AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbi aforizmlər dəyərləndirmə etalonu kimi
Okt 14, 2019 | 10:07 / Müsahibələr, çıxışlar
Oxunub 55 dəfə

Folklorda fəlsəfi düşüncə sistemini təşkil edən atalar sözlərini yazıçı və şairlərin əsərlərində aforizmlər əvəz edir. Aforizmlər bədii yaradıcılıq faktı kimi atalar sözləri səviyyəsində olmasa da, bir çox hallarda atalar sözlərinə bərabər tutulur və onların da bəziləri zaman keçdikcə folklorlaşa bilir.

Belə nümunələr Azərbaycan klassiklərinin yaradıcılığında kifayət qədərdir. Bunlarla yanaşı, ədəbi-elmi düşüncənin formalaşdırdığı aforizmlər də vardır ki, onlar bir çox tənqidçi və ədəbiyyatşünasların əsərlərində özlərinə yer tuta bilmişdir. Ədəbi aforizmlər yaratmaq baxımından akademik İsa Həbibbəyli öz sələflərindən və müasirlərindən ciddi şəkildə fərqlənir və onun yaradıcılığında müşahidə olunan aforizmlər şəbəkəsinə heç bir tənqidçi-ədəbiyyatşünasın ədəbi-elmi irsində rast gəlmək mümkün deyil. Həmçinin nəzərə alsaq ki, həmin aforizmlər ilk növbədə bədii yaradıcılığı dəyərləndirmək etalonu kimi düşünülmüşdür, bu zaman onların dəyəri xeyli dərəcədə yüksəlmiş olur.

Akademik İsa Həbibbəyli ayrı-ayrı sənətkarlara onların yaradıcılıq sirlərinə hərtərəfli bələd olduqdan və irəli sürdüyü fikirlərin, mülahizələrin doğruluğuna tam inandıqdan sonra qiymət verir. Bu halda dəyərləndirmənin əsası yaradıcılığın özü, çıxış nöqtəsi isə təhlil olunan ədəbi fakt və hadisələrin mahiyyəti və məzmunudur. Çünki zahiri əlamətlərə, formal cəhətlərə, əsərlərin ideya xüsusiyyətləri ilə zəif şəkildə bağlanan elementlərə istinad edilərək çıxarılan nəticələrin ömrü uzun olmur və əslində, onların heç əhəmiyyəti də yoxdur. Sənətkar şəxsiyyəti ona məxsus ədəbi-bədii irsin imkanları ilə dəyər qazananda daha təbii və daha mötəbər görünür. Beləliklə, yaradıcılıq sirlərinə hərtərəfli bələdlik bir tərəfdən yaradıcılıq bazasının bütöv mənzərəsi canlandırır, digər tərəfdən də müəllifin şəxsiyyəti təbii portret cizgiləri ilə tamamlanır.

İsa Həbibbəylinin "Üzeyir Hacıbəyov Azərbaycan professional musiqi sənətinin Koroğlusudur" qənaəti, şübhəsiz ki, təsadüfdən yaranmamışdır. Həmin mülahizə görkəmli bəstəkarın öz yaradıcılığından qaynaqlanır və orada Üzeyir Hacıbəyovun yaratdığı möhtəşəm "Koroğlu" operasının kodu var, yəni bu opera olmasaydı, Koroğlu adı heç vaxt dəyərləndirmədə yada düşə bilməzdi. Ona görə ki, "Koroğlu" dastanının qəhrəmanı ilə görkəmli bəstəkarın tərcümeyi-halı arasında hər hansı bir əlaqələnmə motivi, yaxınlıq dərəcəsi axtarmaq absurddur. Deməli, burada əsas məqam yalnız "Koroğlu" operasıdır və bu opera Üzeyir Hacıbəyov sənətini dəyərləndirmə prosesində  ədəbiyyatşünas yaddaşının aparıcı elementinə çevrilib.

Amma müqayisəli dəyərləndirmə yalnız bundan ibarətdirmi? Əlbəttə, yox! Məsələ burasındadır ki, həmin adlandırmada opera təsəvvürü ilə bərabər, istər-istəməz yaddaşımızda folklor obrazı da canlanır. Beləliklə, "Koroğlu" dastanı, "Koroğlu" operası və bəstəkarın sənət möcüzəsi vəhdət təşkil etmiş olur. Təyinedici amillər hamı tərəfindən tanınan Üzeyir Hacıbəyovun şəxsiyyətini daha da ucaldır və bu ucalıq görkəmli bəstəkarı insanlara, sənətsevərlərə daha da yaxınlaşdırır.

