AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyətinə dair tədqiqat
Sen 30, 2019 | 11:35 / Konfranslar, iclaslar
Oxunub 45 dəfə

Paşa ƏLİOĞLU
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini

Xalqımız, geniş oxucu kütləsi Həsən bəy Məlikov Zərdabini görkəmli müəllim və maarifçi, milli mətbuatın, milli teatrın, xeyriyyə cəmiyyətinin banisi, filosof, təbiətşünas kimi tanıyır.

Lakin çoxları bilmir ki, o, 1897-ci ildən ömrünün sonuna qədər Bakı Şəhər Dumasına üzv, qlasnı seçilmiş, çar Rusiyası hakimiyyətinin təsis etdiyi bu seçkili orqanda fəal iştirak etmiş, şəhər əhalisinin həyat şəraiti, məişəti, su təminatı, təhsil, səhiyyə müəssisələri və digər məsələlərə dair vacib qərarların qəbul edilməsində mühüm rol oynamışdı. Məlum olduğu kimi, 1870-ci ildə imperator II Aleksandr "Şəhər ictimai idarəsinin yaradılması ilə bağlı fərman imzalamışdı. Fərmana görə, şəhərlərin qanunverici orqanı şəhər Duması, icraedici orqan isə Uprava idi. Lakin Bakıda Şəhər Duması və Uprava 1877-ci ilin dekabrında təsis olundu və 1918-ci ilədək fəaliyyət göstərdi.

Onun səlahiyyətləri yalnız şəhər təsərrüfatının inkişafı, şəhər quruculuğu, su təminatı, xalq səhiyyəsi, təhsil, maarif və bu kimi yerli məsələlərlə məhdudlaşırdı. Hüquqi baxımdan şəhər Duması və Uprava qubernator və yerli polisdən asılı idi. 1892-ci ildə qəbul edilmiş şəhər haqqında yeni qanuna əsasən şəhər idarəsi (Uprava) tamamilə hökümət rəhbərliyinə tabe edildi, faktiki olaraq şəhər Upravası kollegiyaya, Duma isə Uprava yanında şuraya çevrildi. Şəhər Dumasının üzvləri - qlasnılar arasından təyin olunurdu. Şəhər idarəsi sədrini - şəhər merini Duma seçirdi. Duma üzvləri arasında azərbaycanlılar azlıq təşkil edirdi, yalnız Kamil bəy Səfərəli 1905-1907-ci illərdə Bakı şəhər başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etmişdi. Çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabi Məlikov, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Səfərəliyev qardaşları, Fərrux bəy Vəzirov, Məmmədrza Vəkilov kimi azsaylı ziyalılarımız Duma qlasnıları arasına düşə bilmişdilər. Duma və Upravada yerli əhalinin ehtiyaclarına laqeyd münasibət bəsləyən başqa millətlərin nümayəndələri sayca çoxluq təşkil edirdi. Həsən bəy Zərdabi 1897-ci ildən ardıcıl olaraq Dumaya qlasnı seçilmiş, əvvəl təftiş komissiyasının üzvü, sonra sədri, məktəb, tibb, bağçılıq və təsərrüfat komissiyalarının daimi üzvü, yarmarka komitəsinin və su təchizatı komissiyanın üzvü olmuşdu. Eyni zamanda, "Qocalar evi"nin qəyyumu, Mariya gimnaziyasında qəyyumlar şurasının üzvü idi. Bakı rus-müsəlman qız məktəbinin layihəsinin və nizamnaməsinin hazırlanmasında iştirak etmişdi.

Həsən bəy Dumanın iclaslarının fəal iştirakçısı idi, toplantıların əksəriyyətində iştirak edir, demək olar ki, müzakirəyə çıxarılan bütün məsələlərlə bağlı fikir bildirir, şəhər üçün vacib problemlərə dair mövqe ortaya qoyur, şəhərin, yerli əhalinin maraqlarını müdafiə edir, şəxsi mənafeyini güdən işbaz və monopolistləri tənqid edirdi. H.Zərdabi Dumada sözün həqiqi mənasında dövlət vəasitlərinin xalq üçün vacib olan sahələrə ayrılması uğrunda yorulmadan mübarizə aparırdı.

