AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan mediyevistikasının görkəmli nümayəndəsi
Avg 14, 2019 | 01:59 / Yubileylər
Oxunub 64 dəfə

Teymur KƏRİMLİ, AMEA-nın həqiqi üzvü


 

Şərqlə Qərbin qovuşmasında qərar tutmuş Azərbaycan çox qədimlərdən, hələ İslam aləmi ilə təzə-təzə tanış olduğu zamanlardan (kim bilir,  bəlkə ondan da xeyli əvvəldən) orta əsrlərin ədəbiyyatşünaslıq, dilçilik, ilahiyyat, tarix və fəlsəfəsinin öyrənilməsi sahəsində bir sıra görkəmli mütəxəssislər yetişdirmişdir. Yüzillərin ənənəsi hədər getməmişdir və bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, Azərbaycan şərqşünaslığı hələ sovet dövründə özünün görkəmli nümayəndələri ilə təkcə SSRİ-də deyil, eləcə də bütün dünyada ad çıxarmışdı.

 

Azərbaycan şərqşünaslıq məktəbi, xüsusən onun ərəbdilli qaynaqlar əsasında formalaşmış tarixi mediyevistika qolu bu gün də dünya humanitar elmində öz sanballı sözünü deyən, bununla da dünya tarixşünaslığını zənginləşdirən alimlərdən kasadlıq çəkmir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz xanım Axundova belə nüfuzlu alimlərin, istedadlı pedaqoqların sırasında özünə layiqli yer tutmuş ciddi araşdırıcılardan və elm təşkilatçılarından biridir.

Nə vaxtsa türk xalqları arasında otuzluq say sisteminin geniş yayılmış olduğunu deyirlər. Ana kitabımızın ulu müəllifi Dədəmiz Qorqud da bir kəsə alqış edərkən: “Üç otuz on yaşın olsun!” – deyərdi. “Üç otuz on” – 100 deməkdir. Dədəmiz Qorquddan yeddi yüz il sonra da dahi Azərbaycan şairi, anadan olmasının 650 illiyini yüksək Prezident sərəncamı ilə dünya miqyasında qeyd etdiyimiz İmadəddin Nəsimi də bir məmduhuna alqış edərkən: “Üç otuz on yaşı olsun, on iki yaşındadır!” – deyirdi.

Bu sistemlə yanaşsaq, deyə bilərik ki, həmkarımız, istedadlı alim, səmimi insan Nərgiz Axundova iki otuz yaşını özünəməxsus xarizması və əsil azərbaycanlı qüruru ilə tamamlayır. Başqa bir say ifadəmiz də “bir igidin ömrü”dür. Bu iki otuz, yəni 60 ildəki, ay hesabına çevirsək, 720 ay edər, görək Nərgiz xanım hansı həyati və elmi “igidlikləri” gerçəkləşdirib, hansı görkəmli uğurlara imza atıb, möhür vurub?

Hər şeydən öncə, bir azərbaycanlı xanımın ömür kitabını vərəqləyəndə istər-istəməz bilmək istəyirsən ki, görəsən varlığın şərəfi, baş tacı olan analıq ampluasında xalqımız qarşısında onun hansı xidmətləri olub? Nərgiz xanıma münasibətdə bu ritorik sualın bir cavabı var: yetərincə! Əlbəttə, valideyn üçün öz övladından daha gözəl, daha istedadlı, daha xeyirli birisi olmaz! Bir də var ki, valideyn gözü ilə Vətən, millət, xalq gözü eyni bir dəyəri görsün. Kamillik bu zaman baş verir. Bu halda əlimizi ürəyimizin üstünə qoyub deyə bilərik ki, Nərgiz xanım və onun ömür-gün yoldaşı Tofiq müəllim Azərbaycan üçün xeyirli, gərəkli, gözəl övladlar dünyaya gətirib, boya-başa çatdırmışlar və bununla onsuz da böyük olan adlarının üstünə daha bir ad qoymuşlar: nümunəvi valideyn adı!

Dahi şairimiz Məhəmməd Füzuli də hər bir azərbaycanlının qulağında sırğa olmağa layiq olan bu sözləri ölməz poeması “Leyli və Məcnun”da nahaq yerə deməmişdi:

 

Nəslilə olur bəqayi-insan,

Nəzmi-bəşərü nizami-dövran.

