AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Prezident andı
Apr 19, 2019 | 09:48 / Müsahibələr, çıxışlar
Oxunub 132 dəfə

“Azərbaycanın Prezidenti kimi mən çalışacağam ki, hər bir vətəndaş, hər bir şəxs bu böyük layihələrdən, Azərbaycanda gedən inkişafdan bəhrələnsin. Bu, mənim vəzifəmdir, mənim borcumdur. Mən də bu vəzifəni ləyaqətlə yerinə yetirəcəyəm”.


Düz bir il əvvəl bugünkü gün – 2018-ci il aprelin 18-də o, millətlə üzbəüz idi.

Əlini dövlətçiliyimizin müqəddəs kitabı – Əsas Qanunumuza basaraq sədaqət andı içirdi.

Əlini dinimizin, ruhumuzun, mənəviyyatımızın Əsas Qanunu – “Quran”a basaraq həmin anlarda dilindən qopan hər kəlməyə cavabdehlik və vəfa andı içirdi.

Bir insan, illah da bir dövlət xadimi üçün bütün həyatı boyu qazana biləcəyi ən ali mükafat millətin gözünün içinə dik baxa bilmək haqqıdır.

Prezident İlham Əliyev bir il öncə qarşıdakı 7 ildə də hər an millətinin amalları, qayğıları, arzuları və ümidləri ilə birgə olacağına and içirdi.

Və çöhrəsinin mehriban, işıqlı təbəssümü ilə sevimli millətinin gözlərinə əmin bir arxayınlıqla baxa bilirdi.

Çünki bu millət qarşısında üzü ağ idi.

Çünki həmin anacan artıq 15 illik çətin, sınaqlı, uğurlar və zəfərlərlə bəzənən çətindən-çətin yol keçmişdi.

Çünki həmin 15 illik yolun başlanğıcında da elə bu cür səhnədəydi, elə bu təhər əlini qutsal “Quran”ımıza basırdı, elə bu sayaq əlini mötəbərlik rəmzi Əsas Qanunumuza basırdı və and içirdi.

Təbii ki, bu son andiçməsindən qat-qat artıq həyəcan və məsuliyyətlə.

Axı o vaxt hələ hər şey qarşıda idi. O özü bilirdi nəyə təpəri çatar, nələri etmək əzmindədir, çoxunu hələ hamıya açıqlamadığı istəkləri, niyyətləri nədən ibarətdir.

And içirdi və sadədən-sadə bir vəd verirdi: “Mən Azərbaycana yaxşı Prezident olacağam!”

Bu andı içdi və aradan 5 il sovuşdu.

Növbəti dəfə and içdi, 5 il də keçdi.

Sonra daha bir and və daha 5 il.

Və 1 il əvvəl o, yenə illər öncə qarşısında dayanaraq yaxşı rəhbər olacağı, hər vətəndaşın hamisinə çevriləcəyi vədini verərək and içdiyi milləti ilə göz-gözə idi.

İndiki andının zəmanəti arxadakı 15 il boyunca ucaltdığı Azərbaycan idi...

Bu yurdun dəyişərək 15 il öncəkindən dəfələrlə göyçək olmuş çöhrəsi, bu millətin 15 il öncəyə baxanda qat-qat yaxşılamış rifahı idi.

15 il əvvəl olduğu kimi, 1 il əvvəl də o, əmin idi ki, qarşısına qoyduğu vəzifələrin hamısını yerinə yetirə biləcək, bəlkə bir az da artığına nail olacaq.

Amma 15 il qabaqkından fərqli olaraq, 1 il öncə and içərkən, vədlər verərkən millətinə və yurduna boyun olduqlarını hökmən yerinə yetirəcəyinə artıq hər eşidən inanırdı.

Dostlar da, onu qəlbən sevənlər də, bir az biganələr də, lap hətta istəməyənlər də.

Çünki ortada dağ boyda işlər vardı, parlaq nəticələr vardı və bunları inkar etməyə, görməzliyə vurmağa nə kiminsə insafı, nə cəsarəti, nə haqqı çatardı.

Arxanda əzəmətli işlərdən yaranmış dağ kimi yüksələn zəfərlər varkən bundan belə daha yaxşısını da gerçəkləşdirəcəyinə könül rahatlığı ilə and içməyə nə var ki!

Azərbaycan xalqının 2 böyük oğlu – Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi başlanan XX əsrin əvvəllərində narahat sualların məngənəsində ­sıxılırdılar.

