AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Azərbaycan klassik poeziyasının və ədəbi dili tarixinin Nəsimi zirvəsi - akademik Möhsün Nağısoylu
May 13, 2019 | 03:04 / Müsahibələr, çıxışlar
Oxunub 82 dəfə

 

Azərbaycan dünya ədəbiyyatı xəzinəsinə bir çox görkəmli şəxsiyyətlər, böyük söz ustaları, nadir düha sahibləri bəxş etmişdir: Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli... Azərbaycan klassik ədəbiyyatının nəhəng simalarından, böyük şəxsiyyətlərindən olan bu şairlərin hər biri yaratdıqları əsərlərinin istər yüksək bəşəri dəyərlərinə və işıqlı fikirlərinə, istərsə də bənzərsiz poetik özəlliklərinə görə bütün dövrlərin zamandaşları olan, sağlıqlarında özlərinə heykəl ucaldan əbədiyaşar sənətkarlar, dahi söz ustalarıdır. Azərbaycan ədəbiyyatının bu parlaq simaları sırasında Seyid İmadəddin Nəsiminin özəl yeri və məqamı, xüsusi çəkisi və sanbalı vardır. Bu, bir danılmaz həqiqətdir ki, Nəsimi dedikdə ilk növbədə öz əqidəsi və amalından dönməyən, bu yolda canından belə keçməyə hazır olan əyrilməz və yenilməz bir söz ustası yada düşür, dar ağacından asıldıqda belə başını dik tutan, məğrurcasına dayanan şəhid şair göz önünə gəlir.

Seyid İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. Mütəfəkkir şairin ədəbiyyat tariximizə gətirdiyi yeniliklər sırasında birinci olaraq qüdrətli sənətkarın anadilli poeziyamızda fəlsəfi qəzəlin, xüsusilə də hürufiliyin təbliğinə həsr olunmuş şeirlərin kamil nümunələrinin yaradıcısı olduğunu qeyd etmək lazımdır. Məlum olduğu kimi, Nəsimiyə qədər anadilli ədəbiyyatımızın İzzəddin Həsənoğlu və Qazı Bürhanəddin kimi tanınmış nümayəndələri də fəlsəfi məzmunlu qəzəllər yazmışlar. Lakin bu, danılmaz bir gerçəklikdir ki, onların şeirləri istər insana böyük dəyər verən yüksək humanist fikirlərinə, istər poetik keyfiyyətlərinə, istərsə də dil-üslub xüsusiyyətlərinə görə Nəsiminin fəlsəfi qəzəlləri səviyyəsinə çatacaq dərəcədə deyil.

İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı, bütövlükdə türk dünyası ədəbiyyatına gətirdiyi daha bir yeniliyi türk əruzunu formalaşdırması, onu daha da təkmilləşdirməsi və yüksək məqama çatdırmasıdır. Qeyd edək ki, Nəsimi yaradıcılığında əsas yer tutan qəzəl janrına dair nümunələr əruz vəzninin çeşidli bəhrlərində (rəməl, həzəc, rəcəz, mizare, xəfif, mütəqarib və s.) yazılmışdır. Nəsiminin anadilli şeirləri şəkil və janr baxımından da rəngarəngliyi ilə seçilir ki, bu cəhətdən də böyük şair sələflərindən fərqlənir. Belə ki, mütəfəkkir şair anadilli Azərbaycan ədəbiyyatında məsnəvi şəklində, eləcə də mürəbbe, müstəzad və təcribənd janrlarında ilk dəfə qələmini sınayan qüdrətli söz ustasıdır. İzzəddin Həsənoğlu və Qazı Bürhanəddin yaradıcılığında sözügedən janrlara təsadüf edilmir ki, bu cəhət də Nəsimiyə Azərbaycan ədəbiyyatında yenilikçi, novator bir şair statusunu qazandırmış olur. Bundan əlavə məlum faktlara söykənərək demək olar ki, Nəsimi poetik əsərlərini Azərbaycan türkcəsi ilə yanaşı, fars və ərəb dillərində də yazan ilk Azərbaycan şairidir. Türkiyə araşdırıcıları tərəfindən əlyazmaları aşkara çıxarılan, lakin, indiyədək nəşr edilməyən və Nəsimiyə aid edilən “Müqəddimətül-həqayiq” (“Həqiqətlərin başlanğıcı”) adlı nəsr əsərini də nəzərə alsaq, böyük şairimiz eyni zamanda həm nəzmlə, həm də nəsrlə ana dilində əsər yazmış ilk Azərbaycan müəllifi sayıla bilər.

İmadəddin Nəsimi Azərbaycan klassik ədəbiyyatında daha bir “ilk”ə imza atmış şairdir. Belə ki, İmadəddin Nəsimi anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir. Böyük şair zamanın fövqündə dayanan işıqlı fikirlərinə görə şəhidlik zirvəsinə yüksəldikdən az sonra Azərbaycan şairləri ilə yanaşı, indiki Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Krım torpaqlarında yaşayıb-yaratmış bir sıra söz ustaları Nəsimi yaradıcılığının güclü təsiri altında olmuş, onun şeirlərinə nəzirələr və təxmislər yazmışlar. Həmin sənətkarlar sırasında XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən Nemətullah Kişvəri, Həbibi və Füzulinin, eləcə də XV yüzillikdə yaşayıb-yaratmış Osmanlı şairlərindən Əhməd Paşa və Nicatinin, yenə həmin yüzilliyin çağatay söz ustalarından Lütfi, Səkkaki və Əlişir Nəvainin adlarını çəkmək olar. Maraqlıdır ki, Cahanşah Həqiqi (Qaraqoyunlu), Şah İsmayıl Xətai (Səfəvi) və Sultan Süleyman Qanuni (Osmanlı Türkiyəsi) kimi hökmdar, sultan şairlər də əsərlərində Nəsiminin adını ehtiramla yad etmiş və onun qəzəllərinə çoxlu sayda nəzirələr yazmışlar.

