AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik müstəvidə - Bədirxan Əhmədlinin yazısı
Okt 14, 2019 | 09:43 / Müsahibələr, çıxışlar
Oxunub 27 dəfə

AKADEMİK İSA HƏBİBBƏYLİNİN 70 İLLİYİNƏ

 

Bədirxan ƏHMƏDLİ

Azərbaycanın ədəbiyyat, elm cameəsi Onu yaxşı tanıyır,  istedadı, zəhməti ilə elm yolunda uzun illərdir çalışır; ədəbiyyatşünaslığın müxtəlif problemlərinə, hadisələrinə, şəxsiyyətlərinə, nəzəri məsələlərinə həsr olunan yüzlərlə məqalələri, onlarla monoqrafiyaları, kitabları, tədqiqatları var.

Zəhməti, işgüzarlığı Onu elmin olimpinə gətirib, elmlər doktoru, professor və akademikliyə qədər böyük, şanlı bir alim ömrü keçib. Özü də Akademik müstəvidə... Bəlkə də bir alim üçün bundan yüksək mərtəbə yoxdur; hərçənd bizim qəhrəmanımız yalnız akademik deyil, həm də Millət vəkilidir və Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir, həm də Azərbaycan elminin avanqard mərkəzi AMEA-nın vitse-prezidentidir və həm də səksən yaşlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna başçılıq edir. Bu, hələ hamısı deyil, yalnız bir alim ömrünə sığışan çoxsəsli fəaliyyət diapazonunun qısa statistikasıdır. Və yetmiş yaşlı bir ömürün geridə qalan hissəsində yarım əsrə yaxın fasiləsiz zəhmət, oxuyub öyrənmək, işləmək, yazmaq, elm və həyat yollarında dönmədən irəliləmək və nəhəng enerji, məqsədyönlü iş hesabına humanitar elmə başçılıq etməsi durur...

Yetmiş illik yubileyini qeyd etməyə hazırlaşdığımız akademik İsa Həbibbəyli bu gün ədəbi, ictimai, kulturoloji fikrimizin görkəmli nümayəndəsi kimi yalnız adlı-sanlı titul, vəzifə daşımır, bu mühiti hərəkətə gətirən və idarə edən bir rəhbər olaraq son dərəcə məsuliyyətli bir missiyanı uğurla həyata keçirir. Deyilməsi bəlkə də asandır, ancaq bu yol heç də hamar olmamış, fırtınalı, tufanlı günlər (romantik alim tərcümeyi-halını bunsuz təsəvvür etmək çətindir!) də yaşamışdır. Nəticədə istənilən adamın ona məxsus olmasına ikiəlli razılaşdığı bir tərcümeyi-hala sahib olmuşdur. Bu ömürlüyün ən yaxşı səhifələrini, mənim fikrimcə, onu bu zirvəyə daşıyan zəhməti, intellekti, daim ürəyində gəzdirdiyi vətən sevgisi (romantik fədakarlığı!), nəzəri və praktik düşüncəni məharətlə uzlaşdırması, fövqəladə təşkilatçılığı, sadəliyi, işgüzarlığı və hələ nə qədər burada qeyd edə bilmədiyim (bəlkə kəşf edə bilmədiym demək daha doğru olardı!) daxili imkanları, mənəvi-əxlaqi keyfiyyətləri təşkil edir. Belə ki, bir ədəbiyyatşünas alimin sadə, səmimi və son dərəcə təvazökarcasına (həm də romantikcəsinə!) yaşadığı bir ömürdə reallaşmasında, çox çətin olanları həyata keçirməyə müvəffəq olmasında bu cür keyfiyyətlərlə yanaşı, bir ideya adamı olması və ideala doğru yol getməsi durur. O, indiki zamanda ədəbiyyatşünaslıqda və ondan kənarda qazandığı bütün nüfuzu, vəzifə və yüksəlişi özünü həsr etdiyi ədəbiyyatşünaslığa, eləcə də, bitib-tükənmək bilməyən enerjisinə, sadəliyinə, elmi, ictimai təfəkkürünə borcludur desək, heç də mübaliğə etmərik. Doğrudan da, Firidun bəy Köçərlidən başlayan peşəkar ədəbiyyatşünaslığımızın hələ elə bir mərhələsi olmamışdır ki, ədəbiyyatşünaslıq bu qədər önə çıxmış olsun; onun nümayəndələrindən biri (!) cəmiyyət sferasında bütün təbəqələrin tanıdığı və hörmət etdiyi şəxsə çevrilsin. Zahirən elmin bir sahəsi olaraq ədəbiyyatşünaslıq məhdud, dar imkanlara malikdir; yəni çağdaş cəmiyyətdə (eləcə də, bütün dövrlərdə!) şair və yazıçılarla ədəbiyyatşünasın nüfuz dairəsi və imkanları heç də bərabər olmamışdır; ancaq bu məhdud imkanları genişləndirərək cəmiyyətdə yalnız təmsil etdiyi sahəni yox, ümumən bir alim, maarifçi, fərd, ictimai xadim, dövlət adamı və vətəndaş kimi mövqe tutan alimlərimiz də olmuşdur. Firidun bəy Köçərli, Həmid Araslı, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan, Şıxəli Qurbanov, Əziz Şərif, Abbas Zamanov, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Məsud Əlioğlu, Kamran Məmmədov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi ədəbiyyatşünaslıq elminin nüfuzu ilə cəmiyyətdə özünü təsdiq etmiş, müxtəlif sahələrdə müəyyən mövqe tutmuşlar. Lakin heç bir vəchlə hələ indiyə qədər ədəbiyyatşünaslıq elminin hansısa bir nümayəndəsi Onun kimi ədəbi, elmi, siyasi, mədəni, kulturoloji olimpin zirvəsini mövcud statusda bu şəkildə fəth edə bilməyib. Bu faktı həm də ümumən peşəkar ədəbiyyatşünaslığımızın bir əsrlik keçdiyi yolun məntiqi nəticəsi olaraq qiymətləndirmək lazımdır...