Hadinin bu acı etirafında dərin millət yanğısı, iztirab çırpınırdı: axı biz layiqik, niyə adımıza, qabiliyyətlərimizə yaraşan ucalıqlar hələ bizdən belə aralıdır?!

 

Qoymuş miləl imzasını övraq-i həyatə,

Yox millətimin xətti bu imzalar içində.

 

Ağlar-güləyən Sabirsə bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya təəssüflənirdi:

 

Əcnəbi seyrə balonlarda çıxır,

Biz hələ avtomobil minməyiriz.

 

Bir əsr tarix üçün nədir ki! An, göz qırpımı! Həmin bir göz qırpımı əsnasında hələ avtomobil minməyən Azərbaycanı Prezident İlham Əliyev dünya kosmik klubunun üzvünə çevirə, kosmosa bağlı dövlətlər cərgəsinə qatmağa müvəffəq oldu, fəzaya ilk kosmik peyklərimiz buraxıldı.

Həmin bir göz qırpımı ərzində Prezident İlham Əliyev Azərbaycanı dünya dövlətlərinin ən ali məclisi – Birləşmiş Millətlər Təşkilatına sədrlik edən dövlət mərtəbəsinə dikəltdi, Azərbaycanın imzasını dünyada tanıtmağa və qəbul etdirməyə nail oldu.

Mən istər-istəməz xəyalən qayıdıram 1920-ci illərə, artıq mühacir həyatı yaşayan, Vətənə aparan yolları birdəfəlik qapanmış Əlimərdan bəy Topçubaşovu və onun fədakar məsləkdaşlarını ­xatırlayıram.

Bu millətə istiqlal, dövlət müstəqilliyi kimi şirin nemət bağışlamış, çətindən-çətin bir dövr içərisində müstəqilliyimizi beynəlxalq miqyasda tanıtmaq naminə usanmadan mübarizələr aparmış o alovlu vətənpərvərlər hansısa möcüzə ilə görə bilsəydilər ki, gün yetişir və Azərbaycana 155 dövlət dəstək verir, ölkəmiz Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilir, göz önünə gətirə bilsəydilər ki, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatında onların əziz Vətəni 2019-2022-ci illərdə sədrlik edir, nə qədər qürurlanardılar, nə bəxtiyar olardılar!

...Bizə həyat verən qan damarları dolana-dolana uzanan yollara bənzəyir. Əslində, həyatdakı bütün yollar da mütləq damarlarımızda axan qandan, o qanda daşıdığımız yaddaşdan başlanır.

Prezident olmaq tarixin seçimi və qismətidir. Azərbaycanın qiymətli övladlarından olan İlham Əliyev ölkənin bu ali kürsüsünə yüksəlməsə belə, mütləq Vətənin ən seçkin simalarından biri olacaqdı. Çünki o elə şərəfli valideynlərin, elə dəyərli babaların yetirməsiydi ki, qanı ilə irsən nəsibi olan keyfiyyətlər onu gec-tez seçdirməliydi. Bu, taledir. Taledən isə qaçmaq olmur.

Bəxtinə düşmüş vaxt kəsiyi ­Prezident İlham Əliyevi nadirdən-nadir dövlətçiyə, siyasətçiyə və şəxsiyyətə çevirdi.

Əslində, biz hamımız kimliyimizdən, nəçiliyimizdən asılı olmayaraq nadir tarixi insanlarıq. Çünki hamımız İkinci minilliyi yola salıb Üçüncü minilliyi qarşılamışıq. 10 əsrdə bir dəfə baş verən hadisə qismətimizə çıxıb.

Taleyimizə yazılmış vaxt kəsiyi – bəşəriyyətin yaşadığı əsrlərin ən sürətlisi, hadisələrlə doluluğu baxımından ən zəngini, kəşfləri, ixtiraları nöqteyi-nəzərindən ən inkişaflısı XX yüzilin bitməsi və əfsanə kimi təsəvvür edilənlərin həqiqətlərə çevriləcəyi XXI əsrin başlanmasının sadəcə şahidi olmaq hər birimizi müstəsnalaşdırıb.

Amma bir var iradəndən asılı olmayaraq elə vaxtın hökmüylə qeyri-adi tarixi dövrün şahidinə, Üçüncü minilliyin başlanğıc yollarını keçən ilk insanlardan birinə çevrilmək, bir də var bu başlanan yeni zamanın yaradıcılarından, yönəldicilərindən, həlledici simalarından biri olmaq.

Bu baxış bucağından nəzər salanda, əlbəttə ki, Prezident İlham Əliyev alnına nadirlik yazılmış tarix liderlərindəndir.

