AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Video
"Şəbəkə" filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə ilə
Apr 21, 2019 | 12:21 / Müsahibələr, çıxışlar
Oxunub 251 dəfə

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə Azərbaycan Dövlət Radiosunda (105 FM) yayımlanan "Şəbəkə" bədii-informasiya proqramına müsahibə verib. Dahi Azərbaycan ədibi Cəfər Cabbarlının cümhuriyyət dövrü yaradıcılığı haqqında ətraflı danışan alim vurğulayıb ki, Cəfər Cabbarlı milli hökumət dövründə parlament iclaslarının stenoqrafı olub, siyasi motivlər əsasında 1923-cü ildə həbs olunub, bir neçə ay məhbəsdə qaldıqdan sonra müxtəlif şərtlərlə, ən əsası isə bundan sonra sovet hökumətinə qarşı heç bir çıxışlar etməyəcəyinə boyun olmaqla həmin ilin avqustunda azadlığa buraxılıb. Əslində, 24 yaşlı bir gəncin cümhuriyyət, türkçülük, millilik naminə hansısa bir nüfuzlu layihələrə qol ata, yaxud bu sarıdan necə ciddi fəaliyyət göstərə bilməsi bizi heyrətləndirməyə bilmir. Xüsusən də yaşı altmışı ötmüş oxucularımıza onun bir türkçü və müsavatçı kimi təqdimatımız qəribə görünməyə bilməz. Maraqlıdır ki, Cəfər Cabbarlı hələ 1915-ci ildə M.Ə.Rəsulzadənin təsisçiliyi ilə yaradılan, M.B.Məmmədzadə, S.Hüseyn, Ə. Cavad və başqa bu kimi türkçü əqidəli vətənpərvər ziyalıları ətrafına toplayan “Açıq söz” qəzetinin ən fəal nümayəndələrindən biri olub. 1916-1917-ci illərdə Türkiyənin Avropa dövlətlərinin cəngində sıxıldığı bir zamanda, Osmanlı imperatorluğunun dağılması ərəfəsində milli hərəkatın geniş vüsət aldığı illərdə baş verən hadisələri böyük can yanğısı ilə izləyib, o dövrdə qələmə aldığı üç pyesindən ikisini – “Trablis müharibəsi” (“Ulduz”) və “Ədirnə fəthi” əsərlərini bu mövzuya həsr edib, xalqın öz ərazilərini qorumaq uğrunda mübarizə əzmini uğurla təsvir etməyə müvəffəq olub.

O, həmçinin vurğulayıb ki, 1920-ci il aprelin 27-də parlamentin hakimiyyəti dinc yolla Azərbaycan bolşeviklərinə təhvil verməsi, azadlığın qoxusunu belə dadmamış başqa soybir qardaşlarından fərqli olaraq özgürlüyün dadını bilən azərbaycanlıların müstəqilliyini itirməsi C. Cabbarlını sarsıtdı. Sözügedən tarixdə milli təəssübkeş olan gənclər M.Ə. Rəsulzadənin evində “Gənc müsavatçılar” təşkilatını yaratdı. Həmin gizli təşkilatın katibi Cəfər Cabbarlı, sədri isə onun məktəbdən belə tanıdığı Mirzə Bala Məmmədzadə idi ki, onun bir sıra yığıncaqları Cabbarlıların bağ evində keçirilibdir. Təşkilatın qeyri-leqal mətbu orqanı olan “İstiqlal” qəzetinin də ən fəal müəlliflərindən biri məhz Cəfər Cabbarlı olub. 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015