AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
MACAR QONAQLAR FOLKLOR İNSTİTUTUNDA
İyn 03, 2019 | 10:00 / Görüşlər
Oxunub 103 dəfə

Mayın 31-də Macarıstandakı “Mədəni irs evi”nin vitse-prezidenti Canos Totun rəhbərlik etdiyi nümayəndə heyəti - Frans List adına Musiqi Akademiyasının müəllimi, araşdırmaçı Canos Sipos, ədəbiyyatşünas Ksaki Eva, beynəlxalq əlaqələr üzrə məsləhətçi Kore Ban Reka və Macarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşı Mixayl Qruber Folklor İnstitutunun qonağı olublar. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimi qarşılayıb və İnstitutun fəaliyyəti barədə geniş məlumat verib. Macarıstan nümayəndə heyətinin rəhbəri Canos Tot bildirib ki, bundan öncə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə görüşüblər.

Gəlişin əsas məqsədi iki ölkə arasında folklor, etnoqrafiya və musiqi sahəsində əlaqələr qurmaqdır. C.Tot Heydər Əliyev Fondunda olduqlarını da qeyd edib. Qonaqlar Folklor İnstitutunun gördüyü işlərlə maraqlandıqlarını və ilk olaraq musiqi və folklor istiqamətində tədqiqat aparmaq istədiklərini bildiriblər. Akademik Muxtar Kazımoğlu son illər görülən işlər barədə, eləcə də “Qarabağ: folklor da bir tarixdir” oncildliyi, Azərbaycan Folkloru Antologiyasının cildləri, yeddi cildlik “Güney Azərbaycan folkloru” və İnstitutun buraxdığı audio-disklərdən geniş bəhs edib, həm arxivlərlə iş birliyinin, həm də regionlara ezamiyyətlərin təşkil olunmasının mümkün olduğunu vurğulayıb. Yaxın gələcəkdə seçilmiş bir bölgəyə hər iki tərəfdən iki-üç nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə ezamiyyətin təşkili nəzərdə tutulub.

Görüşdə Folklor İnstitutunun “Musiqi folkloru” şöbəsinin müdiri, prof. Nailə Rəhimbəyli, “Klassik folklor” şöbəsinin müdiri, dosent Rza Xəlilov, fil.ü.f.d, dos. Sönməz Abbaslı və sən.ü.f.d. Kəmalə Atakişiyeva da iştirak ediblər. Sonda qonaqlara İnstitutun buraxdığı audio-disklər təqdim olunub, xatirə şəkilləri çəkilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015