AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
Sərxan Xavəri: “Nəsimi irsinin təhlili adı altında dindən ayələri, surələri, təriqətdən sufi pritçaları bir yerə cəm edib kolleksiya və herbari düzəltmək, adını isə elmi-tədqiqat işi qoymaq! Bu, sovet dövründə Nəsimini ateist kimi qələmə vermək qədər metodoloji yanlışlıqdır”.
İyn 13, 2019 | 04:18 / Müsahibələr, çıxışlar
Oxunub 154 dəfə

AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavəri 31 may 2019-cu il tarixində AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti” mövzusundakı məruzə ilə bağlı çıxış etmişdir.

Məruzə ilə bağlı ətraflı çıxış edən Sərxan Xavəri bildirmişdir ki,  mənim və mənsub olduğum nəslin filoloji görüşlərinin formalaşmasında xüsusi rolu olan Teymur müəllim  respublikada klassik Azərbaycan və Şərq ədəbi-fəlsəfi irsinin nadir bilicilərindən biridir.  O, öz peşəkar bilikləri ilə Nəsiminin bədii-fəlsəfi irsini ən incə çalarlarına qədər izah etməyə, bu mürəkkəb, polisemantik, çoxqatlı  mətnlər üzərində istər tekstoloji, istər filoloji, istərsə də antoloji “analitik qiraət”lə nəinki normativ auditoriyanı, hətta peşəkarları belə  təəccübləndirməyə tamamilə qadir bir tədqiqatçıdır.

 Teymur Kərimli bu gün təqdim etdiyi məruzədə nəzəri-metodoloji olaraq başqa yol tutdu. Onun  Nəsiminin humanizm görüşlərinə   həsr olunan  məruzəsi klassik ədəbiyyat biliciliyindən daha çox, qədim və klassik bədii-fəlsəfi irsə ən yeni, modern nəzəri-metodoloji mövqedən nəzər salmaq, müasir mənəvi-əxlaqi və ictimai problemlər qaldırmaq peşəkarlığı ilə diqqəti cəlb etdi. Bizcə, məruzənin xüsusi elmi dəyəri, novatorluğu və müasirliyi məhz bu məqamla bağlıdır.  

Daha sonra S. Xavəri əlavə etdi ki, hazırda klassik irsə professional-elmi səviyyədə münasibətdə ciddi bir narahatedici  tendensiya müşahidə olunmaqdadır: sənətin, mədəniyyətin,  poeziyanın araşdırılması adı altında təriqətdən, dindən, Qurandan sitatları:  “ayələri”, “surələri”, “hədisləri” arayıb-arıtlamaq, dini ayinlərdən kolleksiya və herbari düzəltmək,  adını isə “dissertasiya”, “monoqrafiya”, “elmi tədqiqat işi” qoymaq! Hesab edirik ki, bu, sovet dövründə Nəsimiyə ateist mövqedən yanaşmanın özü qədər metodoloji yanlışlıqdır.

  O, bildirdi ki, XX əsr Azərbaycan humanitar elmi düşüncəsinin zirvəsi professor Yaşar Qarayev yazırdı ki, Nəsimiyə təkcə Nəimidən baxmaq – XIV əsrin düşüncə və şüur kontekstində dayanmaq, donub-qalmaq deməkdir: həm Nəsimiyə, həm də Nəiminin özünə məhz XXI əsrdən – baxmaq lazımdır.

Daha sonra S. Xavəri əlavə etdi ki, “ Nəsimiyə XXI əsrdən baxmaq!” ideyası zahirən nə qədər sadə görünsə də,  özündə bir neçə elmi fənn istiqamətinin, xüsusən filologiya, sosiologiya, fəlsəfə və antropologiyanın metodoloji vəhdətini zəruri edir.  Xüsusi qeyd edilməlidir ki, akademik Teymur Kərimlinin “Nəsimi humanizminin ümumbəşəri əhəmiyyəti” mövzusunda məruzəsi məhz belə bir multidissiplinarlığı, müasir nəzəri-metodoloji yanaşma özəllikləri ilə diqqəti cəlb edir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015