AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
"Ədəbi proses-2018" mövzusunda elmi yaradıcılıq müşavirəsi keçirilib
Sen 14, 2019 | 05:30 / Konfranslar, iclaslar
Oxunub 61 dəfə

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Ədəbi proses-2018" mövzusunda elmi yaradıcılıq müşavirəsi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, həmçinin respublikanın tanınmış ədəbiyyatşünas alimləri və yazıçıları iştirak ediblər.

Tədbiri akademik İ.Həbibbəyli açaraq "Ədəbi proses" müşavirəsinin 2014-cü ildən etibarən mütəmadi keçirildiyini və ölkənin bir sıra ədəbi qurumları və mətbuat orqanlarının bu müşavirələrə böyük maraq göstərdiyini qeyd edib. Bildirib ki, sözügedən proses hələ Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi altında 1974-cü ildən etibarən başlayıb və Yaşar Qarayev, Akif Hüseynov, Arif Səfiyev kimi ədəbiyyatşünas alimlərin iştirakı ilə 1984-cü ilə qədər davam etdirilib.

İ.Həbibbəyli SSRİ dövründə yaradıcılıq metodu kimi sosializmin müəyyənləşdirildiyini, bu gün isə müstəqillik dövründə çoxmetodlu ədəbiyyatın hökm sürdüyünü vurğulayıb. Diqqətə çatdırıb ki, müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı müasir Azərbaycan Respublikasındakı demokratik inkişafın, dünya ədəbiyyatı və mədəniyyətinə doğru genişlənməkdə olan inteqrasiya proseslərinin qanunauyğun məntiqi nəticəsidir.

Hər il məruzəçilərin sayının artdığını, ədəbi prosesin müxtəlif istiqamətlərinin daha da dərindən araşdırıldığını deyən AMEA-nın vitse-prezidenti bu müşavirələrin müasir ədəbi prosesi hərtərəfli öyrənməyə stimul verdiyini bildirib. Alim hazırda dram, satira və uşaq ədəbiyyatı nəzəriyyələri istiqamətində boşluqların olduğunu və müşavirələrin bu sahələrin inkişafına təkan verəcəyini qeyd edib.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Ədəbi tənqid", filologiya elmləri doktorları - Elnarə Akimovanın "İlin ədəbi mənzərəsi", Vaqif Yusiflinin "Şeir", Cavanşir Yusiflinin "Ədəbi gənclik", filologiya üzrə fəlsəfə doktorları - Pərvanə Məmmədlinin "Cənubi Azərbaycan ədəbiyyatı", Mehman Həsənlinin "Ədəbiyyatda esse", Maral Yaqubovanın "Bədii nəsr nəzəriyyə işığında", Lalə Həsənovanın "Rusdilli Azərbaycan ədəbiyyatı" və s. mövzularda məruzələri dinlənilib.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015