Ədəbiyyatşünaslığımızın çağdaş mərhələdə bu cür nüfuz sahibi olmasında və yüksəlişinin mərkəzində, heç şübhəsiz, bizim qəhrəmanımızın istedadı və zəhməti durur. Akademikin bu uğurlarında 70-ci illərdən başlayan  ədəbiyyatşünas, mətnşünas, nəzəriyyəçi və tənqidçi fəaliyyətinin fasiləsiz hərəkəti, bir məqsədə doğru irəliləməsi başlıca yer tutur. Yüksəliş və sıçrayışlarla dolu ədəbiyyatşünas ömrünün hərəkət istiqaməti, mərhələ və problem təsnifatı, çoxcəhətli elmi fəaliyyət yönləri zəngin və çoxtərəflidir. Bir məqalə kontekstində bu zənginliyi bütün təfərrüatı ilə aça bilməsək də (bəlkə mümkün olmasa da, demək daha uyğun olar!), fəaliyyətinin və yaradıcılığının bəzi istiqamətləri üzərində dayanmağı lazım bilirik. Durduğumuz nöqtədən başlamalı olsaq, gərək onun millət vəkilliyini önə çəkək. Əlbəttə, burada iyirmi illik millət vəkilliyini təhlil etməyə səy göstərməsək də, son illərdəki Elm və Təhsil komitəsinin sədri kimi gördüyü işləri, qəbul etdiyi qanunların demokratikliyi və perspektivliyini qeyd etməyə bilmərik. Bu qanunlar üzərində intensiv çalışmaları sayəsində son illərdə elm və təhsil mühitindəki dəyişikliyi, irəliyə doğru hərəkətliliyi görməmək olmur. Bu işdə onun uzun müddət çalışdığı müəllimliyi, necə deyərlər, bu mətbəxdə boya-başa çatması da az rol oynamır. Və bəlkə də İ.Həbibbəyli həyatında müəllimlik ona atadan qalma varislik olaraq ən çox sevdiyi işidir. Elə buradaca onun bir müddət müəllimi, kafedra müdiri və prorektoru olduğu Naxçıvan Dövlət Universitetini xatırlamaya bilmirəm. Bu universitetin yüksəlişi və əyalət universiteti çərçivəsindən çıxaraq paytaxt ali təhsil ocaqları səviyyəsində fəaliyyəti onun adı ilə bağlıdır. Buradan pərvazlanaraq AMEA-nın vitse-prezidenti statusunu əldə etməsinin əsasında da işgüzarlığı, idarəetmədəki çevikliyi, sabitliyi, gələcəyə baxışı dururdu. Onun AMEA-nın Humanitar Elmlər bölməsinə vitse-prezidentliyi ilə elm ocağı Milli Akademiyanın humanitariyasında yeni bir səhifə açılır. Akademiya sistemində on yeddi institutu əhatə edən bu çalışma bir neçə illik müşahidəmə əsasən getdikcə genişlənmiş və ümumiyyətlə Azərbaycan humanitariyasını qapsamışdır. Bu gün İsa Həbibbəylini yalnız Akademiya sistemində deyil ondan kənarda da tədbirlərdə çıxış edən, məruzələr edən, humanitar fikrə qatqı sağlayan bir ideya adamı kimi görürük. Onun bu sahədə gördüyü iş, yazdığı fundamental məqalələri, etdiyi istiqamətverici çıxışlar (dövlətçilik, azərbaycançılıq!) gələcək humanitar ideolojinin konturlarını cızır. Bir millət vəkili, vitse-prezident, alim olaraq xarici konfrans və simpoziumlarda etdiyi çıxış və məruzələri də buraya əlavə etsək, bir ömrə sığışması çətin olan zəngin bir mənzərə alınır.

