AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Poeziyanın Hidayəti - Nizami Cəfərov yazır
Sen 05, 2019 | 11:30 / Müsahibələr, çıxışlar
Oxunub 48 dəfə

Yaradıcılıq, ümumən ictimai fəaliyyət sferası, miqyası elə gəncliyindən nə qədər geniş olsa da (və get-gedə nə qədər genişlənsə də), Hidayət, birinci növbədə, şairdir.

Və onun poetik istedadı, qüdrəti ən müxtəlif səviyyələrdə, müxtəlif münasibətlərlə (dəfələrlə!) etiraf olunmuşdur...

Sevinclə kədərin qarışığında,

Umu-küsülərin barışığında,

Qövsi-qüzehlərin yaraşığında

Zirvəyə qalxıram, dağ aşıram mən -

Bir nəğmə yazıram...

Yaşayıram mən!

Kifayət qədər gənc yaşlarında - keçən əsrin 70-ci illərinin əvvəllərində yazdığı bu şeirində Hidayət yaşamağın (həyatın!) onun üçün məhz nəğmə (şeir) yazmaqdan ibarət olduğunu deyir. Həm də yalnız demir... Şeirin bütün daxili ritm- intonasiyası, ruhi-psixoloji ovqatı, ifadə-obrazlar sistemi ilə göstərməyə çalışır.

Bir neçə il sonra isə məşhur "Bir az gözləyin məni" şeirini yazmışdı...

Nəğmə kəhkəşanında

qəlbimdəki misralar

düşməyib dildən-dilə,

Sevincimin nidası,

Ömrümün öz mənası,

Ürəyimin harayı

sizə çatmayıb hələ -

Bir az gözləyin məni!

Belə də oldu... Və Hidayət adı, imzası müasir Azərbaycan poeziyasında öz mövzuları, ideyaları, dil-üslub texnologiyaları ilə əbədi qərar tutdu.

Akademik Kamal Abdulla göstərir ki, "Hidayətin şeirləri qaynağı xalq yaradıcılığından gələn xəlqilik, klassik ədəbiyyatdan nəşət edən fəlsəfi dərinliklə seçilir.

Hidayət yaşadıqlarını yazır, yazdıqlarını yaşayır və oxucunu da daxili axtarışa təşviq edir".

Şairin yaradıcılığından bəhs edən mötəbər söz sahiblərinin, demək olar ki, hamısı onun poeziyasında avtobioqrafik motivlərin aparıcı olduğunu qeyd etmişlər. Eyni zamanda, onu da qeyd etmişlər ki, bu avtobioqrafiklik bir şairin özünə (tərcümeyi-halına!) heyranlığı deyil, çox geniş etnoqrafik, milli, ictimai məzmun-mündərəcəyə malikdir. Və Hidayət poeziyasında avtobioqrafikliyin həmin xüsusiyyətini vaxtında görüb dəyərləndirən, Azərbaycanın böyük ədəbiyyat filosofu Yaşar Qarayev vaxtilə yazmışdı:

"Çaylar zirvələrdən baş alır, qayaların bağrından keçir, dəryalara qovuşur. Yollar isə, əksinə, düzlərdən başlanıb əlçatmaz, ünyetməz zirvələrə doğru üz tutur. Yazan, yaradan ilham və qələm sahibinin - şair dostumuz Hidayətin də ömür yolunu uca zirvələrə qalxan çəhlimə - cığıra bənzətmək olar. Şairin poeziyasında həm gerçək, həm də əfsanəvi bir dağ obrazı var - Ələngəz obrazı! Dünyanın hansı səmtinə yola düşsə də, xəyal onu dolandırıb Ələngəzə qaytarır. Şair nə zamansa bu zirvəni fəth edəcək. Əlləri zümrüd quşunun qanadlarına çatacaq və bu qüdrətli qanadlar onu günəşə doğru yüksəldəcək. İnanırıq ki, Ələngəz yoxuşunda şair dostumun nəfəsi təngiməyəcək".

