AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Görkəmli şərqşünas alim Rüstəm Əliyevin anadan olmasının 90 illiyi qeyd edilib
İyl 03, 2019 | 05:05 / Konfranslar, iclaslar
Oxunub 144 dəfə

İyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Rüstəm Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi sessiya keçirilib.

Tədbirdən öncə Şərqşünaslıq İnstitutunun əməkdaşları Rüstəm Əliyevin İkinci Fəxri xiyabanda məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova açaraq Rüstəm Əliyevin Azərbaycan şərqşünaslığını dünya miqyasında tanıdan alimlərdən olduğunu qeyd edib. O, Rüstəm Əliyevin keçdiyi ömür yolunun hər bir alimə örnək olduğunu vurğulayaraq, onun gələcək nəsillər üçün böyük bir elmi miras qoyduğunu söyləyib.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli isə Rüstəm Əliyevi azərbaycanşünas alim kimi xarakterizə edib və onun nizamişünaslıqda xidmətlərinin əvəzsiz olduğunu deyib.

“Rüstəm Əliyevin həyatı və elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva dünya şöhrətli şərqşünas Rüstəm Əliyevin Azərbaycan xalqının elm və mədəniyyət tarixində tək-tək parlayan zəkalardan olduğunu, orta əsrlər İran, Azərbaycan, ərəb və türk filologiyası sahəsində yüksək intellektə malik bu görkəmli alimin farsdilli ədəbiyyatın tədqiqi və nəşri, mənbəşünaslıq və mətnşünaslıq sahələri üzrə apardığı tədqiqatların onun istedadının, zəhmətsevərliyinin və elmə məhəbbətinin bəhrəsi kimi yarandığını vurğulayıb.

G.Baxşəliyeva bildirib ki, fenomenal yaddaş, sərbəst düşüncə tərzi, yüksək intellekt, dilləri öyrənmək məharəti Rüstəm Əliyevin elmi fəaliyyətində böyük rol oynayıb. Rus, fars, ərəb, ingilis, türk dillərini mükəmməl bilməsi ona Şərq və Qərb ədəbiyyatlarını orijinaldan oxumaq imkanı verirdi. Hər bir mətnin, mövzunun mahiyyətini, fəlsəfi mənasını dərindən duymaq, tez qavramaq, azad duyum və düşüncə tərzinə, dərin hiss və ağıla, yüksək natiqlik istedadına malik olmaq, dünyanın müxtəlif ölkələrində elmi və siyasi mövzularda mühakimələrinin qətiliyi, məntiqiliyi, cəsarəti və pafosu ilə dinləyicilərini heyran etmək qabiliyyəti Rüstəm Əliyev fenomenini səciyyələndirən xüsusiyyətlər kimi ona Şərqdə və Qərbdə böyük şöhrət qazandırmışdı.

Qeyd edilib ki, alimə şöhrət gətirən, onu Şərq və Qərb aləmində geniş tanıtdıran Firdovsinin “Şahnamə”, Ömər Xəyyamın rübailərinin, Sədi Şirazinin “Bustan” və “Gülüstan” əsərlərinin elmi-tənqidi mətninin tərtibi, tərcüməsi və tədqiqi olub. Sonralar alim Nizaminin “Sirlər xəzinəsi”nin elmi-tənqidi mətninin və “Fəzlullah Nəimi Təbrizi və İmadəddin Nəsimi Şirvaninin fars divanı”nın tərtibi kimi mühüm elmi işlərin öhdəsindən gəlib.

Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi “Dünya miqyaslı iranşünas” mövzusunda məruzəsində görkəmli şərqşünas alim Rüstəm Əliyevin elmi yaradıcılığından, onun İran və farsdilli Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsərlərinin elmi-tənqidi mətnlərinin hazırlanmasında, rus və Azərbaycan dillərinə tərcüməsində müstəsna xidmətlərindən danışıb. Rüstəm Əliyevin fenomenal istedadı sayəsində hələ gənc yaşlarından başlayaraq, dünya şərqşünaslığının nüfuzlu mərkəzlərində öz sözünü dediyini, Azərbaycan elmini yüksək ləyaqətlə təmsil etdiyini vurğulayan M.Məhəmmədi görkəmli alimi XIX əsrin ikinci yarısında və XX əsrin ilk onilliklərində çiçəklənmə dövrünü yaşayan klassik şərqşünaslıq məktəbinin parlaq davamçısı kimi dəyərləndirib: “Filoloji mahiyyətli bu məktəbin əsasını Şərq dillərinə dərindən bələdlik, əlyazma nüsxələrinin tekstoloji tədqiqi və əksər hallarda tərcüməsi, bu zəmində tarixi-ictimai reallıqlar, fəlsəfi-əxlaqi konsepsiyalar və bədii sistemlər haqqında mülahizələrə keçid təşkil edirdi. Belə bir məktəbin ənənələrinə söykənən Rüstəm Əliyev təbii ki, geniş profilli bir şərqşünas idi və Peterburqda təhsil alması da buna əlverişli şərait yaratmışdı. Buna baxmayaraq, Rüstəm Əliyev, ilk növbədə, iranşünas idi, onun dar ixtisası fars dili və ədəbiyyatı, eləcə də bütövlükdə farsdilli ədəbiyyat idi”.