İndi gələk İsa Həbibbəylinin yarım əsrə yaxın bir dövrü əhatə edən yaradıcılığına. Bu yaradıcılığın çoxnövlü, polifonik, rəngarəng olduğunu nəzərə alaraq, üzərində bir qədər ətraflı dayanmaq istəyirəm. O, hər şeydən əvvəl, bir ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, nəzəriyyəçi, publisist, tənqidçi, teatrşünas və mədəniyyətşünasdır. Ədəbiyyat tariximizin ayrı-ayrı mərhələləri, hadisələri və şəxsiyyətləri onun yaradıcılığının ədəbiyyat tarixçiliyi istiqamətinin əsasını təşkil edir. Burada Azərbaycan şifahi xalq ədəbiyyatı və klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş fundamental məqalələrini nəzərdə tuturam. "Kitabi Dədə Qorqud" dastanlarının tədqiqi yeni mərhələdə", "Basatın Təpəgözü öldürdüyü boy"da Naxçıvan", "Sara əfsanəsi haqqında", "Ələsgər sorağında" və digər məqalələrində indiyədək toxunulmamış problemlərə müraciət edir. Ədəbiyyat tarixi və onun ayrı-ayrı şəxsiyyətləri ilə bağlı müntəzəm portret oçerklər yazır və ədəbiyyat tarixinin hadisə və problemlərini araşdırır, bir çox məsələlərə aydınlıq gətirir. Özü də bu məqalə və kitablarda yeni tipli ədəbiyyat tarixçisi kimi çıxış edir, müəyyən problemlərə toxunur, ədəbi şəxsiyyətlərin tərcümeyi-halı və yaradıcılığındakı araşdırılmamış problemləri tədqiq edir.

Ədəbiyyat tarixçiliyi kontekstində tədqiqatlar mühacirət ədəbiyyatı istiqamətində də davam edir. Deməliyəm ki, son dərəcə zəngin irs olan mühacirət ədəbiyyatının tədqiqi qarşıda duran prioritet istiqamətlərdən biridir. Elə buna görə də İ.Həbibbəylinin Ədəbiyyat İnstitutuna rəhbər kimi gəldiyində ilk gördüyü iş bu adda şöbənin yaradılması oldu. Təkcə şöbə yaradılmadı, mühacirət bədii irsinin toplanılması və kompleks araşdırılması istiqamətində lokomotiv işə salındı.