Can cövhərinə bədəldir övlad,

Övlad qoyan qoyar həmin ad.

Xoş ol ki, xələfdən ola xoşdil,

Dünyada bir oğlu ola qabil.

 

Ancaq o da var ki, nə qədər qabiliyyətli olsa belə, alimin təkcə fiziki nəsli, fiziki övladı olmur; alimin, yaradıcı insanın “bəqasını” - əbədiyyətini təmin edən amillərdən biri də intellektual “övlad”, yəni onun elmi əsərləridir. Bir alimin öz həmkarı haqqındakı yazısında bir dəfə oxumuşdum ki, kitablar iki cür olur: “qalın” kitablar və “qalan” kitablar. Əlbəttə, burada “qalan” sözü “yerdə qalan” mənasında deyil, keçəri olmayan, dünyada qalan, qalmağı ilə lazımlı olan, mütəxəssislərin yazı masasından düşməyən mənasında işlənir. Akademik Nərgiz Axundovanın kitabları məhz “qalan kitablar” statusunun daşıyıcılarıdır.

Bu cəhətdən, yəni “qalan kitabların” yazılması baxımından yanaşdıqda, ictimai və humanitar sahənin alimlərinin çiyinləri üzərinə daha ağır, məsuliyyətli bir yükün düşdüyünü deyə bilərik. Xüsusən, şan-şöhrətli keçmişimizin qürur doğuran parlaq səhifələrinin üzərindən illərin, yüzillərin, minillərin tozunu silib gözlərimiz önündə bütün parlaqlığı ilə canlandıran tarixçi-mediyevistlərin daha ağır bir yükün altına girdiklərini danmaq mümkün deyildir.

İnformasiya-kommunikasiya texnologiyaları erasında bütün dünyanı hörümçək toru kimi bürümüş ikili standartların yalan və nifrət püskürən maşınının saxtalaşdırıcı təbliğatının tarix elmindən də yan keçmədiyi bir dövrdə obyektiv elmi həqiqəti ortaya qoyub bəşəriyyətin mədəni inkişafında ayrı-ayrı xalqların xidmətlərini təəssübdən və tərəfkeşlikdən kənar bir şəkildə üzə çıxarmaq məhz qədim və orta əsrlər tarixini araşdıran ciddi alimlərin vəzifəsidir.  

Belə bir deyim var ki, bəzi xalqlar tarixi yazırlar, bəzi xalqlar isə tarixi yaradırlar. “Tarixi yaradan xalq” epiteti daha çox türklər üçün işlədilir. Tarixin yaradılışı obyektiv bir prosesdir: Sezar demişkən: veni, vidi, vici – gəldim, gördüm, yendim. Ancaq tarixin yazılışı onun yaradılışından fərqli olaraq, subyektiv bir prosesdir və burada qələmin kimin əlində olmasından çox şey asılıdır.

Deyirlər, bütün Yaxın Şərqdə məşhur olan Azərbaycan musiqiçisi ­Marağalı Əbdülqadir bir gün evdə oturub bəstələrindən birini çalarkən qapısı döyülür və gözəl geyimli, ipək əlbisəli, üstündən müşk-ənbər ətri gələn nurani bir qonaq içəri girir. Salam-kəlam, xoş-beşdən sonra oturub musiqidən söhbət edirlər. Qonaq Əbdülqadirin udunu alıb, ilahi bir musiqi ifa edir. Ev sahibi eşitdiyi melodiyadan vəcdə gəlir, maraqla qonaqdan kim olduğunu soruşur. Qonaq deyir ki, mən İblisəm.

Əbdülqadir inanmır, deyir ki, axı səni buynuzlu, quyruqlu, eybəcər, axsaq, kor kimi təsvir edirlər! Qonaq gülümsəyib deyir: düz deyirsən, ona görə ki, qələm düşmən əlindədir!

Ulu öndərimiz Heydər Əliyevin baza təhsili tarix idi və Azərbaycan həyatının bütün sahələri kimi, tariximizin də böyük bilicisi idi,  tarixi əsərlərdə obyektivliyə müstəsna dərəcədə böyük önəm verdiyindəndir ki, humanitar elmimiz üçün proqram xarakteri daşıyan bu dərin mənalı sözləri alimlərin qarşısına bir fəaliyyət yönü kimi qoymuşdu:

“Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.”