İsa Həbibbəyli Üzeyir Hacıbəyovu Azərbaycan milli mədəniyyətinin, Səməd Vurğunu isə Azərbaycan şeirinin əfsanəsi adlandırır. Şübhəsiz, bu mülahizədə həm Üzeyir Hacıbəyov, həm də Səməd Vurğun öz yerindədir. Biri milli mədəniyyətin, digəri isə Azərbaycan şeirinin zirvəsi səviyyəsinə qalxır. Dəyərləndirmədə istifadə olunan "əfsanə" sözü folklor anlayışı, şifahi xalq ədəbiyyatı janrlarından birinin adı  olsa belə ədəbiyyatşünas yaddaşına ilk növbədə hər iki sənətkarın yaradıcılığından süzülüb gəlir. Ona görə ki, Üzeyir Hacıbəyov "Leyli və Məcnun" operasını mövzusu əfsanədən götürülmüş poema əsasında yaratmış, Səməd Vurğunun da yaradıcılığında "Ayın əfsanəsi" adlı əsərin olması danılmaz faktdır. Amma elmi təfəkkür bunlarla yanaşı və bunlardan daha çox folklordan gələn əfsanəni nəzərdə tutmuş və beləliklə, dəyərləndirmə özünün yüksək zirvəsinə qalxmış, hər iki şəxsiyyətin folklorlaşması hadisəsi baş vermişdir.

İsa Həbibbəylinin tədqiqatlarında dəyərləndirmənin özünəməxsus məkan və zaman ölçüləri vardır. Bu, sadəcə olaraq tarixə və coğrafiyaya ekskurs deyil, elmi təfəkkürün özünün hərəkət trayektoriyasıdır. Şübhəsiz, həm elmi, həm də bədii düşüncə heç vaxt statik ola bilməz, o, təfəkkür hadisəsi kimi yaşayır və müəyyən mərhələdən sonra yaradıcılıq faktına çevrilir. Ona görə də tədqiqatçı haqlıdır ki, "Məcnunun eşqi zaman içindədir. Füzulinin eşqi zamana sığmaz, bütün zamanların eşqidir, düşüncəsidir". Bu, zamana görə dəyərləndirmədir: Məcnun öz dövrünün aşiqidir, onun başına nə bəla gəlirsə, elə öz dövrünün problemlərindən gəlir, yəni Məcnun bizim dövrün aşiqi ola bilməz; Füzulinin aşiqliyi, geniş mənada şairliyi  isə zaman məhdudluğu tanımır, əbədidir və o, nəinki bizim dövrün, həmçinin gələcəyin də sənətkarıdır.

Həmin mülahizədə lirik qəhrəmanla şairin müqayisəsi, eyni zamanda, onların zaman miqyasındakı toqquşmasıdır. Bu toqquşmada şair (Füzuli!) qalib gəlir, amma Məcnunu da məğlub hesab etmək olmaz, çünki Füzulinin qələbəsinin özü də birbaşa Məcnuna bağlıdır. "Məndə Məcnundan füzun aşiqlik istedadı var" misrasında da Füzuli öz qəhrəmanından ayrı deyil və heç ayrıla da bilməz. "Bu gün müqəddəs Kərbəlada Yer kürəsini ekvator xətti yox, aşiq Füzulinin aşiqanə sevgi xətti birləşdirir", - tədqiqatçı deyimində isə gözlənilmədən məkan ölçüləri dəyişdirilir, maddi mənəviyə - ekvator xətti sevgi xəttinə qurban verilir, buna baxmayaraq, Füzulini heç cür Yerdə - Kərbəlada təsəvvür etmək olmur, məkan dəyişməsi onu daha da zamanın fövqünə qaldırır.