Ədəbiyyat tarixçiliyi istiqamətində axtarışlar müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ilə davam edir. Bu dəfə İ.Həbibbəyli "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi ilə ortaya çıxır. Bu layihənin həm ideyavericisi, həm həyata keçirən, həm də bir çox oçerklərin müəllifi də özüdür. Çağdaş poeziya, nəsr və dramaturgiyamız onun yaradıcılığında orijinal qiymətini alır. "İsa Hüseynovdan İsa Muğannaya: axırıncı əlyazma və bütöv dünya", "Xalq yazıçısı Anar: gerçəkliklə ideal arasında", "Xalq yazıçısı Elçinin özü və sözü", "Müstəqilliyin şərəfli yolu və ədəbiyyatı", "Səmədoğlu ədiblər", "Ədəbiyyatda vətəndaşlıq və profesionallıq", "Şair-vətəndaş Sabir Rüstəmxanlı", "Bütün yönləri ilə yaradıcı", "Zəlimxan Yaqub sənətinin özünəməxsusluğu" və s. məqalələrində çağdaş ədəbiyyatın təmayülləri təhlil edilir, ədəbi şəxsiyyətlərin yaradıcılığına qiymət verilir.

İsa Həbibbəylinin ədəbiyyatşünaslıq sistemi və konsepsiyasında başlıca yer tutan bir çox problemlər, prioritetlər var ki, bunların həlli yalnız tədqiqat elmi mühitini deyil, ümumən ədəbi, ictimai cameəni məşğul etmişdir. Onun bir ədəbiyyatşünas-alim kimi əsas səciyyəvi cəhəti problemə konseptual yanaşması, hadisələrin mahiyyətinə enməsi, onu nəzəri və faktoloji cəhətdən paralel işləməsidir. Bütün bunlar akademikin tədqiqat işinin məzmununu və uzunömürlülüyünü təmin etmiş olur. Onu həmişə ədəbiyyatşünaslığın, ədəbiyyat nəzəriyyəsinin ayrı-ayrı problemləri, ədəbi-ictimai fikrin görünən və görünməyən tərəfləri məşğul etmiş, bu sahədə sayı beş yüzü aşan məqalə, otuzdan çox monoqrafiya və kitab yazmışdır. Böyük və kiçikliyindən asılı olmayaraq ədəbi, kulturoloji fikrimizin müxtəlif problemləri tədqiqatlarında bütün cəhətləri ilə təhlil və tədqiq edilmiş və hər bir tədqiqatı ictimai ədəbi, elmi cameədə müəyyən rezonans doğurmuşdur. Hətta sovet sistemindəki iyirmi illik yaradıcılıq yolunda onun hər hansı problemə yanaşmasında, mövzu seçimində zamanında sığortalanmaq mümkün olmayan marksist ölçüləri, yaxud zamanın möhürü demək olar ki, hiss olunmur. Yaradıcılığının sonrakı mərhələsində də bu cür şablon və trafaret ölçülər onun yanaşmalarında vahid kriteriyaya çevrilmir, çünki tədqiqatçı üçün ən yaxşı yanaşma mətni elmi və nəzəri əsaslarla obyektiv mövqedən araşdırmaqdır ki, bu da onun fundamental alim kredosunun əsas prinsiplərindən biri olaraq təsbit olunur.

İsa Həbibbəyli fenomeni çoxlarının nəzərində böyük yazıçı, dramaturq, satirik publisistikamızın zirvəsi Cəlil Məmmədquluzadə yaradıcılığı və şəxsiyyətinin fundamental araşdırıcısı olaraq faktlaşıb. Bu, doğrudan da belədir; C.Məmmədquluzadə onun araşdırmalarının ana xəttini təşkil edir. C.Məmmədquluzadə vətəndaşlığı, şəxsiyyəti, dünyagörüşü, eləcə də bir yazıçı, dramaturq, publisist, azərbaycançı kimi tanıdılması onun adı ilə bağlıdır. Onun haqqında yazdığı onlarla məqaləsində və "Cəlil Məmmədquluzadə; mühiti və müasirləri" (2009) monoqrafiyasında zəngin arxiv sənədləri və dövri mətbuat materiallarından geniş istifadə olunaraq yalnız böyük satirikin elmi tərcümeyi-halı yaradılmır, həm də yaşadığı dövrün ədəbi şəxsiyyət və hadisələrinin yaradıcılığına nüfuz edilir, dövrün, mühitin ədəbi, ictimai mənzərəsi yaradılır.