O, XXI əsrə, III minilliyə, ən yeni tarixə müstəqil Azərbaycan dövlətinin bu yüzillikdə seçilən Birinci Prezidenti kimi daxil oldu.

Əlbəttə, sayca İlham Əliyev müstəqil Azərbaycanın ilk dövlət başçısı deyil.

1918-ci ildə istiqlal bayrağımızın ilk dəfə ucaldığı zamanlarda Məclisi-Məbusan – parlament sədri seçilən və həmin illərin bir sıra mənbələrində adı elə “prezident” kimi anılan Əlimərdan bəy Topçubaşovdan tutmuş müstəqil Azərbaycana 10 il başçılıq edərək dövlətimizi XX yüzildən yeni əsrə müstəqilliyi ayaqları üstündə inamla duran, yetərincə güclənmiş halda çatdıran qüdrətli Heydər Əliyevəcən ölkəmizin prezidentlik kürsüsünə 4 nəfər yüksəldi.

Həmin sayla İlham Əliyev 5-ci Azərbaycan Prezidentidir. Amma XXI əsrin ilk iki onilliyi artıq bitmək üzrədir, tarix təqvimində artıq 3-cü minillikdir və İlham Əliyev təzə əsrdə, yeni minillikdə, bütün yönləriylə büsbütün yeni olacaq təzə zamanda xalqın artıq dörd dəfə seçdiyi ilk Azərbaycan Prezidentidir.

Yeni dövrün ilk Azərbaycan Prezidentinin məhz cavan bir dövlət başçısı olması da, əslində, təsadüf yox, zamanın təklif etdiyi qanunauyğunluq idi.

Yeni zamanda Azərbaycan xalqının Prezident seçdiyi İlham Əliyev qədd-qamətindən, zövqlərindən, mədəni səviyyəsindən tutmuş, bir sıra əcnəbi dilləri ana dili kimi bilməsinəcən, peşəkar siyasətçi və siyasətşünas olmasından tutmuş, müasir iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsiylə bilavasitə məşğul olmasınacan əsl müasir dövlət başçısıdır. Yeni əsrin sürətlərinə və tələblərinə layiq dövlət başçısı!

Bu cür dəqiq seçimi etsə-etsə, elə vaxt edə bilərdi. Vaxt onu seçdi və o da vaxtın çağırışlarına ən layiqli cavabları verməyi bacardı.

2004-cü ildə Azərbaycanı yeni-yeni irəlilətməyə başlarkən artıq inkişaf yolunu tutmuş ölkəmizin valyuta ehtiyatlarının miqdarı 1,8 milyard idi. İndi 46 milyarddır. Elə bircə bu göstərici yetər ki, Prezident İlham Əliyevin Azərbaycanı hansı zənginliyə və zirvəyə yetirməyi bacardığını iftixarla təsdiq edəsən.

Heydər Əliyev Azərbaycanı sevən və Azərbaycan üçün ölçüyəgəlməz xidmətlər göstərmiş şəxsiyyət idi. Müasir müstəqil Azərbaycan onun şah əsəri və ən əziz balası idi.

O bir bağbana bənzəyirdi ki, çiçək kimi becərdiyi, böyütdüyü, qayğısını çəkdiyi, süslədiyi Vətənin sabahından, əlbəttə ki, narahat idi. Əlbəttə ki, o, bu yurdun, bu dövlətin sükanının sabah hansı əllərdə olacağının fərqində idi.

Bu hissin nə demək olduğunu daş üstə daş qoyanlar, ömründə nəsə qurub-yaratmışlar, qurub-yaratdıqlarının sonrası haqqında nigarançılıq çəkənlər bilər.

Hələ 2003-cü ildə İlham Əliyevin ilk dəfə prezident seçkilərinə qatıldığı zaman qürbətdən göndərdiyi məktubunda xeyir-dua verərək: “Mən ona özüm qədər inanıram” yazarkən ulu öndər necə də haqlıymış!

Doğmaca övladının qəlizdən-qəliz dövlətçilik, siyasət meydanında təkbaşına mübarizəyə qatılarkən bir an belə büdrəmədən qətiyyətli qələbəyə yetməsi Prezident Heydər Əliyevi yalnız Ata olduğu üçün deyil, ən əvvəl Azərbaycanın gələcəyinin etibarlı əllərə qismət olduğuna görə, qurduğu bu sevimli Azərbaycan mülkünün zavala uğramayacağına inandığı səbəbindən duyğulandırmış, xoşbəxtlərin xoşbəxti etmişdi.

