzdə ümumiləşdirilməsi, onların bədii-obrazlı formada təcəssümü başqa fırça ustalarına nisbətən, onun yaradıcılığına daha yüksək səviyyədə xasdır. Rəssamın yaradıcılığının ideya-estetik mahiyyətinin üzə çıxarılması onun rəngkarlığının əsas rəng üçlüyünün – qaranın, qırmızının və ağın parlaq təhlilinə əsaslanır. İsa Həbibbəylinin fikrincə, Tahir Salahovun palitrasında bu rənglərdən birinin rolunun üstünlük təşkil etməsi və ya artması sənətkarın öz üslubundan, sərt realizmdən romantizmə doğru irəliləməsinin mərhələlərinə birbaşa uyğun gəlir. 

İsa Həbibbəylinin sənətşünaslıq baxışları peşəkarlığın ən yüksək səviyyəsi, bununla yanaşı, elmi ümumiləşdirmələrin genişliyi ilə seçilir. Bu baxımdan akademik “Gözəllikdən doymur ürək” adlı məqaləsində görkəmli rəssam Səttar Bəhlulzadəyə “Azərbaycan təsviri sənətinin Füzulisi” kimi gerçək qiymət verilmişdir. İsa Həbibbəylinin görkəmli Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov haqqında yazdığı məqalə isə Azərbaycan heykəltəraşlığına həsr olunan, yüksək professionallıqla yazılmış sənətşünaslıq əsəridir. Məqalədə Ömər Eldarovun heykəltəraşlıqdakı özünəməxsus üslubunun xüsusiyyətləri elmi şəkildə açılmış və əsaslandırılmışdır. 

Xalq rəssamı Hüseynqulu Əliyevdən, Əməkdar rəssam Ülviyyə Həmzəyevadan, yeni nəsil fırça ustaları Cavid İsmayılovdan və Həbibə Allahverdiyevadan bəhs edən məqalələrində də İsa Həbibbəyli hər rəssamın fərqli və orijinal portret-oçerklərini yaratmışdır. Alim “Ulu torpağın rəngləri və rəsmləri” adlı məqaləsində Azərbaycan təsviri sənətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan rəssamlıq məktəbinin xidmətləri yüksək sənətşünaslıq səviyyəsində işıqlandırılmışdır.

Akademikin sənətşünaslıq əsərləri silsiləsində muğam mövzusu mühüm yer tutur. Bu, akademikin həm elmi-təşkilati fəaliyyətinə, həm də onun çıxış və məqalələrinin tematikasına aiddir. O, 2014-cü ildə Azərbaycan MEA-da Muğamşünaslıq şöbəsinin yaradılmasının təşəbbüsçülərindən biri olmuş, 2015-ci ildə “Azərbaycan muğamşünaslığı: problemlər, perspektivlər” ­kollektiv tədqiqatının ideya müəllifi və rəhbəri olmuş, 2018-ci ildə isə Bakıda keçirilmiş “Muğam dünyası” V Beynəlxalq festivalı çərçivəsində simpoziumda “Azərbaycan muğam elmi: reallıq və perspektivlər” adlı məruzə ilə çıxış etmişdir. Onun məruzəsində ilk dəfə olaraq Azərbaycan muğam elminin inkişaf yolunun xronologiyası təqdim olunmuş, bu prosesdə hər bir tarixi dövrün xarakterik xüsusiyyətləri müəyyən edilmişdir. Çıxışda və bu mövzuda olan eyni adlı məqalədə İ.Həbibbəyli ölkəmizdə muğamşünaslığın inkişafının proqramını irəli sürmüş, sənətşünaslığın bu sahəsinin prioritetlərini göstərmişdir. 

Bədii yaradıcılıq problemlərinə ümumi peşəkar diqqətin fonunda İsa Həbibbəylinin təsviri sənətə, ilk növbədə, rəngkarlığa xüsusi marağı aydın seçilir. Akademik bir dəfə deyib ki, əgər filoloq-alim olmasaydı, rəssam olardı. Bəlkə də bu səbəbdən ilk dəfə İsa Həbibbəyli akademiya əməkdaşlarının təsviri sənət sərgilərinin keçirilməsinin təşəbbüsçüsü kimi çıxış etmişdir. 2014-cü ildən bəri 12 belə sərgi keçirilmiş, burada alim-rəssamların əsərləri nümayiş etdirilmişdir. Onların arasında ümummilli lider Heydər Əliyevin 95 illiyinə, Elm festivalına, Novruz bayramına, soyqırımı hadisələrin həsr olunmuş sərgilər yaddaşlarda dərin iz qoymuşdur. Bu sərgilərdə AMEA-nın 30-dan artıq əməkdaşı iştirak etmiş, İsa müəllimin təşəbbüsü və ön sözü ilə “Alimlər-rəssamlar” kitab-albomu nəşr edilmişdir. 

