AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Çıraqqala” abidəsi orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nümunələrindən biridir
İyn 19, 2019 | 11:18 / Müsahibələr, çıxışlar
Oxunub 58 dəfə

Prezident İlham Əliyevin 2019-cu il 13 mart tarixli Sərəncamına əsasən “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi üçün Mədəniyyət Nazirliyinə 2 milyon manat ayrılıb. Hündür qaya üzərində tikilmiş bu qala qədim Şirvanın uzaq yerlərini görməyə imkan verməklə yanaşı, çox münasib müdafiə imkanlarına da malikdir. “Çıraqqala”, eyni zamanda, nadir memarlıq nümunəsidir. AZƏRTAC AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi ilə müsahibəni təqdim edir.

- Cəfər müəllim, dünya əhəmiyyətli memarlıq abidəsi sayılan “Çıraqqala” abidəsi, eləcə də bu sözün etimologiyası haqqında bir qədər ətraflı məlumat verərdiniz...

- Azərbaycanın şimal-şərqində, Xəzər sahilindəki keçiddə IV-VI əsrlərdə üç möhtəşəm müdafiə tikilisi – sədd ucaldılmışdı. Cənubdan şimala doğru sıralanan Beşbarmaq, Gilgilçay və Dərbənd sədləri ölkə sərhədini hunların hərbi yürüşlərindən qorumaqla yanaşı, sahildən keçən İpək Yolunu da müdafiə etmək məqsədilə tikilmişdi. Gilgilçay səddi təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən iri müdafiə qurğusudur. Uzunluğu 60 kilometrə yaxın olan bu sədd Xəzər sahilində Gilgilçay hövzəsindən başlayıb Babadağın ətəklərinədək uzanır. Tədqiqatçıların fikrincə, Gilgilçay səddi Sasani hökmdarı I Qubadın (488-531) hakimiyyəti illərində ucaldılıb. Nəhəng sədd bu tip tikililər üçün səciyyəvi olaraq uzun divarlar, xəndəklər, bürclər, qüllələr, qalalar və qala tipli yaşayış məntəqələrindən ibarət idi. Səddin Xəzər sahilindəki düzənlik hissəsi çiy kərpicdən tikildiyinə görə ərəbdilli qaynaqlarda “Sur ət-tin” – “gil divar” adlandırılıb. Səddin dağlıq yerlərdə əsas tikinti materialı daş olub. Onu yerinə görə “Alqun səddi” və “Şabran səddi” də adlandırıblar.

Gilgilçay səddinin dağlıq hissəsinin əsas dayaq məntəqəsi “Çıraqqala” olub. Strateji mövqeyə malik Çıraqqaya dağı üzərində ucaldılmış “Çıraqqala” həm də tipik dağ qalasıdır. Belə qalalar üçün seçilən dağın mövqeyi elə olmalıdır ki, oradan geniş əraziyə və yaxınlıqdan keçən karvan yoluna nəzarət etmək mümkün olsun. Bu dağ adətən dağ silsiləsində ada vəziyyəti tutmalı və onun əlverişli qorunma vasitələri – dərin uçurumlar, yüksək yarğanlar, sərt yamaclar, yalçın qayalar və s. olmalıdır. Bu tələblər baxımından Çıraqqaya dağı ideal yerdir. Onun şimal-şərq tərəfi qayalı uçurum olduğundan oradan dağa çıxmaq mümkün deyil. Dağın qalan tərəfləri də sərt enişli və yalçın qayalıqdır. Qala bütünlüklə qaya üzərində tikilib. Azərbaycan ərazisindəki başqa dağ qalaları ilə müqayisədə “Çıraqqala” üçün bənzərsiz, çox mürəkkəb quruluşu və sərt relyefi olan bir dağ seçilib. Qalanın ən yuxarıda tikilmiş bürcü ilə ən aşağıdakı bürclərinin yer səviyyələri arasındakı fərq 150 metrə yaxındır. Belə ağır və hərəkət üçün təhlükəli yerdə tikinti aparılması özlüyündə bir möcüzəli işdir.

