AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat - Tehran Əlişanoğlunun yazısı
İyl 24, 2019 | 12:58 / Müsahibələr, çıxışlar
Oxunub 46 dəfə

Tehran ƏLİŞANOĞLU
AMEA-nın müxbir üzvü 

Heydər Əliyev bizim müasirimizdir. Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. 

Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev yolunun varisi, Ulu Öndərin dönməz siyasi kursunu XXI əsrdə inamla davam etdirən İlham Əliyev deyir: "Azər-baycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi is-tiqaməti xalqın milli özünüifadəsinin bütün forma və va-sitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının ger-çəkləşdirilməsi ilə səciyyələnmişdir".

Azərbaycan torpağı ulu və qədim olduğu kimi, millətin yaşı da minillərə sığır. Bu torpaqda tarixlər boyu Atabəylər, Şirvanşahlar, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları kimi dövlətlər qurulmuş, ən nəhayət, yüz il öncə demokratik dövlətçiliyin təməli - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Amma bu da həqiqətdir ki, XX yüzildə müasir Azərbaycanın yaşarı modelini məhz müstəqil Azərbaycan dövlətçiliyinin memarı, qurucusu Heydər Əliyev gerçəkləşdirə bilmişdir. Akademik Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" məqaləsində qeyd etdiyi kimi, "XIX əsrdən başlayaraq azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya müstəqil Azərbaycan dövlətinin yaranması ilə başa çatmışdır. Bu gün Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyil. Ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Bu missiyanı isə Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "azərbaycançılıq" ideoloji konstruksiyası öz üzərinə götürüb" (Ramiz Mehdiyev, Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və müasir dövr// Müstəqillik yollarında 25. Bakı, "Şərq-Qərb", 2016, s. 31)

XX əsr Azərbaycan tarixinin ən parlaq, sürəkli, möhtəşəm səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ömrü bəşər tarixinin ən mürəkkəb, təlatümlü, inqilablar epoxası olan XX yüzilin misilsiz tərəqqi və sıçrayışlarının da, görünməmiş bəlalarının da bilavasitə şahidi və tərcümanıdır. 10 may 1923-cü ildə qədim Naxçıvan torpağında dünyaya gəlmiş, 2003-cü ilin 12 dekabr gününəcən zəngin, təkrarsız ömür yaşamış dünya miqyaslı tarixi şəxsiyyətin həyatı Azərbaycan xalqının mücəssəm salnaməsidir. Heydər Əliyevin bioqrafiyası bütünlükdə xalqının həyatına qovuşmuş, ona yeni məna-məzmun gətirmiş, millətin taleyinə çevrilərək onu təmsil etməyə başlamış, ən nəhayət, Müasir Azərbaycanı yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təsbit etdiyi kimi: "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

Akademik İsa Həbibbəyli yazır: "Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında Heydər Əliyev azərbaycançılıq idealının rəmzinə çevrilmişdir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır" (İsa Həbibbəyli, Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2013, s. 6). 

Yaşandıqca, mahiyyətinə vardıqca, ictimai-siyasi həyatımızda, mədəni-mənəvi yaddaşımızda, bilik və təsəvvürlərimizdə süxurlaşan Heydər Əliyev fenomeni daha böyük dəyər kəsb edir, aydın konturlar qazanır. Öyrənildikcə, dərk olunduqca Heydər Əliyev hadisəsi bizə daha da yaxın və doğma olur, milli varlığımızı daha dərindən duymağa-anlamağa kömək edir. O cümlədən, ədəbiyyat Heydər Əliyev dühasının obrazını əxz etməyə, tarixi həqiqətinə yetməyə can atır. Dahi və böyük tarixi şəxsiyyətlərin obrazını yaratmaq zaman-zaman ədəbiyyatı düşündürmüş, zəruri və ümdə problemlərdən olmuşdur. Çün millət tarixinin möhtəşəm epoxaları, Məmməd Arazın sözləri ilə deyilərsə, dahi insanların "çiynində, şöhrətinə yaşayır".

