AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Həmid Araslı və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi sessiya keçirilib
Apr 05, 2019 | 05:00 / Konfranslar, iclaslar
Oxunub 145 dəfə

Aprelin 5-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda görkəmli ədəbiyyatşünas, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 110 illiyinə həsr edilən “Həmid Araslı və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi sessiya keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Möhsün Nağısoylu Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamını xatırladıb. Qeyd edib ki, Sərəncama əsasən ölkəmizdə və AMEA-nın digər elmi müəssisələrində yubileylə bağlı müxtəlif tədbirlər keçirilir.

H.Araslının Azərbaycan ədəbiyyatşünaslığının, dilimizin, ədəbiyyat tariximizin, folklorşünaslığımızın inkişafında misilsiz xidmətləri olduğunu deyən M.Nağısoylu bildirib ki, görkəmli alim xalqımızın ölməz abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanınıb. O, 1939-cu ildə “Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə böyük xidmət göstərib. Həmid Araslı 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə isə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.

Diqqətə çatdırılıb ki, alim digər Şərq xalqlarının ədəbi irsinə də böyük maraq göstərib. O, Firdovsi, Cami və Hafizin, xüsusilə böyük özbək şairi Əlişir Nəvainin irsini tədqiq edib, orta əsrlər ədəbiyyatımızın əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi məşhurlaşıb.

Sessiyada professor Sevil Mehdiyevanın “Həmid Araslı və Azərbaycan ədəbi dilinin tarixi”, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun “Həmid Araslı yazılı abidələrimizin görkəmli tədqiqatçısı kimi” mövzularında məruzələri dinlənilib. Məruzəçilər H.Araslını görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi səciyyələndirib, onun bütün əsərlərinin gənc ədəbiyyatşünaslar üçün etibarlı mənbə olduğunu qeyd ediblər.

Tədbirdə professor İsmayıl Məmmədli, filologiya üzrə elmlər doktorları Nəriman Seyidəliyevİlhami Cəfərsoy və digər çıxış edənlər Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində ədəbiyyatşünas alimin xidmətlərindən söz açıblar.

Görkəmli alimin qızı, AMEA-nın müxbir üzvü Nüşabə Araslı atasının xatirəsinə göstərilən göstərilən hörmət və ehtirama görə ölkə rəbərinə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin H.Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamını xüsusi qeyd edib. Vurğulayıb ki, bu Sərəncam dövlətimiz tərəfindən ədəbiyyatşünaslığımızın inkişafına göstərilən böyük diqqət və qayğının bariz nümunədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015