Kitabların redaktə edilməsi və onlara ön söz yazılması da İsa Həbibbəylinin sənətşünaslıq sahəsində gördüyü işlərin mühüm istiqamətidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Təsviri sənətdə Heydər Əliyev obrazı” (2019) kitabının ön sözünün mətnində öz əksini tapmış ideya və müddəaları elmin bu sahəsinə mühüm töhfə adlandırmaq olar. Burada həmin fundamental tədqiqatın əhəmiyyəti, geniş materialın ümumiləşdirmə dərəcəsi və Heydər Əliyevin bədii obrazı kimi şərəfli mövzuya elmi yanaşmanın yeniliyi göstərilmişdir.

Akademik Çingiz Qacarın “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” (2016) kitabının ön sözünün müəllifi də İsa Həbibbəylidir. Bu ön sözün əsas qayəsini Naxçıvan şəhərinin 5 min illik tarixinin təsdiqi təşkil edir. Akademik birbaşa göstərir ki, “Naxçıvan ən qədim türk-oğuz diyarıdır. Azərbaycan xalqının böyük şifahi xalq yaradıcılığı nümunəsi olan “Kitabi Dədə Qorqud” eposunda Naxçıvanda bu günədək mövcud olan 50-dən artıq toponim qeydə alınmışdır. Ön qeyd edilir ki, Çingiz Qacarın əsəri qədim və müasir Naxçıvanın özünəməxsus elmi-sənədli pasportuna çevrilmişdir. 

Teatrşünaslıq sahəsində də akademik İsa Həbibbəylinin özünəməxsus xidmətləri vardır. O, Azərbaycan teatrında xüsusi yeri olan Cəlil Məmmədquluzadə teatrının əsas tədqiqatçılarından biridir. İsa Həbibbəyli, həmçinin Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuş “Koroğlu” operasının səhnə həllinə həsr etdiyi “Böyük sənət töhfəsi” adlı məqaləsi ilə opera teatrı haqqında da elmi söz demək məhartətini nümayiş etdirmişdir. Onun Xalq yazıçısı Elçinin, şair Elman Həbibin Naxçıvan teatrında səhnəyə çıxarılmış əsərlərindən bəhs edən resenziyalarında tamaşanın səhnə həllindən tutmuş, aktyor oyununa, rejissor işinə, rəssam tərtibatına qədər bütün məsələlər teatrşünas səviyyəsində təhlil edilib qiymətləndirilmişdir. İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetindəki Tələbə Teatr Studiyasının da yaradıcısıdır.

Akademikin sənətşünaslıq elmi sahəsində əsas əsərlərindən biri də tarix elmləri doktoru Vidadi Muradovla birlikdə yazılmış “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (2017) adlı fundamental əsərdir. Bu araşdırma özündə Naxçıvanın xalça sənətinin hərtərəfli, kompleks tədqiqini ehtiva edir. İsa Həbibbəyli həmin kitabın elmi redaktoru və ön sözünün müəllifidir. O, öz ön sözünü “Azərbaycanın naxışlı xəritəsi-- xalça” adlandırmışdır. Alim xalça sənətinin tədqiqinin dəstəklənməsinə və inkişafına da diqqətlə yanaşır. Təşəbbüskar elm təşkilatçısı olaraq o, təkcə ədəbiyyatşünaslıq və sənətşünaslıq sahəsində yox, bütövlükdə, humanitar və ictimai elm sferasında ən mühüm, prioritet vəzifələrin həllinə diqqət yetirir. 

Ədəbiyyatşünas İsa Həbibbəyli həm də bir sıra mahnı mətnlərinin müəllifidir. O, Milli Elmlər Akademiyasının tarixində ilk dəfə “Akademiya marşı”nı yazmışdır. Onun sözlərinə Aqşin Əlizadə, Ramiz Mirişli, Tofiq Bakıxanov kimi adlı-sanlı bəstəkarlar mahnı bəstələmişlər. Xalq artisti Fərhad Bədəlbəylinin yaradıcılığına həsr etdiyi “Musiqi sənətinin Fərhadı” məqaləsində də isə İsa Həbibbəyli böyük sənətkarın xidmətlərini xalqımıza incəliklə təqdim emişdir.

Azərbaycan MEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə dəfələrlə sənətşünaslığın ən müxtəlif nəzəri, metodoloji və elmi-təşkilati problemlərinin müzakirə edildiyi toplantılar keçirilmişdir. Problemin dəqiq qoyuluşu və onun həlli yollarının göstərilməsi məharəti, yüksək polemika mədəniyyəti, ümumiləşdirmə istedadı– bütün bunlar İsa Həbibbəylini görkəmli alim və fəal elm təşkilatçısı kimi xarakterizə edir. Dünyagörüşünün genişliyi, elmi və ictimai fəaliyyətə tükənməz həvəs, nikbinlik və xeyirxahlıq kimi keyfiyyətlər çevrəsində olan hər kəsdə akademik İsa Həbibbəyli şəxsiyyətinə dərin hörmət hissi yaradır. 

Əlamətdar yubiley münasibətilə Azərbaycanın görkəmli alimi və ictimai xadimi səviyyəsinə yüksəlmiş akademik İsa Həbibbəylini səmimi təbrik edir, ona möhkəm cansağlığı, məsul və şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq.

Ərtegin SALAMZADƏ, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

"Xalq qəzeti", 13 oktyabr 2019-cu il

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015