Hələ sovet dönəmində bu həqiqətin dərinliyinə vaqif olan Ulu Öndər Heydər Əliyev yalnız dövlət və ümumittifaq miqyasında dahilərin yubileylər paradına ümummilli maraqları cəlb etməklə qalmır, eyni zamanda, problemi konkret olaraq da ədəbiyyatın qarşısında qaldırırdı. Azərbaycan yazıçılarının 1981-ci il 12 iyun tarixli VII qurultayında Ulu Öndər demişdi: "Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... Nizaminin və Füzulinin, Xaqaninin və Nəsiminin, Axundovun və Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və Məmməd Səid Ordubadinin vətəni öz müasir yazıçılarından və şairlərindən parlaq tarixi əsərlər gözləyir..."

Bu gün artıq gün kimi aydındır ki, milli tarix və ədəbiyyatımızın Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Babək, Əcəmi Naxçıvani, Cəmşid Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov və bir çox digər tarixi simalarının müasir Azərbaycan cəmiyyətinə geniş və kütləvi surətdə tanıdılmasında, təbliğində, sevilməsində Heydər Əliyevin hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə (1969-1982) atdığı addımların, qəbul etdiyi dövləti qərarların, verdiyi rəsmi sərəncamların müstəsna və misilsiz rolu olmuşdur. Bu gün həm o da məlumdur ki, 1970-1980-ci illər ədəbiyyatında milli keçmişə və tarixi həqiqətə marağın artması, nəhəng tarixi şəxsiyyətlərin parlaq obrazlarının yaradılması da tarixi zərurətin, həmin dövrdə məhz Ulu Öndərin düşünülmüş şəkildə həyata keçirdiyi ədəbi-mədəni siyasətin, təmin etdiyi yaradıcılıq atmosferinin nəticəsində olmuşdur.

Anarın "Dədə Qorqud" kino-dastanı və əsasında çəkilmiş film, İsa Hüseynovun "Məhşər" romanı və əsasında ərsəyə gəlmiş "Nəsimi" filmi, Ənvər Məmmədxanlının "Babək" romanı və əsasında eyniadlı film, Eldar Quliyevin çəkdiyi "Nizami" filmi, Qabilin "Nəsimi" poeması, Fərman Kərimzadənin Ş.İ.Xətainin obrazını yaratdığı "Xudafərin körpüsü", "Çaldıran döyüşü" dilogiyası, Mirzə İbrahimovun Nəriman Nərimanovun həyat yolundan söz açan "Pərvanə" romanı, İlyas Əfəndiyevin "Natəvan", "Şeyx Məhəmməd Xiyabani", Bəxtiyar Vahabzadənin Göytürk imperiyasından söz açan "Özümüzü kəsən qılınc", Nəriman Həsənzadənin "Atabəylər" pyesləri, Rəfael Hüseynovun "Cavidlər" və s. onlarca bədii əsərlər məhz aktuallanmış zamanın mövzusu kimi, tarixi yaddaşın oyanması nəticəsində yaranmış, müasirlərimiz böyük tarixi şəxsiyyətlərin obrazları ilə canlı dialoqa girmək şansı qazanmışlar.

Bir zamanlar tarixi dəyərini verdiyi, layiqincə qiymətləndirdiyi və geniş tanıtmağa nail olduğu nəhəng tarixi simalar sırasında bugün Heydər Əliyevin özünün də yeri, obrazı aydın görünür. Bu, hər şeydən öncə, Ulu Öndərin dahilərə ucaltdığı və özünün də ucaldığı idrak pilləsi, mücəssəmidir. Heç təsadüfi deyil ki, Ulu Öndərin ədəbiyyata, mədəniyyətə, ümumən Azərbaycan ictimai və bədii fikir tarixinə dərindən bələdliyindən, ona verdiyi yüksək dəyərdən söz açanlar bugün Heydər Əliyevi elə həmin dühaların özləri ilə müqayisə edir, olduqca miqyaslı tarixi obrazını canlandırmağa cəhd edirlər.

