AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilimizin dahisi, sözümüzün öndəri
May 06, 2019 | 11:37 / Müsahibələr, çıxışlar
Oxunub 211 dəfə

Nizami CƏFƏROV,  akademik

 

Dahilər üçün dil məhdudiyyəti olmur, onlar hər cür ünsiyyət hüdudlarını aşaraq öz ideallarına doğru elə bir miqyasla gedirlər ki, qarşılarında heç bir maneə dayana bilmir. Və dahilərin bir dahiliyi də ondadır ki, onlar təbiətən poliqlotdurlar… Ana dilinin poliqlotu… Çünki mənsub olduqları xalqa elə bir mənəvi enerji bəxş edirlər ki, dünya həmin xalqın dili ilə maraqlanır, onu öyrənməyə çalışır, dahinin dili yüz illər keçsə də mənsub olduğu xalqın dilinə həmişə hörmət, ehtiram gətirir.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılmış, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılmışdır. Mütəxəssislərin, demək olar ki, hamısı belə bir möhkəm qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət (və millət!) quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub, bütöv bir sistem təşkil edir. Və doğrudan da, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Fikrimizcə, Heydər Əliyevin bir dövlət (və millət) rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri (və ideoloji) baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla ümumiyyətlə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı (və mötəbər) prinsiplər təqdim edir. Bu prinsiplər həm də (və daha çox!) ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın (və dövlətin) nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilmişdir.

***

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi XX əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəllərinə qədər də kifayət qədər gərgin, enerjili və bir sıra mərhələlərdə məhsuldar milli dil quruculuğu prosesləri getmişdi.

Həmin proseslər əsasən aşağıdakılardan ibarət idi:

1. İlk orta əsrlərdən etibarən türk dillərinin diferensiasiyası nəticəsində formalaşan Azərbaycan türkcəsi həm orta əsrlərdə, həm də xüsusilə yeni dövrdə özünün bədii, elmi, publisistik və s. təzahürlərində inkişaf edərək XIX əsrin sonu - XX əsrin əvvəllərinə kifayət qədər yüksək mədəni səviyyəsi olan bir millətin ünsiyyət vasitəsi kimi gəlib çıxmışdır.

2. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan türkcəsi rəsmi olaraq dövlət dili elan olunmuş, ancaq Cümhuriyyət tez süqut etdiyindən bu sahədə zəruri tədbirlərin həyata keçirilməsi, yəni dil-dövlət-cəmiyyət münasibətlərinin möhkəmləndirilməsinin lazımi səviyyədə təmin edilməsi mümkün olmamışdır.

3. Sovet dövründə Azərbaycan türkcəsi (1930-cu illərdən etibarən rəsmi olaraq Azərbaycan dili) müxtəlif siyasi-ideoloji problemlərə baxmayaraq sürətlə inkişaf etmiş, ictimai həyatın müxtəlif sahələrində özünün təbii-tarixi hüquqlarına yiyələnmiş, xüsusilə milli ədəbiyyatın əsasında dayanmış, demokratikləşmiş, milliləşmiş, kütləvi normativlik qazanmışdır. Ancaq tədricən dövlət idarəçilik sistemindən (və ünsiyyətindən) sıxışdırılmağa, siyasi nüfuzunu itirməyə başlamış, hətta Azərbaycan SSR-in Konstitusiyasından Azərbaycan dilinin respublikada dövlət dili olması barədəki xüsusi maddə də çıxarılmışdır.

4. Sovetlər Birliyində Stalin rejiminin süqut etdiyi (və kəskin tənqidə məruz qaldığı) 1950-ci illərin ortalarından sonra Azərbaycan ziyalıları, xüsusilə akademik, xalq yazıçısı və dövlət xadimi Mirzə İbrahimov Azərbaycan dilinin dövlət idarələrindəki pozulmuş hüquqlarını bərpa etmək təşəbbüsü göstərsələr də, həmin təşəbbüs tamamilə uğursuz oldu. Və hətta respublika rəhbərliyi Mirzə İbrahimovun şəxsində millətçilikdə günahlandırıldı, siyasi- ideoloji konyukturun güclü təzyiqi altında iş milli (və prinsip etibarilə haqlı!) qüvvələrin "üzrxahlığ”ına qədər gedib çatdı.

