AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Cəfər Cabbarlı şəxsiyyəti xatirələrdə
İyn 25, 2019 | 09:31 / Müsahibələr, çıxışlar
Oxunub 55 dəfə

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyi Prezident İlham Əliyevin Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Bununla yanaşı, ədibin yaradıcılığı ədəbiyyatşünas alimlər tərəfindən yenidən tədqiq olunur, onun haqqında elmi məqalələr yazılır.

 Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Cəfər Cabbarlı şəxsiyyəti xatirələrdə” sərlövhəli məqaləsini təqdim edirik.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, nasir, şair, tərcüməçi, kinossenariçi, teatrşünas və jurnalist Cəfər Cabbarlının Əlyazmalar İnstitutunda şəxsi arxiv fondu mühafizə olunur. Ümumilikdə 759 saxlama vahidindən ibarət olan 16 nömrəli arxivdə yazıçının dram əsərləri, ssenariləri, hekayə və librettoları, şeirləri, məqalə və çıxışları, məktubları və ona ünvanlanan məktublar, şəxsi sənədləri, ədəbi fəaliyyəti ilə əlaqədar materiallar, eləcə də təsviri və ailəvi sənədlər mühafizə olunur.

İstər şəxsi arxivində, istərsə də nəşr olunan kitablarında Cəfər Cabbarlının irihəcmli xatirəsi qeydə alınmayıb. Bu, çox güman ki, onun dünyasını erkən dəyişməsi ilə əlaqədar olub. Lakin yazıçı bəzi çıxış və məqalələrində özü haqqında, gördüyü işlər haqqında məlumat verib, müəyyən əsər barədə mülahizələrini qeyd edib. Məsələn, “Şahsənəm” librettosu haqqında çıxışında Cabbarlı əsəri necə tərtib etdiyini aydınlaşdırır: “Mən öz librettomu hazır musiqiyə uyğun yazmağı söz vermişdim. Qliyer sonuncu dəfə Bakıya gələndə onun qarşısında belə bir məsələ qoyuldu: biz mövcud süjet əsasında orijinal opera yaratmaq istəyirik. O dedi:

- Mən indi cavab verə bilmərəm, çünki Qalperinlə razılaşmamışam.

Qliyerə təklif etdilər:

- Cabbarlı ilə işləmək istəyirsinizmi?

O cavab verdi ki, əgər Smoliç razı olsa, etiraz etmərəm.

Biz Smoliçin yanına getdik və onunla razılığa gəldik. Onu da deyim ki, mən bir daha əvvəl təklif etdiyim hissəni dəyişdim. Smoliç Moskvada bizimlə tam razılaşdı. Bundan sonra il yarım əvvəl librettoda nəzərdə tutduğum məsələləri bütünlüklə dəyişdim. Yalnız xalq əfsanəsi süjetinin ümumi hissəsi qaldı. Sonra başqa işləri gördüm: səhnələri və surətləri dəyişdirdim”.

Cəfər Cabbarlı “1905-ci ildə” tamaşası haqqında çıxışında da əsəri nə məqsədlə qələmə aldığını, hansı təəssüratın onu bu işə sövq etdiyini belə izah edib: “1905-ci ildə” əsərini yazarkən mən öz qarşımda 1905-ci ildə Bakıda olan bütün inqilabi hadisələri əhatə etmək vəzifəsini qoymamışam. Bu mövzu öz bədii həllini gözləməkdədir. Bu məsələ ətrafında hələ tam bir əsər yazılmamışdır. 1930-cu ildə Zaqafqaziyanı gəzərkən aldığım təəssürat məni bu pyesi yazmağa sövq etmişdir”. Beləliklə, Cəfər Cabbarlı hər iki xalqın tarixini dərindən öyrənməyə başlayır və bunları bir-biri üzərinə salan rus çarizminin müstəmləkə siyasətini göstərən pyes üzərində işləmək qərarına gəlir. O, 1905-ci ili bir fon seçərək pyesi yazır.