Divar və bürclərlə qapadılmış qalanın sahəsi 20 hektara yaxındır. Müqayisə üçün bildirək ki, Bakı şəhər qalasının – İçərişəhərin ərazisi 21,5 hektardır. Çıraqqaya dağının uçurumlu şimal-şərq tərəfində müdafiə divarlarının tikilməsinə ehtiyac olmayıb. Qalanın ən aşağı hissəsində dörd bürc və onları birləşdirən divarların qalıqları durur. Qalanın giriş qapısı burada yerləşirdi. Qalanın ən qalın divarları (2-5,2 metr) və uca bürcləri dağın qərb tərəfindədir. Onlar relyefə uyğun olaraq pillə-pillə qayanın zirvəsinəcən yüksəlir. Qayanın zirvəsində tikilmiş bürc iri və uca qülləyə çevrilib. Divar bürclərindən birinin çoxqatlı qülləyə çevrilməsi quruluşuna Bayıl qəsrində (1232-ci il) də rast gəlinir. Bürclərin hamısı yarımsilindrik şəkildədir. Baş bürc – qüllə isə üstündə ucaldığı qayanın səthinə uyğun mürəkkəb biçim alıb. Qüllənin indiki yüksəkliyi 18 metrə yaxındır. Onun ilkin yüksəkliyi 20 metr civarında olub. Başqa dağ qalaları kimi, “Çıraqqala”nın da əsas funksiyalarından biri ətrafı yaxınlaşan düşmən təhlükəsindən – hərbi basqınlardan xəbərdar etmək olub. Təhlükə siqnalı onun uca dağ başında yüksələn hündür qülləsinin damında gündüz tüstü, gecələr tonqal alovu ilə Xəzərsahili müdafiə sisteminə ötürülürdü. “Çıraqqala” dinclik çağlarında geniş ərazini nəzarətdə saxlayırdısa, düşmən hücumu zamanı onun uca qülləsi nəhəng bir çırağa çevrilir, təhlükə sorağını dörd bir yana yayıb əhalini xəbərdar edirdi. Tədqiqatçıların fikrincə, “Çıraqqala” adının yaranması onun qülləsinin üstündə zaman-zaman tonqal yandırılması və çox uzaqlardan işıqlı çırağa bənzəməsi ilə bağlıdır. Ancaq indi “Çıraqqaya” və “Çıraqqala” adlarından hansının ilkin yarandığını aydınlaşdırmaq çətindir. Ola bilsin ki, dağ silsiləsinin dominantı olan Çıraqqaya dağının qaya zirvəsi vaxtilə siqnal tonqallarının yandırıldığı yer olub və sonra onun adı üstündə ucaldılmış qalaya da keçib. Memar qala qülləsinin – siqnal çırağının bədii işlənməsinə, gözəlliyinə də böyük diqqət ayırıb. Qalanın bütün divar və bürcləri yonulmamış təbii daşlardan hörüldüyü halda, qüllənin üzlüyündə bişmiş kərpic də işlədilib. Qüllənin xarici və daxili səthlərində daş və kərpic hörgüsünün sıraları bir-birini əvəz edir. Rəng və fakturaları ilə fərqlənən bu üfüqi kəmərlər qüllənin görkəminin bədiiliyini və əzəmətini gücləndirir. Güney Azərbaycanın Miyana şəhəri yaxınlığındakı Zöhnak qalasında divar səthi üfüqi kəmərlər şəklində işlənib. Bu dağ qalasının eramızdan əvvəl I əsrə aid edilən və qaya üstündə ucalan qülləsində prizmatik gövdə bişmiş kərpicin dəyişik hörgü sıraları ilə üfüqi kəmərlərə bölünüb. Şirvanlı memarlıq lay divarların ölçü və faktura ilə fərqlənən üfüqi kəmərlərə bölünməsi üslubunu Şirvanşahların saray binasında uğurla tətbiq ediblər.

“Çıraqqala” orta əsrlər Azərbaycan hərbi memarlığının mükəmməl nümunələrindən biridir. Bu möhtəşəm abidədə şirvanlı memar qala üçün zəruri olan möhkəmliklə yanaşı, bədii-estetik özəlliklərə də diqqət ayırmışdır. “Çıraqqala” Dərbənd qalası kimi, Şirvan memarlıq məktəbinin erkən mərhələsinin sanballı örnəklərindən biridir. Bu məktəbin nümayəndələri bölgənin daş memarlığını bu qalada yeni çalarlar ilə zənginləşdiriblər. “Çıraqqala”dan ХVIII əsrədək möhkəm müdafiə tikilisi kimi istifadə edilib. Yazılı məlumata görə, qala ərazisində Fətəli xanın üçmərtəbəli sarayı olub.

- “Çıraqqala” tarixi kompleksində görüləcək işləri elmi müstəvidə necə dəyərləndirmək olar?