5. Mühüm məsələlərdən biri də Azərbaycanın (və Azərbaycan xalqının) XIX əsrin əvvəllərindən etibarən ikiyə parçalanması, Şimalın Rusiyanın (SSRİ-nin), Cənubun İranın tabeliyində olması, Şimalda rus, Cənubda isə fars dilinin hökm etməsi idi ki, millətin təbii bütövlüyünü zədələyir, milli ruhu təhdid edirdi.

Azərbaycan dili keçən əsrin 60-cı illərinin sonu - 70-ci illərinin əvvəllərinə belə bir keyfiyyətdə, demək olar ki, paradoksal bir vəziyyətdə gəlib çıxmışdı. Əsas paradoks ondan ibarət idi ki, dilin inkişaf potensialı kifayət qədər güclü olsa da, siyasi nüfuzu, yəni dövlət dili olaraq mövqeyi məhdudlaşdırılmış, hətta hər hansı dilin inkişafı üçün mühüm hadisələrdən biri olan etnik-mədəni kontekstindən, yəni digər qohum türk dilləri ilə kontaktlardan məhrum edilmişdi. Şimalda rus, Cənubda fars dilini çıxmaq şərtilə ümumən geniş yayılmış (nüfuzlu və ya beynəlxalq!) dünya dilləri ilə əlaqələrdən isə söhbət belə gedə bilməzdi.

Dövlət təhlükəsizlik orqanında gənclik illərindən etibarən çalışan, xüsusi istedadına, intellektinə, işgüzarlığına görə sürətlə yüksək mövqelər qazanan Heydər Əliyev Moskvanın dövlət idarəçiliyi, eləcə də "milli ucqarlar”dakı (N.Nərimanov) idarəçilik siyasətinin nəinki mahiyyətinə, hətta "mətbəx”inə də dərindən bələd olduğundan respublikada müxtəlif sahələrdə, o cümlədən də milli dil məsələsində problemi necə həll etməyin optimal (və uğurlu!) yollarını da aydın təsəvvür edirdi. Yeni liderin hakimiyyətə gəldiyi ilk illərdəki fəaliyyətini təhlil etməyə çalışsaq görərik ki, o, mövcud problemlərin həllinə a) təmkinlə, b) bütün məqamlarını, konyukturunu, gözlənilən nəticələrini hesablayıb nəzərə almaqla, c) həm ziyalıları, həm də geniş xalq kütlələrini səfərbər etməklə başlayır. Yəni elə hərəkət edir ki, potensial rəqiblər tamamilə, yaxud qismən tərk-silah olsunlar. Və hər cür impulsivliyə qarşı olan yeni lider mənsub olduğu xalqın mütəşəkkilliyini təmin etməklə onun ruhunu yüksəldir ki, öz tarixi hüquqlarını müdafiə eləməyə həmişə hazır olsun.

Heydər Əliyevin bir dövlət başçısı olaraq uğurlu dil siyasəti yürütməsinin səbəblərindən biri milli dil quruculuğu təcrübəsinin (ənənənin!) mövcudluğu, ikincisi, həmin təcrübəni dərindən öyrənməsi (ənənəni davam etdirməsi) idisə, üçüncüsü, ona sözün geniş (və böyük) mənasında, yaradıcı münasibəti idi.

Yaradıcı münasibət dedikdə biz əsasən aşağıdakıları başa düşürük:

1) Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etmiş sələflərindən fərqli olaraq bilirdi ki, Leninin artıq mənasız, heç bir real gücü olmayan "millətlərin öz müqəddəratanı təyin etmək hüququ” barədəki xülyalarına (zahirən nə qədər "dəb”də görünsə də!) istinad edib respublikada dil, ümumən millət məsələsində inqilabi reformalara cəhd göstərmək tamamilə uğursuzluğa məhkumdur. Ona görə də millətin (və onun dilinin) siyasi mövqeyini möhkəmləndirmək üçün Sovetlər Birliyindəki mövcud şəraitə (konyukturlara!) uyğun yollar axtarmaq lazım gəlir.