Halbuki ta dövlət müstəqilliyimizin əldə edilməsinə qədər uzun bir tarixi dövr ərzində qələm düşmən əlində olduğundan, tariximizi düşmən tarixçilər öz əyri qələmləri ilə saxtalaşdırmış, mərd, açıq ürəkli, qəhrəman türkləri və azərbaycanlıları hər cəhətdən geri qalan xalqlar kimi elan etmişlər. Bu mövzu, xüsusilə, həssas mövzu olduğundan, müstəqillik dövrü tarixşünaslığımızda ona daha çox önəm verilməsi təbii sayılmalıdır.

Akademik Nərgiz Axundovanın da elmi fəaliyyətinin əsasını məhz türk mediyevistikası təşkil edir. Bəri başdan qeyd edək ki, alimin çoxyönlü fəaliyyətinin nəticələri 110-dan artıq elmi əsərdə, 10-a qədər gənc alimin yetişdirilməsində, 30 ildən artıq sürən pedaqoji fəaliyyətində öz əksini tapmışdır. Əlbəttə, buraya 5 ildən artıq bir müddətdə AMEA Rəyasət Heyətinin üzvü kimi İctimai Elmlər Bölməsində həyata keçirdiyi elmi-təşkilati yöndəki diqqətəlayiq işlərini də mütləq əlavə etmək lazımdır.

Ancaq qayıdaq Nərgiz xanımın bir mediyevist-türkoloq kimi əsas elmi fəaliyyət sahəsinə. Çox vaxt bizdə “türkoloq” deyərkən türk dillərinin araşdırılması ilə məşğul olan dilçi alimlər nəzərdə tutulur. Halbuki türklərin, türk xalqlarının, uluslarının tarixinin, coğrafiyasının, ədəbiyyatının, incəsənətinin, fəlsəfəsinin, psixologiyasının, folklorunun, iqtisadiyyatının... öyrənilməsi ilə məşğul olan alimlər də məhz, sözün əsl mənasında, türkoloqlardır. Bu anlamda, əlbəttə, akademik Nərgiz Axundova ilk növbədə, türkoloqdur, türk xalqlarının orta əsrlər tarixinin görkəmli araşdırıcılarından biridir, tanınmış tarixçi-türkoloqdur.

Tarix boyu türkün yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olan, qardaş Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün  müdrik kəlamlarından biri də budur: “Türkün türkdən başqa dostu yoxdur!”

Bəli, doğrudan da türkün əliqələmli düşmənləri nə qədər desən var və bu gün də mürəkkəb əvəzinə işlətdikləri çirkabla türk tarixinə olmazın şər və böhtanlar atmaqda bir-birləri ilə sanki  yarışa  çıxmışlar. Bu çirkab selinin qarşısında məhz vətənsevər Türkiyə və Azərbaycan alimləri, ilk növbədə, orta əsrlər dövrünü tədqiq edən tarixçilər dəyanətlə sinə gərib dayanmışlar. Akademik Nərgiz Axundova da onların ön sıralarındadır. Onun 2004-cü ildə Bakıda, 2018-ci ildə isə İstanbulda nəşr olunmuş “Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər (VIII-X əsrin ortaları)” monoqrafiyası bu problemin mükəmməl şəkildə araşdırılması örnəyini vermiş “qalan kitablardan” biridir.

Əlbəttə, bu mövzunun müxtəlif yönlərində əvvəllər də istər Azərbaycanda, istərsə də ölkə xaricində bir çox tarixçilər qələm çalmışlar. Akademik Nərgiz Axundovanın əsərini isə problemə kompleks yanaşma fərqləndirir. Zəngin orta əsr qaynaqları, eləcə də elmi tədqiqatların çoxluğu alimin problematik oriyentasiyasının doğru müəyyənləşməsinə mane ola bilməmiş və o, addım-addım, inamla, dönmədən və peşəkarlıqla qarşıya qoyduğu elmi məqsəd və vəzifələrə aparan yolda düzgün istiqamət tapmağa nail olmuşdur. Ən əsası isə, görkəmli tədqiqatçı məşhur qaynaqların və məlum elmi avtoritetlərin əsirinə çevrilməmiş, problemin həlli yollarında özünəməxsus səriştə və qabiliyyət göstərərək sanballı bir əsər ortaya qoymaqla özü də elmi avtoritetlər cərgəsinə qoşulmuşdur.