1930-cu ilin mayında Cəfər Cabbarlı Azərbaycan Dram Teatrı heyətinin tərkibində ümumittifaq olimpiadasında iştirak etmək üçün Leninqrada (Sankt-Peterburq) gedib. Bu görüşdən aldığı təəssüratı “Leninqrad xatirələri”ndə qələmə alıb. O, səfər zamanı gördüklərini və müşahidə etdiklərini yazıya köçürüb. “Leninqrad xatirələri” ədibin qələmə aldığı yeganə xatirədir. Əlavə olaraq demək lazımdır ki, onun “Mən “Almaz” ssenarisini nə üçün yazdım”, “Əfqanıstan” pyesi üzərində işləyirəm”, “Böyük vəzifələr uğrunda” və digər bu kimi məqalələrində də Cəfər Cabbarlı şəxsiyyəti göz önündədir.

Ədib “Almaz” ssenarisini tərtib etməyə onu vadar edən mülahizələri və qızların qəzalara getməməsinin səbəblərini izah edir. Bəzi qızlar isə “xalq və dövlət qarşısında öz borcunu necə olursa-olsun ödəmək istəyərək ata evindən qaçıb gedir və öz böyüklərini göz yaşı ilə inandırmağa müvəffəq olmadıqda qohumları ilə əlaqəni büsbütün kəsirlər. Bütün belə halların baş verməsi ailənin xasiyyətindən asılıdır. Bəzi qızlar rayona gəlib müəllimlik edərkən öz vəzifələrini yalnız şagirdlərin dəftərlərini düzəltməkdən ibarət bilir və heç bir ictimai iş aparmırlar... İstəyirik ki, qızlarımızda ictimai işə həvəs oyadaq, onların mübarizə iradəsini və cürətini artıraq. Hamı Almazı sevəcək və onunla ayaqlaşmağa çalışacaq. Almazın cəsarəti, möhkəmliyi ağır dəqiqələrdə belə qızlar üçün təskinlik və ilham mənbəyi olacaqdır”.

“Əfqanıstan” pyesi üzərində işləyirəm” məqaləsində Cəfər Cabbarlı keçən əsrin iyirminci illərində Azərbaycan teatrının durumundan bəhs edərək yazıb: “Az tanış olan obrazlar, az tanış olan vəziyyət işçi auditoriyası tərəfindən çətinliklə qəbul edilir və çox zaman ona çatmırdı, nəticədə teatr tamaşaçılar qarşısında müvəffəqiyyət qazanmırdı. Tamaşalara az adam gəlirdi. Pyesi tez repertuardan çıxarmaq və yenisi ilə əvəz etmək lazım gəlirdi. Quruluşların çoxluğu tamaşaların bədii dəyərini aşağı salır və tamaşaçı teatrından üz döndərirdi. Bu bir siqnal oldu. Teatr başa düşdü ki, düz-doğru yol ilə getmir və öz istiqamətini dəyişdi”. Belə bir şəraitdə Cəfər Cabbarlı “Əfqanıstan” pyesi üzərində işləyir. Dramaturqun yazdığına görə, pyesin adı şərtidir və onun məqsədi Avropa imperialistlərinin Şərqdə gizli hiylələrini ifşa etməkdir.

Cəfər Cabbarlı teatr üçün ədəbi işlə yanaşı, əməli fəaliyyətə də qoşulur. Çünki hər bir dramaturq rejissor olmalı və teatrın qanunlarını təcrübi öyrənməlidir. Dramaturq teatrın əsas problemini yalnız onunla sıx əlaqədə həll edə bilər.

Ədibin şəxsiyyəti onun haqqında yazılan xatirələrdə daha aydın görünür. Yazıçının həyat yoldaşı Sona xanımın xatirələrində öz qısa ömür yolunda daima çarpışmalarda olan, bir dəqiqə də dinclik, istirahət bilməyən, öz ailəsini böyük məhəbbətlə sevən, özünü tamamilə sənətə, yaradıcılığa həsr edən bir insanı görürük: “... Cəfər böyük ədib, gözəl insan olmaqla bərabər, eyni zamanda, qayğıkeş bir evdar, mehriban bir ata, səliqəli bir təsərrüfatçı idi. Öz ailəsini sonsuz məhəbbətlə sevir, bizim hər bir arzumuzu yerinə yetirmək üçün heç nəyi əsirgəmirdi. Ailəmiz böyük, maddi vəziyyətimiz ağır olsa da o, bizi heç nədən korluq çəkməyə qoymurdu”.

