AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Mürşid ilə mürid - Gülşən Əliyeva-Kəngərli Nəsimidən yazır
Okt 01, 2019 | 11:24 / Müsahibələr, çıxışlar
Oxunub 74 dəfə

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor

Bir sədaqətli mürid öz mürşidini görmək üçün onun xanimanına gəlir, qapını döyür. İçəridən mürşidi soruşur: Kimdir? Müridi adını söyləyir. Mürşid qapını açmır, mürid bir də döyür.

Mürşid yenə soruşur, mürid yenə adını söyləyir. Fəqət mürşid yenə qapını açmır. Ağıllı mürid fikirləşir: Nəyi səhv edirəm? Üçüncü dəfə qapını döyür, kimsən sualını eşidəndə deyir: Mən sənəm. Onda mürşid qapını açır. Bu olay sufizmdə - hürufizmdə mürşid və mürid münasibətlərini dəqiq ifadə edir. Nəsimi yazıb:

Elmi-hikmətdən bilirsən bir bəri gəl, ey həkim,
Sən Nəsimi məntiqindən dinlə Fəzlüllahı gör!

Nəsimi məntiqi ilə danışan Fəzlullahdır. Nəsimidə Fəzlullah görməsən, onu başa düşə bilə bilməzsən. Biz də bu yazıda Nəsimi poeziyasında Fərzullahı görməyə çalışacağıq, yoxsa Nəsimi barəsində yazdıqlarımız yarımçıq qalar.

Nəsimi poeziyasının görkəmli Azərbaycan alimi, hürufizm nəzəriyyəsinin banisi, "Cavidannamə", "Məhəbbətnamə",  "Növmnamə", "Vəsiyyətnamə" traktatlarının müəllifi Təbrizli Fəzlullah Nəimi Nəsimi poeziyasından "Fəzli həq" kimi daxil olur. Quranı, Allahı tanıyıb, müqəddəs tutsa da, böyük hürufi şair Nəsimi (və digər hürufilər) üçün Fəzl həq idi. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" deyən cahana sığmayan, filosof, şairin iki cahanda da pənahı, istinadgahı Fəzlullah idi.

Sultandır iki cahanda şol kim,
Fəzli-həq ola anın pənahı.

Nəsimi iki cahanda sultan olmasına görə Nəimiyə borcludur. Ümumən, hürufilər, xüsusən Nəsimi bu cahanda göründüyü kimi yaşamadığını yalnız Fəzli həq ilə vəhdətdə mövcud olduğunu söyləyir. O, Fəzli həqi də Allahla bağlı olduğu üçün qüdrətli hesab edir, şairə görə o, həqqin Fəzlidir:

Fəzlinə bel bağladım, ya vahidü fərdü Əhəd!
Cümlənin məbudi sənsən daima heyyül-əbəd!

Oxuram ismində "bismillahir-rəhmanir-rəhim",
Ey sifatindir sifati - "qül hüvəllahü-əhəd".

Nəsimi şeirində "Quran" surə və ayələri məhz Fəzli həqin timsalı kimi verilir. Buna görə də Nəsimi özünü Fəzlin eyni hesab edir.

Ən azı:

Ey Nəsimi, çün rəfiqin Fəzl imiş, yəni ilah,
Lütf ilə qəhr oldu vahid, həm həbib oldu rəqib.

Nəsimi poeziyasında Fəzli həq obrazının fəlsəfi gücü və poetik gözəlliyi bundadır ki, o, tədricən şairin lirik məninə çevrilir, onun estetik konsepsiyasında həlledici yer tutur.

Nəsimi ilahi gözəlliyə də, gözələ də, canana da Fəzlin mənəvi prizmasından nəzər salır, onu ilahi varlığının timsalı kimi qəbul edir və deyir:

Favü zadü lamdır Fəzli-ilah,
Fəzlinə qurban edəlim canımız.

Şairin-mürşidin Fəzli-həqə - müridə çevirməsi haqqa qovuşmaq məqamı kimi tərənnüm olunur. Buna poetik vəcd məqamı kimi də baxmaq olar. Hər bir hürufi üçün, ələlxüsus da hürufizmin lideri olan Nəsimi üçün Fəzlullaşmaq ali vəhdət məqamıdır.