Heç kəsə sirr deyil ki, bəzən açıq-aşkar yanlış bir fikri ancaq ona görə qəbul edirlər ki, həmin fikir məşhur bir şəxsiyyətin dilindən səslənmişdir. Halbuki hələ eramızdan xeyli öncə bəşəriyyətin yetirdiyi ən böyük zəka sahiblərindən biri olan Aristotel öz müəllimi və dostu Platonun fikirləri ilə razılaşmadığı hallarda belə bir məşhur ifadəni işlətmişdi: “Amicus Plato sed magis amica est veritas”, yəni Platon dostumdur, ancaq ən böyük dost həqiqətdir!

Bu yolu özünə tədqiqat üsulu seçən akademik Nərgiz Axundova yeri gələndə, gərgin axtarışların nəticəsi olaraq analitik araşdırma ilə üzə çıxardığı elmi həqiqətin tələbi və diktəsi ilə ən məşhur qaynaqlara və ən nüfuzlu elmi şəxsiyyətlərin fikirlərinə də polemik yanaşma örnəyini ortaya qoyaraq, bu sahədə obyektiv və orijinal fikir sahibi olduğunu sübuta yetirir. Bəli, ­yalançı vətənpərvərlikdən, göydəndüşmə, əldəqayırma “faktlara” əsaslanan alimnüma populizmdən uzaq olması Nərgiz Axundovanın ciddi bir tarixçi kimi qəbul edilməsinə və elmi əsərlərinə inamla istinad etməyə tamamilə möhkəm əsas verir. Bununla alim həm də Azərbaycan tarixşünaslığının dünya elmindəki nüfuzunu bir daha möhkəmləndirmiş, elmimizə “ayı xidməti” göstərənləri və ya göstərmək istəyənləri özünün elmi obyektivlik örnəyi ilə bu zərərli yoldan çəkindirmiş olur.

Əsas etibarilə İslam xilafətinin Abbasilər dövrünün kamil bilicisi və araşdırıcısı olmasına baxmayaraq, akademik Nərgiz Axundova adı keçən monoqrafiyada özünü geniş profilli bir tarixçi-alim kimi göstərməyə nail olmuşdur ki, bu da kompleks elmi tədqiqatın parlaq uğurunun başlıca göstəricisi sayılmalıdır.

Türkün düşmənlərinə tutarlı elmi cavabları ilə bərabər, azsaylı dostlarına da layiqli qiymətini verən araşdırıcı öz predmetinin mahir bilicisi kimi diqqəti cəlb etməklə yanaşı, həm də qeyrətli bir türk təəssübkeşi kimi, türk tolerantlığını və tarixən formalaşmış multikulturalizmini xüsusi vurğulamaqla, bunu milli mentalitetimizin aparıcı cəhəti kimi bir sıra başqa dünya xalqlarına örnək göstərməyi də unutmur, eyni zamanda, dünya xalqlarının fərqli mədəniyyətlərinə açıq bir etnos kimi türklərin də başqa xalqlardan əxz etdiyi müsbət dəyərləri gizlətmək fikrindən uzaq olduğunu göstərir.

Bütün bunların nəticəsidir ki, Nərgiz xanımın adıçəkilən monoqrafiyası elmi dairələrdə aktual problemin yeni həlli kimi qəbul edilmiş, sanballı elmi tədqiqat əsəri olaraq Türkiyə türkcəsinə tərcümə edilib İstanbulda “Arap hilafetinin devlet idari sisteminde türkler (VIII-X yüzyılın ortası)” adı ilə çapdan çıxdıqdan sonra elmi dövriyyəyə buraxılmış və rəğbətlə qarşılanmışdır.

Bayaq dedim ki, akademik Nərgiz Axundovanın kifayət qədər zəngin elmi fəaliyyətinin nəticəsi olan monoqrafiyaları, dərslikləri, məqalələri, eləcə də Vətən və dünya tarixinin aktual mövzularında beynəlxalq konfranslarda etdiyi elmi məruzələr təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində işıq üzü görərək ölkə mediyevistikasının geniş imkanlarını nümayiş etdirmişdir.

