AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Gülhüseyn Hüseynoğlunun “Mücrü” kitabı çapdan çıxmışdır
Sen 04, 2019 | 03:12 / Yeni nəşrlər
Oxunub 216 dəfə

Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı, görkəmli yazıçı, nasir, ədəbiyyatşünas alim Gülhüseyn Hüseynoğlunun seçilmiş əsərlərinin yer aldığı “Mücrü” kitabı çapdan  çıxmışdır.

Kitabın redaktoru və ön sözün müəllifi AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlidir. Akademik Teymur Kərimli kitabı oxuculara aşağıdakı sözlərlə təqdim edir: “Çağdaş Azərbaycan nəsrində Gülhüseyn Hüseynoğlu öz səsi, öz nəfəsi, öz təkraredilməz üslubu olan görkəmli sənətkarlarımızdandır. Belə sənətkarlara deyirlər ki, qələmə zor gəlməyən, yalnız yazmamaq mümkün olmayanda qələmə sarılan, onun istəyinə əməl edən söz sahibləridir. Gülhüseyn müəllim də könlünün istəyi ilə yazan, iti yazıçı müşahidəsinin təsiri ilə ürəyinə qalaqlanmış sözləri artıq saxlamağa gücü çatmayan zamanlarda onlara azadlıq verən bir sənətkardır”.

Kitaba müəllifin  “Ana”, “Ana qoynu”, “Bir ömrün çıraqları”, “Yağış yağır”, “Biri varmış, biri yoxmuş...”, “Sübh çağı” , “Mücrü”, “Bənövşə əfsanəsi”, “Ay nur çiləyəndə”, “Payız”, “Dünyada bir qadın yaşayır”, “Zirvələr sırasında” , “Poylunun gənc çobanı”, “Qayğı”, “Cavid əbədi deməkdir”, “Füzuli”  kimi bir çox hekayələri, mənsur şeirləri, sənədli hekayələri, oçerkləri, eləcə də “Yaşıl təpə döşündə” povesti daxil edilmişdir. Bu əsərlərin böyük əksəriyyəti özündə lirik və epik növlərə məxsus xüsusiyyətləri vəhdətdə təcəssüm etdirməklə insanın daxili-mənəvi dünyasının hiss və həyəcanlarını, psixoloji təbəddülatlarını əks etdirir.

Kitab 500 tirajla, “CBS Polygraphic Production” mətbəəsində çap olunmuşdur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015