2) Heydər Əliyevə iqtisadi baxımdan geridə qalmış, sosial təminatı xeyli aşağı olan, xalqla rəhbərlik arasındakı münasibətlərin o qədər də səmimi olmadığı, milli yuxarıların çox hallarda intriqa bataqlığına sürükləndiyi və Azərbaycan xalqına yuxarıdan aşağı baxan millətlərin nümayəndələrinin müxtəlif səviyyələrdə idarəçilik mövqelərini işğal etdiyi bir respublika miras qalmışdı ki, bu da milli məsələyə kifayət qədər fundamental problemlərdən (və əgər belə demək mümkünsə, aşağılardan!) başlamağı tələb edirdi.

3) Heydər Əliyev respublika rəhbərliyindəki sələflərindən daha yaxşı bilirdi ki, milli məsələləri, o cümlədən də dil məsələsini o zaman uğurla həll etmək mümkündür ki, xalqın yatmış enerjisi, kifayət qədər zəngin potensialı hərəkətə gəlsin. Əks halda yuxarıdan təqdim olunmuş ən uğurlu təklif, yaxud irəli sürülmüş ən dəyərli təşəbbüs belə aşağılara - geniş xalq kütləsinə çatmadan elə yuxarılardaca provokasiya hədəfinə tuş gəlib uğursuzluqla nəticələnəcəkdir ki, bunun da acı təcrübəsi respublikada hələ unudulmamışdı.

***

Heydər Əliyevin Azərbaycan dilinə (ana dilinə!) münasibətinin etnoqrafik əsaslarını doğulub boya-başa çatdığı Naxçıvanın zəngin dil-ünsiyyət mühiti yaratmışdı. O mühit ki, həm kökləri çox-çox qədim dövrlərə gedib çıxan folklorun, həm də müasir dünyagörüşlü ziyalıların vətənidir. Belə bir mühitdə formalaşmış hərtərəfli xüsusi istedada malik şəxsiyyət sürətlə yüksək mövqelər qazandıqca öz milli-mənəvi kimliyini də yüksəltmiş, mənsub olduğu xalqın timsalına (rəmzinə!) çevrilmişdi.

Heydər Əliyev sonrakı illərdə, xüsusilə milli azadlıq əldə edilib müstəqil dövlət qurulandan sonra dəfələrlə xatırlayacaqdı ki, onun bir azərbaycanlı kimi mənsub olduğu millətlə fəxr etməsi hisləri məhz yeniyetməlik dövründən başlamış, sovet dövlətinin idarəçiliyində yüksək mövqelər tutduqca həmin hislər nəinki zəifləməmiş, hətta daha da güclənmiş, açıq və ya gizli təzyiqlərlə rastlaşdıqca siyasi-ideoloji məzmun kəsb edərək milli qürur mənbəyinə çevrilmişdir. Sələflərində olmayan bir mühüm xüsusiyyət Heydər Əliyev üçün xarakterik idi ki, bu da milliliklə ümumbəşəriliyin (modern dünyagörüşünün!) bir şəxsiyyətdə mükəmməl şəkildə birləşməsindən ibarət idi. Ona görə də həm tələsmədən, həm də gecikmədən, demək olar ki, bütün maneələri aradan qaldıraraq, bütün mövcud konyukturları neytrallaşdıraraq millətin mütəşəkkilliyinə nail oldu, Azərbaycan dilinin respublikada dövlət dili olaraq nüfuzunun o dövrkü şərtlər daxilində maksimum yüksəlməsi üçün bütün tədbirlərin görülməsini təmin etdi.

Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik edərkən yürütdüyü milli dil siyasəti kifayət qədər müstəqilliyi ilə seçilən bir milli kommunistin yürütdüyü siyasətdir ki, onun əsas məzmununu aşağıdakı təşəbbüslər müəyyən etmişdir:

1) Xalq gördü ki, respublikanın yeni rəhbəri kənd zəhmətkeşləri ilə görüşlərdən başlamış ta Azərbaycan Dövlət Universitetinin yarım əsrlik yubiley məclisinə və ya Azərbaycan yazıçılarının qurultaylarına qədər xalqın öz dilində - Azərbaycan dilində danışır. Və bunu elə edir ki, sanki belə də olmalı imiş.

