AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Elm gününə həsr olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb
Mart 27, 2019 | 11:27 / Mühüm hadisələr
Oxunub 131 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. Təqdim olunan işləri AMEA-nın prezidentinin müvafiq sərəncamı ilə yaradılan Ekspert komissiyası qiymətləndirib. İşlər komissiya tərəfindən ciddi təhlil edildikdən sonra namizədlər haqqında müvafiq rəylər AMEA-nın prezidentinə təqdim edilib və qaliblər müəyyənləşdirilib.

Beləliklə, "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələrinə görə, Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova II yerə layiq görülüb.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015