Bu araşdırmalarda C.Məmmədquluzadə bir yazıçı, dramaturq, publisist və vətəndaş kimi yenidən təqdim olundu. Mən yalnız bu tədqiqatların faktoloji zənginliyini, bir çox tarixlərin, sənədlərin ilk dəfə araşdırmaya cəlb olunduğunu deyil, bu yaradıcılığın müasir münasibət işığında tədqiq və təqdim olunmasını nəzərdə tuturam. Bu araşdırmalarda C.Məmmədquluzadə ilə bağlı sovet ideologiyasının formalaşdırdığı sindromu dağıdaraq yeni imicin yaranmasına nail olundu. Məhz bu tədqiqatlardan sonra Azərbaycan ədəbiyyatşünaslığında C.Məmmədquluzadə yaradıcılığı yeni keyfiyyətdə-xalqın milli oyanış və müstəqilliyi uğrunda mübarizə aparan bir yazıçı, dramaturq, publisist kimi öyrənilməyə başlandı. 

Bütövlükdə götürdükdə, XIX yüzilin sonları-XX yüzilin əvvəllərinə aid tədqiqatlarında illər, statistika və şəxsiyyətlər çoxluq təşkil edir. Onun bu dövrlə bağlı araşdırmaları mühitin xarakterini açır, gizlinlərini üzə çıxarır. Rəqəmlər, illər, hadisələr burada emosional və estetik məzmun daşıyır, statistik göstərici olmaqdan çıxaraq həyat hadisələri və ədəbi faktları canlandırmağa xidmət edir. Bəzən ən xırda görünən bir detal, yaxud tarix belə onun araşdırmalarında çox böyük yük daşıyır, bir çox ədəbi-tarixi hadisələri üzə çıxarır. Bu isə o deməkdir ki, onun tədqiqatları elmlə sənətin sintezini yaradır, elmi təfəkkürlə bədii təfəkkür birləşərək bu faktları sxematiklikdən çıxararaq ona yeni həyat verir. Məhz bu yanaşma və tendensiyalar sayəsində biz dövrün, ədəbi mühitin yeni təsnifatı ilə qarşılaşır, onun inkişaf istiqamətlərini, səciyyəvi xüsusiyyətlərini bütün təfərrüatları ilə öyrənə bilirik.

Şübhəsiz, İsa Həbibbəylinin bir ədəbiyyatşünas alim kimi əsas missiyasından biri də ədəbiyyatşünaslığımızda olan boşluqların doldurulmasından, "daşların yerinə oturdulması"ndan, vacib olan problemləri həll etməkdən ibarətdir. Aydındır ki, belə boşluqlardan və həll ediləsi problemlərdən  biri də "Molla Nəsrəddin" (eləcə də mollanəsrəddinçilər!) və "Füyuzat" (eləcə də füyuzatçılar!) arasında olan münasibətlərin yenidən araşdırılması məsələsidir. Sovet dövrü ədəbiyyatşünaslığının bu iki cəbhəni bir-birinə zidd, yaxud qarşı-qarşıya duran qüvvələr kimi qələmə verməsi son dövrlərə qədər davam etmişdir. Vulqar sosioloqların bu iki ideoloji cəbhəni bir-birinə qarşı qoyması faktoloji materiallardan çox (baxmayaraq ki, bu cür faktlar da olmuşdur; elə sovet ədəbiyyatşünaslığı da məhz bu faktlara söykənərək müəyyən qənaətlərə gəlirdi!) ideoloji meyllərdən irəli gəlmişdir.