Nizami Gəncəvidən söz düşərkən, Nizami ideallarının çağdaş varisi kimi, dahi şairin 840 illik yubileyini, böyük müqavimətlərə baxmayaraq, Sovetlər ölkəsi səviyyəsində keçirməyə nail olan Heydər Əliyev 1981-ci ildə "Literaturnaya qazeta"da çap olunan və həmin dövrdə böyük əks-səda doğuran müsahibəsinə Nizaminin məşhur misraları ilə yekun vurmuşdu. "Qoy ədalət zəfər çalsın!" adlanan bu geniş intervüdə cəmiyyəti maraqlandıran və narahat edən bir sıra digər məsələlərlə birlikdə ədəbiyyat və mənəviyyatla bağlı problemlərə də xüsusi yer ayrılmışdı. Heydər Əliyev Nizaminin səkkiz əsr əvvəl öz əsərlərində irəli sürüb əsaslandırdığı bir çox mənəvi-əxlaqi qənaətlərin, humanizm və ədalətlilik prinsiplərinin bu gün də yaşarı olduğunu, onun yalnız öz doğma xalqına deyil, bütün bəşəriyyətə, insanlığa xidmət etdiyini göstərmişdi" (Teymur Kərimli, Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbiyyat // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 113).

İmadəddin Nəsimidən bəhs açılırkən, Heydər Əliyev obrazında Nəsimi hünərvərliyi qabardılır: 1972-ci ildə bir sıra dairələrin şairi "türkmənləşdirməyə" cəhd etmələrinə rəğmən, "Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi, eləcə də yaxından qayğısı ilə Azərbaycanda keçirilən Nəsimi təntənələri böyük humanist şairin həm soy-kök, həm də yaradıcılıq baxımından daha qədim ədəbi-mədəni ənənələri ilə seçilən Azərbaycan xalqının yetirməsi olduğunu, bununla yanaşı, türkcə danışan bütün xalqların da ədəbiyyatının inkişafında mühüm rol oynadığını bir səslə təsdiq etdi" (Teymur Kərimli, Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbiyyat // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 117).

Məhəmməd Füzulidən danışarkən, Heydər Əliyev Füzuli aliliyinin qoruyucusu və aliməqam tərcümanı olaraq vəsf olunur: "Azərbaycan tarixində Azərbaycan dövlətçiliyinin üç zirvəsi əbədiləşib: Atabəylər, Şirvanşahlar və Səfəvilər. Biz belə hesab edirik ki, Nizami Atabəylər, Xaqani və Nəsimi Şirvanşahlar, dahi Füzuli Səfəvilər fütuhatının yetirmələri idi. Maraqlı burasıdır ki, Heydər Əliyev adıçəkilən sənətkarlara məhz həmin dövlətçilik kontekstində, tarixilik əsasında dəyər verirdi. Məsələn, o, M.Füzulinin 500 illiyini keçirən Dövlət Komissiyasının iclasında demişdi: "Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısında xidmətlərinə verilən qiymətdir. Eyni zamanda, həm də mədəniyyətimizi, tariximizi təbliğ etmək üçün çox əlverişli fürsətdir və biz bundan hərtərəfli istifadə etməliyik". Həqiqətən də, Füzulinin 1994-cü ildən başlayıb XX əsrin sonuna qədər davam edən yubiley tədbirləri təkcə Füzulinin cahanşümul irsinin deyil, həm də orta çağlar Azərbaycan tarixinin təbliğinə çevrildi" (Nizaməddin Şəmsizadə, Heydər Əliyev və Azərbaycançılıq // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 239-240)