Siyasətin necə pırtlaşıq cəngəllik olmasını, dövlətin birinci şəxsi vəzifəsinin ağır yükünü daşımağın nə demək olduğunu hər halda hər kəsdən daha yaxşı bilən Heydər Əliyev, bəlkə də, heç istəməzdi yeganə oğlu da siyasətçi, dövlət başçısı olsun. Amma XX əsrin son parçasının təlatümlərindən salamat çıxarıb XXI yüzilliyə yetirdiyi və möhkəmləndirdiyi müstəqilliyimizin, fəlakətlərdən xilas etdiyi Azərbaycanın daha da çiçəklənməsini, bu çiçəklənməni təmin edəcək siyasətinin yaşamasını da çox istəyirdi. Əslində, o, tək oğlunu, ömrünün davamı olan İlhamını Azərbaycana, Azərbaycanın gələcəyinə ərməğan etmişdi.

Heydər Əliyev realist adam idi və onun hətta məcazi kimi təsir buraxan hər deyişinin ardında bir gerçəkçi məqam aranmalıdır. Onun söylədiyi “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” sözlərinin əsl mənası elə bu imiş!

Dünyada heç bir hadisə təsadüfən baş vermir. Hər hadisənin ardında vaxt gərdişinin qaçılmaz məntiqi var.

Dövlət başçısı üçün zəruri olan bütün üstün keyfiyyətlərə malikliyi öz yerində, amma İlham Əliyevin bir insan olaraq yaşadığı tərcümeyi-hal və tale də bütün ayrıntılarıyla açıqca nişan verir ki, zaman lap kiçik yaşlarından onu elə bugünkü günə, yeni əsrdə, yeni minillikdə Azərbaycan dövlətinin sükançısı olmağa hazırlayırmış.

Əsas Qanunumuz prezident seçiləsi insanlara yuxarı yaş həddi qoymasa da, aşağı yaş məhdudiyyətini müəyyən edib. Və bunun mənası dərindir.

Nə qədər oxusan da, öyrənsən də, ucu-bucağı görünməyən biliklərə, istedada sahib olsan da, həyat məktəbinin, ömür təcrübəsinin yerini heç nə vermir.

Dövlət başçısı seçilmək, yaşından asılı olmayaraq “millətin atası” adlandırılmaq haqqına və mərtəbəsinə yetmək üçün gərək öncələrdən dünyanın isti-soyuğunu da hiss etmiş olasan, yaşayışın bərkinə-boşuna da düşəsən.

İlham Əliyev ömrü ərzində həyatın hər üzü ilə rastlaşıb. Rahat, sıxıntısız həyatı da görüb, məhrumiyyətləri də.

Ona görə də bir il öncə ona yeni əsrdə artıq dördüncü dəfə intixab edən millət, pənahını, ümidini ona bağlayan yurd, onun ardınca getmək qərarını verən xalq qətiyyən yanılmayıb.

Azərbaycanın siyasi mühitini nəzərinizdə tam həcmdə canlandırmağa çalışın. Qabiliyyətlərinə, miqyaslarına, daxili enerjisinə və prezidentlik kimi ali məqama yetməkçün gərək olan layiqli inkişaf yolu keçməsi sarıdan İlham Əliyevə tay ola biləcək ikinci şəxsi görməyəcəksiniz.

Ona görə də xalqımızın 2003-cü, 2008-ci, 2015-ci illərdə və nəhayət, 2018-ci ilin 11 aprelində nə qədər dürüst seçim etdiyinə sevinirəm. Sevinirəm ona görə ki, bu seçimin bəhrələri göz qabağındadır. Bu ali seçimin nəticəsi gündən-günə yüksələn, rövnəqlənən və qüdrətlənən Azərbaycandır.

Vətənə və millətə öz doğma ocağı, evi, min bir tellə bağlı olduğu şəcərəsi kimi yanaşmaqçün gərək dövlət başıçısının zatında, cövhərində nəcabət ola, mərhəmət ola, nəbz kimi vuran mərhəmət, ədalət duyğusu ola. Bunlar elə hislərdir ki, o vərdişlər gərək canda, qanda həmişə dövr edə. Nəciblik sənin mayanda, varlığındadırsa, həyatın ən dözülməz sınaqlarının da səni başqalaşdırmağa, dəyişməyə, qabalaşdırmağa gücü çatmır.