İmadəddin Nəsimi ana dilində qələmə aldığı lirik şeirləri ilə ədəbiyyat tariximizə əbədi möhürünü vuran, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanan, ədəbi məktəb yaradan mütəfəkkir şair olmaqla yanaşı, eyni zamanda milli varlığımız, mənəvi sərvətimiz olan ədəbi dilimizin cilalanması, zənginləşməsi və təkmilləşməsində misilsiz xidmətləri olan qüdrətli söz ustadı kimi tanınır. Nəsiminin yüksək poetik keyfiyyətləri ilə seçilən cilalanmış şeir dili XIV əsr Azərbaycan ədəbi dilinin ən kamil, mükəmməl nümunəsidir. Şairin bənzərsiz şeir dili Azərbaycan ədəbi dilinin lüğət tərkibini incə məna çalarları ilə, bir sıra diqqətçəkici yeni söz və ifadələrlə daha da zənginləşdirdi, ədəbi dilimizi öz tarixi inkişafının ən mükəmməl mərhələsinə, zirvə nöqtəsinə qaldırdı. Azərbaycan ədəbi dilinin parlaq təzahürü olan Nəsiminin  şeir dili zəngin semantik çalarlı, dərin məna tutumlu, axıcı və ahəngdar, yüksək poetik özəllikləri ilə seçilən bir dildir. Akademik Tofiq Hacıyevin yazdığı kimi, Nəsimi “həm ana dilinin bütün leksik-semantik imkanlarını üzə çıxardı, xalq dilinin idrak potensialını aşkar etdi, həm də ərəb və fars dillərindən zərurət həddində məhz ehtiyacı olan qədər, ifrata varmadan material mənimsədi, bununla da Azərbaycan ədəbi dilinin fəlsəfi, elmi ifadəçi səviyyəsini təmin etdi. Nəsimi ədəbi dilin qrammatik qruluşca da müəyyən dərəcə cilalanmasına nail oldu”. Ümumiyyətlə, Azərbaycan ədəbi dili tarixində XIV yüzillik istər rəngarəng dil və üslub xüsusiyyətləri, istərsə də bütövlükdə mükəmməlliyi və kamilliyi baxımından xüsusi bir mərhələni təşkil edir və onun ən yüksək zirvəsində, ən uca məqamında Nəsimi dayanır. Cəsarətlə demək olar ki, orta əsrlər Azərbaycan türkcəsinin şirinliyi və məlahətliliyi, oynaqlığı və axıcılığı, əzəməti və coşqunluğu, lirikliyi və poetikliyi ilk dəfə məhz Nəsiminin anadilli şeirlərinin nümunəsində tam dolğunluğu və mükəmməlliyi ilə yazılı ədəbi dil səviyyəsində parlaq şəkildə özünü göstərir.

 Nəsiminin anadilli şeirləri, xüsusilə də qəzəlləri ilk növbədə milli mənşəli sözlərin bolluğu, hər bir misra və beytin özünəməxsus oynaqlığı və melodikliyi, ahəngdarlığı və ritmikliyi – bir sözlə, musiqililiyi ilə seçilir ki, poeziya üçün  önəmli olan bütün bu keyfiyyətlər də oxucuya, dinləyiciyə yüksək estetik zövq verir, onun könlünü, ruhunu oxşayır, güclü təsir bağışlayır. Qeyd edək ki, bu incə məsələ heç də təsadüfi deyil. Məsələ burasındadır ki, Nəsimi hürufilik məzmunu daşıyan qəzəllərinin bir qismini bilavasitə səma məclislərində dərvişlər tərəfindən oxunmaq məqsədilə qələmə almışdır. Məhz bu səbəbdən də üsyankar şairin qəzəlləri müəyyən mənada uca dağlarda, gen düzlərdə yaşayan çılğın dərvişlərə xas olan özəl bir melodiya və oynaq musiqi havaları üzərində köklənmişdir. Bütövlükdə götürdükdə, Nəsiminin qəzəlləri həm dilinin sadəliyi və axıcılığı, həm də saflığı və təmizliyi ilə seçilir ki, bu da şairin xalq ruhuna, canlı ümumxalq danışıq dilinə söykənməsi, bu tükənmək bilməyən qaynaqdan böyük uğurla və ustalıqla bəhrələnməsi ilə bağlıdır. Şairin aşağıdakı məşhur misralarında bunu əyani şəkildə görmək olar:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyalə nə?

Al ilə ala gözlərin aldadı aldı könlümü,

Alini gör nə al edər, kimsə irişməz alinə.

Qiymətini dodağının dəgmə xəsisə sorma kim,

Mən bilirəm ki, can ilə susamışam zülalinə.

Gözlərinə əsir olan halımı oldur anlayan,

Kim ki bu halə düşmədi, qoy vara kəndü halinə.

Şairin bu qəzəlinin ilk dörd misrasında fikirxəyal sözləri istisna olmaqla bütün sözlər milli sözlərimizdir, türkmənşəli leksemlərdir. Birinci beytdə böyük şairin qafiyə yerində işlətdiyi xəyalinəxəyali cinas qafiyələri özəl bir diqqətçəkiciliyi ilə yadda qalır və yüksək emosiya yaradır. İkinci beyt isə ilk növbədə səslərin xüsusi bir ahəngi, ritmi və melodiyası: “a”“l” səslərinin yaratdığı assonas və alliterasiya ilə diqqəti çəkir və bənzərsiz poetikliyi, qeyri-adi obrazlılığı ilə yadda qalır. Böyük şairin bu beytdə “al” sözünü böyük məharət və yüksək ustalıqla həm “hiylə” (birinci misrada), həm də “qırmızı” (ikinci misrada) işlətməsini də ayrıca olaraq qeyd etmək lazımdır. Nümunədə işlənmiş “könül düşmək”, “könül almaq”, “can ilə susamaq”, “gözə əsir olmaq”, “hala düşmək”, “kəndü halına varmaq” kimi deyim və obrazlı ifadələr isə Nəsiminin canlı xalq danışıq dilinə yetərincə bələdliyindən və ondan böyük məharətlə istifadə etməsindən xəbər verir.

Nəsiminin aşağıdakı misraları da dilinin sadəliyi və saflığı, eləcə də oynaqlığı və ahəngdarlığı ilə diqqəti çəkir:

Yüzüni məndən nihan etmək dilərsən, etməgil,

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.