2) Azərbaycan ədəbiyyatının, ümumən mədəniyyətinin klassiklərinin ümumxalq səviyyəsində keçirilən yubileyləri həm də ana dilinin geniş miqyasda təbliği demək idi. Xalq özünün Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Zakir, M.F.Axundzadə, Aşıq Ələsgər, Mirzə Cəlil, Sabir, H.Cavid, S.Vurğun kimi dahilərinin dövlət (və dövlət başçısı) miqyasında nə qədər yüksək qiymətləndirildiklərini gördükcə özü də yüksəlirdi. Və hər biri öz dövründə ana dilinə ölməz abidə qoymuş bu mütəfəkkirləri yalnız ziyalılar səviyyəsində yox, həm də geniş xalq kütlələri səviyyəsində yenidən dərk etmək bütün hallarda milli intibaha, tarixi köklərin dərinliklərinə getməyə və bu günün hansı təkamül mərhələlərinin nəticəsi olduğunu anlamağa məcbur edirdi ki, burada dil məsələsi ən mühüm məsələ idi.

3) Azərbaycan Respublikasının rəhbəri müasir Azərbaycan yazıçısının (onların mütləq əksəriyyəti ana dilində yazırdı) nüfuzunu o zamana qədər görünməmiş bir səviyyəyə qaldırdı, onu (Azərbaycan yazıçısını) sovet ideologiyasının (rejiminin!) inzibati təzyiqlərindən cəsarətlə qorudu, milli demokratik dünyagörüşünün yayılması üçün geniş meydan açdı... Və Azərbaycan yazıçılarının əsərlərinin həm respublikada ana dilində, həm də bütün Sovetlər Birliyi miqyasında rus, eləcə də digər dillərdə nəşrinə hərtərəfli şərait yaratdı. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, əgər keçən əsrin 70-ci illərində Azərbaycana Heydər Əliyev kimi böyük bir millət xadimi, geniş dünyagörüşlü lider başçılıq etməsəydi, İsa Hüseynov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Hüseyn Arif, Nəbi Xəzri, Nəriman Həsənzadə, Fikrət Qoca, Anar, Elçin kimi onlarca böyük sənətkarlar bu qədər inamla yazıb yarada, bu qədər böyük şöhrət qazana (və ana dilinə bu qədər böyük şöhrət gətirə!) bilməzdilər. Onu da əlavə edək ki, həmin 70-ci, eləcə də 80-ci illərdə Azərbaycan yazıçılarının çap olunduqları "Azərbaycan”, "Ulduz” jurnalları, "Ədəbiyyat və incəsənət” qəzeti heç bir digər milli respublikada müşahidə edilməyən yüksək tirajlarla çıxaraq Azərbaycan ədəbi dilinin inkişafına, xalq kütlələri arasında yayılmasına böyük töhfələr verirdi.

Azərbaycan yazıçılarının qurultaylarında, toplantılarında iştirak edən respublika rəhbəri yazıçılarla xalq arasındakı ünsiyyətin genişlənməsinə, yazıçının xalqla birlikdə olmasına da xüsusi önəm verirdi.

4) Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dil, ədəbiyyat və tarix sahəsindəki xüsusilə 1930-cu illərdən etibarən məlum ideoloji çərçivəyə salınmış elmi araşdırmalar həm xronoloji, həm də intellektual-metodoloji baxımdan dərinləşməyə başladı. Ən mühüm məsələlərdən biri o oldu ki, antitürkçü əhvali-ruhiyyə aradan qalxdı; bu isə milli humanitar təfəkkürün inkişafı, milli özünüdərkin meydanının genişlənməsi üçün elmi mühitdə uzun illər gözlənilən şəraiti yaratmış oldu.

1974-cü ildə ali məktəblər üçün "Müasir Azərbaycan dili” dərsliyinə Azərbaycan SSR-in Dövlət mükafatının verilməsi isə o demək idi ki, dövlət həm Azərbaycan dilini, həm Azərbaycan dilçiliyini, həm də azərbaycandilli təhsili yüksək səviyyədə himayə edir.

5) Və nəhayət, çox mühüm təşəbbüslərdən biri o oldu ki, Azərbaycan SSR Ali Sovetinin növbədənkənar VII sessiyasında (1978) respublikanın yeni Konstitusiyası qəbul olundu ki, onun 73-cü maddəsində Azərbaycan dilinin respublikada dövlət dili olması təsbit edildi.