Emosional olduğu qədər də səmimiyyətlə və səmimi olduğu qədər də ciddiyyətlə deyilmiş bu sözlər şairin 70-ci illərdən başlayan yaradıcılıq axtarışlarının, bədii ağrılarının, estetik əzablarının fəlsəfəsini aydın ifadə edir.

Hidayətin vətənpərvərliyi doğma ocağa, el- obaya məhəbbətdən başlayıb yüksəlir. Və çox böyük mənəvi, ictimai-siyasi, ideoloji məzmun kəsb edir.

Şairin Türkiyədə nəşr olunmuş "Ata qəbri" kitabına yazdığı ön sözdə jurnalist-tədqiqatçı Seyfəddin Altaylı təsadüfən demir ki, "şeirlərindən bir çələng hazırlayıb təqdim etdiyimiz "Ata qəbri" adlı kitabda sizləri Hidayət bəyin iç dünyası ilə az da olsa tanış edə biləcəyimi zənn edirəm. Orada Vətənindən, xatirələrlə dolu ata-baba yurdundan uzaq düşmüş bir ürəyin hayqırtılarını görəcəksiniz".

Hidayətin poeziyasında Vətən anlayışının bir- birilə sıx bağlı olan ən azı üç ideya - estetik mənası, məzmunu var:

1) doğulub boya-başa çatdığı kəndləri Maralzəmi, Mığrı bölgəsi, bütövlükdə Zəngəzur mahalı;

2) gənclik illərini yaşadığı, hər çölünə-düzünə, dağına-dərəsinə, gülünə-çiçəyinə, havasının istisinə-soyuğuna, insanlarının yaxşısına-pisinə, mərdinə- namərdinə bələd olduğu, şair-mütəfəkkir, vətəndaş kimi formalaşdığı Ermənistan - qədim Azərbaycan torpaqları;

3) siyasi baxımdan ayrılsa da, mənəvi mənada hər bir azərbaycanlının təsəvvüründə (ürəyində!) həmişə bütöv olan Azərbaycan!..

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,

Bakıda öləcəyəm.

Kövrək sarı sim idim,

Unudulmuş,

Mükəddər

nəğməyə dönəcəyəm.

Bir yaddaş istəyirəm -

Bacara bilsə əgər -

Ömrümün yarasını,

ağını, qarasını,

çətən-çətən təzadlı

saatları, günləri

vura, çıxa, cəmləyə...

Yoxsa bütün həyatım,

ömrüm, müqəddəratım

sığışar beş cümləyə.

Şairin "Avtoportret-83"ündən alınmış bu misralarda üç konkret məkan var: Zəngəzur, İrəvan, Bakı. Və bu üç konkret məkan şairin tərcümeyi- halından bütöv Vətənin bir Vətəndaş taleyindəki "qeyri-səlis" iyerarxiyası kimi keçir...

Azərbaycan ədəbiyyatşünaslığı Hidayətin poeziyasındakı yüksək vətəndaşlıq ruhunu (və mövqeyini!) həmişə qeyd etmişdir... Akademik İsa Həbibbəyli yazır:

"Şairin avtoportret səpgili şeirlərinin hamısında yüksək əxlaqi-mənəvi dəyərlər, şəxsiyyətin bütövlüyü və əsl vətəndaş mövqeyi ifadə olunur. Geniş mənada, Hidayətin yaradıcılığı onun ömrünün, taleyinin poetik monoloqudur. Lakin şair bu taleyin monoloqunu millətin monoloquna çevirməyi bacarmışdır. Və bu monoloq həmişəki sabit, təmkinli tempi, milli qayəsi, ictimai dəyərləri, həqiqi vətəndaşlıq yanğısı ilə çağlamaqda davam edir".

Hidayət şeirinin bir mühüm keyfiyyəti etnoqrafik zənginliyi, milliliyi, vətənpərvərliyidirsə, digər məziyyəti də humanizmi, müxtəlif xalqların dostluğuna (özü də, xalqı da çox nankorluqlar görmüş olsa belə!) inamı, ümumbəşəriliyidir. Və onun yaradıcılığı bir daha sübut edir ki, ümumbəşəri olmayan milli poeziya (ümumən ədəbiyyat) yoxdur.

Nizami Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

525-ci qəzet

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015