AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Rəsmi dövlət qəzeti nümunəsi: ənənə və müasirlik
İyl 22, 2019 | 10:48 / Müsahibələr, çıxışlar
Oxunub 41 dəfə

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi,

akademik Teymur Kərimli

 

 Yüz il sonra sorsan: "Bəs o, hardadır?”

Hər beyti səslənər: "Burda, burdadır!”

                                                         Nizami GƏNCƏVİ

  

XI yüzilliyin böyük Türk dilçi alimi, folklorşünası Kaşğarlı Mahmudun (1008-1105) "Divanu lüğat-it-Türk” əsərindəki Yaxın və Orta Şərqin Türk arealını əks etdirən məşhur xəritəsində Türk etnosunun geniş yayıldığı ölkələrdən biri kimi Azərbaycanın ("Ərzi-Azərbadkan”) adı da qeyd olunmuş və sərhədləri göstərilmişdir.

Bu böyük alimin dünyaya gəlişindən düz 910 il sonra həmin ərazidə eyni adlı bir qəzet dünyaya göz açdı: "Azərbaycan”. Bu hadisə 15 sentyabr 1918-ci ildə, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan, dünya poeziyasına və ədəbi-fəlsəfi fikrinə Nizami Gəncəvi (1141-1209) kimi bir düha bəxş etmiş, xalqımızın çoxəsrlik azadlıq mübarizəsinin verdiyi ən böyük nemətin - demokratik respublikanın ilk paytaxtı Gəncə şəhərində baş vermişdi.

İlk "doğuluşunda” cəmi iyirmi aya yaxın bir ömür sürdü; kobud bolşevik çəkmələrinin ağırlığı, sinəsinə qələm əvəzinə tuşlanmış bolşevik süngülərinin qanlı qorxusu altında səhifə gözlərini qapasa da, ölmədi, 70 illik bir "qış” yuxusuna getdi. Azərbaycanın dahi vətənpərvər şairi Mirzə Ələkbər Sabirin başqa bir mətbu orqanımızın qapanması münasibətilə ürək ağrısı ilə dediyi kimi: "Bir badi-xəzan əsdi, gülüstan da qapandı...”

Yox, "Azərbaycan” qəzeti qapanmadı, sadəcə ünvanını dəyişdi - müvəqqəti olaraq vətənsevər ziyalılarımızın azadlıq eşqi, müstəqillik yanğısı ilə döyünən ürəklərinə köçdü - bir gün yenidən "əbədi və dönməz” (Ümummilli Lider Heydər Əliyev) olaraq Azərbaycan övladlarının qucağına qayıtmaq, barmaqlarının mehriban təmasını duymaq üçün.

"Azərbaycan” qəzetinin nəşrinə qədər Azərbaycan mətbuatının onilliklərlə ölçülən zəngin ənənələri vardı və bu ənənələrin davam və inkişaf etdirilməsi Şərqdə ilk demokratik respublikanın rəsmi orqanının "çiyinləri” üzərinə düşürdü. Bu qəzetə qədər Avropa tipli müasir Azərbaycan mətbuatı yarım əsrə yaxın şərəfli bir yol keçmişdi və bu 50 ildə dünya mətbuat tarixi xəzinəsinə kifayət qədər layiqli töhfələr vermişdi.

"Əkinçi” (1875-1877) ilə mətbuat tarixinə qədəm qoymuş Azərbaycan mediası 1906-cı ildə "Molla Nəsrəddin”lə özünün ilk zirvə nöqtəsini fəth etdi. Əlbəttə, bu sırada Azərbaycan sosial-ədəbi-fəlsəfi fikrinin qoşa qanadları kimi yanaşı çırpınan "Həyat” və "Füyuzat” nəşrlərinin də tarixi xidmətlərini unutmayaq gərək. Bu məsələni dərin elmilik prizmasından qiymətləndirən akademik İsa Həbibbəyli yazmışdır: "Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin” jurnalı Azərbaycan demokratik mətbuatının bayraqdarı, mollanəsərddinçilər isə azərbaycançılıq və müstəqil dövlətçilik idealı uğrunda dönmədən mübarizə aparan mətbuat ordusu idilər. Əli bəy Hüseynzadənin "Füyuzat” jurnalı mətbuatda romantik cəbhəni formalaşdıran məktəb vəzifəsini yerinə yetirmişdir”.