-“Çıraqqala” dəyərli memarlıq və tarixi abidə kimi hələ sovet dövründə mütəxəssislərin diqqətini çəkib. О zaman qalada bərpa-konservasiya işlərinin aparılması üçün bir neçə dəfə cəhd göstərilib, ölçü cizgiləri və layihələr işlənib. Ancaq bu cəhdlərin heç biri gerçəkləşməyib. Müstəqillik illərində “Çıraqqala”ya diqqət xeyli artıb. Bu dəyərli abidənin taleyində ulu öndər Heydər Əliyevin “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli Sərəncamı xüsusi rol oynayıb. Sərəncamda da göstərildiyi kimi, o zaman Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunmasını təmin edən dövlət orqanlarının baxımsızlığı nəticəsində dağılma təhlükəsi ilə üzləşmiş, müəyyən hissələri şüurlu şəkildə dağıdılmış və boşalmış torpaq sahələri şəxsi tikintinin aparılması üçün istifadə edilmiş “Çıraqqala” tarixi kompleksi qoruq elan edilib. Böyük Gilgilçay səddinin bütün qalıqlarını əhatə edən bu qoruğun sərhədlərini dəqiqləşdirən xəritə tərtib edilib. Prezident İlham Əliyevin 2019-cu il 13 mart tarixli Sərəncamı ölkə rəhbərinin memarlıq irsimizə qayğısının yeni təzahürüdür. Respublikanın daha bir dəyərli memarlıq abidəsinin bərpa edilərək dirçəldilməsi üçün tam şərait yaradılıb.

Etiraf edək ki, hazırda “Çıraqqala” abidəsinin, xüsusən onun qülləsinin durumu çox təhlükəlidir. Qaya üstündə ucalan qüllənin özülünün bir qismi, dam örtüyü dağılıb, divarları ciddi zədələnib. Düşünürəm ki, əlaqədar təşkilatlar və mütəxəssislər çox dəyərli bir abidəmizin uçma təhlükəsini aradan qaldırıb ona yeni həyat verəcəklər.

“Çıraqqala” memarlıq və arxeoloji baxımdan ciddi öyrənilməyib. Qalanın ərazisində arxeoloji araşdırmalar aparılmalı, onun plan quruluşu, memarlıq və konstruktiv xüsusiyyətləri dərindən öyrənilməlidir. Yerləşdiyi ərazinin füsunkar təbiəti və qeyri-adi memarlığı ilə “Çıraqqala” nadir turizm abidəsidir. Bərpa layihəsində bu abidənin çevrəsində və içərisində turistlərin hərəkətini asanlaşdıran yollar və pilləkənlərin nəzərdə tutulması zəruridir.

-Memarlıq abidələrimizin qorunması və bərpası, beynəlxalq miqyasda tanıdılması istiqamətində hansı addımlar atılır?

– Azərbaycan ərazisində çoxlu memarlıq abidəsi qeydə alınıb. Müstəqillik illərində bir sıra memarlıq abidələrində əsaslı bərpa-konservasiya işləri aparılıb, onlardan məqsədyönlü istifadə edilməsinə şərait yaradılıb. Bakıda Şirvanşahlar sarayı, Qız qalası, Sınıqqala və Bəylər məscidləri, Şəkidə Xan sarayı, Xan evi və Kiş məbədi, Bərdədə Allah-Allah türbəsi, Şamaxıda Cümə məscidi, Pir Hüseyn xanəgahı və onlarca başqa abidələr zədələrdən, təbii aşınmalardan xilas edilib. Bakıda bir sıra muzey binalarında memarlıq nümunəsi kimi rekonstruksiya işləri aparılıb. Bəzi abidələrin bərpa-konservasiya işlərinə xarici mütəxəssislərin cəlb olunması işlərin keyfiyyətini xeyli artırıb.

Müstəqillik illərində tarix, şəhərsalma və memarlıq abidələrimizin beynəlxalq aləmdə tanıdılmasının yeni və daha yüksək dönəmi başlanıb. İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə, Qobustan Milli Tarix-Mədəniyyət Qoruğu UNЕSKО-nun Dünya İrsi Siyahısına salınıb. Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESKO-nun Dünya İrsi Siyahısına salınması istiqamətində iş davam etdirilir. Gələcəkdə “Atəşgah məbədi” və Naxçıvan türbələrinin də həmin siyahıya təqdimi nəzərdə tutulur. Beynəlxalq tələblərə uyğun bərpa-konservasiya işləri aparılandan sonra “Çıraqqala” tarixi kompleksi – Gilgilçay səddi də dünya abidələri sırasında öz layiqli yerini tuta bilər.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik.

Xatırladaq ki, professor Cəfər Qiyasi Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığı üzrə dəyərli araşdırmalar aparıb. O, “Yaxın-uzaq ellərdə (Orta əsr Azərbaycan memarlarının beynəlxalq əlaqələri haqqında)”, “Nizami dövrü memarlıq abidələri”, “Azərbaycan, qalalar, qəsrlər”, “Erməni kültür terroru” və digər kitabların, habelə Memar Xacə Əlişah Təbrizi, Əcəmi Naxçıvani, Əhməd Naxçıvani, Bakılı Mahmud Səəd oğlu, Təbrizli Əcəm Əli haqqında dəyərli araşdırmaların müəllifidir.

 

AZƏRTAC

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015