AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan elminə ağır itki üz vermişdir!
Okt 14, 2019 | 10:13 / Konfranslar, iclaslar
Oxunub 69 dəfə

2019-cu il oktyabr ayının 13-də çağdaş Azərbaycan ərəbşünaslığının ən görkəmli nümayəndələrindən biri, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Vasim Məmmədəli oğlu Məmmədəliyev ömrünün 77-ci baharında dünyasını dəyişmişdir.

 Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərinin Kürdəxanı kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1967-ci illərdə Azərbaycan Dillər Universitetinin Sami dilləri üzrə əyani aspiranturasına daxil olmuş, Tbilisiyə ezam edilərək aspiranturanı dünya şöhrətli şərqşünas alim, akademik G.V.Seretelinin rəhbərliyi altında bitirmişdir. O, 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu sahədə SSRİ miqyasında ən gənc elmlər doktoru olmuşdur.

1978-ci ildə professor adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir.

1979-cu ildən Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının professoru olmuşdur. 1981-1991-ci illərdə həmin universitetin Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışmışdır.

Görkəmli alim 1991-ci ildən BDU-nun ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışmışdı.

Vasim Məmmədəliyev nəzəri dilçiliyin mühüm problemlərindən biri olan ərəb qrammatika məktəbinin təşəkkülü, inkişafı və səciyyəvi xüsusiyyətləri, onların başqa qrammatik sistemlərlə oxşar və fərqli cəhətləri, nəhayət ərəb dilçiliyinin dünya dilçiliyində tutduğu mövqe barəsində fundamental araşdırmaların müəllifi olmuşdur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibri (yəhudi) dili şöbəsinin açılmasında və inkişafında mühüm rol oynamışdır. Respublikamızda ilk dəfə ibri dilinin ərəb dili ilə müqayisəli şəkildə öyrənilməsi məhz onun və yetişdirmələrinin adı ilə bağlıdır. Bu isə öz növbəsində Azərbaycanda samişünaslığın təşəkkülünə, xüsusilə sami dillərin müqayisəli qrammatikasının öyrənilməsinə təkan vermişdir.

Vasim Məmmədəliyev həm də görkəmli islamşünas alimdir. O, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir.  Respublikamızda islamşünas kadrların hazırlanması sahəsində xüsusi əməyi vardır.    

41 kitab, 6 tərcümə əsəri, 20-çox redaktə kitabının müəllifi olan akademik “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanmışdır. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaratmışdır.

Alimin bu əsərlərində bir sıra faktlar müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılmış, klassik ərəb dilinin materiallarına müraciət olunmuş, həmçinin Azərbaycan, rus, ingilis, fars, tacik və sair dillərin faktlarından müqayisəli şəkildə istifadə olunmuşdur. Həmçinin ərəb dilçilik elminin təşəkkülü haqqında yeni mülahizələr irəli sürülmüş, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında fikir və mülahizələri geniş təhlil olunmuşdur.

Dünyanın müxtəlif ölkələrində 300-dən çox elmi əsəri və 20 kitabı çap edilmişdir . Görkəmli alim Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edir.

Alimin yüksək ixtisaslı kadrların hazırlanmasında ciddi xidmətləri vardır. Onun rəhbərliyi altında 40 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişmişdir.

Görkəmli alimin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O.  Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992), Dağıstan Respublikasının Əməkdar Elm xadimi fəxri adlarına layiq görülmüş (2003), “Şöhrət” ordeni (2002), “Şərəf” (2009) ordeni ilə təltif edilmişdir. “Qızıl çinar” beynəlxalq mükafatının qalibi olmuşdur (2017)

Vasim Məmmədəliyev İraq Elmlər Akademiyasının (1989), İslam Təşkilatı Konfransı nəzdində  İslam Hüququ Akademiyasının (1994), Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının (1995) üzvü olmuşdur.

Şərəfli ömür yaşamış Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

         Allah rəhmət eləsin!

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015