AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
AMEA-nın 2018-ci ildəki mühüm elmi nailiyyəti: “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional analizi”
May 06, 2019 | 04:04 / Müsahibələr, çıxışlar
Oxunub 439 dəfə

AMEA  Rəyasət Heyətinin elmi katibləri, filologiya üzrə fəlsəfə doktorları Sərxan Xavəri, Hikmət Quliyev və Səfa Qarayev “Mədəniyyət” kanalının “Səhərçağı” musiqili-informasiya proqramının  qonağı olmuşlar. Veriliş 2018-ci ilin mühüm elmi nəticələrindən biri kimi qəbul olunmuş “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional analizi” mövzusuna həsr olunmuşdur.  

Qeyd edək ki, alimlərin “Sosial-antropoloji yanaşma əsasında folklorun funksional strukturunun, psixoanalitik semantikasının, internet mühitindəki folklor proseslərinin multidissiplinar (kulturoloji, sosiotexnoloji, psixoanalitik) analizi” mövzusundakı ortaq araşdırması Azərbaycan Milli Elmlər Akademiyasının 2018-ci ildəki mühüm elmi nailiyyətləri sırasına daxil olmuşdur. Sosial-antropoloji yanaşma əsasında aparılan araşdırma nəticəsində Azərbaycanda ilk dəfə olaraq:

Kulturuloji aspektdən folklorun sosiomədəni sistem bütövlüyü əsaslandırılmış, bu kontekstdə funksional strukturu analiz olunmuş, sinxron təsnifi və diaxron inkişafı modelləşdirilmiş;

Sosiotexnoloji aspektdən Azərbaycandilli virtual mühitdə gedən folklor prosesləri (İnternet folkloru) öyrənilmiş, texnokulturoloji platformada virtual sosial qrupların folklorik dinamikası və ənənələri təhlil müəyyənləşdirilmiş;

Psixoanalitik aspektdən folklorda əks olunan proyeksiya modelləri və simvolik ekvivalentlik sistemi analiz olunmuş, psixo-emosional metaforik reallığın stereotip və psixoloji komplekslərlə korrelyativ əlaqələri üzə çıxarılmışdır.

 

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015