Nəsimi poeziyasında Fəzli-həq, nuri həqlə parallel işlədilir, ona bərabər tutulur:

Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,
Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.

Nəsimi poeziyasında özünüdərk aktı Fəzli dərk prosesi ilə reallaşır və bu vəhdət rəmzlənir. Mövlana Cəlaləddin Rumi deyir: "Onu bil ki, biz bu görünən bədəndən ibarət deyilik. Biz bu bədəndən savayı, Allah ilə bərabər yaşayırıq". Belə bir duyum və deyim tərzi əksər orta əsrlər mütəfəkkirləri, xüsusən də sufilər və hürufilər üçün səciyyəvidir.

Allahı həmişə öz yanında görmək, onunla birgə (vəhdətdə!) olmaq, İslamın mövcud olduğu bütün areallarda rast gəlinən mənəvi keyfiyyətdir. Nəsimi poeziyasında ilahi ilə bərabər, Fəzli-həq də bir mənəvi xilaskar, ilahi qüvvə kimi mühüm yer tutur:

Natiq oldu cümlə əşya Fəzli-həqdən aşikar,
Rəbbəna, ətməm ləna nurən təali filcinan.

Çün Nəsimi zülfü xalından oxur ümmül-kitab,
Kaşifi-əsrar olubdur ol zi Fəzli-müstəan.

Nəsimi yaradıcılığında Fəzli-həq ilə bərabər Fəzli-ilahi də işlədilir. Hansı formada işlənməsindən asılı olmayaraq dahi şair böyük Allahı uca tutur, Quranı əsas kitabımız hesab edir:

Hüsnünə səcdə qılmayana sənin,
Həq dedi adını ki, şeytandır.

Əyyuhənnas əlləməl-Quran,
Üzü təfsirdir, bu, Qurandır.

Nəsimi poeziyasının məxrəci "Ənəl-həq" təliminin sübut etməkdir. Bunun üçün şair öz mürşidi Fəzlullahın obrazından istifadə edir, nəticədə belə bir düstur yaranır: "Ənəl-həq=Fəzil-həq". Və bunun ardınca "Həq mənəm, həq məndədir, həq söylərəm" həqiqəti gəlir. Fəzlullahın gücü bunda idi ki, onda Allahın nuru və kəlamı vəhdətdə idi. O, hürufilər üçün canlı "Ənəl-həq" idi və onlar Fəzil-həqə səcdə edirlər. Nəsimi bir neçə yerdə özünü Günəşə, Aya bənzədir:

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam.

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm, ayinədana sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən uludur ayətim, ayətə, şana sığmazam.

Başqa bir qəzəlində isə filosof-şair inamla belə yazır:

Bir günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.

Ümumiyyətlə, Nəsiminin bənzətmələrində "Ənəl-həq"in açımı əsas yer tutur. Məsələn, "Mən həqqə məkan, məkan mənəm mən", "Zərrə mənəm, günəş mənəm", "Nəzmi Nəsimi yəqin Allahü nurin şərhidir", "Həqqin kəlamı məndədir, sanma mən həqdən uzaq" və s.

Və bu kontekstdə də Nəsimi Fəzlullah bütün ali sifətlərin daşıyıcısı, haqqın sevimlisi və bəşəri-kamil Fəzli-həq hesab edirdi.

Nunü eynin həq kitabıdır, vəli
Surətin nəqşidürür Quranımız.

Eynilə də şair gözəlin hüsnünü həq kəlamının təsviri olan müqəddəs kitab hesab edirdi. Bütün bunlar "Qorxdular həq deməyə, döndülər insan dedilər" deyilən varlığın Allahın əmanəti olan ruhun daşıyıcısı, Allahınən qiymətli əmanət kimi etibar etdiyi insanın vəslinə xidmət edirdi ki, belə insanlardan seçilən biri də dönməz iradə sahibi, idrak simvolu Fəzlullah Nəimi idi. Nəsimi öz poeziyasında ona əbədiyyət heykəli qoyub.

Can necə tərk eyləsin, ey can, səni,
Çünki canın canısan, ey canımız!

Pərdə üzündən götür, ey surətin
Fəzli-ilahi ilə rəhmanımız.