"Azərbaycan” qəzetinin meydana çıxmasına qədər keçilmiş bu qısa zaman kəsiyi ərzində mətbuatımız özünün simasını tapdı, öz təkraredilməz üslubunu müəyyənləşdirdi, mütərəqqi humanist səsini dünya mətbuatının səsinə unison köklədi.

"Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri” kimi nəzərdə tutulmuş və bu funksiyanı daşıyan "Azərbaycan” qəzeti üzərinə qoyulan bu məsul vəzifəni şərəflə yerinə yetirməklə bərabər, həm də müstəqil dövlətin və xalqın həyatının bir çox sahələrinə işıq salırdı.

Xalq Cümhuriyyəti dövründə qəzetin cəmi 881 sayı (Azərbaycan dilində 443, rus dilində 438 say) işıq üzü görmüşdü. "Qış yuxusundan” sonrakı oyanışında 1000-ci sayının çapdan çıxması münasibətilə qəzetin kollektivini təbrik eləyən Ümummilli Lider Heydər Əliyev yazırdı: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən AXC (Azərbaycan Xalq Cümhuriyyəti - T.K.) kimi, "Azərbaycan” qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi həyatda layiqli yerini tutdu”.

XX əsrin əvvəllərində Azərbaycanın ən böyük ziyalılarından biri kimi şöhrət tapmış, "Azərbaycan” qəzetinin nəşrə başlamasından cəmi iki ay öncə Gəncədə erməni quldurları tərəfindən qətlə yetirilmiş Abbas Səhhətin (1874-1918) məşhur bir sözü var, deyir ki: "Sabir İran inqilabına bir ordu qədər xidmət göstərmişdir”. Eynilə "Azərbaycan” qəzeti də nəşrə başladığı dövrdən səpdiyi azadlıq toxumları, Azərbaycan xalqının istiqlal mücadiləsində oynadığı müstəsna rol ilə bir ordu qədər xidmət göstərmişdir. Məhz buna görə "Azərbaycan” qəzeti ən müxtəlif rakurslardan işıqlandırılaraq xalqın və dövlətin sosial-siyasi, mədəni-mənəvi, ədəbi-tarixi həyatına, həlli vacib problemlərinə obyektiv güzgü tutan bir tribuna kimi araşdırılmağa və qiymətləndirilməyə layiqdir.

Obyektivliyə maksimum dərəcədə nail olmaq, həyat həqiqətinə sədaqət, sosial-siyasi problemlərin labirinti içərisində ən optimal yolu seçə bilmək, ağrılı problemlərin həlli yollarını sağlam məntiqin qanunları ilə müəyyənləşdirmək - hər bir mətbuat orqanının qarşısında duran şərəfli vəzifələr sırasındadır. Bütün bu və başqa bu kimi vəzifələrin öhdəsindən alın açıqlığı və üz ağlığı ilə gəlməyə nail olmuş "Azərbaycan” qəzetinin Vətən və Millət qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Prezident İlham Əliyev xüsusi halda demişdir: "Azərbaycan” qəzeti peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir”.

Dahi Nizami sanki 800 il bundan öncə "sarı medianı” nəzərdə tutaraq yazmışdı:

 

Doğrunu yazmağa var ikən imkan,

Neyçün gəlməlidir ortaya yalan?

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu söyləmək daha xoş olar!

 

Bu gün bütün dünyada sensasiya dalınca qaçaraq işi-gücü yalan-palan quraşdırmaqdan ibarət olan minlərlə bulvar qəzetlərinin, internet saytlarının içində "Azərbaycan” qəzeti kimi mətbu orqanlar yalan və böhtan "dəryası” içində ucalan qocaman dağlar kimi vüqarla dayanmaqdadırlar. Böyük vətənpərvər şairimiz Mirzə Ələkbər Sabirin obrazlı şəkildə dediyi kimi:

 

Seyli-tən öylə təməvvüclə alıb dövrü bərim,

Bənzərəm bir qocaman dağa ki, dəryada durar...