Ümummilli lider bu tarixi hadisə ilə bağlı sonralar xatırlayırdı ki, "o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

Əlbəttə, heç də asan olmayan bir tarixi şəraitdə irəli sürülmüş bu cəsarətli (və milli) siyasi mövqe Heydər Əliyevin özünə (və xüsusilə rəhbərlik etdiyi xalqa!) böyük inamının nəticəsi idi ki, bütün maneələrə baxmayaraq özünü doğrultdu, həyata keçdi.

Niyə? Çünki Heydər Əliyev yalnız böyük millət xadimi deyildi, həm də dahi siyasətçi idi. Özündən əvvəlki populist, düşünülməmiş təşəbbüslərin nə ilə nəticələndiyini, problemi həll etmək əvəzinə yeni problemlər yaratdığını görmüşdü. Məsələni üzdən yox, kökündən (əsaslı şəkildə) həll etməyin nəticəsi idi ki, tarixi təşəbbüsün müəllifi, hər işdə olduğu kimi, bu mühüm milli işdə də özünə (və xalqına) qələbə qazandırdı.

Heydər Əliyev Moskvaya - Sovetlər Birliyinin rəhbərlərindən biri vəzifəsinə təyin olunduqdan sonra da Azərbaycanda gedən quruculuq, o cümlədən milli dil quruculuğu proseslərinə yaxından nəzarət etmişdir. Lakin Sovetlər Birliyi rəhbərliyində gedən dəyişikliklər, xüsusilə M.S.Qorbaçovun hakimiyyətə gətirilməsi və onun avantürist dünyagörüşlü idarəçilik üsulu Azərbaycan xalqının liderinin ictimai-siyasi fəaliyyətinin məhdudlaşdırılması, sonra isə ümumiyyətlə işdən uzaqlaşdırılıb haqsız təqiblərə məruz qalması ilə nəticələndi.

Moskvada Heydər Əliyevin Azərbaycan xalqı üçün kim olduğunu, onun müasir tarixində hansı yeri tutduğunu yaxşı bildiklərinə görə cidd-cəhdlə çalışırdılar ki, artıq öz azadlığını, müstəqilliyini tələb etməkdə olan xalqı başsız qoysunlar. Odur ki, ümummilli lideri mənsub olduğu xalqdan tamamilə təcrid etmək üçün hər cür provokasiyalara əl atırdılar. Hətta iş o yerə çatdı ki, Moskva (M.S.Qorbaçov) Azərbaycana Azərbaycan Respublikasının Konstitusiya ilə təsbit olunmuş dövlət dilini əməlli-başlı bilməyən, öz qüsurlu (hər kəlməsi gülüş doğuran) nitqi ilə xalqın ana dilini təhqir edən bir "rəhbər” göndərməkdən belə çəkinmədi.

Millətin ikrahla dolu münasibətini hiss etmək qabiliyyəti belə olmayan bu "rəhbər” isə Azərbaycan xalqına mütəşəkkilliyin, özünəməxsusluğun və müstəqilliyin nə demək olduğunu anlatmış ümummilli lider haqqında "kompromat”lar toplamağa, onun tarixi nüfuzunu zədələməyə uğursuz cəhdlər etməyə başladı ki, bunların da nə ilə nəticələndiyi heç vaxt xalqın yadından çıxmayacaq.

Heydər Əliyevin böyük (danılmaz!) təcrübəsi göstərdi ki, həqiqi milli lider, dövlət xadimi bu və ya digər dərəcədə çətin ictimai-siyasi vəziyyətlərdə də mənsub olduğu xalqın milli məzmunlu problemlərini ya sona qədər həll etməyə, ya da bunun üçün münbit şərait yaratmağa tamamilə qadirdir. Konkret olaraq milli dil məsələsinə gəldikdə isə tam aydınlığı ilə görürük ki, Heydər Əliyev sovet dövründə ana dilinin nufuzunu nə qədər mümkün idisə yüksəltdi; o məsələləri ki həll etmək mümkün deyildi (məsələn, Azərbaycanın Şimalı ilə Cənubu arasında milli dil kontaktlarını təmin etmək), onların gələcəkdə həlli üçün elə zəruri (və perspektivli) tədbirlər gördü ki, az-çox münbit ictimai-siyasi şərait yaranan kimi "Heydər Əliyev formulu” uğurla özünü təsdiq etməyə başladı.