Bakı şəhər Dumasının bütün iclasları 1878-1918-cü illərdə "Kaspi" qəzetində işıqlandırılıb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadova "Kaspi" qəzeti səhifələrindəki Duma iclasları protokolları içərisindən Həsən bəy Zərdabinin və məsləkdaşlarının iştirakını, çıxışlarını əks etdirən hissələri böyük əmək hesabına toplayaraq kitab halında tərtib edib. "Kaspi" qəzeti və "Kaspi" təhsil şirkətinin maliyyə dəstəyi ilə rus dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilən bu kitab sözün həqiqi mənasında böyük maarifçi, milli mətbuat, teatr və xeyriyyə cəmiyyətimizin banisi Həsən bəyin xalqın tərəqqisi uğrunda fəaliyyətinin bizə naməlum qalmış tərəfini üzə çıxarmaqdadır. Kitabın tərtibçisi və ön sözün müəllifi Esmira Cavadova neçə illərdir ki, öz məhsuldar fəaliyyəti ilə zərdabişünaslığa öz töhfələrini verməkdədir. O, böyük maarifçi-demokratın etnoqrafik görüşlərini araşdırıb, 2012-ci ildə işıq üzü görmüş "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri" adlı monoqrafiyasında onun xalqımızın əkinçilik mədəniyyəti və maldarlıq təsərrüfatı ilə bağlı fikirlərini tədqiq edib. Burada həmçinin, Həsən bəyin Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti məsələlərinə, ailə məişəti ilə bağlı olan bir sıra mütərrəqi və zərərli adət-ənənələrə münasibəti də nəzərdən keçirilib. Esmira xanımın 2016-cı ildə çap etdirdiyi "Həsən bəy Zərdabi  (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici" kitabına böyük maarifçi-demokratın həyat və fəaliyyəti ilə bağlı nəşr olunan bütün materiallar-əsərləri, məqalələri, dəyərli fikirləri, habelə onun haqqında yazan müəlliflərin kitabları, məqalələri, fikirləri, dissertasiya işləri, şeirləri və s. haqqında məlumatlar toplanıb. Zərdabi irsini araşdıranlar üçün bu biblioqrafik göstərici ən zəruri mənbəyə çevrilib. Onu da xüsusi olaraq qeyd etmək istərdik ki, elmi fəaliyyətində yalnız inkaredilməz sənədlərə, arxiv materiallarına istinad edən E.Cavadova dəfələrlə mətbuatda çıxış edərək Həsən bəyin doğum tarixini yanlış göstərmək istəyənlərə tutarlı dəlillərlə cavablar verib.

584 səhifəlik "Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)" kitabda əksini tapmış Bakı Şəhər Dumasının protokollarından görürük ki, H.Zərdabi Dumanın iclaslarında şəhər büdcəsindəki vəsaitlərin pulsuz xəstəxanaların, məktəblərin, kitabxanaların, uşaq evlərinin (yetim uşaqlar üçün sığınacaqların), kitab evlərinin, xalq evlərinin (bura ictimai binalar, yaşayış evləri və s. daxil idi), qocalar evlərinin, uşaq bağçalarının, parkların, bulvarların, səliqəli bazarların, körpülərin tikilməsi və təmirinə, küçələrin işıqlandırılması və orada təmizliyin qorunmasına, sərf edilməsinə çalışırdı. E.Cavadova kitaba yazdığı ön sözdə haqlı olaraq göstərir ki, "faktiki olaraq H.Məlikov Dumadakı vəzifəsindən tribuna kimi istifadə edərək xalqın problemlərini hakimiyyətin diqqətinə çatdırırdı. Bu mövqedən çıxış etmək isə öz ideyalarını həyata keçirmək üçün ona əlavə imkan idi".

Təhsil, xalq maarifi Zərdabinin bütün həyatının məqsədinə çevrilmişdi. O, bütün şüurlu həyatını xalq arasında maarifin, elmi biliklərin, müasir mədəniyyətin, qabaqcıl ideyaların yayılmasına, məktəblərin açılmasına həsr etmişdi. Buna görə də Dumanın həmin məsələlərlə bağlı iclaslarında fəal iştirak edirdi. 1904-cü ildə II Nikolayın uzun müddət gözlənilən vəliəhdi dünyaya gəldikdən sonra imperiya ərazisində  bayram tədbirləri keçirməyə başladı. Dumanın 21 sentyabr 1904-cü il tarixli iclasında Həsən bəylə digər azərbaycanlı qlasnı Əlimərdan bəy Topçubaşov birləşib bu hadisədən yararlanmağı qərara alırlar, vəliəhdin adına yeni ibtidai məktəb açmağı təklif edirlər.