 

Mətbuat aləminə göz açdığı gündən üzərinə böyük bir missiya götürən "Azərbaycan” qəzeti hər şeydən öncə bu missiyanı adında ifadə etmişdir. "Azərbaycan” sözü ölkədə və bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlılar üçün böyük dünyanın kiçik modeli, kiçik bir dünyadır və bu dünyanın bütün yönlərinə ayna tutub, olduğu kimi böyük dünyaya və hər şeydən öncə isə xalqın özünə təqdim etmək, onun maddi-mədəni dəyərlərini lazımi səviyyədə təbliğ etmək və sevdirmək media mənsubundan Azərbaycan boyda bir ürək və bu ürəkdə Azərbaycan boyda bir sevgi tələb edir. Əcəba, hali-həyatda olduğu 30 ildən artıq bir dövr ərzində "Azərbaycan” qəzetini araya-ərsəyə gətirənlərdə Azərbaycan boyda bir ürək, bu ürəkdə Azərbaycan boyda bir sevgi, bir vurğunluq, bir heyranlıq var idimi? Bu sualın cavabı üçün bir qədər tarixə baş vuraq.

Qəzetin ilk redaktorları, ilk yazarları, ilk müəllifləri kimlər idi?

Heç şübhəsiz ki, Azərbaycanın o keşməkeşli dövrdəki say-seçmə övladları, millətin önündə gedən ziyalılar, düşüncə ağaları və qələm sahibləri, ərdəmli kişilər və qeyrətli vətəndaşlar. Onların təkcə adlarını sadalamaq əslində bizə hər şeyi deyir: Azərbaycanın, Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda qələmə sarılanların başında Ceyhun bəy Hacıbəyli durdu.

Ondan sonra görəlim kimlər gəldi?

Azərbaycan peşəkar musiqisinin beşiyi başında duran, xalqımızın şan-şöhrətli oğullarından Üzeyir bəy Hacıbəyli gəldi. "Çal qələmin, ağam Ceyhun, yetdim!” - dedi.

Onun ardınca görəlim kimlər gəldi?

Qəzetin rus variantının ilk redaktoru Səfi bəy Rüstəmbəyli gəldi. "Çal qələmin, bəyim Üzeyir, yetdim!” - dedi.

Onun ardınca görəlim kimlər gəldi?

Ədib, tərcüməçi, terminoloq Xəlil İbrahim gəldi. "Çal qələmin, bəy Üzeyir, yetdim!” - dedi.

Onun ardınca görəlim kimlər gəldi?

Qəzetin yazarları da redaktorlardan az şöhrətli deyildilər. Kimlər idi "Azərbaycan” qəzetinin müəllifləri?

Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əhməd Cavad, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn, Ümmügülsüm Sadıqzadə, Şəfiqə Əfəndizadə, Əlabbas Müznib, Məmməd Sadıq Axundzadə, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtılı, Hacı İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid, Behbud ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski...

Bir mətbu orqanı öz oduna-alovuna, işığına nə qədər millət, Vətən pərvanəsi yığa bilərmiş! Onların ardınca görəlim kimlər gəldi...

Nə yazıq ki, daha gələn olmadı. Burada "Azərbaycan” qəzetinin şanlı-şərəfli tarixinin birinci mərhələsi bitir. Qəzetin bugünkü baş redaktoru, sələflərinin layiqli xələfi və onların işini yüksək səviyyədə davam etdirən Milli Məclisin deputatı Bəxtiyar Sadıqov yazır: "...Şahidlər söyləyirlər ki, parlamentin (Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti - T.K.) son iclasında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın (bolşevik istilası - T.K.) Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtü ilə ağlamaq səsi eşidilir və hamı kədərlə geriyə dönür. Ağlayan "Azərbaycan” qəzetinin baş redaktoru Səfi bəy Rüstəmbəyli idi”.

Kim bilir, bəlkə 650 illik yubileyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qeyd etməyə hazırlaşdığımız və axarı ilin onun şərəfinə adlandırıldığı dahi Azərbaycan şairi Seyid İmadəddin Nəsimi də günahsız yerə qətl olunmuş ustadı Fəzlullah Nəimidən ayrılarkən beləcə ağlaya-ağlaya demişdi:

 

Ey müsəlmanlar, bu gün ol yar pünhan ayrılır,

Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır!