Nəsimi poeziyasında Fəzli-həq artıq burada Fəzl ilahi formasında çıxış edir. Beləliklə, hürufi şair öz ustadının mürşidinə Allahdan sonra ikinci ilahi hesab edir. Bu, sufizmdə cəhd olunan haqqa qovuşmaq yolununun hürufizdə sadələşmiş forması idi. Sufilər Allaha qovuşmaq üçün bir neçə təkamül mərhələlərindən keçirlər: şəriət, təriqət, mərifət və həqiqət. Həqiqət məqamı Haqqın dərgahında tamamlanırdı. Hürufizmdə isə Allaha qovuşmaq lazım deyil, Allah insandadır, insanın özünə qovuşmaq lazımdır. Hürufiz minifrat humanizmi də, sərt cəngavərliyi də buradan gəlirdi:

Ey Nəsimi, həq sənə oldu çü Fəzli-müstəan,
Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.

Allah Nəsimiyə Fəzl simasında qismət olub və onun qəlbində Fəzli-həq kimi daxil olub. Nəsimi şeirində Fəzli-həq sadəcə bir insan surəti, lirik qəhrəman deyil, yalnız simvoldur. Buna görə də onun aurası - haləsi çox böyükdür. O, həm insan surəti, həm ali müqəddəs obraz, xüsusi çəkisi, bədii-fəlsəfi tutumu olan simvoldur. Orta əsr şairinin öz ideallarını ifadə etmək üçün yaratdığı bədii-fəlsəfi təməlidir. Nəsimi şeirlərində ona böyük inam və iman var. O, bir bütövdür, istinad nöqtəsi, hər iki cahanı, həm canı, həm cananı-yaradanı dərk etmək üçün bədii vasitədir:

Əhsəni-surətmisən ya, məzhəri-fəzli-ilah
Kim, camali-hüsnünə pirü cavandır canfəşan.

Vasil olan ol həbibə buldu vəsli-daimun,
Aşiqü məşuq birdür, gör kəmali-aşiqan.

Ta camalın müshəfin gördü Nəsimi, ey nigar,
Xalü xəttün sirrini əz Fəzli-həq qıldı əyan.

Bu şeirdə hər şey Fəzlə nəzərən əyara gəlir. Çünki bu "ərşdən gəlib", "yaradanın mədhi-sənası, nəğməsidir bizə" (Füzuli). Predmeti Allah kəlamı olan şeiri ənənəvi qaydalarını təhlil etmək olmaz. Onun təhlili və şərhi dərin biliklər və xüsusi meyarlar, nəzəri metodlar tələb edir. Nəsimi şeiri cəsarətli hayqırtı, cəngavərlik marşıdır. Gücünü ilahidən alır, insanın özü uğrunda döyüşə, özünüdərkə səsləyir.

Nəimi və Nəsimi münasibətlərindən yazmaq əslində, hürufizmdən yazmaq deməkdir. Nəsiminin poeziyası hürufizmin nəzəriyyəsinin bədii-fəlsəfi ifadəsidir. Ümumən orta əsrlər Azərbaycan poeziyasının fəlsəfi təməlləri, xüsusən onun vəhdəti-vücud fəlsəfəsi üzərində bərqərar olur. Onun bədii-fəlsəfi təkamülünü poetik fəlsəfədən fəlsəfi poeziya istiqamətləndirir. Fəzlullahın təliminin ümumşərq miqyasında yayılıb məşhurlaşmasında Nəsimi şeiri misilsiz rol oynamışdır.

Fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən
Olma məlul, ayıtma kim, bəndü hasar içindəyəm.

Fəzli-həqə, Fəzli-ilahiyə can fəda etməyi şair öz idealını sədaqət rəmzi hesab edir.

Fəda olmaq sevməkdən daha gözəl və mənalıdır. Fəda olmaqda bir ülviyyət məqamı var. Burada artıq tən bədən, bir varlıq olaraq oradan çıxır, yalnız ruh qalır.

Can fəda qıldı Nəsimi əz dəmi-Fəzli-ilah,
Başını top eylədi, çövkanın aldı çapdı.