Xatirə müəllifi əsərdə Cabbarlının ona yazdığı məktublardan istifadə edib. Bu məktublarda böyük sənətkarın daxili aləmi bütün incəlikləri ilə canlanır. Bundan əlavə, xatirələrdə Cəfər Cabbarlının əsərləri üzərində necə işlədiyi, oradakı surətlərin həyatdan götürüldüyü, hətta bir çoxlarını şəxsən tanıdığı maraqlı bir dillə qələmə alınıb.

Tanınmış teatr xadimləri, qələm sahibləri – Mərziyə Davudova, İsmayıl Hidayətzadə, İsmayıl Dağıstanlı, Mustafa Mərdanov, Seyid Hüseyn, Süleyman Rüstəm, Məmməd Arif, Mirzə İbrahimov, Məmməd Rahim, Rəsul Rza və başqaları Cəfər Cabbarlı haqqında maraqlı xatirələr yazıb, onunla bağlı hər günü, saatı, hər anı şirin duyğularla xatırlayıblar. Bu xatirələrdə Cəfər Cabbarlı sadəlik, səmimilik, təvazökarlıq mücəssəməsi kimi səciyyələndirilib. Məsələn, yazıçı Seyid Hüseyn yazırdı ki, Cəfər Cabbarlıda “bəzi gənc yazıçılarda görünən lovğalıq yox idi. O, özünü bir həvəskar adlandırırdı. Cəfər həmişə yaş etibarilə özündən böyük yazıçılara ehtiramla yanaşıb, onlardan bir şey öyrənmək istəyirdi”.

Böyük dramaturqun əsərlərində qadın rollarının mahir ifaçısı Mərziyə Davudova aktrisa kimi püxtələşməsində “Oqtay Eloğlu”, “Aydın”, “Sevil”, “Od gəlini”, “Almaz”, “1905-ci ildə” əsərlərində oynadığı rolların ona böyük təsiri olduğunu vurğulayıb.

Cəfər Cabbarlı dostluqda çox möhkəm, vəfalı idi. O, yaşca özündən kiçik, ədəbiyyatda yenicə tanınmağa başlayan gənc şairlərlə dostluq edərdi. Məmməd Rahim yazırdı: “Mən Cəfəri nə böyüyə, nə də kiçiyə qarşı bir dəfə də olsun sərt və qaba rəftar edən görmədim. Zahiri görünüşü adama elə təsir bağışlayırdı ki, sanki o, çox əsəbidir. Əlində çox zaman bir şey oynadardı. Küçə ilə gedərkən bəzən navalçalara yumruq vurardı. Lakin daim gülümsər görünən gözlərindən bir mehribanlıq, bir qayğı yağar, işıq saçılardı”.

Dramaturqun əsərlərinin tamaşalarından böyük həyəcanla danışan xatirə müəllifləri həm də onların tamaşaçılara göstərdiyi böyük təsir qüvvəsini qeyd ediblər. Cəfər Cabbarlının əsərləri oxucu və tamaşaçılara yalnız mənəvi qida verməklə deyil, eləcə də onları öyrətmək, tamamilə dəyişmək iqtidarına malik idi.