Bu əhvalatı İlham Əliyev bizə hələ Prezident olmadığı çağlarda, Vətəndən uzaqlarda – Strasburqda danışmış, həm də kimisə ifşa etməkçün deyil, müqayisə edərək sıravi bir polis işçisinin Əliyevlər ailəsi amansız təqiblərə məruz qalarkən heç nəyə məhəl qoymadan onlara necə sədaqət nümayiş etdirdiyini çatdırmaqçün söyləmişdi.

Heydər Əliyevin Kreml tərəfindən dörd bir yandan sıxışdırıldığı, mətbuatda barəsində yüz cür hərzə-hədyanın, iftiranın yer aldığı nisgilli günlərdən birində İlham Əliyev Moskvadan Bakıya gələsiymiş. Təyyarənin salonuna daxil olur.

“Atamın vaxtilə vəzifə verdiyi, irəliləyişlərinə səxavətlə kömək göstərdiyi, ailəmizi də yaxşı tanıyan bir məmurla düz qarşı-qarşıya gəldik, baxışlarımız rastlaşdı. Yer dar idi, görməzliyə vurmaq mümkün deyildi və o adam mənimlə salamlaşmamaq, danışmamaqçün üzünü yana çevirdi”.

O vaxt söz-sözü çəkmişdi, ona görə bu acı xatirə yada düşmüşdü və qəlbimi çox incitmişdi. Belə insan çürüklüyü və dönüklüyü məni həmişə daxilən üzür.

Amma nə gözəl ki, belə ürəkgöynədən həyat sancmaları və namərdliklər bu böyük ürəkli insanı daxilən qəddarlaşdıra, qəlbində zərrəcə də mənfi iz qoya bilməyib.

Allah bilir, bəlkə sonralar, artıq ixtiyarında geniş səlahiyyətlər olanda, prezidentliyə başlayandan sonra həyat yenə onları qarşılaşdırıb.

Və inanıram ki, Prezident İlham Əliyev ona münasibətin əvəzini çıxıb – mütləq diqqət göstərib, mütləq yaxşılıq edib, mütləq həmin şəxsin qanıb-qanmayacağını gözləmədən nəcibliyini edib.

Millətin, ölkənin rəhbəri olmağın qızıl açarı bu boyda Ürəkdir!

Dövlətin yaxşı rəhbərisənsə, bu Vətəndə səninçün pis yurddaş yoxdur. Bu xalq yaxşısı və yamanıyla sənindir. Aqili də, cahili də sənin qayğına möhtacdır, səndən kömək umur. Cinayət törədərək həbsxanada yatan məhbusundan da, bu yurd üçün ən böyük fədakarlıqlar edən qəhrəmanından da nəvazişini əsirgəməməlisən.

Prezident İlham Əliyev bu nəcibliyi də ən başlıca əxlaq ülgüsü kimi gündəlik işində və varlığında hər an daşıdığı üçün qiymətlidir, məhəbbətə və sayğıya layiqdir!

2003-cü il oktyabrın 13-də, qatıldığı ilk prezident seçkilərinin baş tutmasından 2 gün öncə İlham Əliyev Azərbaycan ziyalıları ilə görüşürdu və “Məni seçsəniz, sizi peşman etməyəcəyəm”, – dedi.

Bu, xalqını, dövlətini sevən və onun xoşbəxt sabahı üçün hər mübarizəyə hazır bir Övladın verə biləcəyi vədlərin ən təvazölüsü idi.

Vicdan və düşüncə tariximizin inciləri cərgəsindəki dəyərli toplu “Molla Nəsrəddin”i yaradıb-yaşatmış Mirzə Cəlili jurnalın yubileylərindən birində son söz demək üçün səhnəyə dəvət etmişdilər. Cəlil Məmmədquluzadə kürsüyə çıxana qədər o çağın onlarla seçkin şəxsiyyəti çıxış edərək bu dərgiyə və onun redaktorunun ünvanına ən yüksək tərifləri dilə gətirmiş, ən ali qiymətlərini ifadə etmişdilər. Mirzə Cəlil alqışlara bürünən cavab nitqində ikicə kəlmə demişdi: “Görürsüz də!”

Və indi sizlər də görürsünüz, əziz yurddaşlarım!

 Bütün Azərbaycan da, dünya da Prezident İlham Əliyevin ölkəmizə rəhbər olduğu illər ərzində yaratdıqlarını, nail olduqlarını seyr edir.

2018-ci ili başa vurub 2019-cu ilə başlamış Azərbaycan 2003-cü ilin Azərbaycanı deyil. 16 ilə onillərə sığacaq qədər sıçrayışlı bir tərəqqi yolu keçilib.

