AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasına həsr olunan 10 cildlik tədqiqat işinin təqdimatı keçirilib
Apr 11, 2019 | 10:15 / Yeni nəşrlər
Oxunub 262 dəfə

AMEA-nın Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Siracəddin Hacının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasına həsr etdiyi 10 cildlik tədqiqat əsərinin təqdimatı keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq şairin yaradıcılığının daima dünyanın elmi-ədəbi fikrinin diqqət mərkəzində olduğunu söyləyib, bu gün həm Şərqdə, həm də Qərb ölkələrində Nizami Gəncəvinin əsərlərinin tədqiq edildiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu istiqamətdə Həmid Araslı, Teymur Kərimli, Azadə Rüstəmova, Xəlil Yusifli, Nüşabə Araslı, Əliyar Səfərli kimi nizamişünas alimlər önəmli tədqiqatlar aparıb, elmi məqalələr, monoqrafiyalar ərsəyə gətiriblər.

Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirildiyini, şairin əsərlərinin filoloji tərcüməsinin hazırlandığını xatırladan akademik həmin tarixdən etibarən nizamişünaslıqda əsaslı dönüşün yarandığını diqqətə çatdırıb.

İ.Həbibbəyli Azərbaycanın müstəqillik qazanmasından sonra ədəbiyyatımızda Nizaminin yaradıcılığına yenidən müraciətlərin olduğunu, əsərlərinin təkrar nəşr edildiyini deyib.

Hazırda Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsinin fəaliyyət göstərdiyini deyən akademik ilk dəfə olaraq şairin elmi tərcümeyi-halının hazırlanması barədə tədbir iştirakçılarına məlumat verib. Bundan əlavə, Ədəbiyyat İnstitutu ilə Şota Rustavelli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun birgə fəaliyyəti nəticəsində şairin yaradıcılığına dair üç dildə kitabın çap olunacağını, həmçinin Hindistan Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işinin aparılacağını, Misirin paytaxtı Qahirədə Nizamiyə həsr olunan beynəlxalq konfransın keçiriləcəyini bildirib.

Təqdimatı keçirilən nəşr haqqında da danışan İ.Həbibbəyli Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının S.Hacı tərəfindən azərbaycançılıq, milli dövlətçilik və İslam dini dəyərləri kontekstində şərh edildiyini söyləyib.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin "Nizamişünaslığa qiymətli hədiyyə", filologiya elmləri doktoru Almaz Ülvinin "Şeyx Nizami Gəncəvinin hikmətləri sehrində Siracəddin Hacının fəlsəfi-estetik baxışı", filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun "Nizami nətlərinin Siracəddin Hacı şərhi", filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın "Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" əsərinin şərhçilik tarixi və müasirlik hermenevtik elmi-nəzəri problemlərin həllində Siracəddin Hacının tədqiqatının rolu", filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlının "Azərbaycan nizamişünaslığında yeni addım və qarşımızda duran vəzifələr", filologiya elmləri doktoru Yaşar Qasımbəylinin "Çağdaş nizamişünaslığın problemləri və yaradıcılığı" və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlovanın "Nizamini anlamaq ehtiyacı" mövzusunda məruzəsi dinlənilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015