Ümumən, fədakarlıq orta əsrlər poeziyasında aşiqin ləyaqəti hesab olunur. Və bu sifət ona hörmət gətir. Fəzli-həqəfəda olmaq şairin tanrıya münasibənin ali formasıdır. Bu iki cahana sığmayan filosof şairin Allaha insanda reallaşdırmaq təntənəsi ilə bağlıdır. Fəzlin simasında Allahla - onun obrazı ilə insaneyni məkanda-mənkansızlıqda bir araya gəlir.

Vəslinə kim ki irmədi, dərdü əzab içindədir,
Ləlini kim ki sormadı, təşnə sərab içindədir.

Nəsimi şeirində vəslin vəsfi əsas yer tutur. Nəsimi öz mürşidinə münasibəti onun yaradıcılığının ciddi fəlsəfi xətti kimi keçib gedir. Burada adi eşqdən söhbət gedə bilməz. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Fəzli-həq obrazı əslində, Allaha məhəbbət və ona olan eşqin insan sifətində ifadəsidir. Ən kamil hüsnün - Fəzlin vəsli şairə Allaha duymaq üçün imkan vermişdir. Burada vəslin vəsfi ilahi xarakter daşıyır.

Buldu bu gün vüsalını eşq ilə uş Nəsimi kim,
Vəslinə vasil olanın eyşi müqim içindədir.

Vəsl Nəsimi poeziyasında ümumiləşmiş bədii-fəlsəfi obrazdır. O da xatirə və xəyal kimi insan surətlərindən başlayır və dalğa-dalğa səmaya yayılır. Bu halda insan bəşər olmaqdan çıxır, insanlığın fövqündə dayanır. Dahi şair bunu çox yaxşı dərk edir və belə mənalandırır:

Surətdə gərçi adı bəşərdir Nəsiminin,
Mənidə gör ki, zati-mütəhhər degilmidir?

Nəsimi ilə Fəzli-həq Şərqdə onsuz da, sədaqət rəmzi olan mürid-mürşid münasibətlərin ən ali formasıdır. Burada məqam yerlə göyün sərhədində baş verir və Fəzlullah bəşəri olsa da, onda səmavi qüdrət var. Bu fikri bizə Nəsimi poeziyası təlqin edir. Bu poeziya hətta ifrata vararaq Fəzli bəşərin bir üzvü olmaq çərçivəsindən çıxarır, Allah səviyyəsinə qaldırır. Əlbəttə, bu, Nəsiminin arzusudur, tapındığı idealdır, bədii təxəyyülünün tarixi reallıqla birləşməsidir. Əmələ gələn bir bədii fəlsəfi obrazdır. Nəsimi poeziyasında Fəzlullahın ideyaları Allah kəlamı Quranla qovuşdurularaq yeni bir estetik platforma yaradılır.

Ey camalın səhfəsində xətmi-Quran buldum uş,
Saçının hər tarəsində küfrü iman buldum uş.

Ey Nəsimi, vəchi-Allahın kəlamıdır üzün
Kim, bu vəchillah içində Fəzli-rəhman buldum uş.

Dahi şair hara baxırsa, nəyi fəhm edirsə - həyatı, cümlə-cahanı, kainatı, göyü, günəşi, ayı, ulduzları və nəhayət insanı, orada Fəzli görür. Və bütün bunları Fəzli-həq obrazından keçirərək dərk edir. Nəsimi şeirində Fəzli-həq bir dünyagörüşü, maddi dünyaya baxış bucağı, bütöv kainat görünən bir pəncərədir. Bu pəncərədən görünənlər Allah kəlamı ilə süslənir. Oradan insan görünür - kamil insan və cahil insan. Bu, Nəsimi fəlsəfi konsepsiyası əsas yer tutur. Nəsimi kamil insanı həq, cahil insanınadan adlandırır.

Kim əzəl tanımadı kəndi vücudu şəhrini,
Ol gədahimmət nə yoldan vara sultan istəyə?

Şair sevən aşiqi eşq əhlini (istər insan, istərsə də ilahi!) kamil insan hesab edir. Onun şeirini dərk (fəhm) etməyənləri isə cahil insan - nadan adlandırır.

Nəsimi kəşfi-əsrarını bildi,
Anı fəhm etməyən nadan deyilmi?

Nəsimiyə görə kamil insanların ən gözəli, ən kamili və onun mürşidi Fəzli-həqidi və dahi şair onu poeziyada əbədiləşdirir.

 

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015