Uzaq olmayan dünənlə bugün arasındakı gözəllik və üstünlük fərqi bütün yurd boyu o qədər qabarıqdır ki, onu görməmək və etiraf etməmək mümkünsüzdür.

Damarında əsl vətəndaş, azərbaycanlı qanı dövran edirsə, buna şadlanmamaq, qürurlanmamaq mümkün deyil! Bu xidmətlər təmənnasız xidmətlərdir. Bu, Prezident İlham Əliyevin düşüncə, özünüifadə tərzi, yolu, üslubudur. Biz “sağ ol!” desək də, deməsək də, o, yolunu, xeyirxah xəttini davam etdirəcək, əməlpərvərliyində ardıcıl, dönməz olacaq.

Haqq itirməmək, nankor olmamaq, yaxşını görmək qabiliyyəti iman kamilliyindən, tərbiyə dürüstlüyündən nişanədir. Qədirbilən olaq, İlhamımızı daha böyük zəfər və tərəqqilərə qəlbdən gələn səmimi “sağ ol!”larımızla ilhamlandıraq!..

Salnaməçi Xandəmir xəbər verir ki, 1501-ci ildə Şah İsmayıl Xətayi ruhun bədənə daxil olduğu kimi paytaxt Təbrizə girdi, öz vücudu ilə hakimiyyət taxtını bəzədi.

XVI yüzilin əvvəlində misilsiz dövlətçi Şah İsmayıl bu əməliylə “ölkə paytaxtdan başlanır” həqiqətini hər kəsə anlatdı və məmləkətinin tərəqqisinin təməl kərpiclərini ilk olaraq səltənətinin baş şəhərində düzməyi qət etdi.

XXI yüzilliyin girəcəyində artıq yeni zamanda Azərbaycan dövlətinin öndəri olan Prezident İlham Əliyev isə öz mütərəqqi fəaliyyətləri ilə başqa model təklif etmiş oldu: “Ölkə yalnız paytaxtdan deyil, bölgələrdən, yurdun dörd bucağından başlanır!”

Prezident İlham Əliyev bölgələrin sosial və iqtisadi inkişafı haqqında dövlət proqramı qəbul etdi, qətiyyətli ardıcıllıqla onun həlli yolunda çalışmalara təkan verdi.

Və Azərbaycan paytaxtı, elə təməlindən qəşəng olan Bakı günbəgün dəyişərək, gözəlləşərək insanı məftun edən yeni cazibədarlığa çatdıqca kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız da həmin sürətlə hüsnünü dəyişməyə, müasirləşməyə, daha yaşamalı və işləməli olmağa başladı.

Avropa və Amerika filmlərində görüb qibtə etdiyimiz müəssisələrin, sarayların, məktəblərin, səhiyyə ocaqlarının, yolların, körpülərin, xiyabanların onlardan da üstünləri regionlarımızı bəzəməyə başladı. İş dalınca rayonlardan şəhərə axışanlar şəhərdən kəndlərə yönəldilər.

Müasir müstəqil Azərbaycan dahi Heydər Əliyevin şah əsəridirsə, müasir firavan, güclü, sabaha inamlı Azərbaycan da Prezident İlham Əliyevin şah əsəridir.

Dövlət həyatında və böyük siyasətdə olduğu müddətdə Prezident İlham Əliyev bu qısa tarix parçasına sığmayacaq qədər nəhəng və mahiyyəti etibarı ilə hamısı yaxın və uzaq perspektivdə millətəxeyir siqlət daşıyan bolluca işlər görüb!

Artıq ciddi faydalarından bəhrələndiyimiz və qarşıdakı illərdə mənfəətini bütün xalqımızın il-il artan bir sürətlə duyacağı neft-qaz, nəqliyyat müqavilələrinin bağlanması, Azərbaycan iqtisadiyyatının yüksəlişini təmin edən və müstəqilliyimizin qorunmasının ən sarsılmaz zirehlərindən olan neft siyasətinin ardıcıl məntiq və məharətlə aparılması İlham Əliyevin ən mühüm dövlətçi şücaətlərindəndir.

…Zəka işığı, təfəkkür enerjisi, bilik, məntiq, nitq gözəlliyi elə sərvətlərdir ki, onları gizlətmək mümkün deyil. Yanaşı dururlar və danışırlar.

Dünyanın irili-xırdalı ölkələrinin liderləri və Azərbaycan Prezidenti İlham Əliyev. Siz də hər biriniz müşahidə edirsiniz. Amma tək biz yox, dünya da görür və müqayisə edir. Kimin kim olduğu aydınca sezilir.