Heydər Əliyevin müstəqillik illərində çapdan çıxmış kitablarını dəyərləndirərkən Yaşar Qarayev tarixin min il qabaqkı dərinlərinə baş vurur: "Bir Prezident kimi bu cildlər Heydər Əliyevin ilk kitablarıdır. Və bu ilk kitablar dövlətçilik sahəsində bizim minilliyin əvvəlinin (1069) ilk böyük kitabını mənim yadıma salır: "Xoşbəxtlik haqqında elm" kitabını - "Qutadqu biliyi". Türk dövlətçiliyi haqda informasiya dünyaya ilk dəfə bu kitabdan yayılıb. "Müstəqillik haqqında elm" kitabı! - qarşımızdakı bu beş cildin birlikdə adına da belə bir açıqlama və təfsir vermək olar..." (Yaşar Qarayev, Müstəqillik dövrünün milli öndəri // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Bakı, "Elm", 1998, s. 132)

Akademik Ramiz Mehdiyev Heydər Əliyevin misilsiz dövlətçilik hünərini yalnız tarixin dərinliyində - Şah İsmayıl Xətainin dövlət və dil quruculuğu siyasətində görüb, müqayisə edir: "Məgər Heydər Əliyevin və Şah İsmayıl Xətainin Azərbaycan qarşısında bu və digər xidmətləri onları oxşar tarixi şəxsiyyətlər, həqiqi vətənpərvərlər, öz dövrünün siyasi dühaları hesab etmək üçün bizə mənəvi haqq vermirmi? Onlar müstəqil Azərbaycan dövlətinin yaradılması uğrunda yorulmadan mübarizə aparır, iqtisadi tərəqqinin, elmin, mədəniyyətin, Azərbaycan dilinin və s. qeydinə qalırdılar..." (Ramiz Mehdiyev, Heydər Əliyevlə Şah İsmayıl Xətai - oxşar tarixi şəxsiyyətlər - "Azərbaycan" qəzeti, 25 aprel 2013)

Yaxın tarixlə müqayisədə isə ən çox Nəriman Nərimanov - Heydər Əliyev paralelinə diqqət yetirilir: "XX əsrdə, Azərbaycan dövlətinin mövcud olduğu səksən ilə yaxın bir müddət ərzində xalqın mənəvi sərvətlərinə, onun dilinə, ədəbiyyatına son dərəcə yüksək diqqətlə yanaşmaq, hər vasitə ilə bu mənəvi dəyərlərin inkişafına, tərəqqisinə, yayılmasına çalışmaq baxımından yalnız iki dövlət xadiminin, xalqımızın dövlətçilik və milli inkişaf tarixində diqqətəlayiq rol oynamış iki şəxsiyyətin - Nəriman Nərimanovun və Heydər Əliyevin adlarını qoşa çəkmək mümkündür..." (Teymur Kərimli, Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbiyyat // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 196). Bircə fərqlə: Heydər Əliyev dühası sələfinin buraxdığı tarixi səhvləri dəf edərək, müstəqil Azərbaycan idealını həyata keçirə bilir: "Mübaliğəsiz demək olar ki, bütün Azərbaycan xalqı, ilk növbədə isə Azərbaycan ədəbiyyat və mədəniyyət xadimləri Nəriman Nərimanov tipli yeni milli rəhbəri bir də aradan təxminən əlli il keçəndən sonra, 1969-cu ilin iyulunda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin şəxsində tapdılar. Doğrudur, keçmiş Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayından sonra, Xruşşovun stalinizm buzlarını əritməyə çalışdığı dövrdə Azərbaycana rəhbərlik edən İmam Mustafayev, Mirzə İbrahimov kimi rəhbərlər milli-mədəni inkişaf istiqamətində müəyyən işlər görməyə təşəbbüs göstərmişdilər. Lakin onların istəklərinin bütün nəcibliyinə baxmayaraq, fəaliyyət taktikası və qarşıya qoyulan planların realizə yolları əsaslı şəkildə götür-qoy edilmədiyindən, eləcə də ümumilikdə fəaliyyət strategiyasının mahiyyəti kifayət qədər düzgün müəyyən edilmədiyindən, mühüm nəticələr əldə etmək mümkün olmamışdı..." (Teymur Kərimli, Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbiyyat // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 198).

