AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Elm gününə həsr olunan “Magistr-2019” müsabiqəsinin nəticələri açıqlanıb
Mart 27, 2019 | 11:16 / Mühüm hadisələr
Oxunub 125 dəfə

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.

Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsinin keçirilməsi barədə AMEA prezidenti tərəfindən sərəncam imzalanıb. Müsabiqədə AMEA-nın 35 magistrantı iştirak edib.

Müsabiqəyə təqdim olunan işlərin qiymətləndirilməsi məqsədilə AMEA prezidentinin sərəncamı ilə Ekspert Komissiyası yaradılıb. Ekspert Komissiyası qiymətləndirmə zamanı bir sıra meyarları, o cümlədən tələbələrin DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında topladıqları balları, onların imtahan sessiyalarında qazandıqları ümumi orta müvəffəqiyyət göstəricilərini, yerli və xarici jurnallarda nəşr olunan elmi məqalələrini, təcrübə keçmədə iştiraklarını, elmi tədqiqat layihələrində, konfrans  və s. tədbirlərdə iştiraklarını nəzərə alıb.

AMEA prezidentinin 15 mart 2019-cu il tarixli sərəncamı ilə “Magistr-2019” müsabiqəsinin qalibləri müəyyənləşdirilib. 

“Magistr-2019” müsabiqəsinin nəticələrinə əsasən, tədrisdə və elmi fəaliyyətində fərqlənən Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Sevinc Ramazanova həvəsləndirici mükafata layiq görülüb.

Sərəncama əsasən, I yerin qalibinə 1500 manat, II yerin qaliblərinə 1000 manat, III yerin qaliblərinə 500 manat, həvəsləndirici mükafata layiq görülən magistrantlara isə 250 manat məbləğində pul mükafatları və diplomlar təqdim ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.heb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015