AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib
Sen 13, 2019 | 02:31 / Konfranslar, iclaslar
Oxunub 91 dəfə

Akademik İsa Həbibbəyli Kazanda Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yubileyində iştirak edib

Kazanda Tatarıstan Elmlər Akademiyasının Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun yaradılmasının 80 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib.

Beynəlxalq konfransların və dəyirmi masanın işində Rusiyadan və yaxın xarici ölkələrdən tanınmış linqvist-alimlər və sənətşünaslar iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli də fəxri qonaqlar arasında olub.

Akademik İ.Həbibbəyli Tatarıstan Elmlər Akademiyasında yubiley çərçivəsində “Milli ədəbiyyatlar müasir mərhələdə: konsepsiyalar və hipotezlər” mövzusunda keçirilmiş beynəlxalq elmi seminarda “Ədəbiyyat tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələlərinin müəyyən edilməsi meyarları” mövzusunda elmi məruzə ilə çıxış edib.

“Tatarıstan Azərbaycan üçün qardaş respublikadır və tatar xalqı özünün xarakteri və mənəvi dəyərlərinə görə Azərbaycan xalqına yaxındır. Bizi təkcə dostluq deyil, həm də qardaşlıq münasibətləri birləşdirir”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib.

İ.Həbibbəyli yubiley münasibəti ilə Tatarıstan Dil, Ədəbiyyat və İncəsənət İnstitutuna üzərində Nizami Gəncəvinin portreti olan  xalça hədiyyə edib.

Alim Tatarıstan Respublikasının “Azərbaycan” milli mədəni muxtariyyətinin rəhbərliyinə iki dövlət arasında dostluq körpüsünün möhkəmlənməsinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib.

Bundan başqa, tatar yazıçısı Razil Valeyevin dəvəti ilə Abdulla Tuqay adına Ədəbiyyat Muzeyində “Tatarıstan” İctimai Birliyi sədrinin müavini Emin Ramazanovun iştirakı ilə görüş təşkil edilib.

Görüşdə azərbaycanlı politoloq, tarixçi, publisist, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayevin “Abdulla Tuqayın çoxcəhətliliyi və əbədi uçuş” kitabının Tatarıstanın Xalqlar Dostluğu Evində bu yaxınlarda keçirilən təqdimatından bəhs olunub.

science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015