Bu beyt də ilk növbədə axıcılığı, yüksək ritmi və musiqi ahəngdarlığı ilə seçilir. Nəsimi burada “etmək” sözünü həm təsdiqdə, həm də inkarda, özü də əmr şəklində işlətməklə beytdə yüksək ekspressivlik yaradır, oxucuya böyük estetik zövq duyğuları aşılayır.

Nəsiminin şeir dilinin başlıca qaynağı təbiiliyi və sadəliyi, eyni zamanda yüksək obrazlılığı ilə seçilən ümumxalq danışıq dilidir. 600 ildən də çox bir müddət öncə yazılan bu şeirlərdə xalq ifadə və sözlərinin işlənməsi bugünkü oxucunu heyran  etməyə bilmir. İmadəddin Nəsiminin Azərbaycan bədii-fəlsəfi fikir və ədəbi dil tarixində tutduğu bu cür yüksək məqama görədir ki, böyük şair və mütəfəkkirin ədəbi irsi Azərbaycanda ən çox araşdırılan və nəşr edilən klassik sənətkarlar sırasında ilkin yerlərdən birini tutur.

Böyük şairin əsərləri ölkəmizdə ilk dəfə 1926-cı ildə işıq üzü görmüşdür. Azərbaycan əlyazmalarının toplanması və nəşri sahəsində əsl vətəndaşlıq qeyrəti göstərmiş əlyazmaşünas-mətnşünas alim Salman Mümtaz həmin il “Azərbaycan ədəbiyyatı” başlığı altında baxılan silsilə kitablar seriyasından Seyid İmadəddin Nəsiminin əsərlərini  də bir qədim əlyazma əsasında ərəb əlifbası ilə nəşrə hazırlayaraq oxuculara ərməğan edir. Sonralar – 1962-ci ildə görkəmli ədəbiyyatşünas Mirzağa Quluzadə Nəsiminin “Seçilmiş əsərləri”ni kiril əlifbası ilə nəşr etdirmişdir. Nəsiminin ölkəmizdə keçən əsrdə nəşr olunmuş kitabları sırasında akademik Həmid Araslının 1973-cü ildə tərtib etdiyi şairin “Seçilmiş əsərləri” sanballığı və mötəbərliyi ilə seçilir.

İmadəddin Nəsimi irsinin tədqiqi və nəşri sahəsində dönüş mərhələsi bilavasitə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ana dili və ədəbiyyatına, mədəniyyət və incəsənətə – bir sözlə, mənəviyyat məsələlərinə yüksək dəyər verən ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi nüfuzlu beynəlxalq təşkilat olan YUNESKO-nun tədbirlər siyahısına daxil edilmiş və həmin il geniş şəkildə qeyd olunmuşdur. Bu möhtəşəm yubiley tədbirləri çərçivəsində 1973-cü ildə mətnşünas-dilçi alim Cahangir Qəhrəmanov tərəfindən hazırlanmış Nəsiminin anadilli əsərlərinin elmi-tənqidi mətni ərəb qrafikası ilə nəşr edildi. Azərbaycanda İmadəddin Nəsimi irsinin araşdırılması sahəsində mühüm elmi nailiyyətlərdən sayılan bu dəyərli elmi-tənqidi mətnin hazırlanmasında mütəfəkkir şairin anadilli əsərlərinin 5 əlyazmasından və iki əski nəşrindən istifadə olunmuşdur. Qeyd edək ki, Nəsimi əsərlərinin sözügedən elmi-tənqidi mətni həm şairin ədəbi irsinin tədqiqi istiqamətində gələcək araşdırmalar üçün geniş yol acdı, başlıca qaynaq rolunu oynadı, həm də əsərlərinin müasir elmi nəşrləri işini asanlaşdırdı. Çünki görkəmli rus şərqşünası Yevgeni Bertelsin qeyd etdiyi kimi, hər hansı bir şairin əsərlərinin elmi-tənqidi mətni olmadan onun həyatı və dünyagörüşü, eləcə də yaradıcılığı haqqında dəqiq və düzgün fikir söyləmək çətindir. Onu da əlavə edək ki, professor Cahangir Qəhrəmanov bu sanballı işə girişməzdən öncə 1970-ci ildə Nəsiminin dili mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və həmin il “Nəsimi “Divanı”nın leksikası” adlı dəyərli kitabını nəşr etdirmişdir. Adı çəkilən sanballı kitab Azərbaycanda Nəsimi irsinin bu istiqamətdə araşdırılması sahəsində ilkin araşdırmalardan biri kimi böyük əhəmiyyət daşıyır. Yeri gəlmişkən onu da əlavə əlavə ki, C.Qəhrəmanovun bu kitabı bir sıra məşhur türkoloqların (məsələn, Əmir Nəcibin) tədqiqatlarında başlıca qaynaqlardan biri kimi yer alır.

Yuxarıda qeyd olunduğu kimi, İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinin inkişafında və zənginləşməsində misilsiz xidmətləri olmuşdur. Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alaraq 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adı verilmişdir.

Ulu öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətində də mədəniyyət və ədəbiyyata, eləcə də dövlət atributlarından olan Azərbaycan dilinə böyük diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, ölkə Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən Nəsiminin iki cildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600 illiyi qeyd olunmuşdur. 2018-ci ilin sentyabr ayında Azərbaycanda ilk dəfə olaraq “Nəsimi: şeir, incəsənət və mənəviyyat” festivalı keçirilmiş və bu möhtəşəm tədbir çərçivəsində Moskva Beynəlxalq Münasibətlər İnstitutunun binasında mütəfəkkir şairin büstü ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr 2018-ci ildə “Böyük Azərbaycan şairi və vəmütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Böyük söz ustasına dövlət qayğısının və dərin ehtiramın daha bir bariz nümunəsi olan Sərəncamda deyilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamı isə mütəfəkkir şairin Azərbaycanın ədəbi-mədəni fikir tarixində tutduğu yüksək məqama dövlət səviyyəsində böyük dəyər verildiyini bir daha açıq-aşkar şəkildə sübut edir. Bu Sərəncam eyni zamanda böyük söz ustasının bədii təfəkkürünün məhsulu olan bütün əsərlərinin müasir ədəbiyyatşünaslıq və dilçilik, şərqşünaslıq və fəlsəfə elmlərinin nailiyyətləri işığında hərtərəfli və sistemli şəkildə öyrənilməsi, bədii irsinin daha geniş miqyasda təbliği üçün geniş imkanlar açır.