Biz yuxarıda akademik İsa Həbibbəylini C.Məmmədquluzadənin sabit tədqiqatçısı olaraq qeyd etdik; bu, doğrudan da belədir, lakin buna qədər onun bir nəzəriyyəçi olduğunu və bugün də bir nəzəriyyəçi olaraq ədəbi-nəzəri düşüncəmizi yönləndirdiyini də xüsusi qeyd etməliyik. İlk elmi işinin problematikasını romantizm cərəyanı nümayəndələrinin yaradıcılığı təşkil etməsi və bunun əsasında ilk monoqrafiyası "Romantik lirikanın imkanları" (1984) kitabını dərc etdirməsi ədəbiyyatşünas ömrünün uğurlu başlanğıcı kimi qiymətləndirilməlidir. Yəni elmi yaradıcılığa ədəbiyyatın nəzəri araşdıması ilə qədəm qoymuş və diplomunu da bu istiqamətdə almışdır. Elə buna görə də sonrakı tədqiqatlarının hamısının konseptual çıxmasında nəzəri istiqamət başlıca rol oynamışdır. Elmi fəaliyyətinin ilk mərhələsində romantik ədəbiyyatın tədqiqat obyekti kimi seçilməsi də təsadüfi deyildi. O zaman hələ romantizm, necə deyərlər, bütün yönlərilə araşdırılmamış, bəzi nümayəndələri "bəraət" almamışdılar. Bu mövzuda araşdırmalar sonrakı dövrdə də davam etmiş, H.Cavid, Ə.Hüseynzadə, A.Səhhət, M.Hadi, A.Şaiqlə bağlı yeni tədqiqatlar yazmışdır. Azərbaycan romantizminin bir çox cəhətlərinin obyektiv qiymət almasında bu araşdırmaların rolu az olmayıb.

Akademik İsa Həbibbəyli tədqiqatlarının uzunömürlülüyünü şərtləndirən amillərdən biri də məhz onun nəzəri və problem xarakterli olmasındadır. Akademikin istər ədəbiyyatşünaslığın ayrı-ayrı problemlərinin, istərsə də sırf nəzəri problemlərin işlənilməsində bu amil nəzərə alınmaya bilməz. Onun "Ədəbiyyat nəzəriyyəsi" (2005) dərsliyinin yazılması da ədəbi cameənin problemə olan kəskin ehtiyacından irəli gəlmişdir. Müxtəlif vaxtlarda yazılmış "Ədəbiyyatın tərifi", "Ədəbiyyatşünaslıq elminin şöbələrinə yenidən baxış", "Satira ədəbi növ kimi", "XX əsrin əvvəlləri Azərbaycan romantik şeirində sonet janrı", "Azərbaycan şeirində himn və marş", "Kiçik hekayə janrı-novella", "Dialoq haqqında monoloq" və s. fundamental məqalələrində ədəbiyyatşünaslığımızda həllini tapmamış nəzəri problemlərə yeni baxış ifadə edilir. "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi ustad" məsələsinə yenidən baxış" adlı məqaləsi ədəbiyyatşünaslığımzda olan mübahisəli problemə aydınlıq gətirir. M.F.Axundzadənin böyük şair Füzuli haqqında işlətdiyi "nazimi-ustad" qənaətinin arxasında duran nəzəri fikrin mahiyyəti açılır.

Akademik İsa Həbibbəylinin nəzəri fikirdə etdiyi dəyişikliklərdən biri də satiranın bir ədəbi növ olaraq əsaslandırmasıdır. Məlumdur ki, dünya nəzəri fikrində satiraya aid aparılan fundamental tədqiqatlarda onun ədəbiyyatdakı yeri və mövqeyinin təyin edilməsində müxtəlif fikirlilik mövcuddur. Satiranın nəzəri ədəbiyyatlarda ədəbi növ, janr, bədii xüsusiyyət, bədii gülüşün forması kimi klassik təsnifatların özü belə çağdaş ədəbi-nəzəri düşüncəni təmin etmədiyindən yeni yanaşma tələb edir.