***

Xalqın (və tarixin!) tələbi ilə Azərbaycana (Vətənə!) gələn, müxtəlif xarakterli hərc-mərcliklərin, iğtişaşların, dağıntıların qarşısını alaraq ölkəni müstəqil inkişaf yoluna çıxaran ümummilli liderin 1993-cü ildən 2003-cü ilə qədər milli dil quruculuğu sahəsində gördüyü işlər həm miqyası, həm də məzmunu etibarilə müqayisəsizdir. Hər şeydən əvvəl ona görə ki, ölkə parçalanmaq üzrə idi. Və belə bir şəraitdə dövlətin, eləcə də onun dilinin varlığı ciddi təhlükə altında qalmışdı.

Heydər Əliyev Azərbaycanda - Naxçıvanda siyasi fəaliyyətə başlayanda milli dillə bağlı ən aktual məsələ onun necə adlandırılması idi ki, həmin məsələyə münasibətdə fikir-mövqe ziddiyyətləri, doğrudan da, bəzən əsaslı, bəzən də əsassız olaraq, son dərəcədə gərginləşir, hətta ölkənin milli-siyasi bütövlüyü üçün təhlükə yaradacaq bir həddə çatırdı.

Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət dilinin "türk dili” adlandırılmasını təklif edənlərə məsələnin tarixi mahiyyətini dərindən izah etdikdən sonra belə bir təmkinli (və müdrik) məsləhət verir:

"...Mən də hesab edirəm ki, biz türkük... Ancaq indi gətirib biz tələm-tələsik bu Konstitusiyaya (Naxçıvan MR-nın Konstitusiyası nəzərdə tutulur) dəyişiklikdə yazaq ki, Naxçıvan Muxtar Respublikasının dövlət dili türk dilidir, bu, mənə elə gəlir ki, tələsiklik olar. Gəlin bunu bir də etiraf edək ki, milli dirçəliş, milli ənənələrin bərpa olunması, milli inkişaf sahəsində bu günlərdə çox mühüm qərarlar qəbul etmişik. Gəlin bir az səbr edək ki, bizim bu qərarlar həzm olunsun”... (Naxçıvan MR Ali Məclisinin 24 noyabr 1990-cı il tarixli iclası).

Bu mülahizə-mövqedə ən azı üç mühüm elmi-ideoloji prinsip ehtiva olunur:

1) məsələnin tarixi mahiyyəti - dilin (və xalqın) adının hansı təkamül mərhələlərdən keçdiyi (onun məntiqi) aydın təsəvvür olunmalıdır;

2) yalnız Naxçıvan yox, ümumazərbaycan miqyasında müzakirələrə ehtiyac vardır;

3) nə qədər zəruri olsa da, ümummilli qərarlar tədricən qəbul edilməlidir ki, cəmiyyət onları həzm edə bilsin.

Azərbaycan Parlamenti isə 1992-ci ilin 22 dekabrında bir qrup deputatın iştirakı ilə dövlət dilinin adı ilə bağlı məsələni, ümummilli liderin ifadəsi ilə desək, məhz "tələm-tələsik” müzakirə edib "türk dili”nə üstünlük verdi.

Və bu qərar işləməyə başlasa da tezliklə böyük mübahisələrə, praktikada isə problemlərə meydan açdı. Hər şeydən əvvəl ona görə ki, müstəqil dillər olan Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini fərqləndirməkdə çətinliklər yarandı.

"Tələm-tələsik” qəbul edilmiş qərarın yaratdığı problemləri həll etmək milli dil siyasəti ilə bağlı ən aktual problemlərdən birinə (demək olar ki, birincisinə!) çevrildi.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilənə qədər bu məsələ açıq qaldı.

Azərbaycan Prezidentinin dövlət dilinin taleyi ilə bağlı ilk möhtəşəm tədbirlərindən biri Azərbaycan Respublikası Konstitusiyası layihəsinin 1995-ci ildə elm, mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən geniş müzakirəsi oldu. İki gün davam edən həmin müzakirə yalnız qəbul etdiyi obyektiv qərarla yekunlaşmadı, həm də (fikrimizcə, daha çox) onunla əlamətdar (və tarixi!) oldu ki, dövlətin (xüsusilə dövlət başçısının!) dil məsələsinə həssaslığını, ona nə qədər böyük siyasi-ideoloji önəm verdiyini bir daha bütün miqyası ilə göstərdi.

