AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat İnstitutunda “Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilmişdir.
İyn 14, 2019 | 11:59 / Konfranslar, iclaslar
Oxunub 88 dəfə

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş “Böyük publisistika ənənələrinin müasir təqdimatı” mövzusunda elmi sessiya keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Azərbaycan” qəzetinin 100 ildə keçdiyi şərəfli inkişaf yolundan danışmışdır. Akademik təqdimatı keçirilən “100 yaşlı “Azərbaycan” kitabında “Azərbaycan” qəzetinin tarixindən, uğurlarından, hətta problemlərindən bəhs edildiyini diqqətə çatdırmışdır. O, qəzeti mətbuatımızın etibarlı mənbəyi, zəngin qaynağı kimi səciyyələndirmişdir. Vurğulamışdır ki, “Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olaraq həm bütün xalqı, həm də müxtəlif baxışlı ziyalıları öz ətrafına toplaya bilmişdir. Mətbuat tarixində məktəb yaratmış bu qəzetin Ceyhun Hacıbəyli, Xəlil İbrahim kimi baş redaktorları olmuşdur. Bu gün də həmin ənənələr davam etdirilir.

Akademik bildirib ki, “Azərbaycan” qəzeti ümummilli lider Heydər Əliyevin də sevdiyi, inandığı, etibar etdiyi qəzet olmuşdur. Həmçinin ölkə başçısı İlham Əliyev qəzetin yubileyinin keçirilməsi üçün geniş imkanlar yaratmışdır.

Daha sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Azərbaycanda rəsmi dövlət mətbuat nümunəsi: ənənə və müasirlik” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində “Azərbaycan” qəzetini nəşrə başladığı dövrdən istiqlal yolunda bir ordu qədər xidmət göstərən mətbuat orqanı olaraq təqdir edib. Eyni zamanda, məruzədə qəzetin keçdiyi inkişaf yolu, redaktorları və digər əməkdaşları barədə ətraflı məlumat vermişdir.

Akademik Nizami Cəfərov qəzetin digər üstünlükləri ilə yanaşı, Azərbaycan ədəbi dilinin normalarının qorunmasında xüsusi seçildiyini nəzərə çatdırmışdır.

Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev səhifələrində Ədəbiyyat İnstitutunun əməkdaşlarına da yer verdiyi üçün qəzetin kollektivinə təşəkkürünü bildirmişdir.

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov qəzetin tarixinə nəzər salaraq qeyd edib ki, “Əkinçi” qəzeti ilk mətbuat nümunəsi olduğu kimi, “Azərbaycan” qəzeti də ilk rəsmi dövlət qəzeti olmuşdur. O, əvvəl Gəncədə, sonra Bakıda nəşr olunan qəzetin Cümhuriyyətin süqutundan sonra həbs taleyi yaşamağa məhkum edildiyini bildirmişdir.

Filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev “Azərbaycan”ın bayramı Azərbaycan ədəbiyyatında bayramdır” mövzusunda məruzəsində təqdimatı keçirilən kitab haqqında hərtərəfli məlumat verib, qəzetin müxtəlif tarixi mərhələlərdə sınaqlardan çıxdığını mübarizlik nümunəsi kimi örnək göstərmişdir.

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında hörmətli alimlərə, elm adamlarına təşəkkürünü bildirib. Qeyd edib ki, “Azərbaycan-90” kitabında yalnız Cümhuriyyət dövrü əhatə olunubsa, bu kitabda qəzetin bütün fəaliyyətinə işıq salınmışdır.

Sonda Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin Ədəbiyyat İnstitutu tərəfindən çap edilmiş nadir nüsxəsi “Azərbaycan” qəzetinə hədiyyə olunmuşdur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015