İmadəddin Nəsimi irsinə dövlət səviyyəsində göstərilən bu cür yüksək diqqət və qayğı Azərbaycan humanitar elminin nümayəndələri qarşısında böyük şairin həyat və yaradıcılığının tədqiqi istiqamətində bir sıra vacib işlərin həyata keçirilməsini, bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasını təxirəsalınmaz bir vəzifə olaraq qoyur. Nəsimi irsinin tədqiqi və nəşri ilə bağlı görüləsi işlər sırasında ilk növbədə böyük şairin anadilli əsərlərinin latın qrafikası ilə yeni elmi-tənqidi mətninin və onun əsasında akademik nəşrinin həyata keçirilməsini qeyd etmək lazımdır. Düzdür, yuxarıda da qeyd olunduğu kimi, professor Cahangir Qəhrəmanov bu işi 1973-cü ildə əldə olan əlyazmalar əsasında yüksək səviyyədə həyata keçirmişdir. Lakin ötən illər ərzində Nəsimi əsərlərinin dünyanın müxtəlif ölkə kitabxanalarında saxlanılan yeni və daha mötəbər əlyazma nüsxələri aşkara çıxarılmışdır. Bundan əlavə həmin tənqidi mətn 46 il öncə ərəb qrafikası ilə hazırlanmışdır. Bütün bunları nəzərə alaraq, düşünürük ki, C.Qəhrəmanovun hazırladığı tənqidi mətni də işə cəlb etməklə Nəsimi əsərlərinin yeni elmi-tənqidi mətninin latın qrafikası ilə hazırlanması məqsədəuyğun olardı.

Yuxarıda kiçik bilgilərdən də göründüyü kimi, ölkəmizdə İmadəddin Nəsiminin ədəbi irsinin nəşri sahəsində görülən işlər kifayət qədərdir. Bununla belə, şairin əsərlərinin istər əvvəlki illərə aid nəşrlərində, istərsə də son dövrün məhsulu olan çaplarında müəyyən mübahisəli məqamların, kiçik çatışmazlıqların mövcudluğunu da danmaq olmaz. Bu qəbildən olan bəzi incə məqamlara bir mətnşünas-dilçi kimi öz münasibətimizi bildirmək istəyirik. Hər şeydən öncə qeyd edək ki, Yaxın Şərq ədəbiyyatı klassiklərinin divanlarındakı şeirlər ənənəvi olaraq ərəb əlifbasının müvafiq hərflərinə (sözün son hərfinə) uyğun şəkildə hazırlanır və müasir mötəbər, akademik nəşrlərdə də bu tarixi prinsipə əməl edilir. Məsələn, yuxarıda adını çəkdiyimiz Nəsimi divanının C.Qəhrəmanov tərəfindən 3 cilddə tərtib olunmuş elmi-tənqidi mətni bu şəkildə hazırlanmışdır. Klassik şairlərin divanlarının Türkiyə nəşrlərində də bu ənənə mütləq şəkildə gözlənilir, yəni şeirlər çap variantlarında məhz ərəb əlifbasının müvafiq hərflərinə uyğun şəkildə yerləşdirilir. Azərbaycanda son dövrlərdə nəşr olunan Nəsimi əsərlərində isə bu qaydaya əməl edilməmiş və şeirlər kiril əlifbasının hərflərinə uyğun şəkildə yerləşdirilmişdir. Nəsiminin ikicildlik “Seçilmiş əsərləri”nin 2004-cü il nəşri, təbii ki, latın əlifbası ilə işıq üzü görmüşdür. Bununla belə, sözügedən nəşrdə latın əlifbasının deyil, kiril əlifbasının hərflərinin sıralanma qaydası əsas götürülmüşdür ki, fikrimizcə, bu incə məsələyə sırf diqqətsizlik üzündən fikir verilməmişdir. Düşünürük ki, Nəsimi əsərlərinin gələcək nəşrlərində bu məsələnin həlli məqsədəuyğun olardı. Onu da qeyd edək ki, professor Qəzənfər Paşayevin nəşrə hazırladığı “Nəsiminin İraq divanı”nda qəzəllərin yeri əlyazmada olduğu kimidir, yəni ərəb əlifbasının hərflərinə uyğun şəkildə sıralanmışdır.