Nərgiz xanımın fəaliyyətinin başqa bir yönü onun pedaqoji yaradıcılığı ilə bağlıdır. Hələ çox gənc ikən auditoriyalarda maraqlı mühazirələri ilə tarix elminin, mediyevistikanın problemlərini öyrənən tələbələri bu elm sahəsinə həvəsləndirən Nərgiz xanım bu gün də eyni fəaliyyətini ikinci gənclik şövqü ilə davam etdirməkdədir. Bu sahədə onun əsas yardımçılarından biri də mühazirə mövzularına uyğun olaraq yazdığı qiymətli dərsliklərdir.

Qədim romalıların bitib-tükənmək bilməyən müdrik kəlamlarından biri belədir: “Docendo discimus”, yəni öyrədərkən öyrənirik. Nərgiz xanım da pedaqoji fəaliyyətində daim yeni-yeni materiallar üzərində, yeni-yeni tədqiqatlara söykənməklə mühazirələr hazırlamaq və bir müəllim istedadı ilə tələbələrlə canlı ünsiyyət qurmaq yolunu seçib. Axı müasir dövrümüzdə informasiya texnologiyalarının hər kəsin üzünə tükənməz bilik qapılarını açdığı bir zamanda gənc tələbələri köhnə baqajla təmin etmək çox çətin olur. Ancaq hər müəllimin hövsələsi çatırmı ki, hər dəfə mühazirəyə ilk dəfə girdiyi kimi başlamağa? Əsla! Bunun üçün müəllim peşəsinə vurğunluq, ürəkdən bağlılıq lazımdır ki, bütün bunları otuz ildən artıq pedaqoji stajı olan Nərgiz müəllimdə görürük və təqdir edirik.

Son beş ildə Azərbaycan Milli Elmlər Akademiyasında akademik Nərgiz Axundova həm də bacarıqlı və tələbkar bir elm təşkilatçısı kimi yorulmaz fəaliyyət göstərir. Qeyd edək ki, onun AMEA-nın akademik-katibi kimi rəhbərlik etdiyi, doqquz elmi müəssisəni əhatə edən AMEA İctimai Elmlər Bölməsi bu qurumun ən böyük və ən çətin yüklü bölməsidir. Zira bu bölmə bilavasitə müstəqil dövlətimizin milli ideologiyasının – ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyasının elmi problemlərinin öyrənilməsi və təbliği ilə bağlıdır. Nərgiz xanımın, sözün əsl mənasında, zərif çiyinləri bu ağır yükün altında bir Atlant dəyanəti göstərir. Düzdür, bu şərəfli yükün çəkilməsində AMEA-nın prezidenti, hörmətli akademik Akif Əlizadənin, eləcə də AMEA-nın vitse-prezidenti, hörmətli akademik İsa Həbibbəylinin həmkarlıq və qardaşlıq köməyini və qayğısını da danmayaq gərək!

Yazımızda dahi Nizami Gəncəvinin “İskəndərnamə” poemasındakı qadın hökmdar Nüşabə ilə kiçik bir müqayisə aparmağı lazım bildim. Zənnimizcə, nənə Nüşabəni nəvə Nərgizlə yaxınlaşdıran cəhətlər çoxdur. Bunlardan biri də elə mərdanəlikdir. Mərd, qürurlu, eyni zamanda, öz soyuna, öz yuvasına, öz kökünə qarşı zərif bir qayğıkeşlik hər iki xanımı yaxınlaşdıran sifətlərdir.  Buna görə heç də artıq olmazdı ki, Nizamiyə bir də qayıdaq, onun başqa bir qadın qəhrəmanı – Şirin haqqında dediyi tərifi yada salaq:

 

Sanki bir pəridir, pəri yox, bir ay,

Qəhrəman bir qızdır, başda kəlağay!

 

Akademik Nərgiz Axundovanın başında kəlağay görməmişəm; əvəzində dərin bir intellekt, analitik düşüncə, Vətən, xalq sevgisi, elmimiz yolunda fədakarlıq, həmkarına, dostuna tükənməz hörmət və qayğı görmüşəm!

Müdrikliyinin gəncliyinə başladığı iki otuz yaşında əziz və hörmətli Nərgiz xanıma zirvəyə qalxdığı bu çətin və şərəfli yolda yeni-yeni uğurlar, Qafqaz və Qarabağ sağlamlığı arzu edirik!

 

Xalqqazeti

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015