Akademik İsa Həbibbəyli yazıçı yaradıcılığına, bədii əsərə, poetik sözə elmi düşüncənin zirvəsindən baxır və yazıçını da, bədii nümunəni də, hər hansı beyti və  misranı da mühüm bir estetik hadisə kimi ucalıqda, yüksəklikdə görmək istəyir. Onun leksikonunda "aşağı" məfhumu və həyat fəaliyyətində "aşağılamaq" anlayışı yoxdur. Yalnız irəliyə baxmaqla, yalnız ədəbi dəyərləri uca tutmaqla ədəbi-elmi mühitdə vətəndaşlıq missiyasını yerinə yetirmək mümkündür. Ona görə də İsa Həbibbəylinin bir çox sənətkarların yaradıcılığından bəhs edərkən "şah əsər" ifadəsini təkrar-təkrar və yerli-yerində işlətməsinə təsadüf kimi baxmaq olmaz.  Bu ifadə bədii nümunənin ucalıq müstəvisindən görünən dəyərləndirilmə vasitəsidir: "Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası milli dramaturgiyamızın şah əsəridir". Yaxud: "Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının şah əsəri"dir. Yaxud da: "Yay  səhəri" şeiri milli romantik şeirdə peyzaj lirikasının şah əsəridir". Bu mülahizələr "Ölülər" tragikomediyasının, "Molla Nəsrəddin" jurnalının və "Yay səhəri" şeirinin hərtərəfli təhlilindən və mövcud ədəbiyyatşünaslıq fikrinin nəzərə alınmasından sonra irəli sürülən nəticələrdir. "Şah əsər" ifadəsi dəyər vermək funksiyasını yerinə yetirməklə bərabər, həmin ədəbi nümunələrin ideya-bədii xüsusiyyətlərini yenidən öyrənməyə qayıdışın, bu nümunələrdəki sənətkarlıq-poetika keyfiyyətlərinin tükənməzliyinin anonsu da deməkdir.

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin, "Molla Nəsrəddin" jurnalının və Abbas Səhhətin "Yay səhəri" şeirinin "şah əsər" kimi qiymətləndirilməsində  başqa bir yaradıcılıq keyfiyyətinin də rolu vardır. Yəni tədqiqatçı bu barədə düşünəndə "şah əsər" ifadəsini yalnız həmin ədəbi nümunələrin bədii keyfiyyətini nəzərə almaqla irəli sürməmişdir, eyni zamanda, hər üç əsərin milli düşüncəni əks etdirmək gücünə söykənmişdir.  Aforistik deyimlərdə "şah əsər" titulu qazanan həmin nümunələr birbaşa milli mənbəyə bağlanır: milli dramaturgiya, milli mətbuat və milli romantik şeir. Milli düşüncə sistemi İsa Həbibbəylinin ədəbi-elmi dəyərləndirmə konsepsiyasında əsas yerlərdən birini tutur.

Ədəbiyyatı yaşadan onun yayılma imkanları və təsir dalğasının miqyasıdır. Tədqiqatçı əsərin təsir gücünün intəhasızlığını, təsir dairəsinin genişliyini nəzərə çarpdırmaq üçün gözlənilmədən "atom bombası" məfhumunu mətnə gətirir, amma bu bomba fəlakət törətməyə deyil, insanlığı fəlakətdən qurtarmağa yönəldilib: "Azərbaycan dramaturgiyasının nadir və bənzərsiz nümunəsi olan "Ölülər" tragikomediyası (1909) Azərbaycanın və ümumi türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilas davasında atılmış atom bombası qədər təsirli bir bədii əsərdir". Artıq təəccüblənməyə dəyməz, atom bombası İsa Həbibbəylinin düşüncəsində hədə-qorxu, hərbə-zorba, qan-qada vasitəsi deyil, onun tərəfindən "atılan"  bu bomba dinc insanların, qadın və uşaqların məhvinə yox, cəhalət, xurafat və mövhumatı darmadağın, tar-mar edən bədii nümunənəyə verilən dəyərdir.

Akademik İsa Həbibbəylinin yaradıcılığında dəyərləndirmə vasitəsi kimi ana və ata simvollarının da öz yeri vardır. Şübhəsiz, ana və atanın adı ilə bağlanan düşüncə sistemi ilk növbədə həm genetik, həm də mənəvi yaddaşın  təzahürüdür. Eyni zamanda, burada müqəddəslik amilini, ailədə və cəmiyyətdə özünə dəyər qazanmış xüsusiyyətləri də  nəzərdən qaçırmaq olmaz. Tədqiqatçı yazır: "Anamın kitabı" - Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi anasıdır. Əgər Azərbaycan ədəbiyyatında kiçik hekayə Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışdırsa, azərbaycançılıq və milli istiqlaliyyət ideyaları da bütöv bir konsepsiya kimi "Anamın kitabı"ndan doğulmuşdur". Bu mülahizədə həm müqəddəs varlıq anlayışı simvollaşıb, həm də nəsil şəcərəsinin davamlılığı prinsipi əsas götürülüb. Şübhəsiz ki, yerində sayan, öz dövründən kənara çıxmayan, oxucusu qıt olan əsərlər bir müddətdən sonra unudulur və ədəbi dövriyyədən çıxır. Əsl sənət əsərlərinin təsir dairəsi isə azalmır, əksinə, zaman keçdikcə onların əhəmiyyəti daha da artır, İsa müəllimin dəyərləndirməsində "Anamın kitabı" pyesinin məhz bu cəhəti - ideya gücü əsas götürülmüşdür.