Ədəbiyyatşünaslığın ən az müraciət etdiyi problemlərdən biri də ədəbiyyat tarixi və ədəbiyyat tarixçiliyi məsələləridir. Yəni ədəbiyyat tarixçiliyinin özünün nəzəri problemləri vardır ki, hələ də milli ədəbiyyatşünaslığımızda bu məsələlər öz həllini tapmamışdır. Belə məsələlərdən biri Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri və dövrləşdirmə məsələləridir. Xüsusilə, Azərbaycan ədəbiyyatı tarixinin (ədəbiyyatının yox!) dövrləşdirilməsi ilə bağlı müəyyən axtarışlar olmuşsa da, ortada vahid konsepsiya olmamışdır. Minillik ədəbiyyat tarixinin dövrləşdirilməsinin konsepsiyasını hazırlamaq, həm də bütün dövrlərdə ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu, onun təkamül yolunu, ictimai-tarixi proseslərin mərhələlər şəklində dərk edilməsi və təqdim olunmasına imkan verir. Burada da iki məsələ kəsişir; bir var ədəbiyyat tarixçiləri (Ə.Abid, İ.Hikmət, M.F.Köprülü, F.Qasımzadə, C.Xəndan, H.Araslı, B.Əhmədli və b.) ədəbiyyat tarixlərini yazarkən istifadə etdikləri dövrləşdirmə, bir də dövrləşdirmənin özünün elmi-nəzəri konsepsiyasını yaratmaq və minillik ədəbiyyatımıza bu konsepsiya kontekstində yanaşmaq. İkinci məsələ mahiyyət etibarilə birincilə yaxın olsa da, ədəbiyyatşünaslığımızda nəzəri cəhətdən çox az işlənilmişdi. Necə deyərlər, ortada vahid bir konsepsiya yox idi. Y.Qarayev, N.Ələkbərli, Ş.Alışanlı, N.Cəfərovun araşdırmaları bu yolda atılan ilk addımlar idi. Akademik İ.Həbibbəyli isə problemə kompleks yanaşmış, həm tarixi, həm nəzəri baxımdan işləyərək yeni bir konsepsiya üzə çıxarmışdır. Bu konsepsiya vahid olmasa da, ədəbiyyat tariximizin məhz bu formatda öyrənilməsi və təqdim olunması üçün nəzəri baza rolunu oynayır. Elə buradaca qeyd etməyi özümə borc bilirəm ki, bu konsepsiyanın ilk eskizləri hazır olarkən ilk oxucusu (əslində dinləyicisi!) mən olmuşam; İsa müəllim dövrləşdirmə konsepsiyasının konturlarını isti-isti Naxçıvandan telefonla yarım saatadək mənə oxuyarkən nəzəri fikrimizdəki bu boşluğun doldurulmasında qatqısı olduğunı hiss etmişəm. Bu isə dövrləşdirmənin ədəbiyyat tariximiz, ədəbiyyatşünaslığımız üçün nə qədər vacib olması anlamına gəlir. O zaman tezis şəklində olan bu konsepsiya sonralar böyük bir tədqiqat əsərinə çevrildi.

Akademik nəzəri istiqaməti yalnız tədqiqatlarında gözləmir, həm də ədəbi siyasətinin, elmi təşkilatı idarəetməsinin prioritet istiqamətlərindən biri hesab edir. İnstituta rəhbərlik etdikdən sonra istər əməkdaşların tədqiqat-plan işlərində, istərsə də İnstitutun elmi nəşrlərin nəzəri səviyyəsinin yüksəldilməsində gördüyü işlər ədəbiyyatşünaslıq elmi mərkəzində yeni nəzəri hərəkatın başlanmasından xəbər verir.  İnstitutda "Ədəbi cərəyanlar" sektorunun yaradılması, "Poetika.izm" adlı elmi-nəzəri jurnalın təsis edilməsi bu hərəkatın sistemli inkişafı üçün atılan praktik addımlardandır.