Bu məqamda Ulu Öndərin tarixi obrazının yalnız müasir Türkiyənin banisi böyük Atatürklə yanaşı gətirilməsindən danışmaq olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan - Türkiyə münasibətlərindən söz açarkən demişdir: "Mustafa Kamal Atatürk dünyanın ən görkəmli şəxsiyyətlərindən biridir. Böyük dövlət xadimi, siyasi xadimdir. Onun Türkiyə qarşısında, bütün türk dünyası qarşısında misilsiz xidmətləri olmuşdur. Ən böyük xidməti isə Türkiyə Cümhuriyyətini yaratmasıdır. Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir..."

Ulu Öndərin Türkiyənin xilaskarı Atatürklə müqayisəsinə ilk dəfə yazıçı Anar 1993-cü ilin 21 sentyabr günündə Heydər Əliyevin ziyalılarla tarixi görüşündəki məruzəsində yer vermişdir: "Azərbaycan bu gün tarixinin, doğrudan da, ən ağır günlərini yaşayır və çoxları kimi mənim də bu ağır günlərdən qurtulmaq ümidlərimiz Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə bağlıdır... Tarixi şəxsiyyətləri müqayisə etmək düzgün deyil, amma ölkələrin düşdüyü tarixi situasiyaların müəyyən oxşarlığı olur. Türkiyənin ən ağır günlərində tarixin meydana çıxardığı böyük bir şəxsiyyət - Atatürk Türkiyəni həm xilas etdi, qurtardı, həm də qurdu, gələcəyini sağlam demokratik əsaslarda qurdu. Əlbəttə, tək əldən səs çıxmaz. Amma müxtəlif əqidələrə sahib olan siyasi xadimlərin birgə səyinə, ziyalıların real yardımına əsaslanan yeni rəhbərliyin Azərbaycanı həm qurtaracağına, həm də quracağına inanmaq istəyirəm..." (Anar, Unudulmaz görüşlər. Bakı, Təhsil, 2009, s. 89-90)

Akademik Nizami Cəfərov "Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir" kitabında hər iki tarixi şəxsiyyətin öz milləti, türk dünyası və bütövlükdə bəşəriyyət qarşısında xidmətlərini geniş şərh etməklə, əsrin təcrübəsini özündə ehtiva edən tarixi obrazın vüsətinə diqqət çəkir: "Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürkə münasibəti yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadiminə yüksək qiymət verməsi deyil, eyni zamanda, tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji təcrübə sisteminin (atatürkçülüyün!) müasir dövrün həm lokal (Azərbaycan), həm də qlobal (ümumdünya) tələblər baxımından dəyərləndirilməsi kimi də diqqəti çəkir. Atatürk türk xalqını, türk dövlətçiliyini, Heydər Əliyev isə Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etmişlər. Və əlahəzrət Tarix dəfələrlə sübut etmişdir ki, bir dahinin fəaliyyəti ondan sonra gələn başqa bir dahinin fəaliyyətində daha mükəmməl, daha canlı şərh olunur..." (Nizami Cəfərov, Azərbaycan Atatürkçülüyü, yaxud Heydər Əliyev Atatürk haqqında. - Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni, Bakı, AzAtaM, 2003, yaz. s. 20)

Ulu Öndərin 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatı ilə mükafatlandırılması da həmin tarixi paralelliyin qanunauyğun sonucu olaraq qiymətləndirilir: "Ümumiyyətlə, Atatürk Sülh Mükafatı dünyanın ən böyük ictimai-siyasi xadimlərinə verilir. Yəni o insanlara ki, öz geniş ictimai-siyasi, ideoloji imkanları ilə bir şəxsiyyət kimi dünyadakı sülh proseslərinə təsir etmək gücünə malikdirlər... Heydər Əliyevin müxtəlif miqyaslarda aparıcı siyasəti sülh yaratmaqdır, gələcək inkişafı sülh şəraitində təsəvvür etməkdir... Ona görə də bu mükafat Heydər Əliyevə əsas təyinatı üzrə verilib" (Nizami Cəfərov, Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir. Bakı, AzAtaM, 2002, s. 15-17)

