AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib
İyn 12, 2019 | 02:21 / Konfranslar, iclaslar
Oxunub 11 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli amerikan yazıçısı Ernest Heminqueyə həsr olunan “Ernest Heminquey: yeni nəsr və müasir insan” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq ədibin yaradıcılığından bəhs edib. Bildirib ki, XX əsr dünya nəsrinin görkəmli nümayəndəsi olan Heminqueyin “Qoca və dəniz” əsəri II Dünya Müharibəsindən sonra bəşəriyyəti sülhə çağıran ən yaxşı əsərlərdən biridir. O, Heminqueyin Azərbaycanda da çox sevildiyini, əsərlərinin tərcümə edilərək dəfələrlə çap olunduğunu diqqətə çatdırıb.

Daha sonra ABŞ Səfirliyinin Mətbuat şöbəsinin müdiri Natan Cons çıxış edərək yazıçının həyat və yaradıcılığından danışıb, Ədəbiyyat İnstitutuna təşkilatçılığa görə minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin nasir, publisist, Heminqueyin əsərlərini dilimizə tərcümə edən Nəriman Əbdülrəhmanlı çıxış edərək yazıçı ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra filologiya elmləri doktoru, professor Gülər Abdullabəylinin “Ernest Heminqueyin əsərləri Avropa dillərində”, filologiya üzrə fəlsəfə doktoru Şükufə Vəliyevanın “Ernest Heminqueyin əsərlərinin strukturu və Amerikan taleyi”, filologiya elmləri doktoru, dosent Səkinəxanım Vəliyevanın “Azərbaycan filoloji və ədəbi mühitində Ernest Heminquey yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovanın “Ernest Heminquey Mərkəzinin fəaliyyəti” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015