 

Aylar keçdi, aylar illərə döndü. İllər keçdi, illər onillərə döndü. Beləcə, qos-qoca, amansız yeddi on il yeddibaşlı əjdaha kimi Azərbaycan adlı gözəl məmləkəti öz zalım halqalarında, qıvrımlarında sıxdı, sıxdı... ancaq boğa bilmədi.

Ulu Öndər azad, müstəqil, yeni, güclü bir Azərbaycan qurdu. "Azərbaycan” qəzeti də dərindən nəfəs aldı, əbədi və dönməz həyatına başladı. Akademik İsa Həbibbəylinin çox sərrast olaraq göstərdiyi kimi: "Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra "Azərbaycan” qəzeti sözün həqiqi mənasında əsl rəsmi dövlət qəzeti kimi fəaliyyət göstərməyə başlamışdır”.

İstər 1918-1920-ci illərdə, istərsə də müstəqillik dövründə "Azərbaycan” qəzetinin öz adı ilə səsləşən başlıca məramlarından biri də azərbaycançılıq ideyasının təbliği olmuşdur. Doğrudur, bu ideyanın çox qədim kökləri vardır; ancaq onun məhz mükəmməl bir ideologiya şəklində formalaşdırılaraq dünyaya təqdim edilməsi Ulu Öndər Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Həm də Ulu Öndərin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə əlamətdar olan 2019-cu ildə, qətiyyətlə demək olar ki, azərbaycançılığın mükəmməl bir ideologiya formasına salınmasının da yarım əsrlik yubileyi tamam olur və onu da qeyd edək ki, məhz Azərbaycan üçün taleyüklü 1969-cu ildən Heydər Əliyevin Vətən və xalq sevgisi ilə dolu olan səyi nəticəsində ozamankı rəsmi qəzet olan "Kommunist” bir bolşevik mətbu orqanı olmaqdan çıxaraq üzünü Azərbaycana, Azərbaycan xalqına çevirməklə azərbaycançılıq ideologiyasının formalaşdırılmasının da əsasını qoymuşdur. Məgər Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində müttəfiq respublikanın Birinci Şəxsinin Azərbaycan dilində nitq söyləməsi azərbaycançılıq ideologiyasının təməl daşlarının möhkəm və sarsılmaz bünövrə üzərində qurulması demək deyildimi! Və onu da nəzərə alaq ki, bu tarixi nitq ilk dəfə Azərbaycan KP MK-nın orqanı olan "Kommunist” qəzetində ana dilində nəşr olunmuş, yalnız bundan sonra rus dilinə tərcümə edilmişdi!

Bu gün "Azərbaycan” qəzeti 50 illik bir tarixi olan möhtəşəm ideologiyanın təbliği yolunda qeyrət kəmərini belindən bir an belə açmadan bütün gücü ilə çalışmaqdadır.

Bu gün "Azərbaycan” qəzeti təkcə rəsmi dövlət qəzeti deyil, həm də Azərbaycanın elitar mətbu orqanıdır. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan dağları üçün dediyi məşhur ifadəni iqtibas etsək, deyə bilərik ki, "Azərbaycan” qəzeti Azərbaycanın kişi qəzetidir, sanballı, ciddi, ağırtaxtalı media orqanıdır.

Qeydlərimi Ulu Öndərin aforizm səciyyəli bir fikri ilə bitirmək istərdim: "Azərbaycan” qəzeti respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirir”.

Ümummilli Liderin təsbit etdiyi bu şərəfli yolda 101 yaşlı "Azərbaycan” qəzetinin yaradıcı kollektivinə yeni-yeni uğurlar diləyir, fəaliyyətinin növbəti - akademik İsa Həbibbəylinin "XXI əsrin müstəqil dövlətçilik və inkişaf tribunası. İlham Əliyev dövrü” kimi müəyyən etdiyi müasir mərhələdə daha uca zirvələrə yüksəltməyi arzu edirik.

 

Teymur KƏRİMLİ,

akademik

 "Azərbaycan" qəzeti, 21 iyul 2019-cu il

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015