Firidun bəy Köçərliyə verilən qiymət də ucalığın, yüksəlişin, müqəddəsliyin  fonunda reallaşmışdır: "Akademik Kamal Talıbzadənin "XX əsr Azərbaycan ədəbi fikri tarixində mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri" kimi yüksək qiymət verdiyi Firidun bəy Köçərlinin zəngin elmi irsi həmişə aktual və müasir səslənən, yeni nəsillər üçün örnək olan qiymətli xəzinədir. Firidun bəy Köçərli yeni dövr Azərbaycan ədəbiyyatşünaslıq elminin atasıdır". Dəyərləndirmədəki "ata" anlayışı Firidun bəy Köçərlinin yalnız şəxsi keyfiyyətini yox, daha çox onun yaradıcılığı ilə şəxsiyyətinin vəhdət halında ifadəsidir və "ata" bir titul kimi ilkinliyin simvoludur, yəni əsas nəticə bundan ibarətdir ki, ədəbi-elmi fikir tariximizdə Firidun bəy Köçərlidən əvvəl belə bir əsəri heç kəs və bu səviyyədə yaratmamışdır.

Akademik İsa Həbibbəylinin dəyərləndirmə konsepsiyasını dinamika və hərəkətdən kənarda təsəvvür eləmək olmaz. Onun tədqiqatlarında yaradıcılığın mərhələlərinə, obrazın təkamülünə, bədii nümunənin poetika-sənətkarlıq xüsusiyyətlərinə sənətdaxili hərəkətin, geniş mənada ədəbiyyatın inkişafının tərkib hissələri kimi baxılır. "Qəzəl janrının poetik forma baxımından yeniləşməsində də Saib Təbrizinin özünəməxsus rolu vardır. "Aşiqanə" məzmunu ifadə edib, 5-7 beytdən ibarət olan klassik qəzəllərdən fərqli olaraq, Saib Təbrizinin yaradıcılığında bu janrın 14-20, hətta bəzən 30 beytdən təşkil edilən nümunələri meydana çıxmışdır. Həcmin genişliyi qəzəldə xalq həyatına olan və hikmətamiz poetik fikirlərin ifadə edilməsinə bəslənilən maraqdan doğmuş, Saib Təbrizi qəzəl janrını qəsidəyə doğru inkişaf etdirmişdir". Yaxud: "Molla Pənah Vaqifin "Durnalar" qoşması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ilk və ən yaxşı şeirdir. Vaqifin "Durnalar"ı Azərbaycan şeirinin durna qatarının önündədir". Əslində, bu mülahizələr ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığının inkişaf tempini müəyyənləşdirmək məhdudiyyətində qalmır, eyni zamanda, həm oxucu düşüncəsinə, həm də İsa Həbibbəylinin tədqiqatlarına dinamizm verir. Oxucu düşüncəsinin dinamizmi ədəbiyyat tariximizin bütün qəzəl-qəsidə arsenalını, "Durnalar" mövzusunda yazan şairlərin yaradıcılığını özündə toplamaq reallığı, tədqiqatdakı dinamizm isə mövzu ətrafındakı ədəbi mənzərəni tam və bütöv şəkildə görmək imkanıdır.

Ədəbi-elmi dəyərləndirmə heç vaxt subyektiv olmamalı, bədii yaradıcılığın məzmun və mahiyyətini əks etdirməli və eyni zamanda, fakt göstəricilərinin hamısını, yaxud da əksəriyyətini əhatə etməlidir. Bu məsələdə elmi-nəzəri fikrin istiqamətləndiyi ideyanın böyük əhəmiyyəti var. Akademik İsa Həbibbəylinin dəyərləndirmə konsepsiyası haradan başlanıb, haradan davam etməsindən asılı olmayaraq, sonda Azərbaycançılıqla yekunlaşır. Çünki Azərbaycançılıq estetik idealın fəlsəfəsi və bir dəyər kimi həm bədii yaradıcılığın, həm də ədəbi-elmi düşüncənin nüvəsini təşkil etmək gücündədir.

Kamran Əliyev, AMEA-nın müxbir üzvü

"525-ci qəzet", 13 oktyabr 2019-cu il

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015