Əlbəttə, əsas məsələ dövlət dilinin adı ilə bağlı idi, ancaq bundan heç də az əsas olmayan bir məsələ də o idi ki, Azərbaycan dövləti (və Prezidenti) dil quruculuğunu dövlət (və millət!) quruculuğu prosesindən ayrı təsəvvür eləmir, xalqın dilinə, doğrudan da, "onun ruhu” (V.Humboldt) kimi baxır. Və milli dilə hər hansı volyuntarist müdaxiləni milli dövlətə qarşı yönəlmiş təxribat sayıb cəsarətlə rədd edir.

Azərbaycan Prezidentinin - ümummilli liderin açılış nitqi ilə 1995-ci ilin 31 oktyabrında AMEA-da başlayan müzakirə ertəsi gün Prezident Aparatında Heydər Əliyevin bilavasitə sədrliyilə davam etdirildi.

Müzakirə üç variant əsasında aparılırdı: "Azərbaycan dili”, "türk dili” və "Azərbaycan türk dili ("Azərbaycan türkcəsi”). Maraqlıdır ki, nə qədər paradoksal olsa da, müzakirələrdə ən az müdafiə edilən variant məhz "türk dili” oldu. Fikrimizcə, bunun əsas səbəbi o idi ki, geniş müzakirələr keçirilmədən qəbul olunmuş qərar cəmiyyət tərəfindən dəstəklənməmişdi, yaratdığı problemlər isə göz qabağında idi; hər şeydən əvvəl, qərar qəbul edilərkən ümumxalq səsverməsi, referendum keçirilib xalqla məsləhətləşilmədiyi üçün Azərbaycan cəmiyyəti olduqca həssas bir dövrdə, haqlı olaraq, "yuxarı”dan gələn həmin qərardan, ümumən qərar vermə prosedurundan narazı qalmışdı.

Akademik səviyyədə (və kifayət qədər demokratik şəraitdə) aparılan müzakirələrin sonunda ümummilli lider belə bir təklif verdi ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsindəki dövlət dili ilə bağlı 21-ci maddə referenduma ayrıca çıxarılsın. Belə də oldu.

12 noyabr 1995-ci ildə referendumla qəbul olunan, 27 noyabr 1995-ci ildən qüvvəyə minən Azərbaycan Respublikası Konstitusiyasında həmin maddə aşağıdakı şəkildə təsbit edilmişdir:

"I.Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

II. Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir”.

Müzakirələr göstərdi ki, yalnız milli ictimai təfəkkür deyil, bilavasitə mütəxəssislər də ana dilinin (eyni zamanda dövlət dilinin) qeyd-şərtsiz "türk dili” adlandırılmasının əleyhinədirlər, ona görə ki:

a) iki müstəqil türk mənşəli dilin hər ikisinin eyni bir adla adlandırılması özünü doğrultmur və təcrübədə onları istər-istəməz ayrı-ayrı adlarla (Azərbaycan türkcəsi - Türkiyə türkcəsi) adlandırmaq lazım gəlir;

b) Azərbaycan ərazisində yaşayan qeyri- türk mənşəli müxtəlif xalqlar, etnoslar (talışlar, tatlar, kürdlər, ləzgilər və b.) "Azərbaycan dili”nin "türk dili” adlandırılmasından hər halda narahat olurlar, bir sıra qüvvələr isə bundan istifadə edərək "xırda millətçilik” hislərini qızışdırırlar;

c) "Azərbaycan dili” adı artıq neçə on illərdir ki, uğurla istifadə olunur, kifayət qədər böyük işlənmə təcrübəsinə malikdir və milli ictimai təfəkkürdə tamamilə qərarlaşmışdır.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, eləcə də onun dövlət dili ilə bağlı xüsusi maddəsi qəbul olunduqdan sonra uğurla işləməyə başladı. Bu da ümummilli liderin milli dövlət quruculuğu (və idarəçiliyi) istedadının təntənəsi demək idi.

 

Nizami CƏFƏROV,

akademik

http://azerbaijan-news.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015