Heydər Əliyev şəxsiyyətinin ən müxtəlif aspektlərdən doğurduğu assosiasiyalar ədəbiyyatda adının, obrazının, fəaliyyətinin həmçinin, dünyanın məşhur simaları ilə yanaşı qoyulmasını şərtləndirmişdir. Hüseynbala Mirələmov və Viktor Andriyanov "Görkəmli adamların həyatı" (JZL) seriyasından çap olunmuş "Heydər Əliyev" kitabında Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlib Azərbaycanı xilas etməsi fenomenini General de Qollun hakimiyyətə qayıdıb Fransanı tarixi böhrandan qurtarması ilə müqayisə edilir: "1958-ci ilin may ayında Kolombe malikanəsində tənha yaşayan general de Qoll Fransanın çağırışıyla Parisə qayıtdı. 1990-cı ilin iyul ayında Azərbaycanın çağırışıyla Heydər Əliyev özünün Moskvadakı qəriblik həyatından ayrılaraq vətənə döndü. Geri dönəndə hər ikisinin 67 yaşı vardı... Onlar dar gündə öz vətənlərini xilas etmək üçün qayıtdılar. Biri - Fransanın birliyini və müstəqilliyini, o biri isə - Azərbaycanın bütövlüyünü və suverenliyini təmin etmək naminə..." (Viktor Andriyanov, Hüseynbala Mirələmov, Heydər Əliyev. Bakı, "Nurlan", 2008)

Xalq yazıçısı Anar "Unudulmaz görüşlər" əsərində Heydər Əliyevin böyük iradə, cəsarət, ağıl və mübarizə əzmi sayəsində "Kreml həbsi"ndən qurtulub, xalqının azadlığı uğrunda zəfər yürüşünə başlamasını Napaleonun sürgündən qurtulub Fransada yüz günlük hakimiyyətə gəlişi ilə qiyas edir: "Amma məsələ ondadır ki, Heydər Əliyevin müzəffər qayıdışı yüz gün çəkmədi, ömrünün sonuna qədər davam etdi" (Anar, Unudulmaz görüşlər. Bakı, Təhsil, 2009, s. 85)

Xalq yazıçısı Elçin də 1992-ci ildə qələmə aldığı "Dünya axirət əkini" essesində Heydər Əliyevi Napoleonla yanaşı gətirir, amma fərqli tarixi kontekstdə. Sovet dönəmini nəzərdə tutaraq Elçin yazır: "Artıq çox uzaqlarda qalmış aspirantlıq illərində haradasa oxumuşdum ki, (deyəsən, akademik Tarlenin fikridir) sarsıdıcı inqilablardan, yakobinçilikdən və cəmiyyətin lyumpenləşməsindən sonra XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Fransada Napoleon hadisəsi zərurət idi, amma bu adamın məhz Korsikalı Bonapart olması təsadüfdür. Bu fikri şəxsiyyətlərin müqayisəsi üçün yox, iqtibas etmək üçün xatırladıram. Fikirləşirəm ki, görünür, Azərbaycanda da 28 apreldən, "bəysizləşdirmə"dən, kollektivləşdirmədən, 37-dən sonra, o dövr üçün Əliyev hadisəsi zərurətin ifadəsi idi. Bəlkə də fatalizmə qapılıram, amma dediyim odur ki, Azərbaycanın öz tam müstəqilliyi uğrundakı mübarizəsindən əvvəl imkan daxilində özünütanıtma və özünütəsdiq mənasında yəqin ki, "Əliyev dövrü"ndə bir zərurət var idi..." (Elçin, Seçilmiş əsərləri. 10 cilddə, 6-cı cild, Bakı, Çinar-Çap, 2005, s. 234)

