AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi çap olunub
İyl 29, 2019 | 11:51 / Yeni nəşrlər
Oxunub 24 dəfə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin təsisçisi olduğu “Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb. Jurnalın elmi redaktoru Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.

Akademiklər Kamal Abdullayevİsa HəbibbəyliMöhsün Nağısoylu, professorlar Elbrus Əzizov, Əsgər Rəsulov, Buludxan Xəlilov, Rüfət Rüstəmov və digər alimlərin daxil olduğu redaksiya heyəti jurnalın ilk buraxılışını yüksək dəyərləndirib.

Jurnalda türk tərcümə tarixinə baxış, Ruhi Bağdadi “Divan”ı dilinin fonetik xüsusiyyətləri, ortaq ünsiyyət dilinin yaradılmasında mövcud problemlər və onların aradan qaldırılması, milli mənsubiyyətini itirməkdə olan türkdilli xalqlar, müasir türk dillərində söz yaradıcılığı, “Oğuznamə”nin dilində tabesiz mürəkkəb cümlə, türk dillərində elmi üslubun formalaşması tarixi mövzularında məqalələr öz əksini tapıb.

Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və türk dilləri arasında uyğunlaşma və özünəqayıdışa diqqət yetirilir.

“Türk dilləri araşdırmaları” jurnalının əsas məqsədi öz inkişaf tarixində müəyyən səbəblərdən bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, müasir türk dillərinin fonetik, leksik və qrammatik quruluşunu izləmək, elmi, mədəni, beynəlxalq baxımdan böyük önəm daşıyacaq mövzular üzərində araşdırmalar aparılmasına istiqamət verməkdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015