H.Zərdabi hələ Dumadakı fəaliyyətindən öncə, 1896-cı ilin 18 yanvarında Bakı qubernatoruna müsəlman qızlar üçün məktəb açılması təklifi ilə müraciət etmişdi. Mənfi cavab aldıqdan sonra o, Hacı Zeynalabdin Tağıyevə müraciət edir. H.Z.Tağıyev ideyanı dəstəkləyir və inkişaf etdirir. 1898-ci ilin 16 martında məktəbin nizamnaməsi təsdiqlənir, mayın 24-də isə hakimiyyət qızlar üçün nəzərdə tutulan təhsil müəssisəsinə imperiatriçə Aleksandr Fyodorovnanın adının verilməsini dəstəkləyir. 1901-ci ilin 7 oktyabrında qız məktəbinin açılışı baş tutur. Bakı Dumasının qlasnıları Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov məktəbin qəyyumlar şurasına seçilirlər, onlar qız məktəbinin sonrakı fəaliyyətində mühüm rol oynayırlar.

"Kaspi" qəzeti səhifələrindən götürülmüş xronikalardan görmək olar ki, Həsən bəy tibb sahəsi ilə bağlı məsələlərin müzakirəsində də çox fəal olmuşdur. Bu sahədə problemlər çox idi. Dumanın və Upravanın səhiyyə ehtiyacları ilə bağlı vəsaitlər məmurlar və işbazlar tərəfindən mənimsənilir, çox zaman ünvanına çatmırdı. 1901-ci ilin avqust iclaslarından birində xəbər verilir ki, iyulun sonunda şəhər yetimxanasındakı uşaqlar arasında göz xəstəliyi yayılıb və avqustda bu xəstəlik epidemiya halını alıb, vəziyyəti ağırlaşmış uşaqların sayı qırxa çatıb. H.Məlikov Zərdabi çıxışında Dumanı qınayaraq bildirir ki, bu orqan yetim uşaqlar üçün sığınacaqlardakı anormal vəziyyət barədə məsələ qaldırıb və smetanın müzakirəsi zamanı bu cür müəssisələrin idarəsi üzrə plan işləyib-hazırlamaqla bağlı Upravaya göstəriş verib. Görünür, yetimxanaya nəzarət yoxdur, xəstəliyin qarşısının vaxtında alınmaması üzündən uşaqların təxminən yarısı xəstəlib. Həsən bəyin çıxışından sonra dərhal məsələ ilə bağlı ölçü götürülür.

Dumanın 4 oktyabr 1902-ci il tarixli iclasında H.Zərdabi, Ə.Topçubaşov və bir neçə başqa şəxsdən ibarət qlasnılar komissiyası Bakıda 6 sahə müalicəxanasının yaradılmasını təklif edir. Eyni zamanda, məktəb həkimləri və sanitarları məsələsi də müzakirə olunur. Həsən bəy vurğulayır ki, məktəb işi ilə məşğul olacaq Uprava üzvləri məktəb təsərrüfatını yaxşı bilməlidirlər.

1898-1907-ci illərdə Dumanın, demək olar ki, bütün iclaslarında su təchizatı ilə bağlı su kəməri komissiyasının işi, şəhərin içməli su ilə təminatı barədə görülən tədbirlər müzakirəyə çıxarılırdı. Bu problem ciddi kommersiya məsələləri ilə bağlı idi, mühəndislərlə yanaşı, iri müəssisə sahibləri olan bəzi qlasnı üzvlərin də maraqları burada toqquşurdu. Duma uzun müddət məsələylə bağlı yekdil fikrə gələ bilmirdi. Yalnız Zərdabi kimi      qlasnılar şəhər əhalisinin, sadə vətəndaşların maraqlarını nəzərə alaraq öz obyektiv fikirlərini açıq bəyan edirdilər. Həsən bəy əhaliyə içmək üçün yararsız suyun şirinləşdirərək verilməsi təklifinə etiraz edərək belə demişdi: "Bulaq suyu təkcə içməli su deyil, həm də orqanizm üçün qidadır, biz hamımız quyu suyu ilə boya-başa çatmışıq, şirinləşdirilmiş su bütün tənqidlərdən aşağıdır. Biz fabrik üçün nəyin yarayıb-yaramadığının qeydinə qalmırıq, biz əhalidən danışırıq".