Tarixin ekstremal situasiyalarında Heydər Əliyev hünərinin miqyas və mənası ədəbiyyatda Şekspir ehtirasları ilə müqayisə olunur, ölçülür: "Ölkələrin və xalqların tarixində və taleyində elə məqamlar olur ki, həmin çətin dövrlərdə yaranmış ağır siyasi-hərbi vəziyyət, ictimai-iqtisadi və mənəvi böhran Şekspirvari "ölüm, ya olum" sualını sərt şəkildə meydana qoyur. XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir gerçək sual qarşısında idi... Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tarixin bu cür məsuliyyətli məqamında ölkənin və dövlətin milli qurtuluşu vəzifəsini yerinə yetirmək, həyata keçirmək zərurəti ilə üz-üzə qalmışdı. Böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də Zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş zəngin siyasi təcrübəyə malik Heydər Əliyev Azərbaycan xalqı qarşısında həmin məsuliyyətli tarixi vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir..." (İsa Həbibbəyli, Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2013, s. 11-12)

Heydər Əliyevin tarixi obrazının təfsirindən söz gedərkən o fikir də diqqəti çəkir ki: "zira, zaman keçdikcə, Azərbaycan torpağında, Türk dünyasında və ümumiyyətlə, dünyada insan nəsilləri bir-birini əvəzlədikcə hər nəslin öz Heydər Əliyevi olacaq, hər nəsil öz Heydər Əliyevinə öz dünyagörüşü, öz problemləri baxımından yanaşacaq və onu narahat edən suallara bu nəhəng şəxsiyyətin çoxyönlü fəaliyyət arenasında cavablar tapacaq. Necə ki, bu gün hər bir azərbaycanlı onu düşündürən suallara cavab almaq üçün öz Nizamisinə, öz Füzulisinə, öz Cavidinə, öz Mirzə Cəlilinə, öz Sabirinə üz tutur" (Teymur Kərimli, Vilayət Quliyev, Heydər Əliyev və klassik ədəbiyyat // Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 92).

Belə ki, ilk növbədə, ədəbiyyat mövzuya özünə yaxın, görünən tərəfdən, bilavasitə: "Heydər Əliyev və ədəbiyyat" müstəvisindən yanaşır. Bu baxımdan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup aliminin (Bəkir Nəbiyev, Yaşar Qarayev, Məhərrəm Qasımlı, Vilayət Quliyev) hazırladığı (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998)  və 2009-cu ildə daha təkmil variantda Dövlət Mükafatına layiq görülmüş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabını (Bakı, "Şərq-Qərb", 2009) göstərmək olar. O cümlədən, kitaba daxil olan "Heydər Əliyev haqqında etüdlər" (Bəkir Nəbiyev), "Müstəqillik dövrünün milli öndəri" (Yaşar Qarayev), "Heydər Əliyev və Azərbaycan folkloru" (Məhərrəm Qasımlı), "Heydər Əliyev və klassik ədəbiyyat" (Teymur Kərimli, Vilayət Quliyev), "Heydər Əliyev və ədəbi proses" (Nikpur Cabbarlı), "Heydər Əliyev və azərbaycançılıq" (Nizaməddin Şəmsizadə) oçerkləri Heydər Əliyevin vətənpərvər bir dövlət xadimi kimi milli ədəbiyyatın təbliği və inkişafına göstərdiyi əvəzsiz xidmətini üzə çıxarmaqla yanaşı, eyni zamanda, onu ensiklopedik biliyə malik ədəbiyyat bilicisi, ədəbiyyatın himayədarı və mesenatı kimi də təqdim edir.