Rüstəm Əliyevin bu sahədə ən mühüm və ən geniş tədqiqatlarının Sədi Şirazi yaradıcılığı ilə bağlı olduğunu deyən M.Məhəmmədi alimin həm namizədlik, həm də doktorluq dissertasiyalarının Sədi irsinə, konkret olaraq, onun iki şah əsəri “Gülüstan” və “Bustan”a həsr olunduğunu, həm də bu əsərlərin təkcə elmi-tənqidi mətnlərini hazırlamadığını, eyni zamanda, onların məzmunu və poetikası barədə ciddi elmi mülahizələrini ortaya qoyduğunu vurğulayıb.

M.Məhəmmədi, həmçinin Rüstəm Əliyevin tanınmış şərqşünas M.N.Osmanovla birlikdə Kembric nüsxəsi əsasında Ömər Xəyyamın rübailərini ruscaya tərcümə etməsini və farsca mətn, müqəddimə və şərhlərlə birlikdə nəşr etdirməsini xatırladıb, alimin iranşünaslıq fəaliyyətinin ən parlaq səhifələrindən birinin Firdovsinin “Şahnamə”sinin elmi-tənqidi mətninin 9 cildlik Moskva nəşrinin 4, 5 və 8-ci cildlərini hazırlaması olduğunu deyib. Çıxışda, həmçinin Rüstəm Əliyevin iranşünaslıq fəaliyyətinin onun farsdilli Azərbaycan ədəbiyyatı, o cümlədən Nizami, Nəsimi və Füzuli irsi üzərində tədqiqatları ilə tamamlandığı qeyd edilib. Bildirilib ki, Rüstəm Əliyev 1974-cü ildə Tehranda İmadəddin Nəsimi və Fəzlullah Nəiminin fars divanını nəşr etdirib, 1958-ci ildə Füzulinin “Leyli və Məcnun”u, 1959-cu ildə isə qəzəlləri Rüstəm Əliyevin “Ön söz” və izahları ilə Moskvada rus dilində çap olunub.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidovun “Rüstəm Əliyev ərəbşünas kimi” mövzusunda məruzəsi dinlənilib. İ.Həmidov bildirib ki, əsas elmi fəaliyyət sahəsi iranşünaslıqla – farsdilli ədəbiyyatın tədqiqi, mətnşünaslıq məsələləri ilə bağlı olan Rüstəm Əliyev ərəb dilində yaradılmış və təsiri dünya mədəniyyətinə keçmiş sivilizasiyanı sadəcə öyrənməklə kifayətlənməyib, eyni zamanda, bir ərəbşünas kimi fəaliyyət göstərib. Rüstəm Əliyevin ərəb filologiyasına ciddi marağı hələ Leninqrad Dövlət Universitetində təhsil aldığı illərdən başlayıb. O, akademik Kraçkovskinin tələbəsi kimi ərəbşünas Rozenin ənənəsini davam etdirib və L.Z.Pisarevski ilə birgə universitet tələbələri üçün “Ərəb müntəxəbatı”nı hazırlayıb.

İ.Həmidov tanınmış ərəbşünasların və ərəb alimlərinin Rüstəm Əliyevin bu sahədəki fəaliyyəti ilə bağlı söylədikləri fikirləri də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, onun şərqşünaslıq sahəsində fəaliyyəti Azərbaycan–ərəb ədəbi-mədəni əlaqələrinin genişlənməsinə təsir göstərməklə bərabər, Azərbaycanda ərəbşünaslığın inkişafına xeyli kömək edib.

Məruzələrdən sonra Rüstəm Əliyevin Moskvada yaşayan oğlu Med Əliyevin tədbir iştirakçılarına videomüraciəti səsləndirilib.

Daha sonra akademik Möhsün Nağısoylu, professorlar Mehdi Kazımov, Vilayət Cəfərov, Rəhim Əliyev, Mahirə Quliyeva, Şəfəq Əlibəyli, Şahin Fazil çıxış edərək Rüstəm Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Rüstəm Əliyevin ailəsi adından yaxın qohumu Əli Həsənov çıxış edərək, yubiley tədbirinin təşkilatçılarına təşəkkürünü bildirib.

AZƏRTAC 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015