AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan dilinin beynəlxalq arenaya çıxması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Avg 01, 2019 | 12:45 / Müsahibələr, çıxışlar
Oxunub 35 dəfə

Milli varlığımızın rəmzi olan Azərbaycan dilinin dünya dilləri sırasında olması, inkişafı və zənginləşməsi istiqamətində dövlət tərəfindən çox mühüm addımlar atılıb. Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ilə əlaqədar ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin imzaladıqları fərman və sərəncamlar dilimizin saflığının qorunmasına yönələn məqsədyönlü siyasətin nəticəsidir.

Ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini məhz ulu öndər Heydər Əliyev 1969-cu ildən dövlət siyasətinə çevirmişdir. Azərbaycan dilini qoruyub saxlamaq, inkişaf etdirmək, onun mənşəyini, formalaşmasını, sabitləşməsini müəyyənləşdirmək Ulu Öndərin həyat amalı olub. Onun böyük xidmətləri nəticəsində Azərbaycan dili daha geniş arenaya çıxaraq müxtəlif rəsmi görüşlərdə, Avropa Şurası və BMT-nin mötəbər tədbirlərində səslənib. Ümummilli Liderin səyi nəticəsində SSRİ dövründə ölkəmizdə rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib, Azərbaycan dilində nəşr edilən bir çox mətbu orqanlar yaradılıb, çoxcildli “Müasir Azərbaycan dili” kitabları ərsəyə gətirilib. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan dil siyasətinin uğurlu nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva bildirib. O deyib ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə həmin il avqustun 1-nə kimi ölkəmizdə latın əlifbasına keçidin kütləvi şəkildə təmin edilməsi xalqımıza və onun dilinə tükənməz məhəbbətinin və qayğısının əyani təsdiqidir. Məhz bundan sonra ölkəmizin təhsil sistemində, mətbuatda, idarəçilik işlərində bu istiqamətdə olduqca əhəmiyyətli işlər aparılmaqdadır. Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən, avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Artıq 18 ildir ki, ölkəmiz ana dili ilə bağlı bu mötəbər, qürur doğuracaq günü rəğbət və ehtiramla qeyd edir. Zəngin xüsusiyyətlərə malik olan, xalqımızın milli sərvəti sayılan Azərbaycan dilinin bu gün beynəlxalq arenaya çıxması, qüdrətli və mükəmməl bir dil olaraq dünyada tanınması, dilin hərtərəfli mövqeyinin möhkəmləndirilməsi dil siyasətinin bünövrəsini qoyan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir məqsədyönlü addımdır.

Alim bildirib ki, ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Ölkə başçısının bu istiqamətdə apardığı ardıcıl tədbirlər və genişmiqyaslı islahatlar ictimaiyyət tərəfindən daim alqışlanır və böyük rəğbətlə qarşılanır. Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması ana dilimizə çox böyük önəm verilməsinin bariz göstəricisi, dərin hörmət və ehtiramın təcəssümüdür. Bəli, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir.

Dahi Liderin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, keçmişimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri bütövlüklə həll etdi. Bu Sərəncamla latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi baş tutdu. Dövlətimizin başçısının 2004-cü il yanvarın 13-də imzaladığı “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamı həyata keçirdiyi uğurlu addımlarından biridir. Bu sərəncamlar mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynayır və ana dilimizin inkişafına böyük qayğının təzahürüdür. Təqdirəlayiqdir ki, Ulu Öndərin dil siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev müxtəlif tədbirlərdə çıxış edərək həmişə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə və milli-mənəvi dəyərlərimizə xüsusi qayğı ilə yanaşır.

Ölkəmizdə dilçilik sahəsində mövcud olan bir sıra boşluqları aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan dilinin digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımların atılması, müasir dillərin nəzəri cəhətdən araşdırılması, ana dilinin keçdiyi inkişaf mərhələlərini dolğun əks etdirən fundamental əsərlərin yaranması kimi məsələlər öz əksini tapıb.

A.Məşədiyeva vurğulayıb ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı da Azərbaycan dilinə göstərilən yüksək diqqət və böyük qayğının parlaq təzahürüdür. Bu Sərəncamda 2013-2020-ci illər ərzində Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması, dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi, Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin artırılması və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi və s. mühüm məsələlər öz əksini tapıb. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015