Nəsimi əsərlərinin gələcək akademik nəşri üçün əhəmiyyətli olan digər bir incə məqam isə şairin divanında yer alan qəzəllərin bəhrinin və təfiləsinin göstərilməsi ilə bağlıdır. Qeyd edək ki, Türkiyəli nəsimişünas alim Hüseyn Ayanın tərtib etdiyi Nəsiminin türkcə divanının tənqidi mətnində (Ankara, 2014) bu qaydaya əməl edilərək şeirlərin bəhri də göstərilmişdir. Qəzənfər Paşayevin tərtib etdiyi kitabda da qəzəllərin bəhri səhifənin başlanğıc hissəsində qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan daha vacib və əhəmiyyətli digər bir məsələ isə böyük şairimizin davamçıları olan eyni təxəllüslü başqa şairlərin qələminin məhsulu olan ayrı-ayrı şeirlərin Nəsiminin türkcə divanına daxil edilməsidir. Mütəxəssislərə məlum olduğu kimi, orta əsr katibləri bir sıra hallarda köçürdükləri mətnə bilərəkdən müdaxilələr etmiş, onlar üçün aydın olmayan ayrı-ayrı sözlərin əvəzində onların öz dövrləri üçün işlək olan və müasirləri tərəfindən anlaşılan qarşılıqlarını işlətmişlər. Bundan əlavə ən problemli məsələ orta əsr əlyazmalarında bir müəllifin əsərləri sırasına digər müəlliflərə məxsus şeirlərin daxil edilməsi hallarının olmasıdır. Buna nümunə olaraq görkəmli türk şairi Yunus Əmrənin “Söz” rədifli gəraylısının uzun zaman Şah İsmayıl Xətaiyə aid edilməsini, eləcə də böyük özbək söz ustası Əlişir Nəvainin bir rübaisinin Məhəmməd Füzulinin türkcə divanının ayrı-ayrı əlyazmalarında yer almasını göstərmək olar. Oxşar hala Nəsiminin türkcə divanında daha çox rast gəlmək mümkündür. Bunun başlıca səbəbi isə əqidəsi yolunda şəhid düşən İmadəddin Nəsimi şəxsiyyətinin və ədəbi irsinin təsiri ilə şairin ölümündən sonra sənətkarın qızğın tərəfdarları və davamçıları olan bir sıra şairlərin Nəsimi təxəllüsü ilə şeirlər yazmasıdır ki, onlardan ən məşhuru XVII əsr müəllifi Qul Nəsimidir. Görkəmli nəsimişünas C.Qəhrəmanovun yazdığı kimi, İmadəddin Nəsiminin XVII əsrdən sonra köçürülmüş divan nüsxələrində Qul Nəsiminin bir neçə şeiri də yer almışdır. Nəsimi divanına başqa şairlərin şeirlərinin daxil edilməsinə ən yaxşı nümunə mütəfəkkir şairin guya ölüm ayağında yazdığı və bir beytində zahidin ikiüzlülüyü ilə bağlı məlum epizodun yer aldığı “Ağrımaz” şeiri sayıla bilər. Bəlli olduğu kimi, bu şeirin Nəsimiyə aid olmadığı çoxdan sübuta yetirilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Nəsiminin həyatı ilə bağlı son dövrdə aparılan və tarixi qaynaqlara söykənən ciddi araşdırmalar əqidəsi, amalı yolunda şəhid düşən, əbədiyyətə qovuşan şairimizin dünyasını dəyişməsi məsələsinə tam aydınlıq gətirmişdir. Belə ki, orta əsr qaynaqlarında Nəsiminin faciəli ölümü ilə bağlı verilən bilgilər sübut edir ki, fədakar şair heç də bir vaxtlar qeyd olunduğu kimi, şəriət xadimlərinin fitvası ilə qətlə yetirilməmişdir, əksinə Misir sultanı Şeyx əl-Müəyyədin buyruğu ilə əvvəl dar ağacından asılmış, sonra isə nəşinin dərisi soyularaq qollarından biri şairə rəgbət bəsləyən qonşu bölgənin yerli hakimlərindən olan Əli bəy Zülqədərə, digəri isə onun qardaşı Nəsrəddinə göndərilmişdir.

İndi isə Nəsiminin “Seçilmiş əsərləri”ndə yer alan, lakin şairimizə aidliyi, müəyyən qədər şübhə doğuran aşağıdakı mətləli bir qəzəli diqqətə çatdırırıq:

Afərin olsun nigarin zülfi ilə qaşinə,

Gər macal bulsam, həbibin çevriləydim başinə.

Bu qəzəlin Nəsimi qələminin məhsulu olmasını bir neçə cəhətdən şübhəli sayırıq. Birincisi, yuxarıda ilk beyti verilmiş qəzəl Cahangir Qəhrəmanovun tərtib etdiyi Nəsimi divanının elmi-tənqidi mətni üçün əsas götürülmüş beş əlyazma nüsxəsində və əsərin iki əski çapında yoxdur. Bu qəzələ Hüseyn Ayanın Türkiyədə nəşrə hazırladığı Nəsiminin türkcə divanının sanballı tənqidi mətnində, eləcə də Qəzənfər Paşayevin tərtib etdiyi yuxarıda adı çəkilən kitabda da rast gəlmirik. Qəzəl yalnız Cahangir Qəhrəmanovun Nəsimi əsərlərinin elmi-tənqidi mətni tərtibi işini başa çatdırdıqdan sonra əldə etdiyi İstanbulun Bayəzid kitabxanasına məxsus bir əlyazma nüsxəsində yer almışdır. Qeyd edək ki, Hüseyn Ayan tərtib etdiyi Nəsimi əsərlərinin tənqidi mətnində bu əlyazma haqqında qısa bilgi vermiş, lakin nüsxənin mötəbərlik səviyyəsini nəzərə alaraq ondan bir qaynaq kimi istifadə etməyi lazım bilməmişdir. İkincisi isə, qəzəlin rəqibə qarğış səciyyəli məzmunu bütövlükdə götürdükdə Nəsiminin lirik şeirlərnin ümumi ruhuna və ideya-məzmun özəlliklərinə müəyyən mənada uyğun gəlmir. Belə ki, qəzəlin sonrakı beytlərində lirik qəhrəman öz rəqibinə açıq-aşkar bir şəkildə ağır qarğışlar yağdırır, hətta onun susuz, qidasız bir yerdə ölməsini və leşinin qarğa-quzğuna yem olmasını arzulayır:

Şol rəqibi görə idim çah içində bir kərə,

Gilliyəydim başinə şol səd həzaran daş yenə.

Ey rəqib, bir yerdə olgil ki, bulunmaz aşü su,

Qarğavü quzğun yığılsın laşinə, hey laşinə.

Buduna çıxsın ufalar, gözünə həm qarə su,

Qoy tutulsun dil-qulağı, bir neçə daş dişinə.

Dedilər, miskin Nəsimi, doğruya yoxdur zaval,

Müddəilər qalib oldu, hazır olgil başinə.