Eyni zamanda, Heydər Əliyevin fəaliyyətinin miqyası o qədər əhatəli, geniş və hüdudsuzdur ki, adekvat obrazını yaratmaq müasirləri üçün çətin və hətta müşkül olmuşdur: "Onu yaxından tanıyanların müşahidələri də sübut edir ki, Heydər Əliyev on illər boyu öz yüksək erudisiyası, zəngin bilik ehtiyatı, heyrətamiz təhlil qabiliyyəti, hər bir mövzuya yaradıcı münasibəti ilə qarşısında çıxış etdiyi auditoriyanı məhz həmin sahə üzrə ixtisaslaşması həqiqətinə inandıra bilmişdi. Buna görə də memarlar onu memar, kino işçiləri kinoşünas, tarixçilər tarixçi, ədəbiyyatçılar ədəbiyyatşünas kimi qəbul edirdilər. Onun politologiya, dövlət idarəçiliyi, iqtisadiyyat, bank-maliyyə işi və s. sahələrlə bağlı nitq və çıxışlarını, mülahizə və fikirlərini də buraya əlavə etsək, gözlərimiz önündə həqiqətən də XX əsrdə siyasətçilər və dövlət xadimləri arasında lap az təsadüf edilən bir ensiklopedistin, özəlliklə də yorulmaq nə olduğunu bilməyən bir humanitarın yaddaqalan, koloritli obrazı canlanar" (Bəkir Nəbiyev, Heydər Əliyev haqqında etüdlər // Bəkir Nəbiyev, Seçilmiş əsərləri. Beş cilddə, 4-cü cild, Bakı, "Çinar-Çap", 2009, s. 12).

Bəlkə də buna görədir ki, Ulu Öndərin ədəbiyyatda bədii obrazı tədricən, bu və ya digər yöndən ehtiva olunur, tarixən dərk olunduqca daha çox və aydın görünməyə başlayır. 2018-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırladığı "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" adlı monoqrafiyada (İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova. Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala. Bakı, "Elm və təhsil", 2018) ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq bədii ədəbiyyatın Heydər Əliyev fenomeninə münasibəti, reaksiyası, dahi şəxsiyyətin bədii əsərlərdə obrazının təcəssümlənməsi məsələləri sistemli tədqiq olunur.

Kitabdan görünür ki: Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyi təbii bir heyrət və heyranlıq hissi doğurmuş və heç təsadüfi deyil ki, ən çox və ilk olaraq poeziyada əks olunmuşdur. Heydər Əliyev fəaliyyətinin çoxçeşidliyi, suqqestivliyi, mürəkkəbliyi ən çox ədəbi publisistika və esseistikanın predmeti olmuş, ən müxtəlif aspektlərdən təcəssümünü tapmışdır. Heydər Əliyevin həyat və bioqrafiyasının müxtəlif dövrlərindən süjet və epizodlara üz tutan bədii proza tarixiliyə diqqət yetirməyə, Ulu Öndərin obrazını daha çox dolayısı, hadisələrdən, xalqın, cəmiyyətin, bu və ya digər qəhrəmanların nəzərindən canlandırmağa üstünlük vermişdir.

Bu günlərdə "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" monoqrafiyasının 2-ci kitabı çapdan çıxmışdır (Bakı, "Elm və təhsil", 2019). Müəlliflər (İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova) tədqiqatın davamı olaraq Heydər Əliyevin tarixi obrazının ədəbi mühitdə, dramaturgiya və teatrda, xarici publisistikada, ədəbiyyatşünaslıqda təcəssümünü izləmiş, Heydər Əliyev ideya və ideallarının günümüzdə - İlham Əliyev erasında davam və inkişafına diqqət etmişlər. Habelə akademik İsa Həbibbəyli ayrıca olaraq "İlham Əliyev erası" oçerkində İdealın gerçəkləşməsi yolları və istiqamətlərinə nəzər salmışdır.    

Ulu Öndər Heydər Əliyevin tarix səhnəsində oynadığı rolun misilsizliyi bugün artıq danılmaz həqiqətdir. Bu isə mövzuya daha yaxından müdaxilə və müraciət etməyi tələb edir. Heydər Əliyevin zəngin ideya və mənəvi irsinin elmi öyrənilməsi, mənimsənilməsi ilə yanaşı, tarixi obrazının bədii dərki, canlandırılması zərurəti də gündəmdədir.

 

525.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015