AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Quş dili və fit dili fenomeni” mövzusunda mühazirə oxunub
Apr 10, 2019 | 05:49 / Mühüm hadisələr
Oxunub 248 dəfə

Nəsiminin 650 illiyi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Tələbə Elmi Birliyinin birgə təşəbbüsü ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, gənc alim Günel Məmmədovanın mühazirəsi dinlənilib. “Nəsiminin dili quş dilidir, onu Süleyman bilir ancaq” başlıqlı mühazirələr silsiləsindən  G.Məmmədovanın çıxışı “Quş dili və fit dili fenomeni” mövzusunda olub.

Mühazirəçi quş dili və fit dilinin iki ayrı-ayrı yerdə yaşayan insanların bir-birilə ünsiyyət qurması məqsədilə düşündükləri vasitə olduğunu söyləyib, bu qədim ünsiyyət vasitəsinin tarixindən bəhs edib və qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə də fit dili və quş dilindən istifadə olunub.

G.Məmmədova nəzərə çatdırıb ki, fit dilinə Fran­­­sanın Pireney dağları əra­zisindəki Aas kəndində, Yu­na­nıstanın bəzi azsaylı əhalisi olan kəndlərində, Braziliyanın Ama­zon cəngəllik­lə­rin­də yaşayan Pi­­­ra­han xalqı, Cənubi və Şərqi Af­rikada, hətta, Vyetnamda, Ne­palda yaşayan çepanq xalqı arasında, Birmada rast gəlinsə də, bu ünsiyyət vasitəsi da­ha çox Mek­sikanın Oahaka ştatında yaşayan hindu əsilli mazateklər, İspaniyanın La Gomera adası sa­kin­ləri arasında və qonşu Türkiyə Respublikasının Qara də­nizin dağlıq ərazisində yerləşən Kuş­köy kəndində daha çox istifadə olunur.

Gənc alim onu da vurğulayıb ki, mazateklər bu qeyri-adi ünsiyyətdən istifadə edərkən söz və ifadələrin tonallığı fit səsi vasitəsilə ötürülür. Onların dilinin fit səsinə asanlıqla uyğunlaşa bilməsinin səbəbi onların ana dilinin qrammatikasının və semantikasının yüksək funksionallığıdır. Fit dili mazatek gənclər arasında daha geniş yayılıb. Azyaşlı uşaqlar isə fitlə ünsiyyəti öz ana dilləri ilə paralel öyrənirlər.  Mazateklər fit səsindən əsasən uzaq məsafədən ünsiyyət zamanı istifadə edir, hətta alış-veriş və bu kimi maliyyə əməliyyatlarını da fit səsi ilə ünsiyyət vasitəsilə apara bilirlər.

İspaniya ərazisində yerləşən Kanar adalarının ərazi etibarilə ən kiçiyi hesab olunan La Gomerada artıq neçə əsr­­lərdir ki, fit dilindən istifadə olunur.  Bu dilin yaranması ba­rədə əlimizdə dəqiq mə­lumatlar olmasa da, deyə bilərik ki, XV əsrdə avropalılar La Gomerada məs­kun­laş­mağa başlayanda adanın Şimali Afrika mənşəli sakinləri fit di­lindən istifadə edirdi­lər. İspanlar özləri bu qeyri-adi danışıq dilini silbo, bu dillə danışan insanları isə silbador adlandırırlar.

Mühazirəçi, qeyd edib ki, bəzi mənbələrdə fit dilinin 500 illik tarixi olduğuna rast gəlinsə də, bir qrup mənbələr bu dilin yaranma tarixinin maldarlığın ya­ranması və inkişafı ilə başladığı barədə mülahizələr irəli sürürlər. 

Günel Məmmədova fit dilinin təkcə dilçiliyin fonetika, fonologiya sahələrində deyil, eləcə də bu qədim ünsiyyət vasitəsinin multidissiplinar səviyyədə araşdırılması zərurətinin olduğunu vurğulayıb.

Mövzu ilə əlaqədar “Nəsimi” filmindən fraqmentlər, eləcə də sənədli filmlərdən parçalar nümayiş olunub.

Daha sonra mövzu ətrafında suallar cavablandırılıb, çıxışçılara söz verilib.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov dahi şair Nəsiminin “quş dili” deyərkən hürufilik fəlsəfəsinin dilini nəzərdə tutduğunu söyləyib. O, G.Məmmədovanın indiyədək az tədqiq olunmuş bu sahəyə müraciət etməsini alqışlayıb.  

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov belə bir mövzuya məhz gənc tədqiqatçının maraq göstərməsini təqdirəlayiq hal hesab edib, mövzu ətrafında maraqlı nümunələr göstərib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015