Üçüncüsü, qəzəldə işlənmiş gilləmək, ufalar, başinə çevrilmək və s. kimi ifadələrə Nəsimi dövrünə aid türkcə yazılı abidələrin və poetik nümunələrin dilinə dair məlum qaynaqlarda rast gəlmirik. Qeyd edək ki, bu sözlərdən birincisi – gilləmək mətnin məzmunundan da göründüyü kimi, atmaq, tullamaq anlamındadır və dilimizin bir sıra şivələrində eyni mənada gillətmək şəklində işlənir. Müasir ədəbi dilimizdə isə bu sözün diyirlətmək anlamı qeydə alınmışdır. Maraqlıdır ki, çağdaş türk dilində bu sözə, ümumiyyətlə, rast gəlmirik. Fikrimizcə, gilləmək sözü Azərbaycan ədəbi dilinin sonrakı dövrünə aid bir leksik vahiddir. Deməli, qəzəlin dil faktları da onun Nəsimiyə aidliyi məsələsini təsdiq etmir, əksinə şübhə altına alır. Və nəhayət, dördüncüsü, yuxarıdakı qəzəlin ilk beytində qafiyə yerində işlənmiş başinə sözü sonuncu beytdə də eyni mənada yer alır ki, bu hal da klassik qəzəllər üçün məqbul sayılmır. Bütün bu amillərə əsasən düşünürük ki, yuxarıdakı qəzəl şəhid Nəsimi dühasının və bənzərsiz şəxsiyyətinin vurğunu, pərəstişkarı olmuş, buna görə də eyni təxəllüsü seçmiş sonrakı dövrün digər bir Azərbaycan şairinə məxsusdur. Qəzəlin dil xüsusiyyətləri də onun təxminən XVII-XVIII əsrlərin məhsulu olması haqqında mülahizə yürütməyə əsas verir. Qeyd edək ki, Nəsiminin əsərlərinin mövcud nəşrlərində yer almış daha bir neçə qəzəlin şairimizə aidliyi bizdə şübhə doğurur.

Nəsimi əsərlərinin Bakı nəşrlərində diqqəti çəkən və ayrıca araşdırma tələb edən mühüm məsələlərdən biri də şairin bir sıra şeirlərinin fərqli variantlarda çap olunmasıdır. Məsələn, şairin “Neylərəm” rədifli məşhur qəzəlinin son beytinə diqqət yetirmək kifayətdir. Belə ki, şairin əsərlərinin müxtəlif nəşrlərində sözügedən beytin müxtəlif fərqli variantlarına rast gəlirik. C.Qəhrəmanovun tərtib etdiyi Nəsimi əsərlərinin elmi-tənqidi mətnində həmin beyt bu şəkildədir:

Dilbər aydır, ey Nəsimi, səbr qıl, etmə fəğan,

Şimdi əfğan etməsəm, danla fəğanı neylərəm?

Sözügedən tənqidi mətndə birinci misradakı səbr qıl sözünün Nəsimi divanının bir əlyazmasında sabir ol variantının da olması göstərilməklə yanaşı, digər bir əlyazmada ikinci misranın tamam fərqli biçimdə yer alması da diqqətə çatdırılır:

Bən bu gün səbr eyləsəm, daxi fəğanı neylərəm?

Türkiyəli nəsimişünas alim Hüseyn Ayanın tərtib etdiyi Nəsimi əsərlərinin tənqidi mətnində həmin beyt bu şəkildədir:

Ey Nəsimi neyiçün eylərsən əfğanü fiğan,

Mən bu gün səbr eyləsəm, tanla fiğanı neylərəm?

Nəsimi əsərlərinin 2004-cü ildə Bakıda nəşr olunmuş “Seçilmiş əsərləri”ndə isə yuxarıda verilmiş bu beytin birinci misrasındakı “səbr qıl” sözü “sabir ol” şəklindədir, ikinci misra isə Hüseyn Ayanın tərtib etdiyi mətndəki kimidir, sadəcə olaraq burada tanla (sabah) sözünün danla fonetik variantı işlənmişdir. Yeri gəlmişkən qeyd edək ki, Nəsiminin bu məşhur qəzəlinin ilk misrasının mötəbər qaynaqlarda aşağıdakı variantına da rast gəlirik:

Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?

Bununla belə, şairin əsərlərinin 2004-cü il Bakı nəşrində yuxarıdakı misradakı təndə sözü ömrü şəklindədir. Fikrimizcə, misranın yuxarıda təqdim olunan variantı məntiqi baxımdan daha uğurludur. Qeyd edək ki, bu cür misalların sayını istənilən qədər artırmaq mümkündür. Şairin əsərlərinin yeni elmi-tənqidi mətni isə, fikrimizcə, bu cür çoxvariantlılığa son qoya bilər.

Nəsimi əsərlərinin Bakı nəşrlərində nəzərə çarpan daha bir incə məqam böyük şairin əsərlərində işlənmiş türkmənşəli bir sıra qədim sözlərin açıq-aşkar bir şəkildə müasirləşdirilməsi cəhdi ilə bağlıdır. Buna nümunə olaraq şairin aşağıdakı məşhur qəzəlini göstərmək olar:

Səndən iraq, ey sənəm şamü səhər yanaram,

Vəslini arzularam daxi betər yanaram.

Beytlə bağlı ilk növbədə onu demək lazımdır ki, qəzəlin əlyazmadakı yazı variantını əsas götürərək birinci misradakı iraq sözünün sonundakı “ğəyn” hərfinə əsasən bu leksik vahidi irağ şəklində transkripsiya etmək məqsədəuyğundur. Qeyd edək ki, professor Qəzənfər Paşayev Nəsiminin İraq divanında bu sözü doğru olaraq elə irağ şəklində vermişdir. Nəsimi divanının Bakıda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan qədim əlyazmasında da həmin sözün yazılışı onun məhz irağ şəklində oxunmasını tələb edir. Maraqlıdır ki, akademik Həmid Araslının tərtib etdiyi Nəsimi divanında həmin qəzəlin üçüncü beytində haqqında danışdığımız söz elə irağ şəklindədir:

Məndən irağ olduğun bağrımı qan eylədi,

Oldu gözümdən rəvan xuni-cigər yanaram.

Nəsiminin “Seçilmiş əsərləri”nin 1985-ci il və 2005-ci il nəşrlərində isə  qəzəlin istər mətlə beytində, istərsə də, üçüncü beytində bu söz iraq şəklindədir.