İsa Həbibbəyli fəaliyyətinin əsas keyfiyyətlərindən biri araşdırma sərhədlərinin genişliyi və müxtəlifliyindədir; o, yalnız folklor, klassik ədəbiyyat, XIX və  XX yüzillər Azərbaycan ədəbiyyatı, realizm, romantizm problemləri ilə məşğul olmamış, həm də çağdaş ədəbi fikrimizin inkişaf qanunauyğunluqları, ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı ilə bağlı araşdırmalar aparır, yeni yaradıcılıq təmayülləri haqqında obyektiv mövqeyini ifadə edir.  Onlarla məqalələrində çağdaş ədəbi prosesi məşğul edən problemləri təhlil etməklə yanaşı, ədəbi portret janrının xüsusiyyətlərinə uyğun olaraq şair və yazıçıların ədəbiyyatımızdakı mövqeyini, yerini də zərgər dəqiqliyi ilə müəyyənləşdirməyə çalışır. Bu yaxınlarda yazdığı "Bütün yönləri ilə yaradıcı" məqaləsində isə Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti bütün komponentləri ilə təhlil süzgəcindən keçirilir. 

Ədəbiyyatşünaslığın inkişafında elmin təşkili məsələsi də başlıca yer tutur. İnstitutda aparılan struktur dəyişiklikləri tədqiqat işlərinə də öz təsirini göstərməmiş deyil. Nizamişünaslıq, Füzulişünaslıq sektorlarının, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi, Erkən realizm dövrü Azərbaycan ədəbiyyatı, Uşaq ədəbiyyatı şöbələrinin açılması elmin təşkilində önəmli addımlardan biri olmuşdur. Yeni açılan şöbələrdən biri də rəhbəri olduğum Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsidir. Bu şöbənin yaranması ilə ədəbiyyatşünaslığımızda yeni bir elmi istiqamətin formalaşması reallaşmaq üzrədir. Belə ki, zaman-zaman institutda dünya ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı öyrənilmiş və tədqiq edilmişdir. Halbuki dünya ədəbiyyatı içərisində Asiya xalqlarının ədəbiyyatı önəmli yerlərdən birini tutur. Həm tarixi keçmişinə, həm də sənətkarlıq baxımından Asiya xalqlarının ədəbiyyatı dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirmiş və onu irəliyə aparmışdır. Ona görə də İsa Həbibbəyli sözün həqiqi mənasında İnstitutu yenidən formalaşdırmağa başlayanda Asiya xalqlarının ədəbiyyatını öyrənməyin vacibliyini tez-tez çıxışlarında səsləndirirdi. 2016-cı ildə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaranması ilə bu işlərin yeni müstəvidə davam etməsinə imkan yarandı.

Akademik İsa Həbibbəylinin dönə-dönə oxuduğum "Ədəbiyyat və zaman" adlı kiçik bir məqaləsi var; buna esse də demək olar. Burada yaranışından üzü bəri ədəbiyyata qiymət verilir, başlıca vəzifələri müəyyənləşdirilir. Tezis şəklində yazılmış, çox böyük həqiqətlərdən xəbər verir. Bu dəyərləndirmələrin hər birində Ədəbiyyatın Zamandan Zamanın Ədəbiyyatdan keçdiyini görürük. Tezislərdən biri belədir: "Böyük ədəbiyyat həmişə Zamanla dialoqda olub, lakin onu yalnız ifadə etməklə qalmamış, irəliyə doğru inkişafa işıq salmışdır".

O, həyat yolunda ədəbiyyatşünaslıq yolunu seçdi, böyük ideallarla araşdırdı və onu yeni bir mərhələyə daşıdı. Zaman göstərdi ki, akademik İsa Həbibbəyli ədəbi, mədəni, kulturoloji fikrimizin bugünü və gələcəyi ilə bağlı aydın bir proqrama malikdir və bəlkə də ürəyində illərdi gəzdirdiyi bu proqramın mərhələ-mərhələ həyata keçirilməsi üçün var gücü və intellekti ilə yorulmadan çalışır. Bu yolda Ona uğurlar diləyirik!..

 

 

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015