Xatirələrdə Cəfər Cabbarlının əsərlərinə nəinki xatirə müəlliflərinin, eyni zamanda, ədibin özünün də münasibəti aydınlaşır. Belə ki, Rəsul Rzanın, Şəmsəddin Abbasovun xatirələrindən məlum olur ki, Cabbarlı “Dönüş” əsərini xüsusi bir məhəbbətlə sevirdi. Bununla bağlı Rəsul Rza yazıb: “Tamaşa qurtaranda “Dönüş”ün onun o biri əsərlərindən zəif olduğunu dedim. Cəfər həyəcanla: - Yox, yox – dedi, - “Dönüş” mənim bu vaxtacan yazdığım və bundan sonra yazacağım əsərlərimin hamısından yaxşıdır. – Birdən onun səsi dəyişdi, gözləri elə bil ki, yaşardı. Qaynar, nüfuzedici və həmişə xəfif bir təbəssüm gizlənmiş olan bu gözlər sanki dəyişdi. Yerinə bir ana nəvazişinə, bir dost yardımına möhtac qalan gözlər qoyuldu. O, qolumdan tutdu və alçaq bir səslə: - Ata-ana öz şikəst balasını bütün övladlarından çox istəyər – deyə davam etdi”.

Xatirə müəllifləri Cəfər Cabbarlı yaradıcılığına nəzər salır, onun dramlarını dünya və Azərbaycan yazıçılarının əsərləri ilə müqayisə edir, əksər hallarda Cabbarlı sənətinə, Cabbarlı dühasına üstünlük verirdilər. Məlumdur ki, böyük sənətkara çox hücumlar olurdu, ona qarşı böhtan xarakterli çıxışlar edilirdi, kəskin tənqidi məqalələr yazılırdı. Lakin Cəfər Cabbarlı istedadlı olduğu qədər də təmkinli və səbirli idi. “Cabbarlıda ədəbi tənqidə qarşı çox mədəni bir münasibət vardı, hətta haqsız, ədalətsiz tənqid ona pis təsir edəndə də özünü saxlamağı, əsəbiliyini büruzə verməməyi bacarırdı. Doğrudan da çox tez-tez eşitdiyi ədalətsiz və hətta cahilanə tənqidi də o, zahiri etinasızlıqla qarşılayırdı”. Dostları ondan soruşanda – bu haqsız çıxışlara nə üçün cavab vermirsən? – O gülümsəyərək sakitcə deyirdi: “- Nə cavab verim, özünüz görürsünüz də, deyirlər ki, bu mənim şəxsi fikrimdir. Mən belə görürəm, belə anlayıram, fikir söyləmək üçün hər kəs azaddır. Qoy kim nə istəyir, onu da desin. Ancaq məni nahaqdan tənqid edənlər başa düşsələr ki, onların hər hücumundan sonra mən daha da qanadlanıram, daha da yazmağa və işləməyə həvəsim artır, inan ki, belə etməzlər”.

Görkəmli ədib Məmməd Səid Ordubadi də “Bakıda ikinci kərə” xatirəsində Cəfər Cabbarlının ona qarşı edilən yüzlərlə çıxışı cavabsız buraxdığını, düşmənlərinə nə şifahi, nə də mətbuat vasitəsilə cavab verdiyini yazıb.

Onun qəti cavabı daha qüvvətli və daha dəyərli əsərlər yazmaqdan ibarət idi. Cəfər Cabbarlı ilə tanışlıq, yoldaşlıq, səmimi dostluq bir çoxlarının həyatını ömürlük aktyorluq sənətinə bağlamışdı. O, hər bir aktyorun yaradıcılıq inkişafı haqqında düşünür, onunla rol üzərində işləyir, ümumilikdə bütün kollektivin qayğısını çəkirdi. Böyük dramaturq çox vaxt tamaşadan sonra aktyorun nöqsanını üzünə deyərdi, həm də elə deyərdi ki, heç kim ondan inciməzdi. O, hər bir aktyorun sözləri rolun xarakterinə uyğun şəkildə tələffüz etməsinə xüsusi önəm verərdi.

Göründüyü kimi, Cəfər Cabbarlının çıxış və məqalələrində onun öz əsərləri, ədəbi fəaliyyəti haqqında qeydləri, yaradıcılıq hesabatı əks olunub. İstər çıxış və məqalələrində, istərsə də haqqında yazılan xatirələrdə Cəfər Cabbarlı şəxsiyyəti hərtərəfli, bütün çalarları ilə canlandırılıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015