İndi isə Nəsiminin “Səndən irağ, ey sənəm...” qəzəlinin yuxarıda verdiyimiz mətlə beyti ilə bağlı daha bir mühüm və əhəmiyyətli məqama öz münasibətimizi bildirmək istəyirik. Qeyd edək ki, klassik mətnlərin transkripsiyası, daha doğrusu, transfoneliterasiyası zamanı dil faktları ilə yanaşı, ədəbiyyat məsələlərinə, xüsusilə də poetika, vəzn və qafiyə ilə bağlı incə məqamlara da – bir sözlə, şeirin bədii imkanları və özəlliklərinə də xüsusi diqqət yetirmək olduqca mühüm və vacib məsələlər sırasındadır. Məsələyə bu mövqedən yanaşdıqda, fikrimizcə, yuxarıda verilən qəzəlin mətlə beytindəki yanaramarzularam sözlərinin yanərəmarzulərəm şəklində oxunuşu daha məqsədə­uy­ğundur:

Səndən irağ, ey sənəm, şamü səhər yanərəm,

Vəslini arzulərəm, daxi betər yanərəm.

Fikrimizi əsaslandırmağa çalışaq. Birincisi, beytdə rədif kimi işlənən yanərəm sözünün, eləcə də ikinci misradakı arzulərəm lekseminin orijinalda (əlyazmada) yazılışı onların məhz bu şəkildə oxunuşunu tələb edir. İkincisi isə, bu sözlərin təqdim etdiyimiz variantda oxunuşunu qəzəldə qafiyə yerində işlənən sözlər: səhər, betər (əslində bətər olmalıdır: farsmənşəli bədtər (daha pis) sözünün qısaldılmış formasıdır), qəmər, düşər, əgər və s. tələb edir. Belə olduqda şeir səs uyarlığı, poetika baxımından daha oynaq, daha ahəngdar səslənir, xüsusi bir ritm yaradır,  qulağı oxşayır və şeirin musiqililiyini, axıcılığını daha da artırmış olur. Aydınlıq üçün onu da qeyd edək ki, beytin ikinci misrasında işlənmiş arzulər(əm) sözü bətər kəlməsi ilə daxili qafiyə yaradır. Onu da qeyd edək ki, Nəsimi əsərlərinin kütləvi nəşrləri mütəxəssislər üçün deyil, müasir oxucu üçün nəzərdə tutulmuşdur. Bununla belə, düşünürük ki, tarixi fonetika, tarixi dialektologiya, bütünlüklə ədəbi dil tarixi baxımından Nəsiminin əsərlərinin dilinə, imlasına toxunmaq olmaz. Məhz buna görə də şairin əsərlərinin akademik nəşrinə böyük ehtiyac duyulur.

Bundan əlavə vaxtilə yüz, yürək, degil, qarşu və s. şəklində olan sözlərin müasirləşdirilərək üz, ürək, deyil, qarşı kimi verilməsini də akademik nəşr üçün məqbul saymaq olmaz. Onu da qeyd edək ki, Nəsimi şeirlərinin müasir nəşrlərində bu məsələdə bir pərakəndəlik, açıq aşkar bir dağınıqlıq müşahidə olunur. Nümunə olaraq şairin “Seçilmiş əsərləri”ndəki iki qəzəldən verilmiş aşağıdakı beytlərə nəzər salaq:

Camalın rövzeyi-rizvan deyilmi?

Dodağın çeşmeyi-heyvan deyilmi...

Yarın cəfası cümlə vəfadır, cəfa degil,

Yarım cəfa qılur əhli-vəfa degil.

Göründüyü kimi, birinci beytdə rədif kimi işlənmiş degilmi sözü müasirləşdirilmiş, yəni deyilmi şəklində təqdim edilmiş, ikinci beytdə isə orijinalda olduğu kimi degil variantında verilmişdir. Onu da qeyd edək ki, birinci beytdəki camal sözü sözügedən kitabdakı bəzi şeirlərdə yuxarıda verilən nümunədəki kimidir, digərlərində isə cəmal şəklindədir:

Surəti-həqdir cəmalın, ey nigar,

Uş nəbinin sözləri bürhanımız.

Onu da diqqətə çatdıraq ki, birinci misradakı həq sözü Allah anlamında işləndiyi üçün onun böyük hərflə verilməsi, bununla da semantikasının seçdirilməsi düzgün olardı. Aşağıda bir beytini verdiyimiz “Ey üzü gül, ləbləri mərcanımız” misrası ilə başlayan bu qəzəldə yüz (üz) və qarşu (qarşı) sözləri müasir deyimdəki variantı ilə verilmişdir ki, bu məsələyə də Nəsimi əsərlərinin gələcək akademik nəşrlərində diqqət yetirilməlidir:

Üzünə qarşı sücud eylər mələk,

Səcdəyə inkar edər şeytanımız.

Məlum olduğu kimi, klassik ədəbiyyat nümunələrində şəxs və işarə əvəzliklərinin oxşarlıq, bənzərlik məzmunu bildirən – cılayın şəkilçisi ilə (əslində şəkilçiləşmiş qoşmadır) işlənməsi geniş yayılmışdır. Məsələn, Nəsiminin aşağıdakı beytində olduğu kimi:

Ey aşiq, anın zülfünə yapış bu cahanda,

Bir ancılayın dilbəri-əyyar ələ girməz.

Bu qəbildən olan sənciləyin (sənin kimi) əvəzliyi isə Nəsiminin İraq divanında, bəlkə də, texniki qüsur üzündən bu şəkildə getmişdir:

Aləmdə bu gün səncəliyim yar, kimin var?

Gər var desən, yox deməzəm, var, kimin var...

Eşqin qəminə eyləmişəm könlümü məskən,

Göz məncəliyin “məxzəni-əsrar” kimin var?

Yeri gəlmişkən onu da qeyd edək ki, Nəsiminin aşağıdakı məşhur misraları:

Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.

Şairin İraq divanında bu şəkildədir:

Heç kimsə Nəsimi sözünü fəhm edə bilməz,

Bu quş dəgildir, bunu Süleyman dəxi bilməz.