Zərdabi "Kaspi" qəzetində su məsələsi barədə "Şərqi Zaqafqaziyada suya ehtiyac", "Susuzluq" adlı məqalələri ilə çıxış etmişdi. Nəhayət, Varşava su kəmərinin qurucusu Lindleyin mühəndisliyi ilə Samurun Şollar bulağından Bakıya su kəməri çəkilməsi qərarına gəlinir. 1917-ci ildə Şollar-Bakı su kəməri tam istifadəyə verilir. Qeyd edək ki, Həsən bəy çıxışlarında da məqalələrində də, Kür çayından Bakıya su çəkilməsinin, əhalinin, kənd təsərrüfatının ehtiyaclarının ödənilməsi üçün Kür suyunda istifadə edilməsinin tərəfdarı kimi çıxış edirdi. Onun bu arzusu sovet hakimiyyeti illərində həyata keçdi: Kür çayından Bakıya su kəməri çəkildi. Kür çayının üzərində Mingəçevir su anbarı və su elektrik stansiyası tikildi. Şəhərin icra və bələdiyyə orqanlarının işinə nəzarət kimi məsuliyyətli iş yoxlama komissiyasının üzərinə düşürdü. Şəhərdə işıqlandırma, su təminatı, kanalizasiya bərbad vəziyyətdə idi. Bir qayda olaraq komissiyaya rəhbərliyi qlasnılar arasında təmiz ad, güclü nüfuz  qazanmış şəxsə etibar edirdilər və heç də təəccüblü deyil ki, qlasnılar uzun illər bu məsul vəzifəni Həsən bəyə etibar etmişdilər. Duma iclaslarının xronikası və yoxlama komissiyasının məruzələri ilə tanış olarkən Zərdabinin ictimai işə necə ədalətli və dürüst yanaşdığının, onun yerli əhalinin maraqlarını necə vətənpərvərliklə qoruduğunun, dövlət xəzinəsini çapıb-talayan məmurları necə ciddiyətlə ifşa etdiyinin şahidi oluruq.

Həsən bəy son dəfə 1907-ci ilin 17 fevralında Dumanın iclasında iştirak edir, həmin ilin 28 noyabrında vəfat edir. Onun vəfatı ziyalılar, sadə  xalq arasında dərin hüznlə qarşılanır, dəfni ümumxalq mərasiminə çevrilir. Bütün mətbuat orqanları məhrumun  həyat və fəaliyyəti barədə yazılar dərc edirlər. Jurnalist Qriqori Cinoridze "Kaspi" qəzetinin 29 noyabr 1907-ci il tarixli sayında yazırdı: "Həsən bəy Məlikov" dünən səhər dünyasını dəyişdi. Yerli müsəlmanlar arasında öz xalqına bütün qəlbi ilə bağlı olan adamlarda biri də azaldı. O, həqiqəti qorxmadan hamının və hər kəsin düz üzünə deyirdi. Həsən bəy qlasnı kimi əvəzolunmaz idi və uzun illər müxtəlif komissiyaların üzvü kimi fəaliyyət göstərmiş, ictimai işə öz töfhələrini vermişdi. O, gecə-gündüz yalnız bir şeyi - xalqını cəhalətdən tərəqqi yoluna çıxmaq barədə düşünürdü.

Esmira Cavadovanın böyük əmək bahasına tərtib edərək "Kaspi" nəşrlər seriyasında oxuculara təqdim etdiyi "Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti, 1897-1907" adlı kitab milli mətbuatımızın, teatrımızın banisi, böyük maarifçi-demokrat Həsən bəy Zərdabinin bizə naməlum qalmış Bakı Şəhər Dumasındakı səmərəli, fədakar fəaliyyəti barədə dəyərli məlumatlar verir. Bu kitab Həsən bəyin həyat və fəaliyyətinin mühüm bir səhifəsini işıqlandırmaqdadır.

 

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015