Və Heydər Əliyevlə olduğu kimi, İlham Əliyevlə də Azərbaycan, əslində, olduğundan daha böyük görünür!

Üzdən baxanda İlham Əliyev çox səbirli, təmkinli görünür. Hiss edirsən ki, yüz ölçüb, bir biçməmiş addım atmaz. Lakin məqamı düşəndə, gərək olanda risk etməyi bacarmaq da bişkin siyasətçilərə xas olan məziyyətdir. Yeri düşəndə fəhmin, intuisiyanın, altıncı duyğunun pıçıltısına da qulaq asmaq zəruriyyəti doğur.

Və bir dəfə də olsun Prezident İlham Əliyevi siyasi intuisiyasında yanılan görmədik. Riskləri də hər zaman özünü doğruldub, faydasını verib. Ağıllı adamın riski də, əslində, onun içərisində cərəyan edən düşüncələrinin davamıdır. Dayaz adamlardır ki, siyasətin böyük şahmat olduğunu unudaraq nərdçi düşüncəsi ilə “ya bəxt, nə olar-olar” deyə riskə gedirlər. Çiyinlərinə millətin rəhbəri olmaq yükünü daşımaq səlahiyyətini və məsuliyyətini götürən lider yeri düşəndə risk də etməli olur.

Biz etdiyi risklərin millətin, ölkənin, dövlətin başına hansı fəsadlar doğura biləcəyini anlamadan, elə qarasına hərəkət etmiş, bununla da acısını hamımızın daddığımız bəlalara bais olmuş başçıları da yaxın tariximizdə görmüşük. Həm özümüzdə, həm də yaxın-uzaq xaricdə.

Dövlətin rəhbəri olmaq, bir ölkənin prezidenti vəzifəsini daşımaq nə qədər şərəfli və qürurvericidirsə, bir o qədər də çətin və məsuliyyətli, hər anı sınaqlarla dolu ağır yükdür. Bir ölkə və millətin taleyi tarixin hökmü ilə sənə tapşırılırsa, bütün başqa keyfiyyətlərdən əlavə, həm də dərin səbrin, tükənməz dözümün olmalıdır.

Məqamı gələndə böyük siyasət naminə düşmənlə də əl verib görüşməli, söhbət etməlisən, bəzən səviyyəsi, ləyaqəti səndən qat-qat aşağı olanların ən mötəbər beynəlxaq kürsülərdən rəhbərlik etdiyin dövlətin ünvanına yağdırdığı böhtanları, yalanları da təmkinini pozmadan sonacan dinləyib cavabını verməlisən. Hərdən Vətən üçün fədakar çalışmalarını görüb, etiraf etməyən nankorlara da, insafsızca ağa “qara” deyənlərə də, xəbislərə də, riyakarlara, lap yolunu azmış, haqlı-haqsız asi düşmüş vətəndaşlarına da dözümlü yanaşmalısan, ehtiyac duyulanda mərhəmətini əsirgəməməlisən. Başqa yol yoxdur! Çünki prezidentlik yalnız ali vəzifə deyil, həm də Taledir, məxsusi bir düşüncə, yaşam tərzidir.

Artıq 16 ildir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və bu 16 il boyunca biz onu daim məhz belə gördük: dövlətinə, millətinə bağlı, ümummilli maraqlarda yenilməz, güzəştsiz, xalqı üçün, Vətəni üçün yanan, yurdun hər qarışının yüksəlişi üçün usanmadan çalışan, ən ülvi məramı Azərbaycanı davamlı firavanlığa qovuşdurmaq olan ötkəm, qətiyyətli, tələbkar, ardıcıl və həm də mərhəmətli, xeyirxah, əfv etməyi bacaran, tövbə yolunu açıq saxlayan müdrik rəhbər kimi.

İnsan yaxşıya, xoş güzərana tez adət edir və sanki az öncə tam fərqli bir gerçəklik içərisində yaşadığını asanca unudur. Bəlkə, bu elə məhz belə də olmalıdır. Bunun özündə də həyatın müəyyən məntiqi var – ömür qısadır, insan bu gün dünəndən, sabah bugündən daha yaxşı güzərana sahib olmalıdır.

Olsun! Lakin minnətdarlığımızı ifadəni də bacaraq və bizim rifahımız üçün edilmişləri də unutmayaq!