Aydındır ki, məntiqi baxımdan yuxarıdakı beytin birinci variantını düzgün saymaq lazımdır. Nəsimi əsərlərinin əksər əlyazmalarında həmin beyt məhz bu şəkildədir.

Bundan əlavə Nəsimi şeirlərində işlənmiş bir sıra qədim türk sözlərinin şairin əsərlərinin sonunda verilən lüğətə düşməməsi də təəssüf doğurur. Buna nümunə olaraq qüdrətli sənətkarın aşağıdakı beytini göstərmək olar:

İkilikdə qalan əzazil olur,

Mələksiyrət insan ol, anı gidər.

Beytdə işlənmiş gidərmək sözü qədim türk leksemidir: yox etmək, aradan qaldırmaq deməkdir. Bu söz ana abidəmiz “Kitabi-Dədə Qorqud” eposunda, eləcə də XIII-XV əsrlərə aid bir sıra poeziya nümunələrində sıx-sıx işlənmişdir. Onu da qeyd edək ki, beytin ikinci misrasındakı vergül işarəsini biz qoymuşuq, misranın çap variantında bu işarə yoxdur. Halbuki burada vergül işarəsinin qoyulması beytin məzmunun açılması baxımından vacibdir. Belə ki, şair demək istəyir ki, mələkxasiyyətli insan ol, ikiliyi təbiətindən götür, yox et.

Yeri gəlmişkən qeyd edək ki, dilçi mütəxəssislərə də yaxşı məlum olduğu kimi, durğu işarələrinin düzgün işlədilməsi mətnin qavranılmasında mühüm rol oynayır. Fikrimizə nümunə olaraq Nəsiminin “Seçilmiş əsərləri”ndə yer alan aşağıdakı beytə diqqət yetirmək kifayətdir:

Səndən ayru könlümün yoxdur vəfalı yarü dust,

Ey cəfasız hüsni-kamil, yariğarım, qandasan?

Beytin ikinci misrasında işlənmiş yariğarım leksik vahidi söz birləşməsidir və əslində bu cür yazılmalıdır: yar-i ğar (mağara dostu). Qeyd edək ki, bu birləşmə islam aləmində məşhur olan bir hadisəyə işarə məqsədilə klassik Şərq ədəbiyyatında çox işlənən bir ifadədir, daha doğrusu, Məhəmməd peyğəmbərin (s.) Məkkədən Mədinəyə gedərkən o həzrətlə birgə mağarada gizlənən birinci xəlifəyə-Əbu Bəkrə verilən ad – ləqəbdir. Onu da diqqətə çatdıraq ki, fars dilinə məxsus bu qəbildən olan izafət birləşmələrinin Azərbaycanda yazılışı bu şəkildə qəbul edilmişdir: yari-ğar, şəbi-hicran (ayrılıq gecəsi), çeşmi-siyah (qara göz) və s. Yuxarıdakı nümunədə isə bu söz birləşməsinin bitişik yazılması onun mənasının anlaşılması məsələsində müəyyən çətinlik yarada bilər. Təəssüf hissi ilə onu da qeyd etmək lazımdır ki, yuxarıdakı söz birləşməsi Nəsimi divanının son nəşrlərinin birində yadigar kimi getmişdir.

Nəsimi əsərlərinin son dövr nəşrlərində qabarıq şəkildə nəzərə çarpan daha bir incə məsələyə toxunmaq istəyirik. Bu, ilkin qaynaqda - əlyazmada olan bəzi sözlərin müasir nəşrlərdə müəyyən qədər dəyişdirilməsi, daha doğrusu, orijinaldakı variant əvəzində onların fərqli şəkillərinin verilməsi ilə bağlıdır. Şairin aşağıdakı beyti buna nümunə ola bilər:

Kimin ki yoxdurur gənci-nihanı,

Ya anca mülk ilə mal anda neylər?

Nəsiminin “Neylər” rədifli qəzəlindən götürülmüş bu beytin ikinci misrası şairin əsərlərinin elmi-tənqidi mətnində bu şəkildədir:

Ya bunca mülklə mal anda neylər?

Göründüyü kimi, misranın müasir çap variantında bunca sözü ona yaxın mənalı olan qədim türk leksemi anca (o qədər, o cür) ilə əvəzlənməklə yanaşı, mülk sözünə qoşulan hissəcik (bağlayıcı) azacıq fərqli şəkildə verilmişdir ki, bu da, təbii ki, mətnşünaslıqda yolverilməz bir hal sayılır.

Beləliklə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin türkcə divanının Bakıda işıq üzü görmüş son nəşrləri haqqındakı bu kiçik qeydlərimizin yekunu olaraq belə bir qənaətimizi diqqətə çatdırırıq ki, qüdrətli söz ustasının əsərlərinin müasir əlifba ilə yeni elmi-tənqidi mətninin hazırlanması və türkcə divanının mükəmməl akademik nəşri məqsədəuyğundur. Belə bir işin həyata keçirilməsi ölkəmizdə geniş şəkildə qeyd olunan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə əsl töhfə olardı. Bundan əlavə Nəsimi yaradıcılığında qabarıq şəkildə özünü göstərən Nizami Gəncəvi və Mövlana Cəlaləddin Rumi təsiri ətraflı şəkildə işıqlandırılmalıdır. Bu müstəvidə həmçinin Cahanşah Həqiqi və Nemətullah Kişvəri, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli yaradıcılığında Nəsimi təsirinin də geniş araşdırılması qarşıda duran vəzifələr sırasındadır.

İmadəddin Nəsimi əsərlərinin dilçilik istiqamətində araşdırılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, AMEA Nəsimi adına Dilçilik İnstututunda şairin anadilli əsərlərinin mükəmməl izahlı lüğətinin hazırlanması işinə artıq başlanılmışdır. Yaxın gələcəkdə İmadəddin Nəsiminin anadilli əsərlərinin müasir dilçilik elminin müxtəlif aspektlərindən geniş və hərtərəfli şəkildə araşdırılması da nəzərdə tutulur.

 

Azərbaycan jurnalı, 2019, Azərbaycan jurnalı, 2019, №3, səh. 97-106.

"Azərbaycan", 2019, 16 fevral, səh.7

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015