İnkişafın, irəliləyişin, artımın İlham Əliyev miqyasları bizdə heç vaxt olmayıb, bunun özü artıq bir tarixi fenomendir.

Ölkənin qüdrətli, uzaqgörən, tədbirli rəhbərisə ən müxtəlif maneələrə, eniş-yoxuşlara, kiminsə bu müstəsna səyləri və bəhrələri qiymətləndirib- qiymətləndirməməsinə bənd olmadan özünəxas təvazö və inamla düzlüyünə (və nurlu sabahlarına!) inandığı dürüst yolu ilə irəliləyir.

Şüşə kimi hamar yollar, bir zamanlar Qərb kinolarında görə bildiyimiz möhtəşəm körpülər, bir-birindən çəkici mütənasib tikililər, ən ucqar kəndlərdəki hətta bir vaxtlar ən iri şəhərlərdə belə rast gəlinməyən məktəblər, mədəniyyət sarayları, şəhərləşən rayonlar, bolluqla, zənginliklə aşıb-daşan dükan-bazar, geyim-kecimimiz, süfrəmiz...

Bunlar Prezident İlham Əliyevin əsərləridir.

Bunlar hələ elə dərhal zahirdən görünənlərdir.

Azərbaycan dövləti və millətinin təhlükəsizliyi, tərəqqisi, özünütəsdiqi istiqamətində saysız müqavimətləri, əngəlli maneələri, ciddi təhdidləri adlaya-adlaya Prezident İlham Əliyevin çağdaş qəliz dünyamız içərisində reallaşdırdığı nə qədər cahanşümul, millətəxeyir işlərinsə təfərrüatlarından, pərdəarxası dramatik səhifələrindən əksəriyyət xəbərsiz qalır. Xarici müdaxilələrsiz, sülh, əmin-amanlıq və daxili sabitlik şəraitində, günü-gündən boy ataraq, firavanlaşaraq yaşayırıq.

Hərdən ətrafı seyr edin, yaxın-uzaq qonşular barədə fikirləşin, yenə özümüzə baxın. Nail olunmuş hər yaxşılığın arxasında ağıl var, iradə var, əzm var, canatma var, mübarizə var. Və nəhayət, şəxsiyyət var. Bunların hamısının tədbirli memarı var.

Bu şəxsiyyət, bu memar Prezident İlham Əliyevdir!

Görməyi, dəyərləndirməyi, minnətdar olmağı bacaraq!

Hakimiyyətdə olduğu 16 il boyunca Prezident İlham Əliyev hər gününü bu xalq qarşısındakı sədaqət andını sübut etməklə yaşayıb. Əməkləri və sevgiləri səmərini də verib.

Ləyaqətli oğul İlham Əliyev Azərbaycan xalqına artıq xeyli uzaqda qalmış 2003-cü ildə vəd etdiyi kimi yaxşı Prezident olmağı bacardı!

Arxayınlaşmağa, ayaq saxlayıb nəfəs dərməyə isə Böyük Yol və Əlahəzrət Vaxt icazə vermir!

Hələ eramızdan 3 əsr əvvəl dahi yunan filosofu Epikür yazırdı ki, nə qədər yoldayıq, yolun indi keçdiyimiz hissəsini əvvəlkindən daha uğurlu etməliyik. Yalnız yolu başa vurandan sonra könül asudəliyi ilə sevinmək olar!

Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin, millətimizin getdiyi yolsa elə bir müqəddəs amaldır ki, onun sonu yoxdur, inşallah ki, heç zaman da bitəcəyi, nəhayəti olmayacaq, əsl sevinci də dolğunluğu, bütövlüyü ilə həmin yolu daha sonra keçənlər yaşayacaqlar.

O, Böyük yolunu gedir və onu Yaxşı Prezident edən bəlkə ən mühüm amil Azərbaycan xalqını, bu xalqın hər sədaqətli balasını ən məhrəm, ən əziz dost saymasıdır.

Həyatın bütün yaxşı-yamanını dadıb keçmiş dünyagörmüş atalarımız “Arxası dağ olanın başı göylərə çatar” söylədilər.

Prezident İlham Əliyev kürəyini ən uca, ən möhtəşəm dağa – xalqına söykəyib və hər an milləti ilə əl-ələ, ürək-ürəyədir.

Əlbəttə ki, millət qarşısındakı andına sadiq bu böyük insanın başı daim zirvələrdə olacaq!

 

Rafael HÜSEYNOV,
Azərbaycan Respublikası Milli Məclisinin
mədəniyyət komitəsinin sədri, akademik

Xalq qəzeti

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015